Modern.az

Şotlandiyanın tuluq zurnaçıları Bakıda

Şotlandiyanın tuluq zurnaçıları Bakıda

İqtisadiyyat

22 Noyabr 2012, 15:44

Şotlandiyalı tuluq zurnaçıları Müqəddəs Endryu gününü İçərişəhərdə qeyd edəcəklər. Modern.az xəbər verir ki, şənbə günü, noyabrın 24-də saat 13:00-da Şotlandiya milli musiqi ifaçıları Müqəddəs Endryu günü münasibəti ilə İçərişəhərdə yürüş keçiricəklər. Yürüş Bakı Kaledoniya Cəmiyyətinin təşkil etdiyi bayram tədbirlərinin bir hissəsidir. Milli geyimlərində olan Şotlandiya tuluq zurnaçıları öz ifalarını Qoşa Qala Qapısının qarşısındakı əsas meydanda başlayacaq və daha sonra İçərişəhərin küçələrindən keçərək Qız Qalasının yanında yekunlaşdıracaqlar.
Tədbir 1 saat davam edəcək.   

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov keçiriləcək tədbir haqqında bunları deyib: “Bu cür tədbirlər ikitərəfli maraq doğurur. Bakı Kaledoniya Cəmiyyəti Şotlandiyanın qədim ənənələrini İçərişəhərdə paytaxt sakinləri və qonaqları üçün nümayiş etdirmək və milli mədəniyyəti ilə tanış etdirmək imkanı qazanır. İçərişəhər isə bununla yenidən  görməli yerlərində xeyli qonaq qəbul etmiş olacaq, bununla da tarixi irsimizi və tolerantlıq nümunəsi olan mədəniyyətimizi bir daha təbliq etmiş olacağıq”.

Bakı Kaledoniya Cəmiyyətinin rəhbəri Rod Freyzer: “Bu il Bakı Kaledoniya Cəmiyyəti 15-ci ildönümünü qeyd edir. Kaledoniya Şotlandiyanın qədim adıdır və bu cəmiyyət bütün dünyada yaşayıb çalışan şotlandların toplaşdığı çoxsaylı birliklərdən biridir. Cəmiyyət könüllü əsaslarla fəaliyyət göstərir və Azərbaycanda xeyriyyəçilik məqsədi ilə vəsait toplamaqla məşğuldur. 15 il ərzində biz böyük həcmdə maddi vəsait toplamışıq və məcburi köçkünlər də daxil olmaqla Bakıda müxtəlif xeyriyyə müəssisələrinə paylamışıq. Düşünürük ki, Azərbaycanlı dostlarımızla bizim mədəniyyətimiz haqqında məlumatlarla bölüşməliyik. Yüzlərlə şotlandiyalı Bakıda yaşayır və bizi burada qəbul edən, özümüzü evimizdəki kimi hiss etməyə şərait yaradan insanlarla öz mədəniyyətimizi paylaşmaq həqiqətən də qürurvericidir. Biz belə bir mədəniyyətlərarası tədbirin təşkilində göstərdikləri dəstəyə görə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyinə öz dərin minnətdarlığımızı bildiririk”   

Qeyd edək ki, Şotlandlar Müqəddəs Endryunu Şotlandiyanın himayəçisi hesab edir və onun şərəfinə hər il noyabr ayında bayram tədbirləri keçirir. “İçərişəhər”  Qoruğu İdarəsi  paytaxt sakinlərini və qonaqlarını tədbirə dəvət edib.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!