Modern.az

Putin Bakı-İrəvan danışıqlarını monopoliyaya almaq istəyir... - ŞƏRH

Putin Bakı-İrəvan danışıqlarını monopoliyaya almaq istəyir... - ŞƏRH

Aktual

22 Oktyabr 2021, 12:26

Ötən gün Rusiya Prezidenti Vladimir Putin "Valday" beynəlxalq klubunun plenar iclasında çıxış edərkən Qarabağ məsələsinə toxunub.

 

O bildirib ki, Rusiyanın iştirakı olmadan Azərbaycanla Ermənistan arasında mübahisələri həll etmək mümkün deyil:

“Ermənistan və Azərbaycan sərhəd məsələsini sovet dövründən qalma xəritələr əsasında həll edə bilər, lakin bu proses qarşılıqlı kompromislər tələb edir. İki tərəf və Rusiyadan başqa heç kim lazım deyil. Burada çox sadə, praqmatik şeylər var. Çünki Rusiya ordusunun Baş Qərargahında SSRİ respublikaları arasındakı sərhədlərin haradan keçdiyini göstərən xəritələr var”.

 

Rusiya Prezidenti Vladimir Putinin çıxışı göstərir ki, hələ də Qarabağda olan problemlərin açarı Rusiyadadır. Bəs bundan sonra Azərbaycan və Ermənistan arasındakı münasibətlərin həllində Rusiya necə iştirak edəcək? Doğrudanmı, Moskva iki tərəf üçün alternativsiz vasitəçidir?

 

Putinin çıxışını Modern.az-a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, proseslərin sürətlənməsində Rusiya Ermənistana təzyiq göstərməlidir.

Ekspertin fikrincə, Türkiyə də prosesə qoşulmağa hazır olsa da, İrəvan buna qarşı çıxır:

 

“Sərhədlərin müəyyənləşməsində iki dövlət iştirak etməlidir. Bu kimi proseslər normal dövlətlərin hamısında eyni cür aparılır. Azərbaycan və Ermənistan danışıqlar aparıb, sərhədləri müəyyən etmək üçün. Rusiyanın isə bu mövzuda dəstəyi və köməyi yalnız o ola bilər ki, keçmiş Sovet xəritələrini hər iki tərəfə təhvil versin. Ola bilsin ki, danışıqlarda iştirak etsin. Rusiya həmçinin başqa ölkələrin iştirakını istəmir. Çünki başqa ölkələrdə belə bir xəritələr yoxdur. Digər tərəfdən Rusiyanın vasitəçiliyini həm Azərbaycan, həm də Ermənistan qəbul edib. Amma tutaq ki, Türkiyənin vasitəçiliyini Azərbaycan qəbul etsə də, Ermənistan qəbul etmir. Rusiya da bu fürsətdən istifadə edərək, vasitəçiliyini hər iki tərəfə təklif edir. Əsas məsələ budur ki, danışıqlar başlasın. Əlbəttə ki, sərhədlər qısa müddətdə müəyyən olunmayacaq. Amma danışıqlar başlamalı, sülh sazişinin hazırlanması üzrə sənəd işə düşməlidir. Müharibədən bir ilə yaxın müddət keçməsinə baxmayaraq, hələ də dəhliz məsələsi həllini tapmayıb. Ermənistan bu məsələni uzatmağa çalışır. Rusiya təkliflərini hər iki tərəfə göndərib. Ermənistan həmçinin Rusiyanın təsiri altında olan bir dövlətdir, Rusiyadan istəyimiz bu ola bilər ki, ona təsir etsin”,- deyə politoloq bildirib.

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir