Modern.az

Əməkdar memar yolların hasarlanmasına qarşı çıxdı: “Bu, yalnız təbii fəlakət zamanı çəkilə bilər”

Əməkdar memar yolların hasarlanmasına qarşı çıxdı: “Bu, yalnız təbii fəlakət zamanı çəkilə bilər”

Aktual

17 Noyabr 2012, 13:56


Son zamanlar paytaxtda və rayon mərkəzlərində yol kənarlarının hasarlandığını görmək olar. Əksər hallarda bu hasarların yol kənarlarındakı zibillikləri ört-basdır etmək, bəzi hallarda isə magistral yolların görünüşünə daha da gözəllik vermək üçün çəkildiyi deyilir. Sadə vətəndaşdan tutmuş millət vəkillərinin də narazılığına səbəb olan bu hasarlar hətta piyadaların da hərəkətinə mane olur.

Milli Məclisin son iclası zamanı millət vəkili Elmira Axundova da yol kənarlarına çəkilən hasarların lazımsız olduğunu deyib. O, əksər rayonların mərkəzlərində hasarların çəkildiyini amma o hasarların arxasındakı problemlərin həll olunmamış qaldığını deyib. Millət vəkili onu da bildirib ki, hasarların arxasında zibildən ibarət təpəciklər, biçilməmiş və təmizlənməmiş alaq və otlar, köhnəlmiş binaların xoşagəlməyən görüntüləri var. Daha yaxşı olmazdımı ki, magistrala yaxın ərazilər abadlaşdırılsın, oralar zibildən təmizlənsin, ağaclar və yaşıl kollar əkilsin...

Azərbaycanın əməkdar memarı, elmlər namizədi Ömər Qoçu da Modern.az-a açıqlamasında dünyanın heç bir yerində belə bir təcrübənin olmadığını deyir. Onun sözlərinə görə, şəhərin ortasında hasar çəkmək külli miqdarda materialı və vəsaiti havaya sovurmaq deməkdir:
“Mən də bir memar kimi yol kənarlarının hasarlanmasının əleyhinəyəm. Qobustanı götürək, bütün qəsəbənin ortası ilə uzun bir dəhliz yaradıblar. Ora girəndə sanki tunelə girisən. Bu nəyə lazımdır, nəyi gizlətməyə çalışırlar? Axı orda da insanlar yaşayır. Özlərini kiməsə göstərmək istəyirlərsə oranı abadlaşdırsınlar. İnsanların evlərini qaydaya salsınlar. Halbuki, o hasarların yerinə yaşıllıqlar salmaq olar”.

Dünya memarlığında da belə bir təcrübənin olmadığını söyləyən əməkdar memar onu da bildirdi ki, hasar yalnız təbii fəlakət zamanı çəkilə bilər: “Bizdə belə bir adət var ki, insanlar ev tikəndə ilk olaraq evin özündən də hündür hasarı çəkilir. Avropada isə belə bir şey yoxdur. Orada hətta evə pərdə asmırlar. Mədəniyyət o dərəcədə inkişaf edib ki, küçədən keçən insanlar gözlərini açıq otağa zilləmirlər. Odur ki, belə şeylərə ehtiyac yoxdur. Hasar yalnız təbii fəlakət zamanı çəkilə bilər. Məsələn torpaq sürüşməsi və bu kimi təbii fəlakət olanda ziyanın az olması üçün istinad divarları çəkmək olar. Amma hər yanı hasara almağa heç bir əsas yoxdur. Bu ən azından külli miqdarda materialı və vəsaiti havaya sovurmaq deməkdir”.

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı