Modern.az

Gənc şairlər Vaqif Bayatlını belə xarakterizə etdilər: "Onun ayaqları yerə dəymir" - Yeni rubrika

Gənc şairlər Vaqif Bayatlını belə xarakterizə etdilər: "Onun ayaqları yerə dəymir" - Yeni rubrika

24 Noyabr 2012, 15:01

Bütün şeirlərini Tanrı ilə söhbət adlandıran şair haqqında...


Həyatında bir çox qəribəliklərlə, çətinlik və əzablarla üzləşib. Çağdaş Azərbaycan elitar fikrinin ən öncül xadimlərindən  olan  Vaqif  Bayatlı Odər həyatda bir o qədər də sadədir. Onunla hər yerdə görüşmək olar, ən ucuz, ən kənar çayxanada, özündən dəfələrlə kiçik uşaqların yanında və s. Əslində bu da onun böyüklüyünü göstərən faktlardan biridir. Sadəliyində gizlənən dahilik, şeirlərinin daxili qatında cəmlənən uca mənadan heç də kiçik deyil! Onun haqqında çoxları tərifli sözlər deyib, ancaq tanınmış telepublisist  Mirşahin Ağayevin  “müasir Azərbaycan  sözünün ən şair adamı- Böyük  Vaqif  Bayatlı  Odər “ ifadəsi  daha çox sevdiyim sətirlərdəndir.
Lakin rubrikamızın məqsədinə uyğun olaraq ustad şair haqqında gənc qələm adamlarının fikirlərini dinləmək daha maraqlı olardı. Bildiyimiz kimi, bu məsələ çağdaş ədəbiyyatımızda ən xoşagəlməz hallardan biridir. Yəni gənc yazarlar yaşlılarla yola gedə bilmirlər...
Düzdü, gənclər bəzi yaşlı yazarlarla dil tapsalar da, onların münasibəti heç də hamı ilə ürəkaçan deyil.
 Modern.az saytı “Ustadlar gənc yazarların gözü ilə” rubrikasına başlayır.
İlk qəhrəmanımız  elitar Azərbaycan sözünün, fikrinin öncüllərindən olan Vaqif Bayatlı Odərdi. Gənc yazarlarla onun haqqında danışdıq:

QİSMƏT RÜSTƏMOV: (gənc şair, prezident təqaüdçüsü): “Mənə elə gəlir ki, onun ayaqları heç vaxt yerə dəyməyib.”

- Bizim poeziyamızdan da, dünya şeirindən də, tez-tez zümzümə etdiyim, dilimə düşən şeirlər var ki, zaman-zaman özümdən asılı olmadan, qeyri-ixtiyari həmin şeirləri ya astadan, ya yüksək səslə oxuyuram. Bu evdə də olur, yolda da, işdə də, dost məclislərində də. Bu şeirlərin içində Vaqif Bayatlı Odərin gənclik şeirləri də var. Məsələn, "hər bəyaz telin altında, bir ah yeri var, yeri var", yaxud "dünyanın tələsik yır-yığışından, günahlı-günahsız şairlər ölür, güllələyin şairləri, güllələyin! " və s.
Mənə bəzən elə gəlir ki, Vaqif Bayatlı Odərin ayaqları heç vaxt yerə dəyməyib, ona görə də onun izinə düşüb getmək çətindi. Yəqin uçmağı öyrənmək lazımdı.
 
KƏRAMƏT BÖYÜKÇÖL (gənc şair, prezident təqaüdçüsü): “Külək adamın üstünü açmaq istədiyi kimi, Vaqif Bayatlı Odərin şeirləri də insanın içini açmaq istəyir” 

- Hərdən öz-özümə fikirləşirəm: külək nə üçün əsir görəsən? Bəlkə adamların əynindən paltarını çıxarmaq istəyir? Bəlkə üstünü açmaq istəyir insanların? Səbəb nədir? Bilmirəm. Ancaq mənə elə gəlir ki, külək nə üçün əsirsə, Vaqif Bayatlı Odər şeiri də elə o səbəbdən yazılır. Bayatlının şeirləri için qənimidir. Külək adamın üstünü açmaq istədiyi kimi, Odərin şeirləri də insanın içini açmaq istəyir. Bu şeirlər için ağrısıdır. Elə bil dünya dərdinin, insan qəminin adı Vaqif Bayatlı Odərdir. O, fərqli bir şairdir. Tez-tez Vaqif Bayatlını evlərinin yanındakı parkda gəzən görürəm. Çox iti addımlarla yeriyir. Mənə elə gəlir ki, onun üçün yaşamaq qaçmaqdı. Ancaq Yer kürəsinin, zamanın, yaddaşın sürətinin yanında onun qaçmağı adi məişət qayğıları ilə yaşamaq, parkda iti addımlarla yerimək və şeir yazmaqdır”.

FƏRİD  HÜSEYN (gənc yazar): ”Hərdən mənə elə gəlir ki, çox şey kirlənə bilər, Vaqif müəllimin şeirləri isə yox!”

- Vaqif Bayatlı sözün əsl mənasında göy adamıdır. Onun yerdəki işi də göylərlə bağlıdır. O göylərin şeirini yazır, onu başa düşmək üçün ayağını yerdən üzməlisən. Şeirlərində insan qayğısı elə onun xarakterindən irəli gəlir. İnsan kimi də qiymətlidir. O sükutun şairidir, hərədən mənə elə gəlir ki, çox şey kirlənə bilər, Vaqif müəllimin şeirləri yox!”

QILMAN İMANLI (gənc şair):Onun yazı manerasının kodunu özündən başqa heç kəs bilmir”

 - Azərbaycan poeziyasında ən ünlü imzaları oxuyanda belə, yenə nəyinsə çatmadığı qərarına gəlmişəm. İlham, ruh, intellektuallıq, texnika... var, bəs nədir axı çatışmayan? Bu sual ətrafında illərcə 360 dərəcə dövrə vurmuşam, Vaqif Bayatlı Odər poeziyasını oxuyub, həzm edənə qədər. Vaqif Bayatlını oxuyub dərk edəndə o boşluğun adını tapa bildim: şeir  də insan kimidi, onun da əzaları və orqanları var. Bu baxımdan Vaqif Bayatlı poeziyamızın nəfəslik orqanının missiyasını daşıyır.
Vaqif Bayatlı poeziyasına müxtəlif rakusdan yanaşmaq olar. Təkcə ünlü şairimizin poeziyada qət etdiyi metafizik qatı qlobal səviyədə geniş təhlil obyektinə çevirsək, Vaqif bəyin artıq azərbaycançılıq orbitindən çıxıb, dünyəviləşdiyini görərik.
Vaqif Bayatlı poeziyasının əsas səciyyəvi xüsusiyyətlərindən biri də odur ki onu təkrarlamaq olmur, onun yazi manerasının kodunu Vaqif bəydən başqa heç kim bilmir.

XURAMAN HÜSEYNZADƏ (gənc yazar): “Vaqif Bayatlı özünü yazır”

- Vaqif Bayatlı mənim sevdiyim şairlərdəndi. O, poeziyaya yeni nəfəs gətirdi. Başqalarına bənzəmir. Şairin ən böyük uğuru özü olmaqdı. Vaqif Bayatlı özünü yazır...".

Gənc qələm adamlarının fikirlərində ana xətt kimi onun səma şairi, sözləri ilə göylərdə qanad çalan bir insan olmasının fərqinə vardıq. Tənhalıq anlarını İlahi ilə ünsiyyətdə keçirən şair bəlkə də o uca  varlıq  tərəfindən  yalnız özünün görə biləcəyi bir missiya üçün göndərilib. İnsanlarda, onların daxilində gizlənmiş qanadı aşkarlamaq və onun fəaliyyətini tam bərpa etmək. Həmin qanadları Tanrıdan uzaqlaşa –uzaqlaşa, günaha bata–bata biz özümüz söndürmüşük!. Tanrı onu bizi özünə doğru pərvazlandırmaq üçün bir qulluqçu seçib və o da qələm vasitəsilə işini uğurla həyata  keçirir.

P.S. Əgər siz hal-hazırda yazını oxuyan an özünüzü səmada hiss etdinizsə, demək ki,Vaqif bəy həqiqətən də öz işini layiqincə həyata keçirir. Sizə yaxşı uçuşlar! 

 Elmin NURİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir