Modern.az

“Bu, gənclər üçün mühüm bir şansdır” - MÜSAHİBƏ

 “Bu, gənclər üçün mühüm bir şansdır” - MÜSAHİBƏ

16 Noyabr 2012, 17:47

“Gənclərimiz mühüm orqanlarda çalışmaq üçün daima öz üzərində çalışmalı, biliklərini artırmalıdırlar

Bu gün prokurorluq orqanlarına işə qəbul üçün test imtahanı keçirilib. İmtahan prossində iştirak edən Milli Məclisin deputatı Rövşən Rzayev təəssüratlarını Modern.az-la bölüşüb.

- Rövşən müəllim, bu gün prokurorluq orqanlarına işə qəbulla bağlı imtahan keçirildi. İmtahanı müşahidə etmiş şəxs kimi təəssüratınızı bilmək istərdik.

- Baş Prokurorluq tərəfindən müsabiqə yolu ilə işə qəbulla bağlı imtahan tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilmişdir. Bunun üçün bütün zəruri tədbirlər görülmüşdür. İmtahanın gedişini 30-a yaxın hökumət və qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə edirdi. Mən də Azərbaycan Hüquqşünaslar Konfederasiyasının nümayəndəsi prosesi izlədim. Çox şadam ki, Azərbaycan Respublikasında gənc hüquqşünaslar üçün hüquq sistemində, prokurorluq kimi nüfuzlu dövlət orqanında çalışmaq üçün belə gözəl şərait yaradılıb. Bu imkanlardan bacarıqla istifadə etmək üçün isə yalnız bilik, savad və dünyagörüşü lazımdır. Düşünürəm ki, bu, gənclərin böyük həyata addım atması üçün çox mühüm bir şansdır.

- Son illər bir çox dövlət orqanlarına işə qəbulun test imtahanı, müsabiqə yolu ilə aparılması cəmiyyətdə müsbət qarşılanır. Bu təcrübənin hüquq-mühafizə sistemində tətbiqini necə qiymətləndirirsiniz?

- Ölkəmizdə hüquq-mühafizə sistemində 2000-ci ildən bu günə qədər bütün sahələr üzrə böyük islahatlar həyata keçirilib. Bu sahədə çalışmaq istəyənlərin müsabiqə yolu ilə işə qəbulu prosesi də bu islahatların tərkib hissəsidir. Hüquq-mühafizə sistemində, xüsusilə prokurorluq orqanlarında çalışmaq üçün gənclərdən dərin bilik və bacarıq tələb olunur. Onlar həm geniş dünyagörüşlü olmalı, həm də hüquq elmini mükəmməl bilməli, onu tətbiq etmək bacarığına malik olmalıdırlar. Çünki prokurorluq orqanın fəaliyyəti geniş spektri əhatə edir. İnsan hüquq və azadlıqlarının müdafiəsi, dövlət ittihamının müdafiəsi, ibtidai istintaqda prosessual rəhbərliyin həyata keçirilməsi, əməliyyat-axtarış və təhqiqat üzərində nəzarət kimi bir sıra mühüm orqanlarda çalışmaq üçün bu sahəni özlərinə peşə seçən gənclərimiz daima öz üzərində çalışmalı, biliklərini artırmalıdırlar. Mən bu gün imtahandan uğurla keçən gənclərə Azərbaycan Respublikasının dövlətçiliyi naminə fəaliyyətlərində, demokratik dövlət quruculuğu işində müvəffəqiyyətlər arzulayıram.

Anar

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi