Modern.az

Bir tələbənin sirri: “İxtisas seçimində ilk sıraya elə bir ali məktəbi yazdım ki...” - MÜSAHİBƏ

Bir tələbənin sirri: “İxtisas seçimində ilk sıraya elə bir ali məktəbi yazdım ki...” - MÜSAHİBƏ

8 Oktyabr 2021, 08:26

Ümumi statistik rəqəmlərə əsasən, Azərbaycanın 51 ali təhsil müəssisəsində 186 min tələbə təhsil alır. Onların bir hissəsi regionlarda yerləşən ali məktəblərin, bir hissəsi isə paytaxtdakı universitetlərin tələbəsidir. Elə rəqəmlərdən də göründüyü kimi, “tələbə ordusu” Azərbaycan əhalisinin mühüm  hissəsini təşkil edir. Onların bilik və dünyagörüşü, düşüncələri, gündəlik həyatı, problemləri və gələcək planları isə gənclərin marağına, diqqətinə səbəb olan məqamlardır.

 Buna görə, Azərbaycanın gələcəyi olan tələbələrimizin maraqlı fikir və istəklərini oxucularımıza çatdırmağa qərar verdik. Bu niyyətlə Modern.az saytında “Bir tələbənin sirri” adlı yeni rubrikaya start veririk. Bu rubrikada tələbə kateqoriyasını təmsil edən və cəmiyyətdə önəmli yer tutmağı qarşısına hədəf qoyan bütün tələbələr iştirak edə, öz fikir və düşüncələrini ictimaiyyətə çatdıra, problemlərini dilə gətirə bilərlər.


Rubrikada ilk həmsöhbətimiz isə Dövlət Gömrük Komitəsi Akademiyasının Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbə Ayişə Qocayevadır.

İkinci kursda oxuyan Ayişə pandemiya səbəbilə əyani tədris ala bilməyən, iki ildir dərslərini onlayn davam etdirən tələbələrimizdən biridir. Əyani tədris prosesi bərpa olunduğuna görə, Ayişə Qocayeva iki il sonra nəhayət ilk dəfə dərsə gedə bilib. İlk dərs gününün həyəcanını yaşayan tələbəmizlə söhbəti təqdim edirik:


- Ayişə, ilk müsahibimiz olaraq, sizi rubrikamızda xoş gördük. İlk olaraq, ali məktəbə hazırlıq və qəbul prosesindən başlayaq. Orta təhsili harada almısınız, qəbul imtahanlarına necə hazırlaşmısınız və neçə balla qəbul olmusunuz?

- Bakı şəhəri Xətai rayonu 191 saylı tam orta məktəbdə təhsil almışam. Dərslərimdə qazandığım müvəffəqiyyətlər mənə ali məktəbə hazırlıq dövründə çox kömək olub. Abituriyent vaxtlarımda bütün diqqətimi dərslərimə yönəltmişdim. Lakin bununla belə digər məşğuliyyətlərə, yəni müxtəlif intellektual oyunlara qatılır, olimpiadalarda iştirak edirdim. Bunlar da imtahanda uğur qazanmağıma səbəb olan digər amillərdəndir. Buraxılış imtahanında 202,5 bal, qəbul imtahanında isə 377,7 bal olmaqla ümumilikdə 580,2 bal toplamışam.


- Gömrük Akademiyasını seçməyinizin tarixçəsi də maraqlıdır. Əvvəldən arzunuz idi bura qəbul olunmaq, yoxsa təsadüfən alındı?

- Mən abituriyent dövründə həmişə hüquqşünaslıq üzrə təhsil almaq arzusunda idim. Bu sahə ilə bağlı da müxtəlif universitetləri araşdırmışdım. Bununla da, ən mükəmməl təhsili Gömrük Akademiyasında ala biləcəyim qənaətinə gəldim. İmtahanlarımızın nəticələri açıqlandıqdan sonra ixtisas seçimində ilk sıraya bu ali məktəbi  yazmışdım. Nəticə olaraq, Gömrük Akademiyasının tələbəsi oldum.


- Təəssüf ki, pandemiyanın ilk tələbələri olaraq bu dövrü karantin rejimində keçirməli oldunuz. Onlayn tədrisin yenicə formalaşdığı, tələbələrin ənənəvi tədrisdən uzaqlaşdığı bir mühit yarandı. İlk dərs günündə qəbul olunduğun universitetə gedə bilməmək üzücü deyilidimi?

- Arzusunda olduğum ali məktəbə və ixtisasa qəbul olunduqdan sonra həmin auditoriyalardan uzaq qalmaq hər bir tələbə kimi mənim üçün də çox üzücü idi. Çox böyük bir ümidlə Akademiyada əyani olaraq müəllimlərimizlə, qrup yoldaşlarımla görüşəcəyimiz günləri gözləyirdim. Lakin bütün məhdudiyyətlər  bizim sağlamlığımızın qorunması üçün idi. Axır ki biz də öz arzumuza çatdıq, artıq ənənəvi tədris bərpa olunub. Ümid edirəm ki, sona qədər də belə davam edər.


-  Onlayn dərslərin keyfiyyətindən razı qaldınızmı? Bu cür tədrisin müsbət və mənfi cəhətləri sizin üçün nələr oldu?

- Gömrük Akademiyası onlayn tədris dövründə öz fərqini göstərdi. Bütün dərslərimiz davamlı olaraq və yüksək səviyyədə keçirildi. Bu da Akademiyanın işçi heyətinin mükəmməlliyindən irəli gəlirdi. Onlayn təhsilin müsbət tərəfi odur ki, vaxt itkisi olmur, bu da dərslərimizə daha çox zaman ayırmağımıza təsir edirdi. Həmçinin, bölgələrimizdə yaşayan tələbələr üçün belə daha rahat olurdu. Lakin onlayn təhsilin müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətləri də var. Bəzən internetdə yüklənmələr olduğuna görə müəyyən çətinliklər yaranırdı. Digər tərəfdən, biz müəllimlərimizi, qrup yoldaşlarımızı əyani olaraq tanımaq fürsətini qaçırırdıq.


-  Artıq dərslər ənənəvi formaya qayıdıb. İkinci kursda ilk dəfə dərsə getmək necə duyğudur?

- İkinci kursda ilk dəfə dərsə getdiyimə və arzularıma çatdığıma görə çox sevincliyəm. Dərslərimizi müəllimlərimizdən canlı olaraq eşitdiyim üçün həmin günün tez çatmasını böyük həvəslə gözləmişəm.


- İki ildir ki, qrup yoldaşlarınızla onlayn əlaqə saxlayırsınız. Buna qədər heç görüşünüz olub?

- Tədrisin onlayn olmasına baxmayaraq, biz qrup yoldaşlarımızla bir neçə dəfə görüşmüşdük. Bir-birimizlə çox səmimi münasibətimiz var. Eyni zamanda, imtahan sessiyasının əyani olaraq keçirilməsi bizə Akademiyada görüşmək üçün fürsət yaratmışdı.


- Yəqin vaksin də vurdurmusunuz. Buna qədər koronavirusa yoluxduğunuz olub? Özünüzü necə qoruyurdunuz?

- Təbii ki, vaksin vurdurmuşam. İndiyə kimi virusa yoluxmamışam. Virusdan qorunmaq üçün isə hər zaman tibbi maskadan, dezinfeksiyaedici vasitələrdən istifadə edir, sanitar və gigiyena qaydalarını gözləyirəm. İnsanlarla müəyyən qədər məsafə saxlamaq da virusdan qorunmağa kömək olur.


- Vaksinasiya koronovirusdan 100 faiz müdafiə etmədiyindən universitetdə də qorunmalı olacaqsınız. Bunun üçün xüsusi metodlarınız var? Özünüzü necə qorumağı düşünürsünüz?


- Qeyd etdiyim kimi, tibbi maska və spirtli vasitələrdən istifadə edərək, bir-birimizlə sosial məsafəni saxlayaraq virusdan müdafiə olunmaq olarmümkündür. Ümid edirəm ki, tezliklə pandemiya sona çatar və hər birimiz arzuladığımız həyata geri dönərik.


- Gələcəkdə fəaliyyətinizi gömrük sahəsində davam etdirməyi düşünürsünüz, yoxsa başqa planlarınız var?

- Çox istəyərəm ki, gömrük orqanlarında çalışım. Bu mənim üçün böyük bir şərəf olar. Lakin əsas məqsədim hansı sahədə çalışmağımdan asılı olmayaraq, dövlətimiz və millətimiz üçün layiqli bir vətəndaş olmaqdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir