Modern.az

“Azərsu”da Beynəlxalq Müsabiqədəki qalibiyyət qeyd olunub – FOTO

“Azərsu”da Beynəlxalq Müsabiqədəki qalibiyyət qeyd olunub – FOTO

20 Noyabr 2012, 14:34

13-14 noyabr 2012-ci il tarixlərində Hollandiyanın Amsterdam şəhərində  dünyanın ən nüfuzlu müsabiqələrindən olan Bentley Beynəlxalq Layihə Müsabiqəsinin (Be Inspired Awards) final mərhələsi keçirilib.  Final mərhələsində iştirak etmək üçün “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti Amsterdam şəhərində səfərdə olub. 

Müsabiqənin “İçməli su, çirkab su və yağış sularının idarə olunmasında yeniliklər” kateqoriyası üzrə final mərhələsində 3 şirkətin- Gannett Fleming  Inc. (ABŞ), NJS Engineers India Pvt. Ltd. (Hindistan)  və “Azərsu” ASC-nin layihələrinin  təqdimatı olub. “Azərsu” ASC-nin İnformasiya və kommunikasiya texnologiyaları departamentinin rəisi Samir Qənili  “Yeraltı infrastrukturun idarə olunması -AzərsuCİS” layihəsini təqdim edərək bildirib ki, bu layihə Azərbaycanda içməli su və çirkab suları, həmçinin yağış suları infrastrukturlarının coğrafi inventarlarını, şəbəkə analizləri ilə modelləşdirmə işlərini özündə birləşdirən coğrafi informasiya sistemidir. Yaradılacaq sistemin köməyi ilə layihələndirmə işləri, su təchizatı və kanalizasiya sistemlərinin mövcud vəziyyəti dəqiq qiymətləndiriləcək, şəbəkələrdə baş verən qəzalar dərhal sistemdə qeydiyyata alınacaq. Eyni zamanda  içməli su,  çirkab suları, eləcə də  yağış suları infrastrukturunu vahid mərkəzdən idarə etmək,  tikinti və istismar sahələrində idarəetmə fəaliyyətini həyata keçirmək mümkün olacaq.

Finala vəsiqə qazanmış layihələrin təqdimatından sonra yekun qiymətləndirmə aparılıb. Qiymətləndirmə zamanı layihələrin dizaynı, əhatə etdiyi ərazi, tətbiq olunacaq yeniliklər, layihələrin faydası və digər meyarlar əsas götürülüb.  Müsabiqə iştirakçıları və münsiflər heyəti tərəfindən böyük maraqla qarşılanan AzərsuCİS layihəsi  müsabiqənin qalibi seçilmiş və ən yüksək mükafata layiq görülüb. Bentley şirkətinin prezidenti G.Bentley “Azərsu” ASC-nin müsabiqəyə təqdim etdiyi layihənin qurumun beynəlxalq arenada tanınması ilə yanaşı, qabaqcıl texnologiyalardan istifadə baxımından əhəmiyyətli olduğunu bildirib. O, qeyd edib ki, əldə olunan nailiyyət Azərbaycanda informasiya texnologiyaları sahəsində genişmiqyaslı işlərin həyata keçirilməsindən xəbər verir.            
Qeyd edək ki, Bentley Beynəlxalq Layihə Müsabiqəsinin keçirilməsində məqsəd ayrı-ayrı ölkələrdə dizayn, mühəndislik, inşaat layihələri üzrə müasir texnologiya və metodlardan istifadə edən qurumları bu işə cəlb etməkdir. Noyabrın 20-də “Azərsu” ASC-də AzərsuCİS layihəsinin Bentley Beynəlxalq Layihə Müsabiqəsinin qalibi olması ilə əlaqədar mətbuat konfransı keçirilib. “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov bildirib ki, bu uğur təmsil etdiyi Səmdar Cəmiyyətin beynəlxalq arenada tanınması ilə yanaşı, dünyanın aparıcı şirkətlərinin ölkəmizə marağını artırıbb. Layihəyə uyğun olaraq içməli su, çirkab su və yağış suları üzrə həm yeraltı, həm də yerüstü infrastrukturların elektron xəritələri yaradılacaq, hər bir bina üzrə nömrələnmə aparılacaq: “Bu sistem yeraltı infrastrukturun idarə olunması üzrə işlərin daha orperativ həyata keçirilməsinə imkan verəcək. Növbəti mərhələdə abonent bazası üzrə məlumatlar da bu sistemə yerləşdiriləcək”.

Layihənin  üstünlükləri barədə məlumat verən  “Azərsu” ASC-nin İnformasiya və kommunikasiya texnologiyaları departamentinin rəisi Samir Qənili qeyd edib ki,  yeni sistemin köməyi ilə içməli suyun mənbədən istehlakçıya qədər, eləcə də  yağış və çirkab suların axıdılmasının bütün mərhələlərinə dəqiqliklə nəzarət etmək mümkün olacaq:
“3 illik layihə  çərçivəsində işlər 2013-cü ildə daha da sürətləndiriləcək. 2014-cü ilin sonuna kimi Bakı şəhəri və Abşeron yarımadası, 2015-ci ilə qədər isə bütün ölkə üzrə layihənin reallaşdırılması başa çatdırılacaq”.


 

 

Mail Ağaxanov 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir