Modern.az

Xankəndinin böyük müəllimi - İlham Cəmiloğlu yazır

Xankəndinin böyük müəllimi - İlham Cəmiloğlu yazır

Aktual

27 Oktyabr 2021, 16:40

Bu gün onun anım günüdür, yaşasaydı 88 yaşı olacaqdı. Əslində, insanın yaşı, doğum tarixi, dünyadan köçməsi bir təqvim məsləsidir. Çünki elə ömürlər var ki, onlar yaddaşlara həkk olunaraq əbədiyaşarlıq qazanırlar, öz əməlləri, vətəninə, millətinə xidmətləri, şərəfli və ləyaqətli ömür yolları ilə. Bəşir Ziyad oğlu Fərəcov da məhz belə ziyalılardan idi.


İllər öncə tələbəsi olduğum Bəşir müəllim haqqında yazı yazmaq mənim üçün nə qədər böyük məsuliyyətdirsə, bir o qədər də şərəflidir. Bir aydın insanın həyat yollarına işıq salmağı özümə həm tələbə, həm də jurnalist borcu saydım...


Bəşir Fərəcov 1933-cü ildə Zəngəzur mahalında, Qafan rayonunun Keypəşin kəndində anadan olub. Uşaqlıqdan elmə, təhsilə böyük maraq göstərən, intellekti ilə həmyaşıdlarından fərqlənən Bəşir Fərəcov yeddiillik təhsildən sonra, 1946-1949-cu illərdə Bakıda Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. Bir müddət Qubadlı rayon Partiya Komitəsinin kənd təsərrüfatı şöbəsində işləyib. Gələcək inkişafını elmdə, təhsildə görən gənc kadr texnikum təhsili ilə kifayətlənməyib. O, yenidən Bakıya üz tutub, sənədlərini Azərbaycan Dövlət Universitetinin (BDU) tarix fakültəsinə verib, qəbul imtahanlarından yüksək bal toplayaraq bu ali təhsil ocağının tələbəsi olub. Tələbəlik illərində ictimai fəal, savadlı gənc kimi tanınan Bəşir Fərəcov 1956-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirib.


Bəşir müəllim sonrakı həyatını Qubadlı rayonunda partiya və komsomol orqanlarına bağlayıb. O, 1956-1961-ci illərdə rayon partiya komitəsində təlimatçı, sonra rayon komsomol komitəsinin birinci katibi, rayon partiya komitəsində siyasi maarif kabinetinin müdiri, təbliğat və təşviqat şöbəsinin müdiri, partiya komitəsinin üçüncü və ikinci katibi, rayon icraiyyə komitəsinin sədri vəzifələrində çalışıb.


Harada işləməsindən asılı olmayaraq Bəşir müəllim öz fəaliyyətində azərbaycançılıq təfəkkürünü ön plana çəkib, milli ruhun qorunub saxlanılması üçün bütün gücünü sərf edib. SSRİ dövründə, sovet ideologiyasının hökm sürdüyü bir vaxtda partiya orqanlarında çalışsa da, Bəşir Fərəcov çalışdığı bölgədə milli dəyərlərimizin, adət-ənənələrimizin yaddaşlardan silinməsinə imkan verməyib. Hətta həmin dövrdə mütləq hakim olan Moskvanın qadağaları Bəşir müəllinin əqidəsini dəyişə bilməyib.


Bəşir Fərəcovun Qubadlı rayonunda rəhbər vəzifələrdə işlədiyi dövr bir çox hadisələrlə yadda qalıb.  Məhz onun gərgin əməyi sayəsində tikinti və bərpa işləri geniş vüsət alıb, Qaçaq Nəbi və Həcərin büstləri qoyulub, Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə abidə ucaldılıb, rayonun sosial-mədəni sahəsində böyük canlanma müşahidə olunub.


Gərgin iş fəaliyyətinə, vaxt məhdudiyyətinə baxmayaraq, Bəşir Fərəcov elmi yaradıcılığını heç vaxt arxa planda saxlamayıb. Onun gərgin elmi axtarışları öz bəhrəsini 1972-ci ildə verib. Bəşir Fərəcov həmin il Azərbaycan Dövlət Universitetinin elmi şurasında namizədlik dissertasiyasını uğurla müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.


Bəşir müəllim eyni zamanda Moskvada Sov.İKP MK yanında Ali Partiya Məktəbində də təhsil alıb, mövcud dövrün ən nüfuzlu təhsil ocağı sayılan bu məktəbi də  fərqlənmə diplomu ilə bitirib.


Elmə, pedaqoji fəaliyyətə böyük maraq göstərən Bəşir Fərəcov Xankəndi Pedaqoji İnstitutunda işləməyə dəvət olunanda, o, bu təklifi böyük məmnunniyyətlə qəbul edib. Beləliklə, Bəşir müəllim 1975-ci ildən fəaliyyətini Qarabağda yeganə ali təhsil ocağı olan Xankəndi Pedaqoji İnstitutunda davam etdirib.


Baş müəllim, dosent, dekan müavini, dekan vəzifələrində iki il çalışdıqdan sonra o, institut partiya təşkilatının katibi  və eyni zamanda Xankəndi şəhər Partiya Komitəsi bürosunun üzvü seçilib.


Sözsüz ki, bu təyinatlar institutun erməni müəllimlərinin heç də ürəyincə olmayıb. Belə ki, həmin dövrdə büro üzvü  və partiya təşkilatının katibi olmaq partiya xətti ilə institutda əsas söz sahiblərindən biri sayılıb.  Bəşir müəllimin son dərəcə çevik bir insan olması, savadı, vətənpərvərliyi, milliliyi ermənilərdə kifayət qədər böyük narahatlıq yaradıb.


Bəşir Fərəcov Xankəndi Pedaqoji İnstitutunda işlədiyi illərdə öz mövqeyi ilə fərqlənib. Elə bir mövqe ki, erməni həmkarları çox vaxt Bəşir müəllimlə mübahisəyə girişməkdən çəkiniblər. Sözü üzə deməyi, fikirlərini konkret faktlarla əsaslandırmağı ilə Bəşir müəllim ermənilərin milli məsələlərlə bağlı fikirlərini həmişə məntiqli şəkildə alt-üst edib.


Millətçilərə qarşı bu mövqe Bəşir müəllimi dəfələrlə təhlükə qarşında qoyub, azğınlaşmış erməni millətçiləri təhdid və təzyiqlərlə dəfələrlə ona hədə-qorxu da gəliblər. Amma bu təhlükələrə baxmayaraq Bəşir müəllim öz mövqeyindən dönməyib.


1988-ci ilin may ayında yüzlərlə erməni institutun qarşısına toplaşıb azərbaycanlı müəllim və tələbələri Xankəndindən qovmaq istəyəndə onların qarşısına çıxan ilk müəllimlərdən biri də məhz Bəşir Fərəcov olub.


Bəşir müəllim institutun azərbaycanlı müəllim və tələbələri üçün kömək, dayaq yeri olub. Ermənilərin yaratdığı süni problemlərdən onları xilas edib. İstənilən məsələ ilə bağlı müraciətə Bəşir müəllim həmişə həssaslıq və qayğı ilə yanaşıb.


Həmin günlərdə Bəşir müəllimin qatı millətçi olan institutun tarix fakültəsinin partiya təşkilatı katibi Oleq Yeseyana dediyi sözləri bu gün də xatırlayıram: “Oleq, gec-tez daşnak xislətini biruzə verəcəyini gözləyirdim. Amma istədiyinizə nail olmayacaqsınız...”


Bu həmin Oleq Yeseyan idi ki, sonralar Qarabağda millətçi erməni hərəkatının ən fəal üzvlərindən biri olub. Daha sonra isə Ermənistanın Rusiyadakı səfiri işləyib.


12 fevral 1988-ci ildə Xankəndi şəhər Partiya Komitəsində şəhər fəallarının yığıncağı keçiriləndə əvvəlcədən büro üzvü kimi Bəşir Fərəcovun da çıxışı nəzərdə tutulub. Həmin yığıncaqda Azərbaycan KP MK-nın ikinci katibi Vasili Konovalov və Azərbaycan KP MK-nın inzibati orqanlar şöbəsinin müdiri Məhəmməd Əsədov da iştirak ediblər. İclasın başlanmasından 10-15 dəqiqə sonra bütün protokol qaydaları pozulub. Millətçi ermənilər bir-birinin ardınca tribunaya çıxaraq Dağlıq Qarabağ Muxtar vilayətinin Ermənistana verilməsi tələbi ilə çıxış ediblər. Bəşir müəllim büro üzvü kimi şıxış etmək tələbini iclasın rəyasət heyətinə çatdırsa da, ona söz verməyiblər. Həmçinin iclasda iştirak edən millətçi ermənilər də Bəşir müəllimin tribunaya çıxmasına əngəllik törədiblər. Bu gərgin vəziyyətə baxmayaraq Bəşir Fərəcov tribunaya çıxmadan öz sözünü deməkdən çəkinməyib, Xankəndi şəhər Partiya Komitəsinin birinci katibi Zaven Movsesyana  olduqca sərt fikirlərini, iclas iştirakçılarına isə Dağlıq Qarabağ Muxtar vilayətinin heç vaxt Ermənistanın tabeliyinə verilməyəcəyini bəyan edib.


Bəli, Bəşir Fərəcov yaddaşlarda belə qalıb, mərd, qorxmaz və əsl azərbaycanlı kişisi kimi...


Bəşir Fərəcovun təhsilə və elmə marağı, mərdliyi, milli-mənəvi və dini ənənələrimizə hörmətlə yanaşması, bəy xisləti onun şəcərəsindən, soy-kökündən qaynaqlanıb. Bəşir müəllimin babası Fərəc, atası Ziyad Zəngəzur mahalının sayılıb-seçilən kişilərindən olub. Tarixdən məlum olduğu kimi Türkmənçay müqaviləsindən sonra çar hökuməti Azərbaycanın quberniyalarında məktəblər açıb. Belə məktəblərdən biri də Qafanın İrsəvənnik kəndində fəaliyyət göstərib. Həmin ərəfədə Ziyadın əmisi İbrahim bəy öz oğlu Ağaları İrsəvənnik kəndindəki rus-tatar məktəbinə göndərib. Ağalar bəy bu məktəbdə təhsilini başa vurduqdan sonra onun rus dilini mükəmməl bilməsi və kifayət qədər hazırlıqlı olması nəzərə alınaraq Şamaxıya realnı məktəbə göndəriblər. Bu təhsil ocağını da müvəffəqiyyətlə başa vurduqdan sonra Ağalar bəyə dövlət qulluğunda çalışmaq üçün yüzbaşı adı verilib. Ağalar bəydən sonra Fərəc və Mirim də (iki qardaş) İrsəvənnik kəndindəki məktəbdə təhsil almağı qərarlaşdırıblar. Ancaq onların bu məktəbdə sona qədər təhsil almaları baş tutmayıb. Belə ki, məktəbdə çalışan və təhsil alan erməni və ruslar iki qardaşın bu məktəbdə oxumasına imkan verməyiblər, onların təhsil almalarına əngəllik törədiblər. Məktəbdən məcburu şəkildə uzaqlaşdırılan Fərəc və Mirim bu hadisədən sonra dini biliklərə sahib olmağa başlayıblar, onlar İranda, İraqda və digər ölkələrdə mədrəsələrdə təhsil alıblar və Zəngəzur mahalında böyük hörmət sahibi olublar.


Bəşir müəllimin şəcərəsinin ən tanınmış simalarından biri olan  Ağalar bəy isə Qafqaz və Zaqafqaziya diyarının idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında Yelizavetpol quberniyasının (sonralar Gəncə quberniyası) yaradılmışından sonra quberniyada yüksək vəzifələrə təyinat alıb. Qeyd edək ki, Bakı quberniyasından Şuşa və Nuxa qəzaları, Tiflis quberniyasından Yelizavetpol qəzası, İrəvan quberniyasından ləğv edilmiş Ordubad qəzasının bir hissəsi Yelizavetpol quberniyasının  tərkibinə daxil edilib, yeni Qazax və Zəngəzur qəzaları yaradılıb. 1873-cü ildə Yelizavetpol quberniyası tərkibində Ərəş, Cəbrayıl və Cavanşir qəzaları təşkil olunub. Yelizavetpol quberniyasında 4 şəhər, Gorus, Yelizavetpol, Nuxa, Şuşa və 8 qəza, Ərəş, Cavanşir, Yelizavetpol, Zəngəzur, Qazax, Karyagin, Nuxa, Şuşa olub. Həmin ərəfədə sıravi qorodovoylar milliyətcə rus hərbçilərindən götürüldüyü halda, Ağalar bəyin quberniyada yüksək vəzifəyə, əvvəlcə pristav köməkçisi, daha sonra pristav vəzifəsinə təyinatı azərbaycanlılar arasında ilk böyük təyinat sayılıb.


Ağalar bəy tutuduğu bu mövqedən səmərəli istifadə edərək azərbaycanlıların rəsmi qurumlarda təmsil olunması üçün bütün imkanlardan istifadə edib. O, Bəşir müəllimin atası Ziyadı və əmisi Səmədi Gəncəyə çağıraraq onların təhsil almasına köməklik edib, daha sonra isə iki qardaş quberniyanın atlı polis dəstəsinə xidmətə götürülüblər. Beləliklə, Ziyad və Səməd öz mahallarında tam imtiyaz sahibi olublar.


Qafqazda böyük nüfuza sahib olan Ağalar bəy bölgədə ən perespektivli azərbaycanlı kadrlardan biri sayılıb. Amma namərd gülləsi onun həyatına və gələcək karyerasına son qoyub. Belə ki, Ağalar bəyin həyat yoldaşı vəfat etdikdən sonra o, ikinci dəfə Qarabağda zəngin ailədən olan bir qadınla ailə həyatı qurub. Evlilikdən bir müddət sonra həyat yoldaşının atası yaşayan Ağdamın Kəngərli kəndinə qonaq gələndə Ağalar bəy namaz qılarkən arxadan gülllə ilə vurulub. Onun kim tərəfdən güllələndiyi sirr olaraq qalıb. Elə Ziyad da erməni xəyanətinin qurbanı olub. Onun Zəngəzur mahalında əsas söz sahiblərindən biri olmasını, Ağalar bəylə qan qohumluğunu bölgədə məskunlaşan ermənilər qəbul edə bilməyiblər və Ziyad bəy ermənlər tərəfindən namərdcəsinə güllələnib. Bəli, Bəşir Fərəcovun soy-kökü belə nüfuzlu, elmli, dini təhsilli insanlara bağlı olub...


Xankəndi Pedaqoji İnstitutunun fəaliyyəti Xankəndi şəhərində dayandırıldıqdan sonra Bəşir müəllim pedaqoji fəaliyyətini Əzizbəyov adına Neft Kimya İnstitutunun Sumqayıt filialında, sonra isə Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində kafedra müdiri vəzifəsində davam etdirib.


Bəşir Fərəcov 2 monoqrafiyanın, 4 kitabın, 8 dərs vəsaitinin, 120-dən çox elmi məqalənin, fəlsəfə və məntiq fənnləri üzrə bir neçə proqramın müəllifi olub. 1994-2000-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcəbədi filialında İmtahan Komissiyasına rəhbərlik edib.


Səmərəli fəaliyyətinə görə Bəşir Fərəcov bir çox dövlət mükafatları, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı, “Şərəf nişanı” ordeni və medallarla təltif olunub.


Həyatda çox sadə və səmimi bir insan idi Bəşir müəllim. Sədaqətli dost, qayğıkeş ailə başçısı idi. Qarabağın işğalı ilə barışmayan dəyərli ziyalı səbirsizliklə geriyə dönəcək günləri gözləyirdi. Qarabağla bağlı arzuları, istəkləri sonsuz idi. Ömür bu arzuları gerçəkləşdirməyə imkan vermədi. Amma nə xoş ki, bu arzuları reallaşdıracaq insanlar, Bəşir müəllimin böyüdüb tərbiyə verdiyi övladlar, Cavanşir, Vüqar, Ofelya, Tahirə və Gülşən var.


Bəşir Fərəcov 27 oktyabr 2005-ci ildə vəfat edib. Bu tarixdən illər ötsə də, Bəşir müəllimi tanıyanlar onu böyük ehtiramla xatırlayırlar, bu aydın insan haqqında xoş xatirələrini böyük sevgi ilə ifadə edirlər.


Ruhunuz şad olsun, böyük müəllim, vətənpərvər ziyalı...


İlham Cəmiloğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır