Modern.az

İlyas İsmayılov Ermənistana və Azərbaycana “Çin yolu” göstərdi

İlyas İsmayılov Ermənistana və Azərbaycana “Çin yolu” göstərdi

24 Noyabr 2012, 20:47

“Dağlıq Qarabağda və ya dünyanın hər hansı başqa bir yerində kompakt halda yaşayan ermənilər millət deyillər və millətə məxsus bu hüquqdan - öz müqəddəratını təyin etmək hüququndan - istifadə edə bilməzlər. Əks halda dünyada yüzlərlə erməni dövləti yarana bilər ki, bu da özü-özlüyündə nonsesdir”

Xəbər verdiyimiz kimi, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının Bakıda keçirilən iclasları bir sıra məqamları ilə yadda qalıb. Ən maraqlı məqamlardan biri də Ermənistanın sabiq xarici işlər naziri, “İrs” Partiyasının lideri Raffi Ovannisyanın noyabrın 23-də çıxış edərək ölkəsinin Dağlıq Qarabağı işğal etməsinə yenidən haqq qazandırmağa çalışması və Azərbaycan siyasətçilərinin ona verdikləri reaksiya ilə bağlı yaşanıb.

Qeyd edək ki, Raffi Ovanissyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ondan bir gün əvvəl də ziddiyyətli fikirlər söyləmişdi. O, jurnalistlərə açıqlamasında demişdi ki, Ermənistan tutduğu Azərbaycan torpaqlarını işğal olunmuş yox, azad olunmuş torpaqlar sayır: “Mən işğal məsələsi ilə razılaşmıram. Yalnız Azərbaycanla Türkiyə bunu işğal sayır, biz bunu işğal saymırıq. Biz bunu azad edilmiş torpaqlar kimi qiymətləndiririk. Dağlıq Qarabağda yaşayan insanların öz müqəddəratını təyin etmək hüququ var”.

Raffi Ovannisyan az qala kinayə ilə azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıda biləcəyini də vurğulamışdı: “Köçkünlərin torpaqlarına qayıtmaq hüququ var. Dağlıq Qarabağa məcburi köçkünlərin qayıtması məsələsi də müzakirə oluna bilər”.

Doğrudur, erməni siyasətçisinin bu sayıqlamasına YAP funksionerləri sərt və kəskin cavab vermişdilər. Amma görünür, bu, R.Ovannisyana dərs olmamışdı. Ona görə də konfransda həmin fikirləri təkrar səsləndirdi.

Burada isə sabiq erməni nazirin cavabını çıxışından dərhal sonra Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə və Ədalət Partiyasının sədri İlyas İsmayılov verdilər.

Lakin qəribədir ki, bu barədə xəbər  portallarında  və qəzetlərdə  yayılan məlumatlarda Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılovun dedikləri nədənsə öz əksini tapmayıb. Halbuki başqalarından fərqli olaraq o, təkcə t erməni siyasətçinin mövqeyini tənqid etməklə kifayətlənməyib, həm də münaqişədən çıxmaq üçün yol göstərib.

Partiyanın mətbuat xidməti yuxarıda deyilənləri nəzərə alaraq, İlyas İsmayılovun tədbirdəki çıxışının tam mətninin geniş oxucu kütləsinə çatdırılmasını zəruri sayır. Bu fikri Modern.az da bölüşür  və “Ədalət” sədrinin  həmin çıxışını öz oxucularına təqdim edir:

Hörmətli konfrans iştirakçıları!

Mən sizin hamınızı salamlayıram, dünyanın müxtəlif yerlərindən gələn sizləri bir azərbaycanlı kimi öz torpağımızda görməkdən çox məmnunam, çox şadam. Mən istərdim ki, dünyanın hər tərəfindən insanlar Azərbaycana tez-tez gəlsinlər, hər şeyi öz gözləri ilə görsünlər. Bizi qulaqları ilə deyil, məhz gözləri  vasitəsilə dərk etsinlər. Vaxtilə bir Şərq filosofundan soruşurlar: doğru ilə yalanın fərqi  nədədir? Cavab verir: “Göz ilə qulaq arasında olan fərq kimidir, gördüklərin doğrudur, eşitdiklərin yalan”. Məhz ona görə hesab edirəm ki, insan həyata, dünyaya qulaqları ilə deyil, ağlın gözləri ilə baxdığı zaman doğru-düzgün nəticəyə gələ bilir.

Hörmətli konfrans iştirakçıları!

Dünən və bu gün çox məzmunlu çıxışlar oldu. Dünyada baş verən münaqişələrdən danışıldı, sülhdən, təhlükəsizliyin əhəmiyyətindən bəhs olundu, münaqişələrin həll yolu kimi müharibələr inkar edildi, bu arzuolunmaz hadisələrin ancaq sülh, dialoq, kompromis yolu ilə həllinin vacibliyi vurğulandı, Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ problemi barədə ağıllı fikirlər söyləndi və təkliflər irəli sürüldü. Mən bu barədə müəyyən bilgilər vermək istəyirəm.

Mən o vaxtlar - Dağlıq Qarabağ hadisələri baş verən zamanlar Azərbaycan Respublikasının  prokuroru idim və Dağlıq Qarabağın, demək olar ki, hər yerində dəfələrlə olmuşam. Tam məsuliyyətimlə deyə bilərəm ki, ermənilərin əksəriyyəti bizimlə bir yerdə yaşamağın tərəfdarı idirlər. Lakin Yerevandan gəlmiş və bəzi yerli millətçilər onları qorxudur, yolundan dönməyənlərə qarşı terror hadisələri törədir, qorxu xofu yaradırdılar və çox təəssüf ki, buna da nail oldular. Xocalı təyyarə limanının, adını xatırlaya bilmədiyim bir erməni qadın rəhbəri var idi. O, erməni millətçiliyindən uzaq idi və separatçılara tabe olmurdu. Gecə onun evini partlatdılar, özünü, həyat yoldaşını və iki uşağını qətlə yetirdilər. Başqa bir misal: mən 1990-cı ilin fevralında ətraf rayonların prokurorları ilə birlikdə 1989-cu ilin yekununu Stepanakertdə müzakirə etdim. Dağlıq Qarabağ Vilayəti prokurorunun birinci müavini mənə məktub göndərdi ki, “İlyas müəllim, əgər mən bu iclasa gəlsəm səhər mənim evimi partladacaqlar. İndi qərar sizindir- gəlim ya gəlməyim?!”. Mən şəraiti bildiyimə görə cavab göndərdim ki, gəlməsin.

Dağlıq Qarabağda terrorçu-separatçı hərəkatın təşkilatçıları öz vəhşiliklərinə hüquqi don geyindirmək üçün beynəlxalq hüququn millətlərin öz müqəddəratını təyin etmək hüququndan bəhrələnməyə çalışırdılar. Çox təəssüf ki, bunların havadarları da buna tərəfdar çıxırlar. Əvvəla, doğurdan da beynəlxalq hüququn bu prinsipindən istifadə edərək ermənilər bir millət kimi Ermənistan Respublikasını yaradıblar. Dağlıq Qarabağda və ya dünyanın hər hansı başqa bir yerində kompakt halda yaşayan ermənilər millət deyillər və millətə məxsus bu hüquqdan istifadə edə bilməzlər. Əks halda dünyada yüzlərlə erməni dövləti yarana bilər ki, bu da özü-özlüyündə nonsesdir.

Əslində nə baş vermişdir? 1985-ci ildə Yunanıstanın paytaxtı Afinada Daşnaksütyun Partiyasının 23-cü qurultayı keçirildi və orada ancaq bir məsələ müzakirə olundu: Ermənistanın ərazisinin genişləndirilməsinə haradan başlamalı? Türkiyə güclü dövlət olduğundan ondan ehtiyat etdilər. Gürcüstandan və yaxud Azərbaycandan başlamaq məsələsi müzakirə olundu və bir səs çoxluğu ilə qərara alındı ki, Azərbaycandan-Dağlıq Qarabağdan başlanılsın (Maraqlananlar qurultayın materialları ilə tanış ola bilərlər).

Nəticəsi də indi göz qabağındadır. Deməli, mahiyyət etibarilə məhz ermənilərin də əleyhinə olan bu separatçı-terrorçu hərəkat içəridən, daxildən deyil, xaricdən təşkil olundu. Nəticədə hər iki xalqa - bizə də, ermənilərə də çox böyük bədbəxtliklər gətirdi. Yeri gəlmişkən, bunu erməni millətindən olan ağıllı və nüfuzlu adamlar da etiraf edirlər. Məsələn, məşhur kino və teatr aktyoru Armen Cigarxanyanın adını çəkmək olar. O,Ermənistan rəhbərliyinin apardığı siyasətin heç bir perspektivi olmadığını çox gözəl başa düşür və buna görə də təklif edir ki, işğal olunmuş torpaqlar heç bir şərt irəli sürülmədən geri qaytarılsın.  

Burada dəfələrlə qeyd olundu ki, bu münaqişə sülh yolu ilə həll olunsun. Azərbaycanın prezidenti və digər dövlət adamları vaxtaşırı danışıqlar aparır, məsələni müharibəsiz həll etməyə çalışırlar. Ermənistanın prezidenti Serj Sarkisyan isə  gənclərin qarşısında çıxış edərək fəxrlə deyir ki, “Dağlıq Qarabağı bizim nəsl azad etdi, Ağrı dağını da gələcəkdə siz azad etməlisiniz”. İndi fikirləşin: bu ağılla danışıqlardan bir şey əldə etmək olarmı?

Dünən burada çıxış edənlərdən biri Çinin hamının yaxşı tanıdığı ağıllı rəhbərlərindən olan Den-Syaopindən sitat gətirdi: Gəlin suverenlikləri kənara tullayaq, hamı üçün bərabər imkanlar yaradan cəmiyyət quraq. Düşünürəm ki, biz də, ermənilər də bu yolla getməliyik”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir