Modern.az

Bəşər Əsədlə görüşən deputat Modern.az-a danışdı - EKSKLÜZİV

Bəşər Əsədlə görüşən deputat Modern.az-a danışdı - EKSKLÜZİV

20 Noyabr 2012, 09:48

“Əsəd dedi ki, PKK və Əl-Qaidə Türkiyənin başına oyun açacaq” 

Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan bir neçə millət vəkili Suriya prezidenti Bəşər Əsədlə görüşüb. Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputat Hasan Akgöl də Suriya prezidenti ilə görüşən millət vəkilləri arasında olub.

Hasan Akgöl Modern.az saytına eksklüziv açıqlamasında görüşün təfərrüatları barədə danışıb.

“Bəşər Əsədlə görüş zamanı daha çox onun söylədiklərini dinlədik. Bizim ona bir neçə sualımız oldu. Amma daha çox o, danışdı və biz qulaq asdıq. Türkiyə ilə Suriyanın münasibətləridən, bu münasibətlərin niyə indiki hala gəlməsindən danışdı. Biz də ondan hazırkı vəziyyəti soruşduq. Əsəd dedi ki, Türkiyə ilə sərhəddəki 5 bölgədə hərbi birləşmələr yerləşdirilib və bildirdi ki, indi orada PKK və Əl-Qaidə terror təşkilatlarının üzvləri var ki, bu da gələcəkdə Türkiyənin başına bəlalar açacaq. Prezident bildirdi ki, Türk xalqı ilə heç bir problemi yoxdur, Türk xalqı ilə Suriya xalqı hələ də qardaşdır. Daha sonra Bəşər Əsəd Türkiyənin Suriyaya uçan təyyarələri məcburən yerə endirməsindən danışdı. O, bu təyyarələrin niyə endirilməsini araşdırmaq üçün komissiya yaradılmasını təklif edib, amma bu təklif qəbul olunmayıb.
Suriya rəhbəri bizimlə çox səmimi bir şəkildə söhbət etdi, çox rahat idi, bizə “qardaşlarım” deyə müraciət edirdi. Türkiyədə yaşayan hər kəsin onun qardaşı olduğunu söylədi”.

Əsəd hakimiyyətdən gedib-getməyəcəyilə bağlı fikirlərə də deputatlarla görüşdə münasibət açıqlayıb: “Bəşər Əsəd qeyd etdi ki, nə qədər ki, xalq onu dəstəkləyir, o qədər də hakimiyyətdə, öz vəzifəsində qalacaq”. 

Hasan Akgöl deyib ki, CHP hər zaman Azərbaycanla Türkiyə arasında münasibətlərin isti olmasına çalışıb: “Biz Azərbaycanı qardaş ölkə olaraq görürük. Yəni Azərbaycan Türkiyədən fərqli deyil. Qardaş ölkəni özümüzdən biri kimi görürük. Eləcə də CHP Türkiyə ilə Azərbaycan münasibətlərinin daha yaxşı olması üçün hər cür kömək göstərməyə hazırdır.
Mən belə düşünürəm ki, iki ölkə arasındakı münasibətlər daha da irəli getməlidir. Bu münasibətlərin daha da irimiqyaslı olması lazımdır. Bizə görə iki ölkə arasındakı münasibətlər istənilən səviyyədə deyil, yəni əlaqələr çox güclü deyil. Həm ticarətdə, həm turizmdə, həm sosial həyatda bu əlaqələr inkişaf etməlidir. İki ölkə arasındakı gediş-gəlişlər daha da asanlaşmalıdır. Bunlar daha da inkişaf etməlidir ki, qardaşlıq əlaqələri də artsın”.

PKK-çıların Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ torpaqlarında məskunlaşmasına fikir bildirən deputat bu məsələ ilə bağlı çox şey söyləyə bilməyəcəyini qeyd edib: “Bu haqda çox danışa bilmərəm. Çünki bu mənim sahəm deyil”.

Türkiyənin Qarabağ probleminin həllindəki roluna gəlincə, Hasan Akgöl bildirib ki, Türkiyə Azərbaycana kömək etməlidir və hazırda da bu yöndə çalışır.

Sevinc İltifatqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi