Modern.az

Deputat Madər Musayev: “Dünyadan kişi kimi getmək istəyirəm...” - MÜSAHİBƏ

Deputat Madər Musayev: “Dünyadan kişi kimi getmək istəyirəm...” - MÜSAHİBƏ

26 Noyabr 2013, 08:20

“Təyyarəyə minmirəm”

Bu gün millət vəkili Madər Musayevin 65 yaşı tamam olur. 1947-ci il noyabrın 26-da Bakının Binəqədi kəndində anadan olub. İlk dəfə 1990-cı ildə 12-ci çağırış Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilib. Bundan sonra 1995, 2000, 2005, 2010-cu illərdə dalbadal onun Milli Məclisə deputatlığına səs veriblər...

Modern.az yubliyarla müsahibəni təqdim edir.

65 yaşın sevincini yaşaya bilirsinizmi?

- Şükür Allaha, narazılıq etməyə haqqım yoxdur. 65 yaşında bir insan heç vaxt özünü tərifləməz. Amma deyim ki, bu yaşa qədər kim olduğumu sübut etmişəm. Bundan sonra nə yaxşı, nə pis ad çıxara bilərəm. Həyatımdan razıyam – mənim həyatım alınıb... 

Amma bu “məmnun” həyatın təməli uşaqlıqda qoyulub. Uşaqlıqdan hər şeyi atıb işə başlamağınız ehtiyacdan idimi?

- Yox... Sadəcə, çox çevik, qoçaq idim. Nə iləsə məşğul olmaq istəyirdim. Əvvəlcə indiki dillə desəm, xırda-para biznesə başladım. Yay tətilində üç ay mövsümü satıcı şagirdi işləyirdim. Bu minvalla satıcı, sonra mağaza müdiri oldum. Daha sonra Moskva Kooperativ İnstitutuna qəbul oldum. Mən ticarətdə işləyəndə, Sovet hökumətinin asan-kəsən vaxtlarında bir tənqidim belə olmayıb, əksinə, bütün mükafatları almışam. Onda ən yüksək mükafat “Ticarət əlaçısı” idi, onu da az-az adamlara verirdilər. Mənə də verdilər...  

Uşaqlıqdan öyrəndiniz həyat məktəbini, çətin olmadı ki?

- Mən çətinliyi həmişə təbii qəbul edirəm, ona görə də qorxmuram. Ömrümün 65 illinin xəzrisi də olub, gilavarı da, yaxşı günlər də yaşamışam, ağır günlər də. Hamısını da adi qəbul etmişəm...    

Məktəbə tar çala-çala gedirdim...

Amma uşaqlığınızda tar da çalmısınız...

- Hə, orta məktəbdə yaxşı oxumamışam, amma 12 yaşıma qədər tar çalmışam, özü də yaxşı çalmışam. Beş il müsabiqədə birinci yeri tutmuşam, Kiyevə, Leninqrada (indiki Sankt-Peterburq) göndəriblər...  

Niyə tarı seçmişdiniz?

- Kənddə elə təkcə tardan dərs keçirdilər, məktəb də evimizə yaxın idi. Atam da məni tar sinfinə qoydu. O qədər həvəslə öyrənirdim ki, məktəbə tar çala-çala gedirdim...

Sonra tarı atdınız...

- Hə, bilirsiniz, necə atdım... Vaxt olmadı, günlərlə əlimdən düşməyən tarı vaxt qıtlığı üzündən əlimə ala bilmədim... Hərdən görürəm, verilişlərdə şagird dostlarından, tələbə yoldaşlarından danışırlar... Vallah, mən heç bilmədim, necə gəldi, necə getdi... Sonralar uzun müddət tar çalmadım, 15-20 il keçəndən sonra fürsət düşən kimi tarıma baxırdım... Onu hələ də saxlayıram, bir dənə də yaxşı tar bağışlayıblar mənə... İndi tar çala bilmərəm, amma tar çalınanda o günlərin xiffətini çəkirəm. Peşəkarların ifasını dinləməkdən doymuram. Tarzən, xalq artisti Möhlət Müslümov bibim nəvəsidir... 

Sonra həyatınızda hər şeyin yönü dəyişib. Bu, bəxtin, taleyin işidir?

- Əlbəttə... Deyir, mərd bütün işləri Allahdan görər, ayağına daş da dəysə, Allahdan bilər, namərd düşmənindən... Bu yerə çatmışamsa, bunu edən Allahdır. Yaxşı insanları, yaxşı kişiləri mənim qarşıma çıxaran da odur, yaxşı adamların mənə münasibətini formalaşdıran da. Allahın nəzəri olmalıdır adamın üstündə... 

Allah zəhməti sevən bəndələrini də sevir, onları ucaldır. Deyir, iki gün yerindən tez duranın ruzisini üçüncü gün özü yetirər...

- Düzdür... Bu yaşımda da deyirəm ki, qazandıqlarımın hamısı bir Tanrımın köməyi ilə, bir də əziyyətimin bəhrəsi olub. Heç nəyi xonçada hazır gətirib verməyiblər mənə, zəhmət çəkmişəm, çox zəhmət çəkmişəm... Sadə, təmiz bir ailəmiz olub – kolxozçu ailəsi. Namuslu, halal insanların övladı olmuşam. Atam müharibədən əlil qayıtmışdı, 1953-cü ilə qədər kolxoz sədri işlədi. Sonra kolxoz dağıldı, bir neçə kəndi birləşdirdilər. Anam da evdar idi. Üç bacı, bir qardaş idik. Evin tək oğlu olduğuma görə hamının yükü mənim üstümə düşüb. Uşaq vaxtımdan zəhmətə alışmışam, iradəli, dözümlü olmuşam. Ən ağır yükün altına girməyi də özümə yaraşdırmışam. Bəs nə etməliydim, qazandığımı da yükdaşıyana verə bilməzdim ki... Dediyim odur ki, halal pul qazanmaq eyib deyil. Mənə qalsa, yekəxanalıq, ədəbazlıq, tənbəllik, kiminsə əlinə baxmaq eyibdir. İnanın, birdən maşınla gedirəm, görürəm yolda 5-6 nəfər kişi dayanıb. Öz-özümə deyirəm, görəsən, bunların işi-gücü yoxdur, kişi də bekar olar... Yəni mənim işsiz vaxtım olmayıb. Mən bekarçılığı qəbul edə bilmirəm. Həmişə özümə iş tapıram. Lap görürəm bekarçılıqdır, onu söküb, bunu tikirəm (gülür)... 

Allaha, dinimizə bağlılığınız da uşaq vaxtlarınızdan başlayıb?

- Bəli. Ailəmizdə adət-ənənələrimizə, dinimizə hörmət olub həmişə. 1969-cu ildən bu günədək hər gün Mir Mövsüm ağaya yasin oxutdururam. Hər gün... Uşaq vaxtı bir dəfə niyyət elədim, bu işim düzəlsin... Düzəldi o işim, o vaxtdan bu günədək sözümə əməl edirəm. Bilirsiniz, mən düşünürəm ki, hər kəsdə Allah xofu, həm də Allaha sevgi olmalıdır. Bəzilərinin qəlbinə şeytan girir, yoldan çıxarır onları...  

Nə vaxt olmusunuz Həcc ziyarətində?

- 1990-cı ildə Azərbaycandan Həcc ziyarətinə gedən ilk qrupun tərkibində olmuşam. Oğlum Salehi də özümlə aparmışdım, 19 yaşı vardı onda, amma 14 yaşından namaz qılırdı. Təyyarə ilə getmişdik. O vaxtdan hamı mənə Hacı deyir. Çalışıram adımın qarşısındakı bu titulu qoruyam... Bir dəfə də 1998-ci ildə Şeyx aparıb – Ümrə ziyarətinə, onda maşınla getmişəm... 

Məkkəyə bir də getmək istəyərsiniz?

- Məkkəyə həmişə getmək istəyərəm, amma Məkkə bir dəfə vacibdir... 

 Təyyarəyə minmirəm

Yenə təyyarəyə minmirsiniz?

- Yox... Heç heyfsilənmirəm də ki, təyyarəyə minmirəm...  

Ehtiyat edirsiniz?

- Yox, qorxmuram, amma Yerdən ayrılanda özümü pis hiss edirəm. Bircə dəfə, dediyim kimi, Məkkəyə getmişəm təyyarə ilə. Sonra özümə söz vermişəm ki, təyyarədən istifadə etməyim... Məkkə elə bir ziyarətdir ki, Allah hamıya qismət eləsin, daha orda heç nə yada düşmür, nə ehtiyat, nə qorxu, əgər imkan varsa, yol açılıbsa, getməlisən... Söhbət heç təyyarədə də deyil. Onsuz da indi maşınla, qatarla hər yerə getmək olar. Mən torpağıma, yurduma bağlıyam. Ən yaxın qonşumuz Türkiyədir, orda iki dəfə olmuşam, amma inanın, hər həftə rayona getməsəm, rahat ola bilmirəm. Onu da deyim ki, 10 ildir rayonlara gedib-gəlirəm, heç vaxt indiki abadlığı görməmişəm. Qubadan Xınalığa 4 saata gedirdin əvvəllər, indi 40 dəqiqəyə ordasan. Bu, Prezident İlham Əliyevin regionların inkişafına diqqətinin nəticəsidir. Rayonlarımız Bakıdan az fərqlənir... 

Kəndimizə evim kimi baxıram

Öz kəndinizdə son vaxtlar nə iş görmüsünüz?

- Kənd mənim evimdir də... Baxırsan evə, nə əyər-əskiyi var, düzəldirsən. Səhər də camaatla çıxıram, axşam da camaatla qayıdıram. Görürəm, telefonu işləmir, düzəldirəm, görürəm, yolu pisdir, əncam çəkirəm, kanalizasiya yoxdur, çəkdirirəm... Kəndimizdə bir Gülpəri xala vardı, Allah rəhmət eləsin, 30 ildir dünyasını dəyişib. Kolxozda atamın yanında işləyirdi deyə bizə gəlib-gedərdi. 14-15 yaşımdan həmişə o arvada diqqət edərdim ki, tənhadır, qapısını açan yoxdur... Bir ay əvvəl kəndə asfalt çəkirdik, dedim, ay uşaqlar, Gülpəri xalanın qapısına da asfalt çəkin, Gülpəri xala yoxdur ey...

Azan səsi kimisə narahat edirsə, zəhmət çəkib getsin Fransada  yaşasın

Kənddəki məscidi də təmir etdirmisiniz...

- Əlbəttə, məscid Allahın evidir, gərək səliqəli-sahmanlı olsun. Bir söz deyim, xoşbəxt o kəsdir ki, yuxudan azan səsinə qalxır... Amerikada əhali dinini dəyişir, “Allahu-Əkbər” avazındakı möhtəşəmliyə görə. Məhz azanı eşidəndən sonra islama gəldiklərini vurğulayırlar. İndi bəziləri deyir, azan səsi əhalini narahat edir. Bu, kimisə narahat edirsə, zəhmət çəkib getsin Fransada yaşasın. Məsciddə azan verərlər də. Əksinə, azan səsinin eşidilməməsi həmin məscid üçün iraddır... 

Nə əcəb, şəhərdə yaşamırsınız...

- Rəhmətlik ulu öndərimiz Heydər Əliyev şəhərdə mənə ev verib, ancaq çıxa bilmirəm kənddən, öyrəşmişəm kəndə. Hardasa bir-iki gün qalanda elə bilirəm kirayədə qalıram. Kənddə, camaatın içində olmaq daha rahatdır. Binədədi kəndində 60 mindən çox əhali var. Çox olmasına baxmayaraq, seçicilərimin hamısının problemləri ilə maraqlanıram, bacardığım dəstəyi verirəm... 

Binəqədidə məskunlaşan qaçqın və məcburi köçkünlərin sayı da az deyil. Elə ilk illərdən onlara arxa olmusunuz...

- Onların ən böyük ürək sınıqlığı odur ki, ata-babalarının qəbrini, elini-obasını qoyub gəlib... Rəhmətlik Heydər Əliyev həmişə vəzifə sahiblərinə, imkanlı şəxslərə dönə-dönə tapşırırdı ki, gedin qaçqın-köçkünlərin yaşayışı ilə maraqlanın, görün, necə yaşayırlar, hansı problemləri var, kömək edin... Məcburi köçkünlərin evsiz-eşiksizliyi məni də yandırırdı. Çadırlarda nə kökdə yaşayırdılar? Allah rəhmət eləsin Heydər Əliyevə... Bu kişi onları çadırların caynağından aldı. Nə qədər müasir qəsəbələr saldırdı. Buna görə təkcə qaçqın-köçkün yox ey, elə mən özüm də ömrümün sonuna qədər o kişiyə rəhmət oxuyacağam... Sonra da oğlu, indi xalqın and yeri olan möhtərəm Prezidentimiz İlham Əliyev onun arzularını gerçəyə çevirdi. Yadınıza gəlirmi, 2003-cü ildə prezident seçkilərindən əvvəl köçkünlərin yanına getdi. Dedi, ölkədə bir dənə də çadır düşərgəsi qalmayacaq. Dedi və sözünə də əməl elədi. İndi görün, nə qədər gözəl qəsəbələr salınıb, evlər tikilib. Gərək kor olasan ki, bu işləri görməyəsən... Özü də görün, nə deyir, bunlar sizin güzəranınızı müvəqqəti yaxşılaşdırmaq üçündür. Öz yurdunuzda bundan da gözəl evlər tikəcəyik sizə. Əgər bunu Prezident İlham Əliyev deyibsə, onu da edəcək...

Bakının bütün kəndlərində ağsaqqal sözü qarşısında söz deyilmir

Bu gün kəndinizdə sizi ən çox nə sevindirir?

- Camaatımızın böyük-kiçik bilməyi, bir-birinə xətir-hörməti qoymağı, xeyirdə-şərdə birliyi... Özü də, bu, təkcə Binəqədi kəndində yox, Bakının bütün kəndlərində belədir. Ağsaqqal sözünün qarşısında söz deyilməz. Mən belə görmüşəm. Şəhərə nisbətən kənddə ağsaqqala hörmət qalıb. Bilirsən, kənddə səmimilik çoxdur. Məsələn, mənim uşaqlarım kənddə tanımadıqları maşını keçməzlər, “bəlkə, atamın dostudur” deyə.  

İnsanlara kömək edəndə hansı hissləri yaşayırsınız?

- Ləzzət alıram, ürəyim dağa dönür. Mən bununla tanınmışam da. Məsələn, demirlər ki, Madərin dünən bir yaxşı məqaləsi vardı qəzetdə, deyirlər ki, Madər filankəsə ev tikdirdi, asfalt saldı, məktəbi təmir etdirdi, filankəsi barışdırdı, filankəs qızını vermirdi, məsləhət gördü, verdilər... 

Yeri gəlmişkən, heç elçi getmisiniz?

- Bilirsiniz, kəndimiz özü bir ailədir, hamımız da bu ailənin üzvüyük. Ona görə də uşaqlarım üçün elçi getməmişəm, məsləhət olub, qadınlar gediblər. Onlar da deyiblər: “Madər deyibsə, vəssalam. O da Madərin qızı...” Daha elçi getmək nəyə lazım?.. Amma dostlarımın övladları üçün elçi getmişəm...

Sözünüz yerə düşüb?

- Yox...  

Hamı sadəliyinizdən, təvazökarlığınızdan danışır...

- Haqqımda düz danışılanda xoşuma gəlir... Kimsə desə ki, Madər çox savadlı adamdır, onda bilərəm ki, yalan deyir. Amma deyəndə ki, Madər xeyirxahdır, qan yatırandır, bu, başqa məsələ... Bir dəfə bizim bir dostumuz anası ilə şəklini vurdurmuşdu qəzetə ki, anamı çox istəyirəm. Dedim, sən Allah, təzə bir şey yazaydın də, heç olmasa, yazaydın ki, xalamı, bibimi çox istəyirəm, mən də deyəydim, hə... Yoxsa, kişi anasını çox istər də, burda qeyri-adi bir şey yoxdu ki... İndi, sözünün qüvvəti, kişi elə sadə olar də... Sadə olmayan insan həyatda heç nəyə nail ola bilməz... 

Heç ümidsiz olduğunuz vaxt olub?

- Mənim ümidim Allahadır, ümidsiz şeytandır. Nəsə bir şeyi arzulayanda da, deyirəm, Allah, hansı məsləhətdir, o düzəlsin. Yoxsa fikirləşmirəm ki, hökmən bu, düzəlsin. Qoy hər işdə Allahın məsləhəti olsun... 

İlk dəfə necə oldu deputat seçilməyiniz...

- 1990-cı ildə heç bilmirdim ki, deputat seçiləcəm. Bu, ağlıma da gəlməzdi. Çünki sovet dövründə mağaza müdiri heç vaxt deputat ola bilməzdi. Kolxozçu, sağıcı, professor... deputat ola bilərdi, amma ticarətçi yox. Kəndimizin ağsaqqalları məscidə yığışıb qərara gəliblər ki, namizədliyimi versinlər... 

Beləcə, el-obanız 5 dəfə dalbadal, eyni dairədən sizi seçib. Hər kişinin işi deyil...

- Vallah, adamları uzaq başı bir dəfə, iki dəfə aldatmaq olar, hər halda 5 dəfə təkrar eyni dairədən deputat seçilmişəmsə, deməli, insanların mənə etimadı var, inamı var. Tutaq ki, birinci beş ildə öz camaatımı aldadıb deputat seçildim, sonrakı müddətdə camaat deməz ki, indi nə üzlə namizədliyini verirsən?  

2003-cü ildə prezident seçkilərində təbliğatla məşğul olmuşdunuz...

- Bəli, prezident seçkilərində, sizin dediyiniz kimi, təbliğatla məşğul oldum – İlham Əliyevi yaxşı tanıdığıma görə, mənim ona çox böyük hörmətim var. Onda Bakının bütün kəndlərinə gedib təbliğat apardım... İndiyədək möhtərəm Prezidentimizin gördüyü bütün işlər göz önündədir. Baxın, Azərbaycan necə dəyişib, necə irəli gedib!.. Prezidentin verdiyi fərman və sərəncamları, xarici səfərlərini, çıxışlarını yadınıza salın, ayrı-ayrı rayonlardakı görüşlərini gözünüzün önünə gətirin. Camaatla, yaşlı adamlarla, ahıllarla, ağsaqqallarla necə hörmət-izzətlə görüşür, səmimi söhbət edir, ərizələri onlardan özü alır, heç kimin qəlbinə toxunmur, qərəzli bir çıxışı, söz-söhbəti yoxdur. Görün, ölkədə və xaricdə necə hörmət-izzət qazanıb. İnsanlar da sevinir, ümidi, inamı artır. Gəlin bir məsələni də unutmayaq: İlham Əliyev Heydər Əliyev kimi bir dahinin övladıdır. Heydər Əliyev o qədər müdrik, ağıllı, uzaqgörən insan olub ki, onu istəməyənlər də bu gün bunu etiraf edirlər. Hələ ikinci Heydər Əliyev olmayıb, onu necə bəyənməmək olar? Bəziləri onu Atatürklə, Bismarkla, nə bilim, kimlərlə müqayisə edir, mən şəxsən ikinci Heydər Əliyev görməmişəm, tanımıram: şəxsiyyətdə, təpərdə, möhkəmlikdə, dövlətçilikdə, siyasətdə, qurub-yaratmaqda ikinci Heydər Əliyev olmayıb... 

Sizcə, millət vəkilinin ən böyük vəzifəsi nədir? Deputat həmkarlarınız haqqında nə düşünürsünüz?

- Millət vəkili ağıllı, savadlı, millətini, xalqını sevən, el-obanın hörmətini qazanan, onun dərdinə yanan adam olmalıdır. Camaat seçirsə, gərək o seçimə hörmətlə yanaşsın. Deputat həmkarlarım hamısı elindən-obasından seçilən adamlardır... 

Fəzail İbrahimli, Siyavuş Novruzova məmnuniyyətlə qulaq asıram  

Sizi həmişə qınayırlar ki, Məclisdə az danışır...

- Maşallah, orda o qədər yaxşı danışanlar var ki. Elə gərək hamı danışsın, qoy biri də qulaq assın da (gülür)... Hərçənd, başqa danışmayanlar da çoxdur ey, amma nədənsə elə hey mənimlə maraqlanırlar. Yenə deyirəm, orda şox ağıllı, çox sərrast danışanlar var, tabloda onların adını görəndə məmnuniyyətlə qulaq asıram... 

Məsələn...

- Fəzail İbrahimli, Siyavuş Novruzov... Və digər adlarını çəkmədiyim deputatlar danışanda mənə ləzzət edir. Amma danışmaq xatirinə danışanlar da var, danışmasalar, ondan yaxşıdır. Onları da qınamıram, elindən-obasından seçilmiş adamlardır, dərdini deməlidir də, neyləsin ki, danışığı odur. Bir də, bilirsən, məsələ danışmaqda deyil, iş görmək lazımdır. Danışdıqlarının nəticəsi olmayanda da dediklərin qiymətdən düşür. Mən öz yerimi bilən adamam, istəmirəm ki, sözüm havaya getsin, gərək hər kəs özünə qiymət versin, mənim şüarım belədir... 

Bəs nə vaxt danışırsınız? 

- Vallah, demək olmaz ey, ağzıma su alıb otururam (gülür)... Mən vaxtında, məqamında danışmağı sevirəm, lazım olan yerdə sözümü deyirəm. Bir də, iş görmək danışmaqdan yaxşıdır. Mənim yerimə də əməllərim danışır... 

Daha çox kimlərlə həmsöhbət olmaqdan zövq alırsınız? 

- Yaxınlarımla... Mənən zəngin adamlarla. Onlarla söhbətləşmək özü də bir istirahətdir...

Söz düşmüşkən, bəs əslində necə istirahət edirsiniz?

- Ömrü boyu az dincəlmişəm. Amma adam gərək, heç olmasa, ildə bir dəfə normal istirahət etsin. Son illərdə sanatoriyalarda dincəlirəm. Rayonlarımıza gedəndə gözüm-könlüm sevinir, elə bu, bəsdir dincəlmək üçün...   

Milli Məclisdəki həmişə arxa sırada əyləşirsiniz, heç “parta yoldaşı”nız da dəyişmir...

- Orta məktəbdə də həmişə arxa cərgədə oturmuşam. Yerimi dəyişməyi xoşlamıram. 15 ildir yanımda İmamverdi İsmayılov oturur. Əvvəllər rəhmətlik Ziya Bünyadov, digər deputatlarla yanaşı oturmuşuq... 

Deməli, sədaqətli adamsınız. Bəs bağışlaya bilirsiniz?

- Səhvsiz adam yoxdur dünyada, səhvi bağışlamaq olar. Səhvi bağışlaya bilirəm. Ancaq xəyanət olmaz. Xəyanəti keçmək olmaz. Təkcə xəyanəti bağışlamaram, həm özümə, həm də başqalarına. Şükür Allaha, ailə öz yerində, dostlarımdan da xəyanət görməmişəm. Cəmiyyətin aşınması, insanların pozulmağı, bəlkə də, xəyanəti bağışlamaqdan gəlir. Məsəl var, deyir, yalançı bir təmiz adamı aldatsa, Allah o yalan danışana lənət eləsin ki, təmiz adamı aldatdı. Əgər həmin təmiz adam o yalançıya bir də inansa, Allah ona lənət eləsin. Axı sən bilirsən bu, yalan danışır, niyə bir də ona inanırsan... 

Heç sizin yalan danışdığınız olub?

- Kimdən soruşsan ki, yalan danışmısan, deyəcək yox... Müqəddəs yalan ola bilər... 

“Xoşbəxtlik heç vaxt insanı elə bir yüksəkliyə qaldırmır ki, onun dosta ehtiyacı olmasın.” Bayaq dediniz dostlarımdan xəyanət görməmişəm. Çoxdurmu belə dostlarınız?

- Çox... Dost var-dövlətdir ey, var-dövlət dost deyil. Ancaq hər kəsin öz yeri var. Şeyx dostumdur... Ziyalı dostlarım, biznesmen dostlarım var. Sadə, kasıb adamlar arasında da dostlarım var...

Özünüz etibarlı dostsunuzmu?

- Gileylənməyə əsasım yoxdur (gülür). Bilirsən, gərək dostdan çox şey gözləməyəsən. Məsələn, sən gözləmə ki, dostum mənim yolumda ölümə getsin. Yaddan çıxarmaq olmaz ki, düşməni dosta çevirmək xoşbəxtlikdirsə, dostu düşmən etmək ən böyük ağılsızlıqdır, dostu bağışlamaq lazımdır. Düzdür, inciklik olub, amma kiminləsə küsü də saxlamıram... 

İnsanı tanımaqda yanıla bilərsiniz?

- Ola bilər. İnsan çiy süd əmib. Zaman, məkan, şərait insanları dəyişə bilər. Meyilli olanları ha, əsl adamları dəyişə bilməz. Mənliyi olanı çətin dəyişmək olar. Bəzən maskalanmış adam da gəlib səmimi danışar... 

Səbr edə bilirsinizmi?

- Səbrin həddi var, baxır nədə səbr edirsən. Ancaq mütləq səbr etmək lazımdır. Deyir, daşı götürüb kiminsə başına vurmaq istəyirsənsə, o daşı yerə at, bir də təzədən götür. Yəni fikir ver ki, insan hansı vaxt ərzində fikrini dəyişə bilər... 

Azərbaycana gələn abırsızlıq məni çox narahat edir

Cəmiyyətdə sizi ən çox narahat edən nədir?

- Təbliğatla Azərbaycana gələn abırsızlıq... Bilirəm, Avropaya qaynayıb-qarışırıq, 21-ci əsrdə yaşayırıq. Amma bir məsələ var da, balam, bu stul oturmaq üçündür, istər 21-ci əsr olsun, istər 50-ci... Son vaxtlar qadınlarla kişiləri də çox üz-üzə qoymaqları xoşuma gəlmir. Elə məqam var ki, qadının hüququ kişidən çoxdur. Bilirsiniz, ən yaxşı halda deyirlər, filankəs kişi kimi qadındır. Amma olmaz ki, kişiyə de ki, qadının familiyasını götür. Bir dəfə hansısa verilişdə məsələ qoyublar: evin dirəyi kimdir? Özü də alimlər oturub ey verilişdə. Belə şey olmaz axı... Yaxud, bir də görürsən hansısa verilişdə ağsaqqal kişi, başında bir qara tük yoxdur ey, elə şeylər danışır ki, adam qalır məəttəl. Deyir, mən arvadımı sevirəm. Ay kişi, bu nə sözdür deyirsən? Arvad üçün sevmək sözü azdır ey, bu, onu hörmətdən salmaq deməkdir. O, doğmalarının birincisidir, ailənin dirəyidir, başının tacıdır, uşaqlarının anasıdır... Bu cəmiyyəti niyə pozursunuz axı? Bu, ailədir də, hamı da bilir ailə-uşaq nədir. Ola bilər ki, Marksı, Engelsi bilmirəm, ailənin nə olduğunu yaxşı bilirəm ki... Dədə-babalarımız deyib ki, ailə müqəddəsdir, elədirsə, niyə ailəni ortalığa qoymusunuz... Evindən bayıra çıxmağa haqqı olmayanlar hər gün efirə çıxır... Hərdən də bəzi verişilərdə problemlərdən danışırlar və bütün problemləri yıxırlar zəmanənin boynuna. Deyirlər, zəmanə belədir, zəmanə elədir. Niyə axı hər şeyi bu yazıq zəmanənin boynuna qoyurlar ey... Məsələn, bu gün evlənib, sabah da boşanırlar, buna zəmanə neyləsin? Amma bu məsələdə kəndlə şəhər fərqlənir. Gəl indi, müqayisə edək, gör bizim kənddə neçə nəfər evlənib, neçəsi ayrılıb? Bəs şəhərdə necə? Bu zəmanə ikisinə də aiddir də. Şəhərdə bu gün evlənirlər, sabah ayrılırlar. Bax bu cür verilişlər cəmiyyəti uçuruma aparır. Qız ərə gedir, uşaq istəmir, fiquram korlanar, uşağı olanlar da onları tərbiyə etmək istəmir, dayə axtarır, nə bilim, rus dayə, yəhudi dayə... Cavan anadır səhər gedir işə, axşam qayıdır, nə bilim, nə... Buna necə ana demək olar? Ana nəvazişini, laylasını görməyən uşaq qəddar olur. Onda vətənpərvərlik hissi də olmur. Görəsən, yəhudu dayəsi olmayan uşaqlardan akademik olan yoxdur? Təhsili olmayan nənələrimiz elə övladlar tərbiyə ediblər ki, indi onlar nəinki ölkədə, bütün dünyada tanınırlar... Bəs ailəsindən xəbərsizə necə kişi deyəsən? Hər şeyin qaydası-qanunu, ölçüsü var. Tutaq ki, toya gedirik, deyirsən, belə geyinmə, deyir onda denən çarşab örtüm də... Əgər bu, çarşabla çılpağı seçmirsə, daha ona nə demək olar?.. Bax, görürsən, yenə danışdım, indi kiməsə toxunacaq, kiminsə xətrinə dəyəcək... Ona görə danışmıram ey... Danışıram, sözüm kiməsə toxunur... 

Hansı adətimizi bəyənirsiniz?

- Abır-həya, ismət, şəriətin qoyduğu qanunları... 

İndi adətlərimizin aşınmasından da çoxları gileylənir, toy-yas mərasimləri ilə bağlı söz-söhbətlər var. Amma heç kim ilk addımı atmaq istəmir...

- İndi hər hansı bir toya getmək belə istəmirsən. Çox vaxt toy yiyəsinin yanında xəcalətli qalmamaq üçün gedirsən, 15-20 dəqiqə oturub çıxırsan. Musiqiçilər fonoqramın səsini o qədər qaldırır ki, toydan 2-3 gün sonra da özümüzə gələ bilmirik. Toy sahibinə deyəndə ki, elə musiqiçi gətirəydin bir qulaq asaydıq. Cavab verir ki, cavanlar bunu istəyir də. Mən elə toy edənlərdən xahiş edirəm ki, onda qoy toylarına cavanları çağırsınlar... Üstəlik, bəziləri yarıçılpaq olur. Bunun axı nə xeyri var? Avropanın pis xüsusiyyətini götürmək bizə xeyir gətirməz...  

Daha nələrdən bezirsiniz?

- İnsanlar sözünü, hərəkətini bilməyəndə adam bezir. Sözünü bilməyənin biri kora deyir ki, Allah adamın bir əzasını əlindən alanda ona başqa bir xoşbəxtlik verir, bəs sənin xoşbəxtliyin nədir? Kor cavab verir ki, mənim də xoşbəxtliyim sənin kimi alçaqların üzünü görməməkdir. Bəhram dayı vardı, tarçalan. Bir dəfə dedim, ay Bəhram dayı, toya Xanla da gedirsiniz, Zülfü ilə də. Zülfü pəsdən oxuyandır, Xan da ki, zildən. Dedi, ay bacıoğlu, hər kəsin öz pərdəsi var, onu dəmdə dindirirəm, bunu da zildə. Yəni hər kəsin öz yeri var. İnsanın qəlbinə dəymək, incitmək günahdır. 

Nədən qorxursunuz, nədən ehtiyat edirsiniz?

- Allah ağlımızı əlimizdən almasın. Bizdə bir dindar adam vardı, həmişə deyirdi ki, bir özümüzü salamat, abır-həya ilə qəbrə sala bilsəydik... 

Məşhur bir bəstəkardan soruşurlar ki, o nə üçün daha çox iş adamları ilə oturub-durur. Bəstəkar cavabında deyir: “Mən musiqiçilər arasında olanda bütün söz-söhbət pul barədə olur. Biznesmenlər isə mənimlə yalnız musiqi haqqında danışırlar...” Sizcə, pul nədir insan həyatında?

- Pul əl çirkidir – bu fikri qəbul etmirəm. Amma yəqin bunu da havayı yerə deməyiblər, nəsə olub ki, deyiblər, atalarımız boş-boşuna söz deməzlər... Pulun olmağı yaxşıdır, amma hər şey pulla tamamlanmır, pul hər şey deyil... Hacı Zeynalabdini həbs edib aparanda seyfini açıb boş görürlər. Soruşurlar ki, bəs sən necə Hacısan ki, pulun yoxdur. O da cavab verir ki, seyfdə pul olsaydı, onda Hacı ola bilməzdim. Pul mənə necə gəlirsə, elə də gedir...

Sənətə, musiqiyə bağlı insansınız. Bunu həm də dostlarınızın kimliyi təsdiqləyir...

- Düz deyirsiniz, sənət adamları arasında çox dostum var. Xalq mahnıları, muğamları dinləyirəm, xmirimiz onlarla yoğrulub. Ustad xanəndələri dinləyirəm. Xanəndə sözləri təndürüst deyəndə mənə ləzzət edir. Estradaya da qulaq asıram, xaricilərə də, sözlərini başa düşməsəm də. Bilirsən, qulaq bəyəndiyini sevər. Bax, bizimkilər, Alim, Ağaxan... xaricdə onları necə sevirlər, elə bilirsiniz, onların dediyi sözləri başa düşürlər, yox... Musiqinin dili yoxdur, gözəl səs insanı çəkir... Yaqub Məmmədova indi də qulaq asıram, Allah rəhmət eləsin, bu gün onun kimi oxuyan yoxdur. Onda, gör, necə sadəlik vardı... Vallah, bu yaxşılıq ki var, həm də qanla, genlə gəlir. Atam da xeyirxah insan idi. Kəndimizin ağsaqqalları indi də ondan danışırlar. Ehtiyacı olana əl tutmaq lazımdır. Tanrı bəndəsi belə olmalıdır. Allah verən ruzidir, əgər gözümün önündə kimsə, yaxud qohum-qonşum əziyyət çəkirsə, ona kömək etməliyəm. Xeyriyyəçiliyi elə təkcə imkanı olanlar etmirlər. Bəziləri deyir, varıdır, eləyir. Amma çoxunun pulunu balta kəsməz, bəs niyə bir yıxılanın qolundan tutmur... Ömrüm boyu çox adamlara həqiqi yaxşılıq etmişəm. Yaxşılıq itmir, əvəzində Allah adama kömək edir. Mən bunları Allah yolunda, “Quran”ımıza uyğun edirəm... 

Ən xoş gününüz...

- Kiməsə yaxşılıq etdiyim, kiminsə ehtiyacını ödədiyim gün. Kimsə yanımdan razı çıxır, kiminsə dərdinə şərik çıxıram, kiminsə ehtiyacını ödəyirəm, həmin gün çox xoşbəxt oluram... 

Demək, insanın tək xoşbəxt ola bilməsi heç yaxşı deyil, hətta utanılacaq bir şeydir...  

- Mən istəyirəm, hamı yaxşı yaşasın. Bir məsələ də var: insan var ki, ən xırda şeyə də şükür edir, insan da var ki, nüşükürdür. Görürsən, misal üçün evi var, ailəsi var, işi var, sağlam balaları var, deyir bir zavodum, fabrikim olsaydı, kaş kürəkənim, yeznəm belə olaydı və s. Dünyada hər şeyin insanın ürəyincə olması mümkün deyil, mütləq biri var, biri yoxdur. Ona görə də, gərək hər şeyi olduğu kimi qəbul edəsən. Məsəl var, yuxarı baxıb fikir etməkdənsə, aşağı baxıb şükür elə. Özünü xoşbəxt hiss edəsən gərək. Yoxsa o da olsaydı, bu da olsaydı...   

Yeddi nəvəmin adını özüm qoymuşam

Övladlarınız barədə danışmaq istərdinizmi?

- Vallah, istəmirdim uşaqlarımdan danışım... Bir məsəl var ey, əvvəl atasına görə övladı tanıyırlar, sonra övlada görə atasını. Övladlarımdan narazılığım yoxdur. Mən onları qorumuşam. Tərbiyələrinə söz olmaz. İndiyədək onlara bir sözü ikinci dəfə deməmişəm. Övladların tərbiyəsi birincidir. Burda bircə yanlışlığa, bircə səhvə yol verərsən, əsrlər boyu nəslində abır-həya yox olub gedər... Anamın babası deyərmiş ki, qızın oldu, qulluqçu bil, oğlun oldu nökər. Yəni qızı sən o qədər firon saxlama ki, sabah üstünə qayıtsın. Oğlunu da zəhmətə alışdır. Sabah böyüdü, bundan nə olacaq? Ata-ana həmişə sağ olmayacaq ki?.. 9 nəvəm var. 2 qız nəvəm var, Allah saxlasın, onların öz familiyası var, mən qarışmaram. 7 oğul nəvəmin isə heç birinin adını özləri qoymayıb. Deyirəm, atasısınız da, ad verin övladınıza, deyirlər yox... Hamısının adını mən qoymuşam...

Amma heç birinə öz adınızı verməmisiniz...

- Yox... bilirsiniz, mən hələ onları şirnikləndirirəm ki, növbəti nəvəmə öz adımı verəcəyəm, istəyirəm övladları çox olsun... (gülür)

Nəvələrinizlə söhbətdən də zövq alırsınızmı?

- Əlbəttə. Uşağın danışığı, fikirləri elə başdan-ayağa zövqdür... Amma day bütün günü onlarla oturum, yox... Uşaqlarla hamımız bir həyətdəyik, bundan ləzzət alıram. Keçmişdə deyərdilər ki, qardaş qardaşa xəbər göndərməz, qardaş qardaşın səsinə gələr...  

Deyirlər 12 rəqəmini sevirsiniz..

- 12 rəqəmini 12 imamımız kimi qəbul edirəm... Biz inanclı insanlarıq, hətta azyaşlı nəvələrim də namaz qılır... Ta əvvəldən şəriətə və dövlətin qanunlarına zidd olan heç nə etməmişəm... 

Yaşınızın öyüd-nəsihət, məsləhət verən vaxtıdır...

- Peyğəmbər qızını gəlin ona köçürəndə deyir ki, Allahdan qorxuram, yoxsa, deyərdim ki, ərin ikinci Allahındır. Qabaq bizdə də gəlin köçən qıza deyərdilər ki, bax, ərə gedirsən, istəyirsən getmə, ancaq gedirsənsə, o evdən ölün çıxacaq. Əlbəttə, heç bir ata istəməz ki, övladı ölsün, ancaq istədiyindən deyir ki, ailəsindən, övladından bərk yapışsın. Hər xırda-para söz-söhbətin üstündə ev dağıtmazlar ki... Yenə deyirəm, qabaq, tutalım, min nəfər evlənənin yüzündə görərdin ki, nigah pozulardı, indi min nəfərin doqquz yüzündə var. Səbəbini niyə öyrənmirlər? Qabaq oğlan qızı görmürdü, qız oğlanı. Evlənirdilər. Xoşbəxt də yaşayırdılar. O indikilərin bəyənmədiyi genbalaq nənələrimizin tərbiyə elədiyi uşaqlar idi də. Bəs indi? Nişanlanırlar, arada bir Antalyaya da gedirlər, nişanlı vaxtı ki, bir-birinə bələd olsunlar. Əgər bələd olmaqdırsa, onda niyə bir ildən sonra ayrılırlar? Ailəyə çox fikir vermək lazımdır... Yaxşı olanları qoruyaq, yaxşıya doğru inkişaf edək də... Nümunə də götürəndə yaxşıdan götürək. Hər şeyin həddi olmalıdır. Mən istəmirəm Avropanı ötüb keçək. Biz Avropanı keçmək istəsək, özümüzdən olarıq. Bu millət isə ancaq özü olmalıdır...  

İnsanda ağıldan qiymətli heç nə yoxdur

“Yaş əlli, iş bəlli” deyiblər. Sonrası da var: yaş yetmiş, iş bitmiş. Amma deməyiblər bu 65 nəymiş... Nəymiş bu 65, sizcə?

- Vallah, mən də deyə bilmərəm nəymiş. Amma onu deyə bilərəm ki, hər yaşın öz gözəlliyi var, təki Allah hamısını görməyi qismət etsin. Düzdür, 30 il qabaq gördüyüm işləri indi görə bilmərəm. Amma həyat bütün yaşlarda çox gözəl görünür...  

65-dən razısınızmı?

- Gileylənməyə haqqım yoxdur. Geri qayıtmaq mümkün olsaydı, bu ömrü elə bu cür də yaşayardım: sadə və namuslu. Təkcə yaxşılıqlarımın sayını artırardım. 50 ilə də fəxr etmişəm, 60-la da, 65-lə də. Gərək dünyada elə ad qoyasan ki, nəvə-nəticələrin sənin adın gələndə sevinsin. Məsələn, eşitmişdim ki, məndən əvvəl kəndimizdə bir yaxşı, xeyirxah adam olub, xəbər göndərmişəm axtarın, soraqlaşın, görün, onun kimi qalıb: nəvəsi, nəticəsi... gətirin bura, ona hörmət edəcəyəm, çünki o, yaxşı kişinin nəvəsidir, nəticəsidir və s. Axtardılar, tapdılar ki, bir nəvəsi var, gətirdilər yanıma... Bu da Allahın işidir ha... 

60 illiyinizdə “Şöhrət” ordeninə layiq görüldünüz...

- “Şöhrət” ordeni ilə təltif edildiyimi eşidəndə çox sevindim. Bu, dövlət başçısının mənə yüksək münasibətinin göstəricisidir. Həmişə deyirəm, neçə il İlham Əliyevlə parlamentdə bir salonda əyləşmişik. Onun çox gözəl keyfiyyətlərinə özüm şahid olmuşam. Ulu öndər Heydər Əliyevin mənə göstərdiyi böyük qayğının davamını Prezident İlham Əliyevdən görürəm. Bu diqqət və qayğı çiynimə daha böyük məsuliyyət qoyur.  

Həyatdan ən böyük təmənnanız nədir?

- Allaha and olsun, elə bu günləri görməyi arzulamışam... Allah məni necə kişi kimi yaradıbsa, elə kişi kimi də dünyadan getmək istəyirəm...Bir arzum var: xalqımız yaxşı yaşasın, heç kimə və heç nəyə möhtac olmasın. Qarabağ problemi, torpaq dərdimiz var. Bu, bizim üstümüzdə ləkədir, bu ləkəni yumalıyıq. Bu yaşımda, bu mövqeyimdə hər şeyə hazıram, təki torpaqlarımızı xilas edək... 

Bəs özünüzə nə arzulayırsınız? Hər yaşın öz arzusu olur...

- Nə olacaq, nə olmayacaq, Allah bilən məsləhətdir. Bu günləri bizə çox görməsin, ağlımızı başımızdan almasın, Peyğəmbəri xatirinə... Allah şeytana lənət eləsin, şeytan insanları çaşdırmasın. İnsanda ağıldan qiymətli heç nə yoxdur. Bəzən görürsən, pul ağıldan çox olanda, insanı o, idarə edir. Arzu edirəm heç kimin pulu ağlından çox olmasın. Bu, çox dəhşətli şeydir. Hətta insanın sağlamlığından da vacibi ağıldlr. Türklər deyir ki, mən hər şeydən keçərəm başıma görə, ancaq ağlıma görə başımdan da keçərəm...

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir