Modern.az

Həmədan eşşəyinin quyruğu...

Həmədan eşşəyinin quyruğu...

16 Oktyabr 2021, 20:56

Ayətullahlar İran dövlətini şirə bənzədirlər. Halbuki fars sülalələrinin heyvanların şahı simvolu ilə nə rəmzi-mifoloji, nə də tarixi-siyasi bağlılığı olub. “Şiri Xurşid” (Şir və Günəş) simvolundan Səfəvilərin rəmzlərində istifadə edilirdi. Adətən monarxlarda möhtəşəmlik və qüdrət etalonu kimi aslan tutqusu var və bu, Qərbdə və Şərqdə əksər sülalələrin bayraqlarında, gerblərində, müxtəlif emblemlərində öz əksini tapır.


Səfəvilərin şiri isə Hz. Əlinin “Allahın aslanı” adlandırılmasından qaynaqlanırdı. Qızılbaşların üçbucaqlı bayrağında Zülfüqar qılıncının təsviri də buna işarə edir. Təbii ki, daha əvvəl Səlcuqlar, Elxanilər, Teymurilər və Ağqoyunluların öz rəmzlərində aslan və günəş astroloji motivindən isyifadə etməsi də Səfəvi şahlarının seçiminə öz təsirini göstərmişdi. Qızılbaşlar xənadanın davamı olan Azərbaycan türklərinin digər sülalələrinin – Əfşar və Qacarlar imperatorluqlarının rəmzi də “Aslan və Günəş” idi.


Pəhləvilərin gerbi əvvəllcə Əhəmənilərə işarə ilə iki qartalın rəmzindən ibarət idi, hakimiyyətlərinin sonuna yaxın isə iki şirli simvolu seçmişdilər. Bayraqlarında əlində Zülfüqar tutmuş şir günəş fonunda verilirdi. Yəni, qızılbaş ənənəsindən qaça bilməmişdilər.


Əhəmənilərin bayrağında qanadlarını açmış qızıl qartal təsviri vardı. İranın birinci bayrağı isə Firdovsinin mifik qəhrəmanı dəmirçi Gavənin döşlüyü sayılır. Üzərində 4 şüalı ulduz olan bu döşlük “Cəmşidin bayrağı” adlanır və Sasani dövlətinin simbolu idi. Gavənin bayrağı indi Tacikistan prezidenti Emomali Rahmonun ştandartıdır...


Gələk mətləbə. 2003-cü ilin yazında - amerikanlar İraqa girib Səddamı devirən vaxtlarda “Ekspress” qəzetində növbədə molla rejiminin olduğu, gec-tez İranın da vurulacağı barədə yazılar gedirdi. İranlı bir diplomat redaksiyamıza gələrək etirazını bildirdi. Mübahisəmiz zamanı sofistikaya əl ataraq anlatmağa çalışdım ki, bir şey yıxılacaqsa, mütləq yıxılacaq, yıxılmaması mümkün deyil, sadəcə geci-tezi var. Adam yaxamı buraxmırdı, sanki mən İsfahan münəccimi imişəm, konkret tarix deməliyəm. Başımdan etmək üçün uzaq bir tarixi təxmin etdim:


-2025-ci ildə inşallah yıxılar...


-Nədən 2025-ci ildə? - diplomat əl çəkmədi.


-1925-ci ildə Əhməd şahın devrilməsi ilə Qacar xənadanın süqutunun 100 ili tamam olacaq. Əlamətdar tarixdir, ona görə...


-Baba, bəlkə yıxılmadı.


-Bəradər, o vaxtadək ya xan ölər, ya eşşək. Onda gələrsiniz...


-Yıxılmasa, demək, yalan yazırsınız, - adam redaksiyaya sanki lövbər atmışdı.


-Onda yıxılmasa, iş 2028-ci ilə qalar, - deyə daha bir “təxmin” etdim.


-2028-ci ildə niyə?


-Türkmənçay müqaviləsinin 200 illiyi olacaq. Onda da olmasa, 2029-сu ildə - İslam inqilabının 50 illiyində, o zaman da alınmasa, 2035-ci ildə - dövlətinizin “İran” adı almasının 100 illiyində...


Diplomat ayağa qalxaraq bu günlərdə Ərdəbil mollası Seyid Həsən Amili necə hədələmişdisə, elə də hərbə-zorba gəldi:


-Şirin quyruğu ilə oynayırsınız!


Təbriz ləhcəsilə cavab verdim:


-Baba, Həmədan eşşəyinin quyruğunu darturux...


İranlı yarıtürk, yarıfarsca dedi ki, o, “Torke xar”dır, yəni türk eşşəyidir.


-Düzdür, Həmədan Azərbaycan şəhəridir, amma eşşəkləri Mazandarandan, çaqqallardan qaçıblar...


P.S. Ayətullah Amili Xamneyinin Ərdəbil təmsilçisi, ostan “nümayendeyi vəliyi-fəqih”i olsa da, dini liderin 30 ildir o taylı-bu taylı Azərbaycan üzrə baş kuratorudur. Azərbaycanca təmiz danışsa da, əslən ərəbdir – ata-babası Livanın cənubundakı Cəbəl-i Amil bölgəsindəndir. Cəbəl-i Amilin üləməları Səfəvilərin dönəmində Təbrizdə yerləşməyə başlamışdılar.


Qəzənfər Həmidoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı