Modern.az

Gülər Əhmədovanın rəfiqəsi Sevinc Babayeva axtarışa verilib

Gülər Əhmədovanın rəfiqəsi Sevinc Babayeva axtarışa verilib

23 Noyabr 2012, 18:57

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videoda vasitəçi qismində adı hallanan Sevinc Babayeva axtarışa verilib. Hüquq-mühafizə orqanlarından eksklüziv olaraq APA-ya verilən məlumata görə, S. Babayevanın axtarışa verilməsi məlum video qalmaqalı ilə deyil, törətmiş olduğu dələduzluq faktı ilə bağlıdır. Artıq həmin dələduzluq faktı ilə bağlı cinayət işi də başlanıb.

Məlumata görə, S. Babayeva hazırda Azərbaycanda deyil. O, məsuliyyətdən yaxa qaçırmaq üçün ölkədən qaçıb. Məhz buna görə də onun barəsində axtarış elan edilib.

Xatırladaq ki, APA bir müddət əvvəl S. Babayeva ilə bağlı hələ bir neçə il əvvəl dələduzluq faktı ilə bağlı cinayət işinin başlanmasına dair məlumat yaymışdı. Həmin məlumata görə, S. Babayeva bir neçə ilə əvvəl dələduzluqda ittiham edilib. O, 2009-cu ildə torpaq alğı-satqısı adı ilə vətəndaşlara 100 min manatdan artıq ziyan vurub. Həmin fakt üzrə o vaxt Bakının Sabunçu rayon Polis İdarəsinə daxil olan şikayət əsasında dələduzluq faktına görə cinayət işi başlanıb və S. Babayeva məsuliyyətə cəlb edilib. İstintaq zamanı S. Babayeva tərəfindən vətəndaşlara dəymiş ziyanın əsas hissəsi ödənildikdən sonra işə xitam verilib.

Hüquq-mühafizə orqanlarından həmçinin bildirilib ki, S. Babayevanın vətəndaşlara qarşı bundan başqa da dələduzluq əməlləri olub.

Qeyd edək ki, sentyabrın 25-də internetdə E. Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb.

Məlum video yayıldıqdan sonra deputat G. Əhmədova istintaqa çağırılaraq dindirilsə də, S. Babayeva ölkədən qaçdığı üçün onun ifadəsi hələ alınmayıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub