Modern.az

CASCFEN beynəlxalq quruma üzv oldu

CASCFEN beynəlxalq quruma üzv oldu

21 Noyabr 2012, 13:29

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) artıq iki beynəlxalq təşkilatın tam hüquqlu üzvüdür.

Bu haqda xəbəri CASCFEN sədri Azər Həsrət verib. O, bildirib ki, noyabrın 20-də Etik Jurnalistika Şəbəkəsi (EJN) adlı beynəlxalq təşkilatın icraçı direktoru Eydn Uayt CASCFEN-in daha öncə ünvanlanan üzvlük müraciəti əsasında qurumun artıq üzvlüyə qəbul edildiyi haqqında məlumat verib. Bundan başqa, CASCFEN sədri Azər Həsrət EJN-in dekabrın 10-da Brüsseldə keçiriləcək toplantısına da dəvət edilib.

Qeyd edək ki, öz sıralarında Beynəlxalq Mətbuat İnstitutu, Qlobal Redaktorlar Şəbəkəsi, Avropa Yayım Şurası, İnternyus, Dünya Mətbuat Azadlığı Komitəsi, Media Fərqliliyi İnstitutu kimi bir çox beynəlxalq qurumları birləşdirən EJN-in əsas fəaliyyəti bütün növdən olan mediada yaxşı idarəetmə, jurnalist etikası və jurnalistlərin özünüidarə məsələlərini əhatə edir.

CASCFEN sədri Azər Həsrət onu da əlavə edib ki, rəhbərlik etdiyi təşkilat EJN-lə bərabər daha bir beynəlxalq qurumda üzvlüyünü bərpa edib. Bu da Medianın İnkişafı üçün Qlobal Forum (GFMD) adlı təşkilatdır ki, CASCFEN bir neçə il öncə onun üzvü olsa da fəaliyyətində yaxından iştirak etmirdi. “Biz düşündük ki, artıq yeni mərhələyə qədəm qoyduğumuz üçün bu təşkilatdakı fəaliyyətimizi də bərpa edək. Ümid edirik ki, həm EJN, həm də GFMD-dəki üzvlüyümüz Azərbaycan və bütövlükdə region mediası üçün faydalı olacaq”, – deyə CASCFEN sədri bildirib.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır