Modern.az

İsmixan Rəhimov kimdir və ya “İstiqlal” ordeni ilk olaraq kimə verilməliydi?

İsmixan Rəhimov kimdir və ya “İstiqlal” ordeni ilk olaraq kimə verilməliydi?

26 Oktyabr 2021, 21:43

Onun haqqında yazmaq mənim qələmimin gücündə deyil. Amma onun müasiri olduğum üçün özümdə güc tapdım. Yox, oğlu Yüksəllə dost, qohum olmağım bir rol oynamır. Yox, deyəsən yalan danışdım. Axı mən düşmənbaz deyiləm, qohumbaz, dostbazam. Ümumiyyətlə, belə insanları yaddan çıxartmaq olmaz. Yox, yenə düz danışmadım. Səmimi insan gərək hər şeyi düz desin. Yoxsa yazısına qurd düşər.

 

Yüksəllə yağışlı bir gündə – “Torqovı”da rastlaşdıq. Bir əlimdə kitab dolu torba vardı. Sevindi. “Yaxşı tapmışam səni. “Feysbuk”da gördüm ki, “İtbaşı” adlı roman-trilogiyan çıxıb. Deyəsən yanında var” dedi. Yazıçı üçün daha bir oxucu tapmaq, bir ton torpağın içində altı qram qızıl axtarıb aşkarlamaq kimi bir şeydir. Özü də ki, bunu oxucu özü tələb edirdi. Çox sevindim. Kitabı torbadan çıxarıb Yüksələ təqdim etdim. O isə mənimçün “Bəs avtoqraf?” deyə yeni küçə açdı. Məni tanıyanlar yaxşı bilir ki, avtoqraf yazmaqla aram yoxdur. “Yanımda qələm yoxdur”  deyə bəhanə yox, əsas gətirdim. Elə o saat yaxınlıqdakı bahalı dükana girib qələm axtarışına çıxdı. Satıcı qız isə onu müvəqqəti qələm axtaran yox, alıcı qismində qəbul etdi. Dörd rəngdə yazan diyircəkli, bahalı qələmi Yüksələ uzatdı. O da pulunu verib aldı. Elə dükanın içindəcə kitabı açıb avtoqraf yazdım: “Dostum, qohumum, oxucum, gözəl insan Yüksəl İsmixanoğluna müəllifdən. Hörmətlə: Mahir Qabiloğlu. İmza. 26.10.2021”.

 

Bunu yazıb qurtarandan sonra satıcı qız dilləndi. Yox, kitab istəmədi. Dedi ki, bilsəydim sizə öz qələmimi verərdim. Mən də cavab verdim ki, “nə bilirsən, bəlkə qələmi mənimçün alıb?”. Qələmlə kitabı barter edib dükandan çıxdıq. Soruşdu ki, hara gedirsən? Dedim ki, Nizami adına muzeyə – akademik, millət vəkili Rafael Hüseynovun yanına. Kitabımı hədiyyə edəcəyəm. Yüksəl həmən əlavə etdi ki, “Rafael müəllim bizə yaxın adamdır. Atam haqqında da yazı yazacaqdı. Mənim salamlarımı çatdırarsan”.

Vəssalam. Ayrıldıq. Mənə “atam haqqında da yazı yazacaqdı” cümləsi bəs idi. Rafael Hüseynovun qələmi hamıya məlumdur. O akademikdir, yazdığı da akademik bir yazı olacaq. Bəs mən? Mən niyə yazmıram? Axı İsmixan Rəhimovun müasiri olmuşam. Müəllimim də olub. Necə? Təəccüblənməyiniz təbiidir. Mən oxuduğum dövrdə İsmixan müəllim S.M.Kirov adına Universitetdə dərs demirdi. Bəs necə olub ki, müəllim kimi 209 nömrəli auditoriyaya girib mənə mühazirə oxuyub? Bunlar xırda suallardır. Belə adamlara heykəl qoyulmalıdır. İstiqlalımız uğrunda 25 il... Tələsməyin. Yavaş-yavaş...

 

“DALĞA” VERİLİŞİ

 

Sovet dövləti dağılmaq ərəfəsində, Qorbaçovun “perestroyka”, aşkarlıq yox, açıq-saçıqlıq dönəmində AzTV-də “Dalğa” proqramı meydana çıxdı. Həftədə bir dəfə ekrana çıxırdı. Hər dəfə də bir aparıcısı olurdu. Maraqlı veriliş idi. Hansı aparıcının vaxtına düşmüşdü – bilmirəm.

Veriliş başladı. Sanki uşaq bağçasından reportaj idi. Müxtəlif yaşlı böyük oğlan və qızlar əl-ələ tutub Yeni il şənliyindəki kimi yolkanın ətrafında dövrə vururdular. Amma “Şən yolka” şeirini yox, ingiliscə nəsə oxuyurdular. Bir bəstəboy kişi isə ortada onlara dirijorluq, həm də düzgün ifadə etmək akkompanementliyi edirdi. Atam həmən tanıdı: “İsmixandır”. Sonra da “Kişi adamdır” deyə əlavə etdi. Kişi adam olmağının ingilis dili dərsi keçməyinə nə aidiyyatı olub-olmadığını bilmədim. O vaxtkı xasiyyətimə uyğun olaraq soruşmadım da...

 

XARİCİ ÖLKƏLƏR ƏDƏBİYYATI DƏRSİ

 

Düzünü desəm, BDU-da yaxşı oxuyan tələbələrdən olmamışam. Sən deyən mütaliəm də olmayıb. Arxam və tapşıranım atam olub. O cümlədən Xarici ölkələr ədəbiyyatını da sevməmişəm. Vahid dərslik olmadığına, mühazirə yazmaq ümidinə  qaldığıma görə. Bir xoşbəxtliyim o olub ki, atamın qızıl kimi məsləhətinə qulaq asmışam. Qulaq asıb bu səviyyəyə çatmışam, indi gör oxusaydım necə olardım. Yox, təvazökarlıqdan uzaq adam kimi qiymətləndirməyin məni. Atam nə demişdi? Demişdi ki, “2”, yaxud da aşağı qiymət alsan heç nə demərəm sənə. Çalış başında nəsə olsun. Bir də ki, dərsdən heç vaxt qaçma, otur mühazirələrə qulaq as. Sadəcə, belə bir məsləhət.

Xarici ölkələr ədəbiyyatından bizə professor Cəlil Nağıyev mühazirə deyirdi. Dediklərini yazmırdım, sadəcə qulaq asırdım. Günlərin bir günü 209 saylı auditoriyaya girdi, arxasıyca da bəstəboy, yaşlı bir kişi. Cəlil müəllim partalar arası addımlayıb arxada oturdu. Bu, İsmixan Rəhimov idi. Onu televizorda görmüşdüm deyə həmən tanıdım.  İlk cümləsi belə oldu: “To be or not to be, that is the questions”. Sonra dayanmadı. Elə ingiliscə davam etməyə başladı. Demə, Şekspirin “Hamlet” əsərini bizə orijinaldan deyirmiş. Demirdi, bir aktyor kimi yaradırdı. Arxasıyca tərcüməyə keçdi: “Olum, ya ölüm? Sual budur, bu”. Daha sonra isə müəllim-ustad izahına başladı.

İsmixan müəllim yarım saat beləcə davam etdi. Sonra dayandı. Gözünü auditoriyaya dikdi. Bir müddət danışmadı.

- Bu nədir? Niyə qanıqara oturmusunuz? Maraqlı deyil?

Heç kimdən səs çıxmadı. Auditoriyanın ab-havasında bir dəyişiklik hiss olunmadı. Bəlkə də ingilis dilində bilməməyimiz idi buna səbəb. Niyə belə fikrə gəldim. Çünki İsmixan müəllim əlavə etdi: “Mən “İnyaz”da (Xarici dillər institutu) mühazirə deyəndə tələbələrimin üzündə bir təbəssüm olur. Siz isə sakit oturmusunuz”. Bu sözlərindən sonra da auditoriyada bir dəyişiklik olmadı. İsmixan müəllim bir müəllim, Şekspirsevər və aktyor kimi tələbələri ovsunlamışdı sanki.

 

ŞAYİƏ

 

Niyə şayiə? Çünki dəqiq bilmirəm. Amma şayiəliyindən daha çox, xəbərin real olduğuna inanıram. “Dalğa” verilişi efirə çıxandan sonra hansısa yazıçı atama deyəndə eşitdim ki, Heydər Əliyevin övladlarının ingilis dili müəllimi İsmixan Rəhimov olub.

 

“İSTİQLAL” ORDENİNİN TƏSİS OLUNDUĞU GÜN

 

Prezident Heydər Əliyev 15 aprel 1995-ci ildə Azərbaycanın ən yüksək təltifi olan “İstiqlal” ordenini təsis etdi. Elə həmin gün də həmin ordenə üç Xalq şairini (o vaxt şair və yazıçıların hörməti böyük idi) layiq gördü. Xəlil Rza (ölümündən sonra), Bəxtiyar Vahabzadə, Məmməd Araz. Atamla “Xəbərlər”ə birlikdə baxırdıq. Sərəncamı eşitcək atam narazı sifət aldı. Elə bildim ki, öz adının bu siyahıda olmamasından (2006-ci ildə bu ordenlə təltif olundu) pis olub. Amma sonra bir cümlə işlətdi:
“İndiki məqamda ilk olaraq bu ada iki nəfər layiqdir: İsmixan Rəhimov və Gülhüseyn Hüseynoğlu. “İldırım” antisovet təşkilatının üzvləri. Bu günümüzü, istiqlalımızı o vaxt görüb, bu amal uğrunda mübarizə aparanlar. 1940-cı illərdə – 20 yaşlarında – mübarizə aparıb 25 il sürgünə layiq görülənlər. Yaxşı ki, güllələnmə hökmü ləğv edilmişdi. Yoxsa edam edəcəkdilər onları”.

İsmixan Rəhimovu yaxından tanımırdım. Amma Gülhüseyn Hüseynoğlu müəllimim olmuşdu. Qızı – sonralar evin pəncərəsini silərkən yıxılıb həlak olan – Aytəklə bir yerdə oxuyurdum...
 



HAŞİYƏ:
 Beşinci kursu başa vururduq. Səhər dərsə gələndə gördüm ki, qızlar hönkür-hönkür ağlayır. Birinci partada isə gül qoyulub  – Aytəkin oturduğu partada.
– Nə olub? – deyə soruşdum.
– Aytək evlərinin pəncərəsini siləndə düşüb yerə.

Uşaqların yığışmağını gözləmədim. Atama xəbər verib, tez gəldim Gülhüseyn müəllimgilə. Həyətdəki xeyir-şər evində məclis qurulmuşdu. İçəri keçdim. Məni görcək yanında oturtdu:

– Mahir, deyirdim ki, dörd övladım olsun.  Öləndə hərəsi cənazəmin bir tərəfindən tutub məni qəbiristanlığa aparsın. Üç oğlum oldu, bir qızım. İndi Aytək yoxdur. Mən öləndə necə olacaq? Mahir, Sovet vaxtı, Stalinin dövründə “İLDIRIM”çıların məhkəməsində üzümə 25 il sürgün oxudular. Tüküm də tərpənmədi. Başımı dik tutub qulaq asdım. Amma Aytək mənim belimi qırdı. (SON) 

 

25 il sürgün məsələsini növbəti dəfə qızının yasında – Gülhüseyn müəlimin dilindən eşitdim. O, həmin günlər barədə danışmağı sevməzdi. Sonacan da danışmadı. Atamın son illərində müəllimimlə  tez-tez görüşürdük. Atam ha deyirdi ki, “Gülhüseyn, 40-ci illərdə olanları yaz da. Səndən qalan bu olacaq”.
O da deyirdi ki, “yox, yazmayacağam. Danışmayacağam da...”.

Sonralar televiziyada mənə digər müxbirlər də yaxınlaşdılar ki, “bəs Gülhüseyn müəllimə zəng edirik, müsahibə verməkdən imtina edir. Bilirik səni çox istəyir, desən razılıq verər.  80 illiyidir”. Dedim ki, mən yoluna qoyaram. Zəng etdim, nə qədər xahiş elədim, “qıdıqladım” xeyri olmadı. Xatirələr də əbədiyyətə qovuşdu. Amma indi başa düşürəm ki, bu istiqlal sevgisi onlara hansı məşəqqətlər, iztirablar, işgəncələr hesabına başa gəlmişdi. Danışmaqdan belə, qorxurdular.

 

HAŞİYƏ: “İsmixan Rəhimov 7 nəfər gənc həmkarı ilə " İldırım" adlı antisovet millətçi gənclər təşkilatı yaratdığına görə mühakimə edilmişdi: İsmixan Rəhimov 25 il azadlıq, 5 il seçki hüququndan məhrum edilmiş, bütün əmlakı müsadirə olunmuşdu.
Onun haqqında məhkəmənin çıxardığı hökmdə deyilirdi:

"İsmixan Rəhimov antisovet təşkilatın 1945-ci ildə və 1944-cü ilin əvvəlindən sistematik yığıncaqlarını təşkil edib, həmin yığıncaqlarda aktiv iştirak edərək Sovet dövlətinə və ÜİK(b)P siyasətinə qarşı çıxmış, sovet hökümətinin milli siyasətini pisləmiş, "İldırım" adlı antisovet təşkilatına sadiq qalacaqlarına and içmiş, antisovet təşkilatın nizamnamə və mərəmnaməsini tərtib etməyi öz öhdəsinə almış, gizli mətbəə və gizli şirift düzəltməyə çalışmış, Abdullayev Gülhüseyn (yazıçı Gülhüseyn Hüseynoğlu) ilə birlikdə Azərbaycanın görkəmli şairlərindən birinə (Səməd Vurğun) antisovet və millətçi məzmunlu məktub göndərmişdir. Rəhimovun əsas məqsədi Sovet Azərbaycanını SSRİ- dən ayırmaq və Azərbaycanda "Burjua millətçi respublika" yaratmaq olmuşdur".

Mərhum professor Həbib Babayev deyirdi: "O zaman biz tələbə idik. Bu hadisə bizi həyəcanlandırır, narahat edirdi. Qəlbimizi vətən məhəbbəti, qeyrət, təəssüb hissi ilə dolduran bu vətənpərvər gəncləri mühakimə edib qolları buxovlu halda məhkəmə binasından çıxarıb dustaq maşınına mindirdilər. İsmixan Rəhimov oraya toplaşanlara üz tutub dedi "Darıxmayın, biz gedirik, tezliklə qayıdacayıq".
(SON) 


Düzdür, İsmixan Rəhimov “Şöhrət” ordeninə, Gülhüseyn Hüseynoğlu isə “Xalq yazıçısı” fəxri adına layiq görüldü. Amma halalları olan “İstiqlal” ordeni hələ də öz sahiblərinin yolunu gözləyir.

 

QAHIMLIQ

 

Sözün yazılışı və deyilişi Azərbaycan dilində eynidir: QOHUM. Amma Naxçıvan ləhcəsində demək mənə xüsusi ləzzət edir. Vaxt keçdi, İsmixan Rəhimovun ailəsiylə qohum olduq. Dayım Fikrətin baldızı qızı indi həmin evin gəlini, Yüksəlin həyat yoldaşıdır.

 

“BOYU BU BOYDA, AMMA KİŞİLİYİ NƏ BOYDA”

 

Gözəl yazıçı, qonşumuz, əmim Salam Qədirzadə bəstəboy idi. Xalq yazıçısı Əli Vəliyev isə hündürboy, enlikürək. Günlərin bir günü partiya iclaslarının birində hamı düşür Əli Vəliyevin üstünə. Səbəb yadımdan çıxıb. Amma yadımda qalanı odur ki, nəsə qurama, yuxarıdan təşkil olunmuş bir iş imiş. İclasın sonunda yalnız Salam Qədirzadə söz alıb, özündən 22 yaş böyük olan Əli Vəliyevin müdafiəsinə qalxır. Əli Vəliyev isə onun bəstə boyuna işarə edərək bilirsinizmi nə deyir?

- Boyu bu boyda, amma kişiliyi nə boyda.

Hər dəfə bu hadisə yadıma düşəndə İsmixan Rəhimov gəlib gözümün önündə durur. İnsan xarici görünüş, savad, bilik, elmi dərəcələri, vəzifəsi, cəmiyyətdə tutduğu mövqeyilə ölçülmür. Bu barədə misallar çoxdu: “Alim olmaq asandır, adam olmaq çətin”, “İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar”, “Adı Tərlandır, özü cücə” və sairə, və ilaxır. Amma yuxarıda sadaladığım müsbət cəhətləri üst-üstə gəlsəm, hamısı İsmixan Rəhimova layiqdir. Sonda bərabərlik işarəsi qoyandan sonra isə bir cümlə yetər: Boyu bu boyda, amma kişiliyi nə boyda.


Mahir Qabiloğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?