Modern.az

Azərbaycanda fərqli dəfn qaydası: meyiti yandırmaq istəyənlər var, krematoriya yoxdu - PROBLEM

Azərbaycanda fərqli dəfn qaydası: meyiti yandırmaq istəyənlər var, krematoriya yoxdu - PROBLEM

Ölkə

22 Oktyabr 2021, 15:24

Dinlərin əksəriyyətində vəfat edən insanın dəfn qaydası oxşardır: insan öldükdən sonra bədəni torpağa qovuşmalıdır. Ancaq bir sıra ölkələrdə meyit yandırılır, külü yaxınları tərəfindən saxlanılır və ya ətrafa dağıdılır. Bu proses isə kremasiya adlanır. Bəs insanlar niyə kremasiyanı seçirlər?

 

Bunun bir neçə səbəbi var. Məsələn, bir qisim insan kremasiyanı mərhumu torpağa basdırmaqdan daha təbii dəfn növü hesab edir.

 

Bəziləri öldükdən sonra cəsədinin torpaqda parçalanmasını istəmir, digərləri isə kremasiyanı daha az duyğulu dəfn növü hesab edir.

 

İnsanların yalnız 25% -i ənənəvi torpağa basdırmaqla müqayisədə ucuzluğundan ötri kremasiyamı seçirlər.

 

Hələ keçən əsrin 20-ci illərində Avropanın bir çox şəhərlərində krematoriyanın olması şəhərsalmada məcburi sanitar norma sayılırdı.

 

Maraqlıdır, dinlərdə kremasiya haqqında nə deyilir?

 

Hinduizm: Hindistanda bu dini inancla ölülərin yandırılması vacib hadisədir və bir çox insanlar tərəfindən qəbul edilir. Meyitlər çay kənarında yandırılır. Yandırmadan əvvəl ayin və mərasimlər keçirilir. Bu inanca görə, ölülər gözəl, təmiz olmalıdır. Meyitlərin ayaqları çayda yuyulduqdan sonra qohumları onun üzərinə gül səpir. Ən çox sevdiyi əşyalar meyitin yanına qoyulduqdan sonra onu yandırırlar. Kremasiya yeri kimi istifadə edilən çay kənarı kollektiv yer olduğundan ətrafa pis tüstü, xoşagəlməz qoxu da yayılır. Bu inancda olanlara görə, meyit   yandırılmaqla günahları onunla birlikdə alovlanır. 

 

Xristianlıq: Bu dinə görə, ölülərin yandırılması katoliklər və protestantlarla müqayisədə fərqlidir.

 

Katoliklər: Meyit yandırıldıqdan sonra kül səpələnə bilməz. Bu səbəbdən dərin katolik inancı olan insanlar kremasiyadan sonra yaxınlarının külünü evdə bankada saxlamağa üstünlük verirlər.
 

Protestantizm: Xristianlığın bu təriqətinin inancına görə, ölülər yandırıldıqdan sonra onların külü istədikləri yerə səpələnə bilər. Bu, fərdin azad bir ruh olaraq səyahət etdiyi anlamına gəlir.
 


İudaizm: Bu dinin adamları Allahın ölümdən sonra bədəni dirildəcəyini iddia edərək, kremasiya prosesinə qarşı çıxırlar. Amma bununla belə öləndən sonra yandırılmasını istənən yəhudilər də var.

 

Buddizm: Bu ənənəyə görə, meyiti dağın ətəyində və ya Qanq çayının kənarında yandıran Buddist inanclı insanlar daxili rahatlıq yaşayırlar. Hindistanda çox yayğın olan bu kremasiya adəti tədricən artır. Dünyanın üçdə ikisi ölülərini dəfn edərkən, üçdə biri ölülərini yandırır. Şimal qonşumuz olan Rusiyanın 17 şəhərində 20 krematoriya var. Burada insanlar yaxınlarının külünü bir qaba yığıb saxlayır.


Kremasiya mövzusu uzun əsrlər boyu Azərbaycan üçün aktual olmayıb. Vaxtilə bu proseduru yalnız azsaylı atəşpərəst icması icra edib. Amma son illər cəmiyyətdəki dəyişikliklər, ateistlərin sayının artması və bəzi hallarda fərqi istəklərin qəbul olunmuş dini ənənələrdən üstün tutulması ölkəmizdə də krematoriyalara ehtiyac yaradıb. Ölkəmizdə yaşayan bəzi vətəndaşlar öldükdən sonra meyitlərinin kremasiya olunmasını istəyir. Amma bunun üçün hara müraciət edəcəklərini bilmirlər. Belə ki, rəsmi məlumata görə, Azərbaycanda krematoriya fəaliyyət göstərmir.

 

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov dünyasını dəyişdikdən sonra kremasiya olunmasını istəyən vətəndaşlar arasındadır:


“Öləndən sonra meyitimin yandırılmasının tərəfdarıyam. Bunun üçün ölkədə krematoriya yaradılmalıdır”.

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imam camaatı hacı Şahin Həsənli Modern.az-a açıqlamasında bildirib ki, İslam dini meyitin yandırılmasını qadağan edir:


“Dünyadan köçmüş insan barəsindəki 4 əsas əmrdən biri də mərhumu torpağa basdırmaqdır. İnsan dünyadan köçdükdən sonra hər bir müsəlmanın bədəninə qüsul verilməli, kəfənə bükülməli, cənazə namazı qılınmalıdır. İslam dini meyitin yandırılmasını qadağan edir. Bu kimi hallar şəriət qaydalarına ziddir. Ona görə də belə hallar heç zaman Azərbaycanda olmayıb, bizim adət-ənənələrə yaddır. İslam dininə mənsub olan vətəndəşdan belə bir müraciət eşitməmişəm”.

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov qeyd edib ki, ölkəmizdə bu istəkdə olan insanlar üçün şərait yaradıla bilər:

“Hesab edirəm ki, Azərbaycan dünyəvi dövlətdir. Azərbaycanda təkcə müsəlmanlar yox, digər dinlərin də nümayəndələri var, yaşayırlar. Bunu nəzərə alaraq, Azərbaycanda da belə bir xidmət yaradıla bilər. Kimsə istəmirsə ki, islam dininin qaydalarına uyğun deyil, öz istəklərinə görə dəfn edilsin, onlar üçün belə bir şans yaradılmalıdır. Milli Məclisdə belə bir məsələ müzakirə olunarsa, mövzu qaldırılacaq. Ölkəmizdə dini sahə, dəfn işləri ilə məşğul olan qurumlar bu məsələyə baxa bilərlər. Mümkündür ki, bu işdə bələdiyyələrin də rolu böyük olsun. Məsələ öz həllini tapmalıdır ki, bu kateqoriyadan olan insanlar öz vəsiyyətlərinə uyğun dəfn həyata keçirə bilsinlər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı