Modern.az

Məktəblərdə kişi, yoxsa qadın müəllimlər çox olmalıdır? - Fikirlər HAÇALANIR

Məktəblərdə kişi, yoxsa qadın müəllimlər çox olmalıdır? - Fikirlər HAÇALANIR

14 Oktyabr 2021, 09:12

Bu gün Azərbaycanda kişi müəllimləri ilə qadın müəllimləri arasında xeyli say fərqi var. Ölkədə qadın müəllimlər ümumi müəllimlərin 81 faizini təşkil edir. Amma kişi və qadın müəllimlər arasında bu qədər böyük say nisbətinin olması cəmiyyətdə birmənalı qarşılanmır. Əksəriyyət qadın müəllimlərin tərbiyəsinin üstünlük təşkil etməsinin oğlan uşaqlarının psixologiyasına mənfi təsir etdiyini düşünür. Valideynlər orta məktəblərdə kişi müəllimlərin sayının artmasının tərəfdarıdırlar. Bəzi valideynlər, xüsusilə də qız anaları əksinə, məktəblərdə kişi müəllimlərinə ümumiyyətlə yer verilməməlidir deyə düşünür.

 

Təhsil eksperti Kamran Əsədov bu barədə Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda 4 min 447 orta ümumtəhsil məktəbində 150 min müəllim çalışır. Təhsil eksperti müəllimlərin 81 faizini qadınların, 19 faizini kişilərin təşkil etdiyini vurğulayıb:

 

“Bunun da müxtəlif səbəbləri var. 90-cı illərdə, xüsusən də müstəqilliyimizin ilk illərində müəllimlərin əmək haqlarının azlığı, I Qarabağ müharibəsinin kişi müəllimlərin sayına ciddi şəkildə mənfi təsir etməsi səbəblər sırasındadır. Bu gün ali məktəblərin pedaqoji ixtisaslarına qəbuluna da nəzər yetirdikdə yenə də qadınların 80 faizlə üstünlük təşkil etdiyini görürük. Lakin qeyd edim ki, son illərdə kişilər arasında bu peşəyə meyllilik müəyyən qədər artıb”.

 

Psixoloq Aytən Ələkbərova isə Kamran Əsədovun fikirləri ilə razılaşmır. Psixoloq kişi müəllimlərin hələ 1970-80-ci illərdə də az olduğunu söyləyib:

 

 

 

 

 

“Əslində illər öncə də orta məktəblərdə kişi müəllimlərin sayı az idi. Yəni bu tendensiya son vaxtlar artan durum deyil. Orta məktəblərdə dərs deyən kişi müəllimlər də adətən məktəbin idarəçiliyində təmsil olunurdular. Müəllim kollektivi 90 faiz qadınlardan ibarət idi. Həmin dövrlərdə orta məktəbi bitirən, bu gün artıq müstəqil həyata atılmış, cəmiyyətdə özünə yer tutmuş şəxslərin heç də hamısında qadın müəllimlərin tərbiyəsi özünü göstərmir. İndi gənclərin durumu ilə bağlı səsləndirilən fikirlər 1970-80-ci illərdə o qədər də şişirdilmiş vəziyyətdə dilə gətirilmirdi. İndinin gənclərin təsvir və təqdim olunması sanki bir təlatümdü. Onların dərsə marağının azalması, gənclərin nə istədiyinin bilinməməsi heç də qadın müəllimlərin tərbiyəsindən irəli gəlmir. Qadın müəllimlərin ailələrinə də, işinə də diqqəti çoxşaxəli olduğuna görə onlar şagirdlərə məhəbbətini göstərə bilirlər. Bir qadının təhsilə verdiyi fayda bir ağacın insanlara faydasına bənzəyir. Ağac həm meyvə, həm sərinlik, həm gözəllik, həm oksigen bəxş etdiyi ki, qadın müəllimlər də uşaqların təhsilinə belə faydalı xidmət edirlər”.

 

Psixoloq bir daha vurğulayıb ki, orta məktəblərdə kişi müəllimlərin az olması şagirdlərin tərbiyəsinə mənfi təsir etmir:

 

“Əksinə qadınlarımız daha  səbirli olurlar, uşaqlarla, yeniyetmələrlə davranışlarda səbr göstərə bilirlər.

Orta məktəblərdə kişi müəllimlərin sayını artırıb, qadınların sayını azaltsaq, cəmiyyətə sağlam psixologiyada övladların yetişdiriləcəyinə inanmıram. Yaxşı olar ki, bizim ibtidai sinif müəllimləri elə qadın müəllimlər olsun. Böyük bir şagird kollektivini ən yaxşı elə xanımlar idarə edər.

Ali məktəblərdə isə kişi müəllimlərin sayının çox olması daha müsbət təsir edər”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi