Modern.az

20 yaşlı qəzetə dost təbriki

20 yaşlı qəzetə dost təbriki

16 Noyabr 2012, 17:14

Əflatun Amaşov,

Azərbaycan Mətbuat Şurasının sədri

Elə ilk sayındanca “525-ci qəzet”in sadiq oxucularındanam. Mütaliə etmədiyim saylarının çox az olduğunu söyləyə bilərəm. Bəzən müəyyən səbəblərdən oxumadıqlarıma sonradan nəzər salmaq üçün vaxt tapmağa da adət etmişəm. Oxuduqca Azərbaycan adlı məmləkətin qəzeti necə olmalıdır kimi düşüncələrimə cavab, yorğunluğumun çıxmasına səbəb olan rahatlıq da tapıram. Hərdən onu da düşünürəm ki, bəlkə “525”siz müasir milli mətbu mətbəximizin palitrası zəngin və cəzbedici görünməzdi. Bu zənginliyi təmin edən, qəzetin həyatiliyini şərtləndirən başlıca amil isə onun baxışlarından, yaşından, dünyagörüşündən asılı olmayaraq cəmiyyətin hər bir üzvünün həmsöhbətinə çevrilmə bacarığıdır.  

“525-ci qəzet” növbəti ad gününü yaşayır. Oxucuları ilə 3765-ci görüşü 20 illik yubileyinə təsadüf edir və mən 20 il öncə nəşrin ilk sayını aldığım günü xatırlayıram. Satıcı köşkə yaxınlaşar-yaxınlaşmaz yeni və qəribə adda qəzetin yarandığından danışmışdı, onunla tanışlığı məsləhət görmüşdü. Doğrudan çəkici idi – “525-ci qəzet”. Diqqət yetirsək, adın özündə də bir informasiya yükü var. Həmin müddətədək rəsmi dövlət qeydiyyatına alınan nəşrlərin sayının 524 olduğu bildirilir, 525-cinin fəaliyyətə başladığı bəyan edilirdi.

Qəzet sələflərinin şakərinə xilaf çıxmayaraq manşetinə iddialı sərlövhə seçmişdi: “525” birinci olacaq”. O dövrədək və ondan sonra qeydiyyatdan keçən mətbu nəşrlərin aqibətini düşünürəm. Əksəriyyəti mətbu mühitimizə ən azı indi yubileyini qeyd etdiyimiz qəzet tək iddialı qədəm qoymuşdu... “525-ci qəzet”in ayaqda qala bilməsinin səbəbini keçdiyi yola sadiqliyində, tematikasında, ətrafına topladığı yaradıcı insanlarda, jurnalistika prinsiplərinə dərin sayğının fəaliyyətinin əsasını təşkil etməsində və sair bu kimi məqamlarda tapıram. Əlbəttə, ötən 20 ildən bəri kütləvi informasiya vasitəsinə rəhbərlik etməkdə olan Rəşad Məcidin yüksək təşkilatçılıq bacarığını, peşəkarlıq keyfiyyətlərini vurğulamaq zərurətinin yarandığını da bildirməliyəm.

Özümü “525-ci qəzet”in sıradan oxucusu saymıram. Ürək sözlərimi, fikirlərimi publisistik qeydlərimi dəfələrlə səhifələrində bölüşmüşəm. Ona yaxınlığım yubilyar nəşrin sözün, sənətin qədir-qiymətini bilənlərin üz tutduqları tribunaya çevrilməsindən irəli gəlir. Qazanılmış etimadın baş redaktorun yalnız şairliyi, publisistliyi ilə əlaqələndirilməsi məsələnin bir tərəfidir. Rəşad Məcid eyni zamanda Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin məzunudur. Oxuduqlarını, dinlədiklərini hafizəsinə mükəmməl şəkildə həkk edən, publisistika janrının ictimai təfəkkürümüzün inkişafındakı, dərin mətləblərin izahındakı qüdrətinə misilsiz bələdçiliyi ilə seçilən biridir. Yəqin buna görədir ki, “525-ci qəzet” bu janrın əsas daşıyıcılarından, yaşadılmasının vacibliyini praktik fəaliyyəti ilə təqdir və təmin edənlərdəndir. İnformasiya orqanının vəzifəsi məlumatlandırmaq və bilgiləndirməkdirsə, publisistik baxışlar insanı kamilləşdirir, daxilən zənginləşdirir, xarakterləri, obrazları, hadisələri incəliyinədək qavramaqda bir növ, yol göstərir. “525-ci qəzet” bu mürəkkəb və vacib missiyasının yerinə yetirilməsi zamanı yorulmayıb, işinə bir an belə fasilə verməyib.

Qəzetin şənbə saylarının hərəsi ayrıca əsərə bənzəyir. Müəlliflər, həmsöhbətlər sırasında nüfuz sahibləri, imzası tanınan şəxslər yetərincədir. Bu cərgədə ustad imzasına – mətbuatımızın patriarxı, professor Şirməmməd Hüseynova da mütəmadi rast gəlmək isə xüsusən sevindiricidir. Şirməmməd müəllimin milli mətbuatımızın arxivlərindəki axtarışları seçilmiş əsərlərdə cəmləşməzdən öncə bir qayda olaraq “525-ci qəzet”də işıq üzü görür. Söz, fikir tariximizdəki dəyərli simaların xalqımızın görkəmli şəxsiyyətləri ilə bağlı ölkə hüdudlarından kənardakı tədqiqatlarının nəticələrinin geniş ictimaiyyətə ilk olaraq məhz bu nəşr vasitəsilə çatdırılması sanki xoş ənənəyə çevrilib. Bu mənada “525”i dəyərli elmi baxışlar toplusu kimi də qiymətləndirmək mümkündür.

“525-ci qəzet”i səciyyələndirən daha bir cəhət müstəqil fikrə, baxışlara hörmətlə yanaşması, tərəfsiz və qərəzsiz mövqeyinə daim sadiqliyidir. Nəşr peşə dəyərlərinə bağlılığının nəticəsində özünü ictimai təşəbbüs sahibi kimi təsdiqləməyi də bacarıb. Təsadüfi deyil ki, qəzet Azərbaycan Mətbuat Şurasının təsisçilərindəndir. Baş redaktoru ölkə jurnalistlərinin qurultaylarında üç dəfə MŞ-nin İdarə Heyətinə üzv seçilib.

Bir məsələyə də toxunmaya bilmərəm. Bu, Azərbaycanın ədəbi dilinin qorunması sahəsində kütləvi informasiya vasitələrinin üzərinə düşən məsuliyyətlə bağlıdır. Mediamızda, xüsusilə də mətbuatda məsələ ilə əlaqədar ciddi narahatlıq var. Fəqət “525-ci qəzet”dəki nümunələrdə dilimizin lüğət fondunun zənginliyini görəndə məndə bu problemin tezliklə aradan qalxacağına inam hissi yaranır.

20 ilin “525-ci qəzet”i bir müstəqil mətbu orqan olaraq Azərbaycan həyatının bütün sahələrini əhatə edən dolğun, özünəxas yaradıcılıq ənənələri ilə püxtələşmiş, gözəl, bənzərsiz, geniş oxucu auditoriyasını qazanmış nəsillərə örnək olacaq sənət nümunəsidir. Hesab edirəm ki, dərin inama və yüksək etimada əsaslanmış bu status nəşri daha böyük zirvələrə daşıyacaq, buna əminəm. Yubileyiniz mübarək əziz “525”cilər!

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi