Modern.az

Uşaqları qurd xəstəliyindən necə qoruyaq?

Uşaqları qurd xəstəliyindən necə qoruyaq?

19 Noyabr 2012, 10:38

Qurd xəstəlikləri son zamanların ən geniş yayılmış xəstəliklərindən biridir.Əsasən də uşaqlarda olan bu xəstəliklər düzgün gigiyena qaydalaraına əməl etmədikdə, uşaqlar bu xəstəlikli başqa bir uşaqla oynayandan sonar əllərini yumadıqda və s. kimi hallarda bu xəstəliyə yoluxma halları daha da artır. Bu mövzu ilə bağlı Sabunçu rayonu 21 saylı şəhər poliklinikasının həkim-pediatrı İlhamə Məmmədovadan məsləhətlər aldıq. Həkim bildirdi ki, bizquyruq qurd nematodlara aid olan helmintdir. Dişi fərdin bədəni 9-12 mm uzunluğunda, quyruq hissəsi biz şəklində olur. Erkəyin bədəni dişiyə nisbətən 3-5 mm qısa və quyruğu bir qədər qatlanmış olur. Parazitin baş hissəsində qabarmış kutikulalı vezukula yerləşir və ağız dəliyi 3 kiçik dodaqla əhatə olunmuşdur.Yemək borusunun başlanğıcı silindirik, qurtaracağı şara oxşar formadadır. Bizquyruq helmintin yumurtası bir qədər asimmetrik və uzunsov formadadır, rəngsizdir, xaricdən nazik, şəffaf qişa ilə əhatə olunmuşdur.  

Helmintlər xəstə insanın nazik bağırsağının aşağı və yoğun bağırsağın yuxarı hissəsində yerləşir və parazit həyat keçirir. Qurdun bağırsağa fiksasiyası baş hissəsindəki vezikula və yemək borusu bulbusunun sovurması hesabına baş verir. Mayalanmadan sonra erkək fərd tələf olur. Dişi fərdin uşaqlığı böyüyür, uzanır və bulbusa təzyiqi səbəbi ilə helmintin fiksasiyası pozulur. Bağırsağın peristaltikası nəticəsində dişi qurdlar düz bağırsağa sürüşür, bir hissəsi nəcislə xaricə ifraz edilir, bir hissəsi isə anusdan çıxaraq, bir müddət miqrasiya edir. Sonra isə perianal dəri qırışıqlarında yumurtalarını qoyur. Bu adətən gecə vaxtı baş verir və əlverişli şəraitdə yumurtalarda 4-6 saat inkişaf edərək invazion süfrlər yetişir, özünü yoluxdurmalar –autoreinvaziya baş verir. Buna görə də, bizquyruq helmintin insan bağırsağında yayılma müddəti qısa –cəmi 56 gün olmasına baxmayaraq  illərlə davam edə bilər və çətin müalicə olunan davamlı xəstəlik yaranır.

Qurdun süfrə və yetkin fərdlərinin metabolik məhsullarının sensibilizasiyaedici təsiri orqanizmdə allergik əlamətlərin əmələ gəlməsinə səbəb olur. Xüsusilə, dişi fərdlərin bağırsaqda hərəkəti, selikli qişanın mexaniki zədələnməsinə və iltihablaşmasına səbəb olur. İltihablaşmış selikli qişadan parazitlərin bir qədər də daxilə keçməsi bağırsaq divarında qranulomalar əmələ gəlməsi ilə nəticələnir. Damar divarının tamlığı pozulur və kiçik qanaxmalar baş verir. Helmintin daha dərin qata keçməsi, ikincili infeksiyanın yaranmasına və bakterial enterit və bəzən appendisitin əmələ gəlməsinə səbəb olur. Bəzi xəstələrdə, xüsusən qızlarda sidik yollarına və tənəssül üzvlərinə bizquyruq  helmintlərin keçməsi nəticəsində sistit, vulvavaginit əmələ gəlir. Bəzən qurdlar qapı venası ilə qaraciyərə keçərək qranulomalar əmələ gəlir. Yoğun bağırsağın iliosekal hissəsinin qurdlar vasitəsi ilə daimi qıcıqlanması nəticəsində mədə-bağırsaq traktının reflektor, motor, sekretor funksiyası pozulur. Xəstələrdə qastrit, enterit baş verir. Enterobiozun səciyəvi kliniki əlaməti anus ətrafında helmintin hərəkəti nəticəsində gecələr göynəmə və qaşınmalardır. Xəstələr anusunda, aralıq və cinsi üzvlərdə göynəmə və qaşınmanın artmasından şikayət edirlər. İntensiv yoluxmalarda anus ətrafında qaşınma gündüzlərdə olur. Xəstələrin yuxusu pozulur, əsəbilik və ümumi əzginlik olur. Helmint uşaqlıöğa hətta fallop borularına keçir və ginekoloji xəstəliklərin əmələ  gəlməsinə səbəb olur. Qurd sidik yollarına keçdikdə gecə yuxusu zamanı sidiyin saxlanmamasına, cinsi üzvlərdə həssaslığın artması qeyd edilir. Enterobiozlu uşaqlar vaxtında müalicə olunmadıqda epileptik tutmalar müşahidə edilə bilər. Reinvaziyalar baş vermədikdə xəstələr asanlıqla sağalır.

Diaqnoz karpoloji üsulla parazitin yumurtalarını aşkar etməklə qoyulur. Buna görədə enterobiozun diaqnostikasında anus ətrafından götürülən materialın müayinəsinin nəticəsindən istifadə olunur. Material səhər tezdən ayaqyoluna getməzdən əvvəl şpatel, şəffaf selafan sellyuloz lentləri və.s.-lə götürülür. Götürülmüş material əşya şüşəsinin üzərinə keçirilir və mikroskopun  kiçik böyüdücüsü ilə müəyyən edilir. Axşamdan xəstənin anus ətrafında tampon və təmiz pambıqla götürülmüş material əvvəlcə adi suda bir neçə dəfə isladılır, sıxılır və alınan məhlulu sentrafuqa edildikdən sonra, çöküntü mikroskopla müayinə edilir.

Entrerobiozla yoluxma, xəstələrin invazion yumurtalar ilə çirklənmiş əllər, uşaq oyuncaqları, məişət əşyaları ilə təmasda olduqda, qida qəbul etdikdə  baş verir.Yoluxma əsasən yaşayış yerlərində, uşaq bağçalarında, məktəblərdə baş verir. Xəstə göynəyən, qaşınan anus ətrafının dərisini əlləri ilə qaşıdıqda orada olan yumurtalar uşağın barmaqlarına yapışır, dırnaq altına keçir. Çirklənmiş əllərlə yumurtalar bilavasitə ağız boşluğuna düşür və hər gün yeni yoluxma baş verir. Çox vaxt xəstənin bədən səthindəki yumurtalar yataq və bədən paltarlarının məişət və mətbəx əşyalarının çirklənməsinə səbəb olur. Parazitin yumurtaları xarici mühit təsirlərinə nisbətən davamlıdır, üç həftəyə qədər yaşama qabiliyyətini saxlaya bilirlər.

Müalicə kimyəvi preparatlar və bitki mənşəli Teazolçayı vasitəsilə aparılir. Lakin, enterobiozun yüksək kontaktlı olmasını və qısa vaxt ərzində 5-6 saata kimi küllü miqdarda invazion yumurtaların yetişməsini nəzərə alaraq xəstələr  müalicə ilə yanaşı şəxsi gigiyena qaydalarına riayət etməlidirlər. Xəstələrin hər gecə yatmazdan əvvəl anusuna pambıq tampon qoyulması məsləhət görülür. Bununlada, helmintin xaricə çıxmasının, yumurtalarının ətrafa yayılmasının qarşısı alınır, həmçinin anus ətrafı dəridə qıcıqlanma və qaşınmalar azalır. Enterobioza qarşı mübarizə tədbiri xəstələrin müalicə olunması, evlərdə, məktəb və uşaq bağçalarında vaxtlı-vaxtında otaqları, mətbəx əşyalarını yaş əsgi ilə təmizləmək, əlləri qida qəbul etməzdən əvvəl sabunla yaxşı yumaq, dırnaqları təmiz və qısa saxlamaqdır. Xəstənin alt paltarlarının hər gün dəyişdirilməsi, isti ütü ilə ütülənməsi profilaktik tədbirlərdəndir.

 

AZƏR Salehli,

Azərbaycan Tibb Universitetinin tələbəsi

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu