Modern.az

Dünyanı İraqa müdaxilə etməyə inandıran adam: Kolin Pauell

Dünyanı İraqa müdaxilə etməyə inandıran adam: Kolin Pauell

Aktual

18 Oktyabr 2021, 21:47

ABŞ-ın sabiq dövlət katibi Kolin Pauell bu gün 84 yaşında vəfat edib. Ailəsi onun yeni növ koronavirusdan (COVID-19) dünyasını dəyişdiyini bildirib.

 

Kolin Lüter Pauell 1937-ci ildə Nyu-Yorkun Harlem şəhərində yamaykalı mühacir cütlüyün ailəsində anadan olub. Vyetnamda döyüşən dörd ulduzlu general 1990-cı illərdə Küveytin işğalından sonra İraqa qarşı Birinci Körfəz Müharibəsində mühüm rol oynayıb və Baş Qərargah rəisi vəzifəsinə qədər yüksəlib.

 

Ordudan təqaüdə çıxdıqdan sonra Respublikaçılar Partiyasında siyasətə girən Pauell Corc Buşun administrasiyasında dövlət katibi vəzifəsini tutub. ABŞ-ın 65-ci dövlət katibi olan Kolin Pauell eyni zamanda bu vəzifəyə təyin olunan ilk afroamerikalı şəxs idi.

 

O, ABŞ-da bir neçə idarənin hərbi müşaviri olaraq çalışıb və 2003-cü ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasındakı çıxışı ilə ictimaiyyəti İraqın kütləvi qırğın silahlarına sahib olduğuna inandırmaqda əhəmiyyətli rol oynayıb.

 

Kolin Pauell Nyu Yorkda Şəhər Kollecində geologiya təhsili alarkən gələcək potensial hərbi liderləri müəyyənləşdirmək üçün nəzərdə tutulan Ehtiyat Zabit Təlim Korpusu (ROTC) adlı kadr akademiyasına daxil olub. O, 1958-ci ildə məzun olduqdan sonra ABŞ Ordusunda leytenant kimi xidmətə başlayıb.

 

Sabiq dövlət katibi 1962-ci ildə Prezident Kennedinin Cənubi Vyetnam ordusuna məsləhət vermək üçün göndərdiyi minlərlə zabitdən biri idi. O, Vyetnamda partizanlar tərəfindən qurulan tələyə düşərək yaralanmışdı. Pauell 1968-ci ildə Vyetnamdan qayıdanda qəzaya uğrayan helikoptrdən sağ çıxaraq yanan dağıntılar altından daha üç əsgəri xilas etdiyi üçün şücaət medalı ilə təltif edilib.

 

Vyetnamdan qayıtdıqdan sonra Pouell Vaşinqtonda Corctaun Universitetində magistr təhsili alıb. Bir müddət Cənubi Koreyada general-leytenant rütbəsi altında xidmət etdikdən sonra qərargah zabiti olaraq ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) qayıdıb. Müxtəlif prezidentlərin dövründə Pentaqonda bir çox vəzifə tutub və 1987-ci ildə Milli Təhlükəsizlik Müşaviri olub.

 

Corc Buş 1989-cu ildə prezident seçiləndə Pauelli ölkənin Baş Qərargah rəisi təyin edib. O, 52 yaşında bu vəzifəni tutan ən gənc zabit və ilk afroamerikalı idi.

 

Pauell ilk böhranla 1989-cu ilin dekabrında ABŞ-ın Panamaya müdaxilə edərək diktator General Norieqanı devirdiyi zaman üzləşib. Bu müdaxilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən şiddətlə qınanılıb.

 

1990-cı ildə ilk Körfəz Müharibəsində Pauell Doktrinası adlı strategiya həyata keçirildi. Pauell hesab edirdi ki, Birləşmiş Ştatlar yalnız bütün diplomatik, siyasi və iqtisadi yollar uğursuz olduqdan sonra İraqa qarşı hərbi güc tətbiq etməlidir. Ancaq hərbi əməliyyatlar başlayanda düşməni tez bir zamanda məğlub etmək və itkiləri minimuma endirmək üçün maksimum güc istifadə ediləcəkdi. O, geniş ictimai dəstək almağı da vacib hesab edirdi.

 

Pauell əvvəlcə Körfəzdəki hərbi əməliyyatlara etiraz edirdi. Lakin sonradan “Səhrada Tufan” və digər əməliyyatlar ABŞ hədəfləri baxımından uğurlu oldu və Pauellin adı bu savaşlar vasitəsilə beynəlxalq aləmdə tanındı.

 

O, ölkənin yeni prezident Bill Klintonla eynicinslilərin orduya girməsinə icazə verilməsi mövzusunda mübahisə edirdi və o zaman ABŞ-ın BMT-dəki rəsmi nümayəndəsi olan Madeleyn Olbraytla Bosniyaya hərbi müdaxilə səbəbiylə açıq şəkildə qarşıdurma yaşadı. Pauell ABŞ-ın yalnız öz maraqlarına təhlükə olduğu təqdirdə hərbi güc tətbiq etməli olduğuna inanırdı.

 

Pauell 1993-cü ildə ordudan təqaüdə çıxdı və xeyriyyə təşkilatlarında çalışmağa başladı. Daha sonra siyasətlə də maraqlanırdı. ABŞ-ın hər iki partiyasına simpatiyası vardı və 1996-cı il seçkilərindən əvvəl həm Demokratlar, həm də Respublikaçıların vitse-prezidentl postuna namizədlər arasında adı çəkilirdi. Hətta Bill Klintona qarşı prezidentliyə namizəd ola biləcəyi barədə söhbətlər də vardı, amma Pauell siyasətdə yüksəlmək ambisiyasına malik olmadığına qərar vermişdi.

 

2000-ci ildə Corc Buş onu dövlət katibi təyin etdi. 11 Sentyabr hücumlarından sonra Paull öz doktrinasına sadiq idi və ABŞ-ın İraqa girməsini istəmirdi, lakin daha sonra Buşa dəstək verməyi qəbul etdi.

 

Bir çox müşahidəçi onun BMT Təhlükəsizlik Şurasının 2003-cü ildə İraqla müharibəyə getməsində vacib rol oynadığını düşünür. 18 ay sonra, Səddam Hüseyn devriləndə Pauell İraq liderinin “kütləvi qırğın silahlarına sahib olduğu” barədə kəşfiyyat məlumatlarının demək olar ki, yalan olduğunu etiraf edib.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik