Modern.az

“Vətən müharibəsi zamanı dost və dost olmayan ölkələr özlərini göstərdi” - Səfirlə SÖHBƏT

“Vətən müharibəsi zamanı dost və dost olmayan ölkələr özlərini göstərdi” - Səfirlə SÖHBƏT

Müsahibə

7 Oktyabr 2021, 08:22

Cəlal Mirzəyev: “İndoneziya Azərbaycanın ədalətli mübarizəsinin yanında oldu”

Modern.az saytında “Səfirlə söhbət” rubrikası davam edir. Növbəti müsahibimiz Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı səfiri Cəlal Mirzəyevdir.


- Cənab səfir, hazırda Azərbaycan-İndoneziya arasında ikitərəfli münasibətlər hansı səviyyədədir?

- İlkin növbədə, Modern.az-ın kollektivinə Azərbaycandan çox uzaqlarda yerləşən İndoneziya Respublikasından həm öz adımdan, həm də səfirliyimizin bütün kollektivi adından səmimi salamlarımı çatdırmaq istərdim. Qeyd etmək istərdim ki, Vətəndən uzaqda Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri İlham Əliyevin uğurlu xarici siyasətini təmsil etmək və bunu Azərbaycan mətbuatı, oxucuları ilə paylaşmaq olduqca qürurvericidir.
Düşünürəm ki, bu müsahibə Azərbaycan-İndoneziya münasibətlərinin tarixinə və cari vəziyyətinə işıq tutacaq. Xatırlatmaq istərdim ki, Azərbaycanla İndoneziya arasında münasibətlər ölkəmizin müstəqilliyini bərpa etməsindən sonra başlayıb. İndoneziya ölkəmizin müstəqilliyini tanıyan ölkələr sırasında altıncı olub. Belə ki, İndoneziya Respublikası 28 dekabr 1991-ci il tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyıb, 24 sentyabr 1992-ci il tarixində iki ölkə arasında diplomatik əlaqələr qurulub. 2022-ci ildə diplomatik əlaqələrimizin qurulmasının 30 illiyini qeyd edəcəyik.


Ölkəmizin İndoneziya ilə münasibətlərinin geniş inkişaf perspektivləri Cakartada səfirliyimizin açılmasından sonra - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İndoneziya Respublikasında səfirliyimizin təsis edilməsi haqqında 16 aprel 2004-cü il tarixli Qanunu imzalandıqdan sonra – təhlil edilərək həyata keçirilib. 
1 fevral 2006-cı ildən ölkəmizin İndoneziyada səfirliyi fəaliyyətə başlayıb. 2010-cu ilə qədər İndoneziyanın ölkəmizdəki səfirliyi Türkiyədə - Ankara şəhərində akkreditə olunub. 2 dekabr 2010-cu il tarixindən isə artıq İndoneziya dövləti Azərbaycanda öz səfirliyini açıb və səfirlik fəaliyyətini Bakıdan davam etdirməyə başlayıb. Səfirliyimiz bütün səy və bacarığını əsası Azərbaycanın ümmmilli lideri Heydər Əliyev tərəfindən qoyulan və hazırda dövlət başçımız cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasətin ana xətlərinə uyğun qurub. Bu baxımdan Azərbaycanla İndoneziya arasında ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimizin yüksələn inkişafına çalışırıq. Burada xüsusilə qeyd etmək istərdim ki, ölkəmiz İndoneziya ilə yalnız ikitərəfli əsasda deyil, həm BMT, NAM, həm də İƏT çərçivəsində yüksək səviyyədə əməkdaşlıq münasibətlərinə malikdir. Bütün bu illər ərzində ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı, beynəlxalq institutlar çərçivəsində də əməkdaşlığın inkişafına xüsusi həssaslıq və diqqətlə yanaşılıb. Bir sıra qarşılıqlı səfərlər baş tutub, beynəlxalq təşkilatların xüsusi iclasları çərçivəsində xarici işlər nazirləri arasında görüşlərin keçirilməsi və sənədlərin imzalanması olub, ölkəmizdə keçirilən beynəlxalq səviyyəli tədbirlərdə indoenziyalı qonaqların iştirakı gerçəkləşib, ölkəmizdən də İndoneziyaya müxtəlif səviyyəli və məqsədli səfərlər təşkil edilib.

2019-cu ildə yüksək səviyyəli – istər ali rəhbər səviyyəsində, istərdə də xarici işlər naziri səviyyəsində - səfərlərin keçirilməsi, habelə, İndoneziya Respublikasında “Azərbaycan mədəniyyəti ili”nin keçirilməsi planlaşdırılıb. Lakin çox təəssüf hissi ilə demək istərdim ki, COVİD-19 pandemiyasının dünyada tüğyan etməyə başlaması səfirliyin bu istiqamətdə fəaliyyətinə mane oldu. Buna baxmayaraq, istər onlayn, istərsə də mümkün olduğu yerlədə üzbəüz görüşlərin keçirilməsi üçün səfirlik olaraq tam qüvvəmizi səfərbər etmişik. Azərbaycanın tarixi günlərinə, ölkəmizdə gedən bütün proseslərə dair İndoneziyanın siyasi dairələri ilə yanaşı, cəmiyyətinin məlumatlandırılmasına çalışırıq.


Bu sualınıza ümumiləşdirilmiş bir cavab versək, Azərbaycanla-İndoneziya arasında münasibətlər bütün sahələr üzrə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasəti əsasında dinamik inkişaf xəttinin davam etdirilməsi istiqamətində qurulub. Qeyd etmək istərdim ki, iki ölkənin aidiyyəti dövlət qurumları və şirkətləri arasında həyata keçirilən sıx təmaslar nəticəsində 2021-ci ildən başlayaraq həm enerji daşıyıcılarının İndoneziyaya ixracında, həm də ticarət dövriyyəsində əhəmiyyətli artım müşahidə olunub və müsbət saldo yenidən Azərbaycanın xeyrinə dəyişib. Bu xüsusda, İndoneziyanın Dövlət Neft və Qaz Şirkəti “PT Pertamina”nın rəhbərliyi ilə ikitərəfli görüşlərimizi, eləcə də Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə “PT Pertamina” arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını qeyd etmək istərdim. Xüsusilə, bu ilin 30 aprel tarixində “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun virtual formatda imzalanması iki ölkə arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasına rəvac verib. Məhz sözügedən yaxın təmasların və əməkdaşlığın nəticəsi olaraq, 2021-ci ilin yanvar-iyul ayları ərzində iki ölkə arasında ticarət dövriyyəsi 174.107.000 ABŞ dolları təşkil edib. Qısası, Azərbaycan-İndoneziya münasibətlərinə ümumi nəzər saldıqda müsbət dinamika müşahidə edildiyi aydın şəkildə görünür. Bununla belə, bir sıra konkret sahələr üzrə, müasir qlobal arenada ikitərəfli münasibətlərin sütununu təşkil edən iqtisadi əməkdaşlıq, xüsusilə də ticarət və investisiyalar sahəsində ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətində praktik addımlar atılır.


- Sirr deyil ki, zaman-zaman bəzi dövlətlərin 44 günlük Vətən müharibəsindən əvvəl mövcud olmuş, lakin indiyə qədər geridə qalmış Qarabağ münaqişəsinə ikilli standartlar səviyyəsində yanaşdığının şahidi olmuşuq. Lakin İndoneziya o ölkələrdəndir ki, Ermənistanın işğalçılıq siyasətini hər zaman pisləyib. Səfir olaraq 44 günlük Vətən müharibəsində İndoneziyanın ölkəmizlə bağlı hansı addımlar atdığını söyləyə bilərsiniz?

- İndoneziya hər zaman Azərbaycanı dəstəkləyən, ölkəmizlə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verən ölkələrdən biri olub. 20 ildən artıq müddət ərzində Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin haqlı mövqeyini daim dəstəkləmiş, xüsusilə Vətən Müharibəsi zamanı istər Xarici İşlər Nazirliyi, istərsə də parlament səviyyəsində, eyni zamanda beynəlxalq arenada, BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycana lazımı dəstək verib. Bu da, öz növbəsində, Azərbaycan Respublikasının Pezidenti cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Azərbaycan xalqı həqiqətən xoşbəxt xalqdır ki, tarix yazan sərkərdəsi - Ali Baş Komandanı və güclü Orduya malikdir. Bütün dünya 44 günlük Vətən müharibəsi zamanı bunun şahidi oldu. Təbii ki, 44 günlük Vətən müharibəsi zamanı bizə dost və dost olmayan ölkələr də özlərini göstərdilər.  Bizim ədalətli mübarizəmizin yanında olan ölkələrdən biri də İndoneziya oldu. Belə ki istər İndoneziya XİN-i, istərsə də parlamenti səviyyəsində haqlı mübarizəmizə, suverenliyimizə, torpaq bütövlüyümüzə dəstək çağırışları oldu. Ermənistan silahlı qüvvələrinin ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə və vətəndaşlarımızın təhlükəsizliyinə qarşı yönəldilmiş təcavüzü İndoneziya parlamenitinin “Milli Oyanış Partiyası” fraksiyası tərəfindən pislənib, qınanıb və Azərbaycanın haqlı mübarizəsini dəstəkləyən bəyanat verilib. İndoneziya Xarici İşlər Nazirliyi bəyanat verərək, münaqişənin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun sülh yolu ilə həll edilməsinə çağırış edib. Burada əsas məqam ondan ibarətdir ki, BMT TŞ-nin müvafiq 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edir. Rəsmi İndoneziyanın bu qətnamələri xüsusilə qeyd etməsi, ölkənin Azərbaycanın haqlı mübarizəsini və suverenliyini, torpaq bütövlüyünü dəstəklədiyinin göstəricisi idi. Daha sonra İndoneziya parlamentinin Nümayəndələr Palatasının Parlamentlərarası əməkdaşlıq əlaqələri komitəsinin sədri Dr. Fadli Zon tərəfindən bəyanat verilib. Bəyanatda komitənin Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ regionunda münaqişənin həllinin beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı, habelə BMT Baş Assambleyasının A/RES/62/243 saylı qətnamələri çərçivəsində, Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb etdiyi qeyd olunub. Bu xüsusda, Azərbaycan da daxil olmaqla, hər hansı bir dövlətin suverenliyinə və ərazi bütövlüyünə hər hansı təcavüzün əsassız və qəbuledilməz olduğu qeyd edilib. Eyni zamanda, İndoneziyanın İslam Əməkdaşlıq Təşkilatının Gənclər Təşkilatının (İƏTGT) 44 günlük müharibə dövründə aktiv dəstəyini gördük. Belə ki, İƏTGT-in icra heyətinin bəyanatı olub. Bəyanatda Ermənistan silahlı qüvvələrinin Azərbaycana və dinc əhaliyə qarşı hücumları, Ermənistanın münaqişə bölgəsindən uzaqda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəni, habelə, Mingəçeviri və Tərtəri bombalaması qınanıb, İndoneziya dövlətini Ermənistanın hücumlarını şiddətlə qınamağa çağırdığı vurğulanıb. O cümlədən, münaqişənin  BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əsasən həllinə tərəfdar olduğu bildirilib. Dağlıq Qarabağın Azərbaycan torpağı olduğu və Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ da daxil olmaqla, işğal etdiyi Azərbaycan ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunub. İndoneziyanın İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Təşkilatı tərəfindən ingilis, İndoneziya və Azərbaycan dillərində  #İndonesiaStandsWithAzerbaijan, #İndonesiaBersamaAzerbaijan, #IndoneziyaAzərbaycanınyanındadır yazılan və çərçivəyə salınmış həştəq səfirliyə təqdim olunub.


Bildiyiniz kimi, İndoneziya dünyanın ən böyük müsəlman dövlətidir. Bu baxımdan İndoneziyanın bütün dini təşkilatlarını bir çətir altında birləşdirən İndoneziyanın Uləma Şurasının (MUİ) 44 günlük Vətən müharibəsi dövründə verdiyi bəyanat xüsusi əhəmiyyət kəsb edir. Bəyanatda rəsmi İndoneziyanın mövqeyinin - Azərbaycanın torpaq bütövlüyünü və suverenliyini münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında, Ermənistan silahlı qüvvələrinin işğal altında tutulan Azərbaycan torpaqlarından tam, qeyd-şərtsiz, dərhal çıxarılması ilə bağlı - MUİ tərəfindən də dəstəkləndiyi vurğulanıb. Eyn i zamanda Ermənistanın işğal altındakı torpaqlarımızdakı məscidlərdə heyvanlar saxlaması, İslam qaydalarına və mədəniyyətinə zidd olan fəaliyyətlər həyata keçirməsi qınanıb, bu halın İndoneziya ictimaiyyətində də haqlı narazılığa və qəzəbə səbəb olduğu qeyd edilib.


ASEAN Gənclər Təşkilatı çərçivəsində də Azərbaycanın haqlı mübarizəsini dəstəkləyən onlayn tədbirlər keçirilib, onların arasından Azərbaycanı dəstəkləyən məqalələr yazanlar olub. O cümlədən qeyd etmək istərdim ki, 44 günlük Vətən müharibəsinin gedişatı və Ermənistanın sərhəd bölgələrindən uzaqda yerləşən ərazilərimizi hədəf alan cinayətləri və bu zaman sadə Azərbaycan vətəndaşlarının, uşaqların, qocaların hədəf alındığı, həyatına son verildiyi barədə İndoneziya mətbuatında geniş məlumatlar yazılıb, heç şübhəsiz ki, bu məlumat və məqalələrdə Ermənistanın Azərbaycana aid torpaqlardan qeyd-şərtsiz, tam və bütövlüklə çıxarılmasına çağırışlar edilib. Bu haqda siyahı olduqca uzundur, bunu bir müsahibəyə sığdırmaq mümkün olmaz. Qısaca desək, istər rəsmi İndoneziya, istərsə də İndoneziya ictimaiyyəti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad olunması istiqamətində haqlı mübarizəmizi, suverenliyizi, ərazi bütövlüyümüzün bərpasının təmin edilməsini dəstəklədi. Yekun olaraq qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən İndoneziyanın ölkəmizə yeni təyin olunmuş səfiri Hildi Hamidin cari ildə etimadnaməsini qəbul edərkən İndoneziya ilə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərə verdiyi yüksək siyasi qiymət Azərbaycanla İndoneziya arasında mövcud münasibətlərin ana xəttidir.


- İndoneziya rəsmilərinin, eləcə də parlamentarilərin Qarabağa səfər etmək planları varmı? Bu barədə sizinlə hər hansı fikri mübadiləsi aparılıbmı?

- Təbii ki, İndoneziya rəsmilərinin, eləcə də parlamentarilərinin Qarabağa səfər etmək istəkləri vardır. Lakin, bildiyiniz kimi, COVİD-19 pandemiyası başladığı ilk gündən İndoneziya dünya ölkələri arasında koronavirusun sürətlə yayıldığı və ölüm sayının çox olduğu ölkələr sırasında öndə gedib. Bunun qarşısının alınması məqsədilə, ölkədə çox ciddi qaydalar qoyulub, iş yerləri onlayn rejimdə fəaliyyətə keçib. Ölkəyə səfərə gələnlərin sayına diqqət edilməklə yanaşı, ölkəyə giriş qaydaları, vizaların verilməsi məhdudlaşdırılıb. Hətta İndoneziya prezidenti Coko Vidodo ölkənin xarici işlər naziri istisna olmaqla, digər rəsmilərin, parlamentarilərin xarici ölkələrə səfərlərini dayandırmasını istəyib. Bu baxımdan, düşünürəm Qarabağa səfər etmək istəyi olsa da, bunun həyata keçirlməsi üçün İndoneziyada COVİD-19 pandemiyası ilə mübarizə qaydalarının yumşaldılması əsasdır.


- Müsəlmanların üstünlük təşkil etdiyi İndoneziyada Azərbaycana olan maraq nədən ibarətdir?

- Yeni dövrün tələblərinə uyğun olaraq istər onlayn, istərsə üzbəüz keçirdiyimiz görüşlərdən əldə etdiyimiz qənaətlər ondan ibarətdir ki, Azərbaycan neft, qaz kimi təbii sərvətlərə, zəngin təbiətə və mədəniyyətə malik olması ilə yanaşı, müsəlmanların çoxluq təşkil etdiyi ölkə kimi diqqət çəkməkdədir. Bu baxımdan, onların ölkəmizdə gedən bütün proseslərə, həyata keçirilən layihələrə, multikultural dəyərlərə dair soruşduğu suallar, məqamlar çox olur. Səfirllik olaraq, çalışırıq ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmizin imza atdığı böyük layihələr, nailiyyətlər, inkişaf prosesləri ilə bağlı mütəmadi şəkildə geniş məlumatlar verək.


- Cənab Səfir, bu gün İndoneziyada nə qədər azərbaycanlı yaşayır?

- İndoneziyada hazırda məhdud sayda soydaşımız yaşayır. Bunların sırasında biznes fəaliyyəti üçün burda olanlarla yanaşı, bir neçə tələbəmiz də var.


- Ölkələr arasında əlaqələrin qurulmasında tələbə kontingentinin böyük rolu var. İndoneziyada təhsil alan azərbaycanlılar əsasən hansı sahələrə üstünlük verirlər?  


-
İndoneziyada keçən il təhsil alan tələbələrimizin sayı 10 nəfər idi, onlardan bəziləri İndoneziya tərəfinin təşkil etdiyi dövlət proqramı çərçivəsində 1 illik dil kurslarında, habelə magistr təhsili almaq üçün gəlmişdlər. Artıq demək olar ki, hamısı təhsillərini bitirərək Vətənə qayıdıb. Tələbələrimiz İndoneziya dilini və mədəniyyətini öyrənməklə yanaşı, turizm, beynəlxalq münasibətlər sahələri üzrə təhsilə üstünlük verirlər. Bir tələbəmiz isə hazırda təhsilinin doktorluq səviyyəsi (PhD) üzrə İndoneziyada təhsil alır. Hazırda İndoneziya dövlət proqramı çərçivəsində tələbə qəbulu məsələsi də pandemiya səbəbindən müvəqqəti dayandırılıb.
 

- İndoneziya şirkətləri arasında Azərbaycana sərmayə qoymaq istəyənlər varmı?

- Təbii ki, var. Hətta 44 günlük Vətən müharibəsindən sonra erməni işğalından azad olunmuş torpaqlarımızda həyata keçirilən layihələrdə iştirakla, sərmayə yatırımı ilə bağlı maraqlı olan İndoneziya şirkətləri mövcuddur. Amma pandemiya səbəbindən, hələ ki bu, istək olaraq qalmaqdadır, əməli addımlara İndoneziyanın COVİD-19-la bağlı mübarizəsi istiqamətində həyata keçirdiyi ölkədə elan edilən “İctimai Qadağalara dair Fövqəladə Vəziyyət Tədbirləri”nin bitməsindən sonra nail oluna bilər.


- Bildiyiniz kimi, ölkəmizin turizm imkanları böyükdür. Lakin İndoneziya bu sahədə daha böyük təcrübəyə malikdir. İki ölkə arasında turizm potensialı ilə bağlı hər hansısa əməkdaşlıq ola bilərmi?

- Azərbaycan ilə İndoneziya arasında turizm sahəsində əməkdaşlığın gücləndirilməsi,  Azərbaycanın turizm imkanlarının tanıdılması və təbliğ etdirilməsi məqsədilə ölkəmizin tur operatolarının iştirakı ilə İndoneziyada müvafiq təqdimatın keçirilməsi, habelə Dövlət Turizm Agentliyinin rəhbərliyi altında yerli turizm şirkətlərinin İndoneziyaya “field trip” səfərinin və səfər çərçivəsində B2B tipli görüşlərin keçirilməsi hazırda davam edən koronavirus qlobal pandemiyası səbəbindən indiki zamanda mümkün olmasa da, gələcəkdə nəzərdə tutulur. Bununla yanaşı, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İndoneziya Respublikasının Dövlət Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması istiqamətində işlər davam etdirilir.  Eyni zamanda, iki ölkə arasında turizm sahəsində əməkdaşlığın gücləndirilməsi, eləcə də pandemiyadan sonra “Ümrə+” və “Həcc+” turist paketlərinə Azərbaycanın da daxil edilməsi istiqamətində İndoneziya tərəfi ilə müzakirələr aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?