Modern.az

Deputat: "70 yaşdan sonra şeir yazmaq faciədir"

Deputat: "70 yaşdan sonra şeir yazmaq faciədir"

17 Fevral 2010, 12:09

Hər bir yaş dövrünə məxsus hobbilərin, maraqların olması mümkündür. Bəzən zaman keçdikcə zövqlər kimi hobbilər də dəyişə bilər. O da mümkündür ki, kimsə uşaqlıqdan məşğul olduğu hobbisini ta qocalanadək davam etdirir.

Modern.az

saytının “İşdən sonrakı iş” rubrikasındakı növbəti qonağı Milli Məclisin deputatı Tahir Rzayevdir. 

- Tahir müəllim, asudə vaxtlarınızda nəylə məşğul olduğunuzu bilmək olarmı?

- İş tükənən deyil. Mənim əsas işim qanunvericiliklə bağlıdır. Asudə vaxtlarımda isə daha çox yaradıcılıqla məşğul oluram. Lap gənc yaşlarımdan həm publisistika, həm də poeziya sahəsində bir çox kitabım çap olunub. İndi də vaxtaşırı mətbuatda müxtəlif mövzularla çıxış edirəm. İşdən sonra mənim birinci məşğuliyyətim budur. Digər məşguliyyətim isə piyada gəzməkdir. Demək olar ki, hər gün 8-10 kilometr piyada yol gedirəm. Özu də daha çox Mlli Elmlər Akademiyasının bağında, Milli Parkda gəzirəm. Boş vaxt qalarsa, şahmat oynamağa üstünlük verirəm.

- İşdənkənar xeyli məşğuliyyətiniz var. Bəs hobbiniz nədir?

- Hobbim yaradıcılığımdır. Boş vaxtımı yaradıcılığa sərf edirəm.

- Kompüter əsrində yaşayırıq. Düşüncələrinizi birbaşa kompüterə köçürürsünüz?

- Kompüterdə yazmaqla şeir alınmaz. Ümumiyyətlə, mən məqaləni də birbaşa kompüterdə yazmıram. Elə bilirəm ki, insan birbaşa qələm, kağızla təmasda olanda fikirlər daha, maraqlı, daha canlı alınır. Yazılarımın üstündə bir neçə dəfə işləyəndən sonra onları kompüterə köçürürəm.

- Deputatın ilk oxucusu kimdir?

- Hardasa altıncı sinifdən şerlər yazmağa başlamışam. Elə o zaman şeirim məktəbdə divar qəzetində çıxıb. Sonra rayon qəzetində şeirlər, məqalələrlə çıxış etmişəm. Ardınca bir müddət jurnalist işləmişəm. Düz altı il region qəzeti ilə əməkdaşlıq etmişəm. Deyim ki, bu günün özündə də müxtəlif qəzetlərlə əməkdaşlıq edirəm. İstər ictimai, siyasi, istərsə də bədii mövzuda yazılarım dərc edilir. Deyə bilmərəm ki, ilk oxucum kimdir. Bəzən kimsə bu məsələdə həyat yoldaşının,  övladlarının adını çəkir. Amma mənin ilk oxucum da elə özüməm.

- Deməli, şəxsi yaradıcılığınız kimləsə müzakirə edilmir...

- Rayonda olanda bir qrup yaradıcı gənc var idi ki,  biz onlarla hər gün işdən sonra görüşürdük. Yaradıcııqla bağlı müzakirələr aparırdıq. Orada biri-birimizlə fikirlərimizi bölüşürdük. Lakin sonradan mən komsomol, partiya işlərində çalışdığımdan bu kimi məsələlərə vaxt ayıra bilmədim. Yazıçılar o zaman rayona tez-tez gəlirdilər və düzünü deyim ki, yaradıcılıq barədə heç bir məlumat vermirdim.

Hətta bu gün də mən özümü təbliğdən çox uzağam. Çoxları indi də bu yaşda deyir ki, sən şeir də yazırsan?

Mənə təəccüblə baxırlar, kitablarımı onlara verəndə deyirlər ki, biz bunu bilmirdik. Mən özümü şair kimi təbliğ etmək fikrində olmamışam. Çünki bu mənim fəaliyyətimin ikinci sahəsi olub. Birinci sahə mənim işimdir. Çalışmışam tutduğum postda deyilənıləri yerinə yetirim. Yoxsa gedim, hardasa kabinetdə oturub öz əsas işimi buraxım, yaradıcılıqla məşğul olum, məqalə, şeir yazım...Bu, mənlik deyil. Ancaq mən boş vaxtlarımda, xüsusən də gecələr mövzuları süzgəcdən keçirib, fikrimdə bişirindən sonra qələmə alıram. Poeziya elədir ki, bu bir növ sərbəstlik sevir. Bəziləri deyir ki, kimsə sərxoş olanda, türmədə, ya da adamların gur yeri olanda daha yaxşı şeir yazır. Amma mən bunlara inanmıram. Poeziyada ayıq başın məhsulu olmalıdır. Çünki ayıq baş olmadan gözəl nümunələr yaratmaq mümkün deyil.

Bəzi adamlar var ki, gündə on tədbirdə iştirak edir. Amma tədbirdə lazımı bir təklif irəli sürə bilmir. Özünü nümayiş etdirmək xatirinə tədbirdə iştirak edir. Əslində orada nəsə bir şey ortaya qoymalısan. Yaxşı çıxış edəsən gərək. Ona görə də indiyədək bir dəfə də olsun tədbirlərə hazırlıqsız getməmişəm. Bəzən parlamentdə elə məsələlər müzakirə olunur ki, o sahənin mütəxəssisi olmadığım üçün tanışlara zəng edib məsləhətləşirəm.

- Yaradıcı adamsınız, müasir Azərbaycan ədəbiyyatından kimləri oxuyursunuz?

- Bizə universitetdə dünya ədəbiyyatı keçiblər. O zaman xarici ölkələrin ədəbiyyatı çox gözəl tədris olunurdu. Mən həmin müəllimlərimə minnətdaram. Biz o vaxtlar Drayzer, Cek London və başqa bu kimi dahiləri oxuyurduq. Həmçinin rus ədəbiyyatının nümayəndələrini  oxumuşam. Mən Azərbaycan klassik ədəbiyyatını da yaxşı oxumuşam. İstəmişəm ki, onlarin yaradıcılığından ən azı bir nümunə götürüm. Bu gün mən saatlarla qəzəl, şeir deyə bilərəm. M.Müşfiq, Əli Kərim və başqalarından... İndiki Azərbaycan yazarlalrından Əkrəm Əylisli, İsi Məlikzadə, Fərman Kərimzadə, Nüsrət Kəsəmənli,Vaqif Bəhmənli, Musa Yaqubu oxuyuram. Yeni yazarlar isə ədəbiyyata bir yenilik gətirmək istəyirlər. Onların yazılarını daha çox “525-ci qəzet”də oxuyuram. Ancaq bunların çoxunda kamillik görünmür. Sanki ədəbiyyatda sapmalar var. Çingiz Abdullayevin əsərlərini hamı sevir. Ancaq bəzən görürsən ki, cavan yazarlar onu bəyənmir. Anar əvəzsiz yazıçıdır. Təəssüf ki, bu gün bəzi gənclər ona daş atırlar.

- İndiyə qədər neçə kitabınız çap olunub?

- On iki kitabım çap olunub. Əvvəlki dövrdə kitab çap olunması çətin məsələ idi. Onda ədəbi yazılar “Ulduz”, “Molodyoj Azerbaycan”, “Bakınski Roboci”də çap olunurdu. Kitab çap etdirmək üçün vaxt yox idi. Gərək müəyyən senzuralardan keçəydin. Sovet hökuməti hər bir nöqtəni, vergülü, sözü təhlil edirdi. Kitab çap etdirmək çox çətin idi. Ancaq 1991-ci ildə mənim ilk kitabim çixdi. Aşığı heç vaxt qapılar döyməyə həvəsli olmamışam. Bəlkə də bu utancaqlıqdan irəli gəlirdi. Bir dəfə adama sözü deyirəm, sözümü yerə saldısa, boğazıma ilan da salsalar, ikinci dəfə gedib bir də onun qapısını döymərəm.

- Kitablarınız satıla bilirmi?

- Kitablar əvvəllər çox böyük tirajla çap olunurdu. İndi elə adam var ki, bir balaca imkanlıdır, vəzifədən çıxan kimi başlayır şeir yazmağa. Vallah ayıbdır. Adam 70 yaşdan sonra şeir yazmağa başlayır. Məncə, bu, faciədir. Adam müəttiəl qalır.

Qaldı mənim kitablarımın satışına, onun bir hissəsin dost-tanışa paylayıram. Ancaq indi elə adamlar var ki, onlar üçün kitab çap etdirmək çətindir. Bu gün qəzetlər var ki, sanballı bir yazıları yoxdur. Mən çox istərdim ki, etik cəhətdən yaxşı olan, mənəviyyatı, bəşəri duyğuları əks etdirən yazılar olsun. Jurnalist perspektivi göstərəndir. Ancaq indi belə yazılar yoxdur.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu