Modern.az

4 yaşlı qol.az-ın baş redaktoru: “İstəsəm, təkbaşına 30 elə sayt yaradıb, daha yaxşı işlədərəm” - MÜSAHİBƏ

4 yaşlı qol.az-ın baş redaktoru: “İstəsəm, təkbaşına 30 elə sayt yaradıb, daha yaxşı işlədərəm” - MÜSAHİBƏ

26 Noyabr 2012, 11:10

Noyabr ayının 17-də “qol.az” saytının 4 yaşı tamam oldu. Azərbaycanda böyük oxucu kütləsi olan bu idman saytı bu illər ərzində çox populyarlaşdı. Saytın baş redaktoru Aydın Bağırovun Modern.az saytına müsahibəsini təqdim edirik.

– Cəmiyyətimizdə idman saytları və idman jurnalistikası özünü tanıda bilibmi?

– Əsasən, hə. Bir balaca nüfuzu olan idman nəşrləri, onların saytlarını təbii ki, media da, idman qurumları da tanıyır.

– Amma idman şərhçiləri ilə bağlı durum belə deyil. Məsələn, dünyanın müxtəlif ölkələrində idman şərhçiləri var ki, onlar digər sahənin jurnalistlərindən daha çox tanınırlar.

– Bizdə kifayət qədər peşəkar şərhçi var. Sadəcə, deyək ki, bizə qonşu ölkələr olan Türkiyə və Rusiya televiziyalarından fərqli olaraq, Azərbaycanda idman, konkret olaraq, futbolla bağlı təhlil mahiyyəti daşıyan verilişlər azdır. Bu da əlbəttə, peşəkar şərhçilik məktəbinin formalaşmasına mane olur. Təbii ki, bu gün Azərbaycan idman jurnalistikasında peşəkar şərhçilər az deyil. Sanballı yazılar olur. Və deyim ki, onların fikirləri özlərini peşəkar futbol mütəxəssisi adlandıranların çoxusundan yaxşı mənada fərqlənir. Amma heyf ki, bu yazıların müəlliflərinin populyarlığı çox halda idman mətbuatının çərçivəsini aşmır. Bu da dediyim kimi, efirlə bağlı məsələdir. Məsələn, Türkiyədə və ya Rusiyada futbol çempionatının hər turunun oyunundan sonra idman yazarlarının fikirlərinə xüsusi yer ayrılır. Çünki onların sözünün çəkisi var, futbol biliyi yüksəkdir. Efirdə göründükləri üçün də tanınırlar. Amma bizdə o cür verilişlər azdır. Yenə sağ olsunlar, az olan verilişlərdə belə, jurnalistlərin fikirlərini yer verilir.

– Ümumiyyətlə, idman mediasında kadrlarla bağlı durum nə yerdədir?

– Bu sahədəki durum jurnalistikanın digər sahələrindən ciddi fərqlənmir. Mən artıq 15 ildir idman mediasının içindəyəm. İndiki vəziyyət 10 il əvvəlki ilə müqayisə oluna bilməz. Təbii ki, yeni nəsil yetişir, amma 10 il əvvəlki kimi deyil. İndi geriləmə gedir. Elələri var ki, ümumiyyətlə, nə müxbirdir, nə də reportyor, sadəcə diktofon funksiyasını yerinə yetirir. Yəni belələri yazı yazmır, sadəcə, deyənləri köçürür və işini bitmiş sayır.

– Dediyiniz geriləmə nə ilə bağlıdır? İdmana maraq azdır, yoxsa?

– İdmana heç vaxt maraq az olmayıb. Xüsusən də futbola. Amma əgər bu gün Azərbaycanda “Qalatasaray”ın Türkiyə çempionatındakı oyununu təkcə kafelərdə, kino-teatrlarda izləyənlərin sayı bütün əksər klublarımızın daxili çempionatdakı oyununu stadionlardan izləyənlərin sayından çoxdursa, bunu problemi artıq futbolda və “Qalatasaray”da deyil, bizim klublarımızın özündədir. Axı, mən sizi necə məcbur edə bilərəm ki, gedin, “Neftçi”nin, “Bakı”nın”, “Qarabağ”ın oyununa stadionda baxın?! Əgər stadiona getmirsinizsə, deməli, bizim futbola marağınız yoxdur. Bu da o deməkdir ki, Azərbaycan futbolu özünü sizə sevdirə bilməyib.
Jurnalistikadakı geriləməyə gəlincə, burada  maraqdan daha çox medianın iqtisadi durumunun aşağı olması xüsusi rol oynayır.

– Son vaxtlar Azərbaycan idman saytları durmadan artır. Bunların idmanın inkişafına nə qədər kömək ola bilər?

– Ümumiyyətlə, son zamanlar bizdə bütün sahələrdə saytların sayı artır, o cümlədən də idmanla bağlı saytlar çoxalır. Biz “Qol.az” saytını dörd ildən çoxdur ki, işlədirik. O zaman sayt yarananda say etibarı ilə deyəsən ya dördüncü, ya da beşinci idi. Bu günlərdə isə eşitdim ki, bizdəki idman saytlarının sayı 60-ı keçib. Bir dostum yaxşı deyir ki, bizdə futbol terminologiyasındakı bütün sözlərə aid saytlar var. 60 sayt... İnandırım ki, bu gün Azərbaycanda peşəkar idman jurnalistlərinin sayı heç 15-20 nəfəri keçmir. Dediyiniz saytlardan isə heç 10-u fəal işləmir. İstəsəm, təkbaşına 30 elə sayt yaradıb, daha yaxşı işlədərəm. İndi siz özünüz deyin, adı olub, özü olmayan saytın idmanın inkişafına nə köməyi ola bilər?

– Yəni doğrudanmı bizdə peşəkar idman jurnalistlərinin sayı bu qədər azdır?

– Mən sırf idman jurnalistlərindən danışıram. Ümumiyyətlə, çox heyf ki, bu sahənin indi yalnız adı qalıb. İdman jurnalistikası tənəzzülə doğru gedir. Mən bir daha o fikirdəyəm ki, bəli, bizdə peşəkar idman jurnalistlərinin sayı çox azdır və azalmaqdadır. Elə bilməyin ki, mən özümü o siyahıya aid edirəm. Xeyr. Mən heç vaxt özümü idman jurnalisti saymamışam. Çünki o adın məsuliyyəti böyükdür. İdman jurnalistisənsə, bu sahənin heç olmasa, 10 növündən xəbərin olmalıdır. Özümü futbol jurnalisti sayıram.

– Belə çıxır ki, idman jurnalistlərinin bu peşə ilə bağlılığı azdır?

– 15-20 nəfəri çıxmaqla, bəli. Bizdə futbol yazarları çoxdur, idman jurnalistləri azdır. Bunları bir-birinə qarışdırmamalıyıq. Həmin peşəkar idman jurnalistləri öz peşəsinə dəhşətli dərəcədə bağlıdırlar. Yəni jurnalistika onların adi iş yeri yox, peşəsidir.

– Redaktoru olduğunuz “Qol.az” saytında əsasən futbol xəbərləri olur. Digər idman xəbərlərin az olması nə ilə bağlıdır?


– Biz enerjimizi digər sahələrə xərcləmək istəmirik. Çünki həmin sahələrə oxucu tələbatı çox azdır. Futbol xəbərləri bizim üçün yetərlidir. Qol.az məhz futbol saytı olaraq tanınıb və belə də davam edəcək.

– Gənclər və idman naziri Azad Rəhimov yaxınlarda bir tədbirdə açıqlamasında bildirmişdi ki, Azərbaycanda idman jurnalistikası zəifdir və bunu inkişaf etdirmək üçün universitetlərin jurnalistika fakültələrində ayrıca idman jurnalistikası bölməsini yaratmaq lazımdır. Necə düşünürsüz belə olsa, idman jurnalistləri yetişə bilərmi?

– Məsələ bundadır ki, həmin bölmədə kim gəlib dərs deyəcək? Bu gün üzdə olan jurnalistlərin əksəriyyəti jurnalistikanı bitirənlər deyil. Əgər doğurdan da bunu inkişafını istəyirlərsə, elə idman nəşrlərinə dəstək versə, orada jurnalistlər yetişəcəkdir. Ehtiyac yoxdur universitetlərdə idman jurnalistikasının yaradılmasına. Bu gün jurnalistika fakültələrində oxuyanların nə qədərinin jurnalistikaya aidiyyatı var? Əgər doğurdanda idman jurnalistikasının inkişafını istəyirlərsə, onda ölkəmizdə idman jurnalistlərini birləşdirən qurum yaratsınlar. Bu qurumun nəzdində peşəkarları dəvət etsinlər, dəstək olsunlar, seminarlar, treninqlər keçirilsin, Avropadan, Rusiyadan, Türkiyədən peşəkarlar dəvət olunsun. Bu, mənim özüm üçün də maraqlı olar. Xaricdə olanda da gedirəm və nəsə öyrənməyə çalışıram.

– İdman jurnalistikasının qarşısında daha hansı problemlər var?

– Birinci, yaradıcılıqla bağlı problemlərdir. Bir də təbii ki, idman mediasının da iqtisadi durumu yaxşı deyil. Yay Olimpiya oyunlarında Azərbaycandan cəmi bir jurnalist var idi. Futbol üzrə son Avropa çempionatında, bizdən çox da uzaqda olmayan Ukraynada Azərbaycandan bir nəfər belə jurnalist yox idi. Azərbaycan futbol jurnalistikasının durumu Azərbaycan futbolunun bugünkü iqtisadi durumuna adekvat deyil. Görün, bizim jurnalistikanın iqtisadi durumu nə yerdədir ki, Avropa çempionatına bir jurnalisti olmadı. Azərbaycanda daxil olmaqla UEFA-nın üzvü olan 53 ölkə var. Azərbaycanda başqa bütün ölkələrin jurnalistləri o yarışı birbaşa stadiondan izləyirdilər.

– Mətbuatın ümumi mənzərəsində idman jurnalistikası necə görünür? Güclü, yoxsa zəif?

– Bu gün idman, konkret olaraq, futbol yazarlarının təsir gücü digər sahələrdən daha çoxdur. Sırf futbol sahəsində böyük rəy yaradır və çoxları hesablaşmaq məcburiyyətində qalır. “Qol.az” saytı da daxil olmaqla, bir neçə ciddi, reytinqi olan KİV-lərin timsalında deyə bilərəm ki, yazılardan sonra problemlər həllini tapıb. Şəxsən bizdə elə bir tənqidi yazı olmayıb ki, ona reaksiya verilməsin. Demirəm ki, hamısı həll olunur. Amma yenə də futbol mediasının gücü qalmaqdır.

– Bu yaxınlarda qol.az-ın dörd yaşı tamam oldu. Hədəfləriniz nə idi və ona çata bilmisinizmi? Qarşıdakı hədəfləriniz nədən ibarətdir?

– Sayt yeni yarananda o iddiada deyildik ki, birinci, yaxud ikinci olaq. Həmin dövr bizim üçün bir növ sınaq dövrü idi. İndi isə qol.az Azərbaycanın ən reytinqli saytlarındandır. Gündəlik ziyarətçi sayımız orta hesabla 12-13 min nəfərdir ki, bu da sırf futbol saytı üçün normal göstəricidir. 4 il ərzində bunu qazanmaq əlbəttə, müsbət haldır. Bununla belə, hədəfimiz yaxın bir ildə oxucularımızın sayını iki dəfə artırmaqdır. Amma bunun üçün gərək saytın iqtisadi durumu da istədiyin səviyyədə ola ki, istədiklərimizi tam həyata keçirə bilək.

Anar Kəlbiyev

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi