Modern.az

Azad olunmuş rayonlarda pay torpaqları necə bölünəcək?

Azad olunmuş rayonlarda pay torpaqları necə bölünəcək?

28 Oktyabr 2021, 10:42

Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli şəhərinin Baş planı ilə tanış olarkən bildirib ki, azad edilmiş ərazilərin sakinləri geri qayıdandan sonra yenidən torpaq bölgüsü aparılacaq.

Prezident eyni zamanda bildirib ki, işğaldan azad edilmiş kəndlər bərpa olunarkən hər bir evə təqribən 12 sot həyətyanı torpaq ayrılacaq.

Təbii ki, 12 sot həyətyanı torpaq kəndliyə əkin-biçin üçün geniş imkanlar vermir. Deməli, həyətyanı torpaq sahəsilə yanaşı, kəndlilərə pay torpaqları da ayrılacaq.

Bəs işğaldan azad olunmuş Qarabağ bölgəsinin sakinləri arasında pay torpaqlarının bölgüsü necə aparılacaq?


Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Modern.az-a bildirib ki, artıq bununla bağlı qeydiyyat işləri aparılır:


“Bu məsələ ilə bağlı qeydiyyat işləri başlayıb. Hətta artıq əkinə yararlı torpaqlar da müəyyən olunub.

Prezident Qarabağ torpaqlarına səfəri zamanı bildirdi ki, “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələrinin həyata keçirildiyi Zəngilan rayonunda 600 hektara yaxın torpaq yararlı hala salınıb və 450 hektara yaxın torpağın isə əkinə ayrılması nəzərdə tutulur. Eləcə də digər ərazilərimizdə dövlət, mülkiyyət və bələdiyyə torpaqları müəyyən olunmalıdır.

Cənab prezident qeyd etdi ki, həyətyanı torpaq sahələri o insanlara aiddir ki, vaxtilə orada torpaq sahələri olub. Yəni qeydiyyatı və həyəti olmuş hər bir ailəyə 12 sot torpaq sahəsi veriləcək.

Bununla yanaşı, bələdiyyə torpaqları da müəyyənləşəcək. Artıq torpaqlar qeydiyyata alınıb, ərazilər müəyyənləşib və ilkin xəritələri hazırlanıb. Əhali həmin ərazilərə qayıtdıqdan sonra bu məsələlər tam şəkildə öz həllini tapacaq”.


Deputat deyib ki, pay torpaqlarının bölgüsü hər bir ərazinin əhali sayından asılıdır:

“Bu məsələ əhalinin sayından asılıdır. Əvvəllər də başqa rayonlarda torpaqlar sakinlərə veriləndə əhalinin sayı nəzərdə alınırdı. Çünki elə kənd, rayon var ki, onların torpaq ehtiyatı çoxdur.

Ola bilər ki, ərazidə bələdiyyə, pay torpaqları üçün daha böyük sahələr ayrılsın. Elə ərazi var ki, əhalisi çoxdur, ərazisi kiçik. Bunların hamısı nizamlanmalıdır. Aqrar islahatlar bu formada qanunauyğun aparılmalıdır”.

Xatırladaq ki, Azərbaycanda torpaq islahatı 1996-cı ildə başlayıb və bir neçə il davam edib. Bu islahat nəticəsində keçmiş kolxoz və sovxozlar ləğv edilərək, onlara məxsus ərazilər pay torpağı şəklində yerli əhaliyə paylanıb.

Qarabağ bölgəsinin rayonları isə işğal altında olduğundan orada torpaq islahatı aparılmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir