Modern.az

Türk dövlətləri nə vaxt müstəqilliklərinə qovuşub?  

Türk dövlətləri nə vaxt müstəqilliklərinə qovuşub?  

Aktual

19 Oktyabr 2021, 09:55

Hər bir xalqın tarixinə qürur və iftixar hissilə yazılmış müqəddəs günlərdən biri də müstəqillik günüdür. Bütün xalqlar bu günü xüsusi təntənə və sevinclə qeyd edir. Elə Azərbaycan xalqı da. Bu günün özündə olduğu kimi…

 

Belə ki, bu gün Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən 30 il ötür. Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmiş bir dövlətdir. Əfsuslar olsun ki, birinci dəfə qazanılan müstəqillik bir sıra xarici müdaxilələr səbəbi ilə itirildi. Lakin ikinci dəfə- 18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında qəbul olunan “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə xalq həsrətini çəkdiyi azadlığını bərpa etdi. Bununla da, ölkənin bütün sahələrində köklü dəyişikliklər edilməyə başlandı.  Azərbaycan dünyanın bir sıra dövlətlərilə ikitərəfli, bərabərhüquqlu və diplomatik münasibətlər yaratdı, nüfuzlu beynəlxalq təşkilatlara üzv oldu. Elə bunun nəticəsidir ki, hazırda Azərbaycan səsini Avropa Şurasının, BMT-nin zirvə toplantılarından duyurur.

 

**

 

Modern.az Media Turk TV-yə istinadən xəbər verir ki, Türkiyənin isə təntənə ilə dünyaya elan etdiyi müstəqillik günü 29 oktyabr tarixinə təsadüf edir.  Birinci Dünya Müharibəsində məğlub olan Osmanlı İmperatorluğunun torpaqlarının qəsb edilməsi xalqı dərin kədərə boğmuşdu. Elə bu vaxt ölkənin həyatında dönüş nöqtəsi yaşadacaq bir hadisə baş verir. Qəhrəman sərkərdə Qazi Mustafa Kamal Atatürk meydana atılır və Qurtuluş Savaşına başlayır. Düşmən üzərində zəfər çalındıqdan sonra  Lozanna sülh müqaviləsi imzalanır. Bununla da, Türkiyə kimi şanlı respublikanın əsası qoyulur, bir millət yenidən canlanmağa başlayır.  29 oktyabr 1923-cü ilə qədər davam edən danışıqlardan sonra Türkiyə Cümhuriyyətin yarandığı elan edilir.  Hər il bu tarixdə xalq başda Mustafa Kamal Atatürk olmaqla milli mübarizə qəhrəmanlarını sayğıyla yad edir.

 

***

 

Bəs Qazaxıstanda müstəqillik günü nə vaxt qeyd olunur? Təqvim 1991-ci il dekabrın 16-nı göstərəndə Qazaxıstanın Ali Şurası “Dövlət müstəqilliyi haqqında” Qanunu qəbul edir. Bununla da daha bir türk dövləti müstəqilliyinə qovuşur. Hazırda müstəqillik Qazaxıstanın inkişafına misilsiz töhfələr verir. Maraqlıdır ki, Qazaxıstanın yeganə milli bayramı müstəqillik günüdür. Qeyd edək ki, Qazaxıstanın müstəqilliyini rəsmən tanıyan ilk ölkə Türkiyə olub.

 

***

 

Orta Asiyanın ən çox əhalisi olan ölkəsi Özbəkistanda 1991-ci ildən etibarən hər il sentyabrın 1-də müstəqillik günü qeyd olunur. Həmin gün ölkənin dörd bir yanında konsertlər təşkil olunur, ənənəyə uyğun bayram tədbirlərinin iştirakçılarına özbək plovu təqdim edilir. Xüsusilə qeyd etmək lazımdır ki,  ölkə müstəqilliyinin 27-ci ildönümündə prezident Şavkat Mirziyoyevin elan etdiyi amnistiya fərmanı ilə 215 məhkum azadlığa buraxılıb, 46 nəfərin isə cəza müddəti azaldılıb.

 

***

 

31 avqust tarixində Bişkekin Ala-Too mərkəzi meydanı xüsusilə bəzədilib təntənəli bayram keçirilirsə, deməli Qırğızıstanda müstəqillik günüdür. Bayram tədbirlərində günün sonuna qədər müxtəlif təqdimatlar göstərilir. Məsələn, Qırğızıstan dövlətçiliyinin qurulmasında əməyi olan tarixi şəxsiyyətlərin obrazları canlandırılır. Bayrağın meydana gətirilməsindən, xor və simfonik orkestrın İstiqlal Marşı səsləndirməsindən sonra Prezident  burada iştirak edənlər qarşısında  nitq söyləyir. Şənlikdə Qırğızıstan pop ulduzları, həmçinin ənənəvi rəqs ansamblları çıxışlar edir.

 

***

 

Bəs yaxşı, Türkmənistanda müstəqillik günü hansı xüsusiyyətləri ilə seçilir? 

 

Türkmənistanda hər il 27 oktyabra - Müstəqillik gününə az qalmış ölkənin görkəmli vətəndaşları - mədəniyyət, incəsənət, idman və siyasət xadimləri  mükafatlandırılır. Bu artıq ənənə halını alıb desək, yanılmarıq. 

 

Son olaraq, sadaladığımız hər bir türk dövlətinə müstəqilliklərinin əbədi olmasını arzulayırıq!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi