Modern.az

Deputat Musa Quliyev: “Rəsul Quliyev bitib” - MÜSAHİBƏ

Deputat Musa Quliyev: “Rəsul Quliyev bitib” - MÜSAHİBƏ

26 Noyabr 2012, 13:36

Millət vəkili İrəvan səfərinin gizlinlərini ilk dəfə Modern.az-a danışdı

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Quliyev Modern.az saytına müsahibə verib.

- Musa müəllim, prezident seçkilərinə çox da uzun zaman qalmayıb. Seçki öncəsi ölkədə ictimai-siyasi durumu necə qiymətləndirirsiniz?

- Ölkədə seçki öncəsi durum tam adekvatdır. Bir çox ölkələrdə seçkiqabağı müəyyən partiyaların, ümumən ictimaiyyətin fəallaşması müşahidə olunur. Bu fəallığın içərisində səmimi münasibətlər də olur, kimlərinsə marağına xidmət edən qrupların fəaliyyəti də. Biz bu gün Azərbaycanda bunu müşahidə edirik. Yəni müəyyən partiyalar var ki, öz namizədlərini irəli sürmək barədə düşünürlər.
Bunlar, əsasən, parlamentdə təmsil olunan partiyalardır. Amma parlamentdə təmsil olunmayan müxalifət partiyaları da var. Onlar da götür-qoy edirlər, bəziləri partiya olaraq, bəziləri isə qrup olaraq nəmizədlərini irəli sürmək barədə müəyyən müzakirələr aparırlar. Hələ ki, qərara gəlməyiblər. Eyni zamanda Azərbaycana təsir etmək istəyən, Azərbaycanda qarışıqlıq salmaqla müəyyən pay almaq istəyən qurumların da fəallaşması hiss olunur. İstər Qərbdə, istərsə də Şimalda olan müəyyən antiazərbaycan qüvvələrin varlığı müşahidə olunur. Seçki öncəsi dövrdə onlar sosial, milli, etnik , hətta dini zəmində, bəzən də regional zəmində gərginlik yaratmaqla öz niyyətlərini həyata keçirməyə və ən azı öz varlıqlarını bildirməyə cəhd göstərirlər. Təkcə Azərbaycanda deyil, çox ölkədə belə hallar baş verir. Ona görə belə məsələnin ola biləcəyini istisna etmirik və bu təzə bir şey deyil. 1993-cü ildən bəri bütün seçkilərdə belə fəallaşmalar görmüşük. Amma onların niyyətlərinə çatmaq gücləri sıfıra bərabərdir.Çünki seçkinin taleyini Azərbaycan kimi demokratik ölkələrdə xalq həll edir.Xalqd a təbii ki, güvəndiyi, inandığı siyasi qüvvəni özünə rəhbər görmək istəyir.

- O zaman deyə bilərsinizmi, seçki öncəsi hazırlıq nə yerdədir?

- Mən yalnız müxalifət barədə danışdım. İqtidar haqqında bir söz demirəm.Nəyə görə? Çünki iqtidar seçki hazırlığını ötən seçki qurtaran gündən başlayıb. Bizim liderimiz cənab İlham Əliyevin dediyi kimi “Bizim siyasətimiz bizim işimizdir ”. İqtidar öz işi ilə, xalqa göstərdiyi xidmətlə seçki hazırlığını aparıb və bu gün də aparır. Ona görə də bəzi antimilli qüvvələr var ki, seçki yaxınlaşdıqca müəyyən qədər fəallaşmağa başlayırlar. Zaman daraldıqca bunlar istəyərlər ki, bir az da özlərini fəal göstərsinlər. Amma onların hərəkətlərinin Azərbaycana heç bir önəmlı təsiri yoxdur. İstər Cənubdan, istər Şimaldan, istərsə də Qərbdən gələn küləklərin heç bir təsiri olmayacaq. Çünki Bakının özü küləkli şəhərdir və biz çox küləkləri görmüşük. Havaya uyğun geyinməyi də bacarırıq.
Bundan əlavə, hesab edirəm ki, Azərbaycan xalqı öz seçimini çoxdan edib. Görkəmli siyasi xadim Heydər Əliyevin siyasi kursuna səs verməklə, ona dəstək olmaqla.Yeni Azərbaycan Partiyası 1993-cü ildən bəri keçirilən bütün seçkilərdə qalib gəlib. Bu onu göstərir ki, xalqın inamı bu partiyaya, bu partiyanın liderinə gündən-günə artır və gələcək seçkilərin taleyi xalqın səsindədir. Bu mənada da biz arxayınıq. O gün olmur ki, Azərbaycanda nüfuzlu beynəlxalq tədbirlər keçirilməsin. Bu, siyasətlə, mədəniyyətlə, idmanla, iqtisadiyyatla və s. ilə bağlı olur. Bütün bunlar Azərbaycan dövlətinin gücünü göstərir. Beynəlxalq təşkilatların Azərbaycana, Azərbaycan iqtidarına, Azərbaycan xalqına hörmətini və xoşməramlı əməkdaşlıq münasibətini göstərir. Bunun fonunda ayrı-ayrı qruplar təxribatçı addımlar atmaq istəyəcəklərsə, bunun heç bir əhəmiyyəti olmayacaq. Çünki güclü Azərbaycan dövləti var və bu dövlət özünü qorumağa tam olaraq qadirdir.

- Seçki öncəsi Elşad Abdullayev videoqalmaqalı yaratdı. Bu qalmaqala görə həmkarınız Gülər Əhmədova deputat mandatından imtina elədi. Bunu necə dəyərləndirirsiniz? Demokratiyanın əsas təsisatlarından olan söz azadlığı, müstəqil məhkəmələr və parlament barədə mənfi rəy yaradacaq videolar artıq ortadadır.

- Birinci nə Elşad Abdullayev, nə Gülər Əhmədova Azərbaycanın ictimai-siyasi ab-havasını müəyyən edir. İstənilən cəmiyyətdə, partiyada, dövlətdə belə hadisələr, insanlar olur və bundan sonra da olacaq. Meşə çaqqalsız olmaz deyiblər. Bir çaqqalın gördüyü işə görə bütün meşə haqqında mənfi fikir yaratmaq, onun gərəksiz, zərərlıi olması barədə təsvvür yaratmaq absurddur. Abdullayevin yaydığı videolara Azərbaycan dövləti reaksiya verməsəydi, deputatlar, hüquq-mühafizə orqanları, YAP reaksiya verməsəydi, qəzetlər bunu yazmasaydılar, mən razılaşardım ki, Azərbaycanda söz azadlığı, məhkəmə müstəqilliyi pozulur. Bütün bu hadisələrə reaksiya var. Baş brokuror bəyan edir ki, cənab Prezident bu məsələni öz nəzarətinə götürüb. Bundan yüksək daha nə reaksiya olmalıdır ki?
Ekspertizalar gedir, istintaq aparılır. İstintaq qurtarmamış biz hər hansı sual ətrafında qərar versək, fikir söyləsək, təbii ki, subyektivlik kimi qiymətləndiriləcək. Amma Azərbaycanda hər şey hüquqa söykənir, qanuna əsaslanır. Yenə deyirəm, əgər Baş Prokurorluq cinayət işi açmasaydı, dəlillər, subutlar toplanmasaydı, YAP öz münasibətini bildirməsəydi, deyilən sözlərdə müəyyən həqiqətlərin olduğu barədə düşünə bilərdik.
Qaldı Gülər Əhmədovaya, bu adam öz ərizəsini yazıb ki, barəsində yayılan video ilə əlaqədar istintaqa şərait yaratmaq üçün millət vəkilliyindən imtina edir. Bundan sonra yenə parlament yığılıb bunu müzakirə etməliyidimi? Mənasız bir şeydir. Əgər bu adam istintaqdan qaçsaydı, yaxud da desəydi ki, bu məsələnin ona aidiyatı yoxdur, onda təbii ki, Milli Məclis Baş Prokurorluğun təqdimatı ilə yığışardı və bu məsələyə öz münasibətini bildirərdi. Amma bu addım atılandan sonra parlamentin yığışması nə ehtiyac var?
Bilirsiniz, bizim insanlar xoşlayırlar ki, həmişə dramatik bir vəziyyət olsun və bu vəziyyətdən bir tamaşaçı kimi həzz alsınlar. Bu mənada biz hər şeyə soyuq başla yanaşmalıyıq, hüququn, qanunun dili ilə danışmağı bacarmalıyıq. Hüquqi dövlət də elə bundan ibarətdir. Təbii ki, bu anormal bir vəziyyətdir ki, millət vəkili bir universitet rəhbəri ilə, professorla oturub bazarlıq edir. Bu anormal bir şeydir və cəmiyyət də buna uyğun adekvat reaksiyasını göstərdi. Amma hüquq-mühafizə orqanlarının vəzifəsi ondan ibarətdir ki, bu göruntülərdəki həqiqətin, mahiyyətin nə olduğunu araşdırsın və öz qiymətini versin. Əgər hüquq-mühafizə orqanlarının verdiyi qiymət adekvat olmayacaqsa, ondan sonra cəmiyyətin, partiyaların, mətbuatın münasibəti bilinəcək və nə deyilsə,  haqlı deyiləcək. Amma hələlik araşdırmalar getdiyi bir halda, istintaq başa çatmayana qədər bizim hər hansı bir reaksiyamız düşünürəm ki, emosional, subyektiv qərar olacaq.

- Partiyanızda məsələ müzakirə olunubmu?

- Tutaq ki, müxalifət partiyalarının birində bu hadisə baş verərdisə, cəmiyyət buna necə baxardı? Cəmiyyət o qədər də reaksiya verməzdi. Cəmiyyətin bu işə belə maraq göstərməsi YAP-ın nüfuzu ilə bağlı, cəmiyyətin YAP-a olan münasibətindən doğan bir məsələdir. YAP da çox doğru bir yol seçdi ki, hüquq müstəvisində bu məsələnin həllinə üstünlük verdi. Əgər bu məsələ öz hüquqi qiymətini hələ almayıbsa, buna siyasi qiymət vermək, hüquq–mühafizə orqanlarına bir təzyiq kimi səslənə bilər. YAP müxalifətdə olan kiçik bir partiya olsaydı, onun qərarının istintaq üçün heç bir əhəmiyyəti yox idi. Amma partiya istintaqdan qabaq öz qərarını ortaya qoysa, bu, istintaqa bir göstəriş kimi, iqtidar partiyasının istintaqa təsiri kimi dəyərləndirilər. Bu da demokratiyaya zidd addımdır. Ona görə də deyirəm ki, bizim partiyamızın yolu dəqiq və aydındır, qəbul etdiyi mövqe də doğrudur. Hesab edirəm ki, bu, ən sanballı bir mövqeydir.

- Sizcə Elşad Abdullayev məsələsində xarici faktorlar da varmı?

- Ola bilər. Bunu ayırd etmək bir az çətindir. Ola bilər o da olsun. Bu hadisədə ən düşündürcü cəhət ondan ibarətdir ki, Elşad Abdullayevin qardaşı Mahir Abdullayev itəndən təxminən 7-8 il sonra fəallaşması çox maraqlı bir məqamdır. İnsanın doğması itəndə birinci il çox yanıqlı, həyacanlı olur. Getdikcə bu hiss sönmək əvəzinə Abdullayevdə 7-8 ildən sonra qardaş sevgisinin oyanması, həqiqəti axtarması bir qədər şübhələrə yol açan məsələdir. Amma öncədən bu işin planlaşdırılması ki, Abdullayev millət vəkilini, hüquq-mühafizə orqanlarının işçisini lentə alacaq, bu o qədər də inandırıcı bir məsələyə oxşamır. Hər halda Abdullayev çox böyük vətəndaşlıq nümunəsi göstərə bilərdi, çox mərdlik göstərə bilərdi ki, qayıdıb gələrdi Azərbaycana. Bildiklərinin hamısını istintaqa, cəmiyyətə söyləyərdi. Bununla da onun üzərinə yönələn bütün şübhələr aradan qaldılılmış olardı.
Bilirsiniz, cəmiyyətdə şübhələr var ki, Abdullayev xarici kəşfiyyata işləyir. Elşad Abdullayev bəlkə də bir neçə qurum tərəfindən ələ alınmış və fəliyyəti də buna yönəlik milli dönükdür. Mən artıq bir söz deyə bilmərəm.Yenə deyirəm cəmiyyətdə bu səpkidə fikirlər var. Amma Abdullayev qayıdıb Azərbaycana gəlsə, bildiklərini söyləsə, üzləşmədə iştirak etsə, ona yönəlik bir çox şübhələrə son qoyardı. Və Azərbaycan tarixində də bir mərd insan kimi yaddaşlarda qalardı. Əgər doğurdan da Abdullayevin istəkləri səmimidirsə, gələrdi Azərbaycana. Məsələn, əgər onun cinayəti belə var idisə, nöqsanları var idisə, nə olardı ki, həbs olunardı və gedib 2-3 ilini yatardı. Amma cəmiyyətdə pozitiv bir insan kimi qalardı. Abdullayev oradan 100 dənə video göndərsə də, artıq cəmiyyət ona tam qeyri-ciddi və olduqca mənfi münasibətdədir. Onu da deyə bilərəm ki, Elşad Abdullayevin burda olduğu müddətdə də müsbət bir nüfuzu olmayıb. Nə bir alim kimi, ictimai-siyasi xadim kimi, nə də bir elm təşkilatçısı kimi. Bütün bunların hamısının üstündən Elşad bir xətt çəkə bilərdi və yeni bir Elşad kimi doğula bilərdi.

- Prezident seçkiləri ərəfəsində belə bir halın seçkiyə hansısa təsiri ola bilərmi?

- Heç bir təsiri ola bilməz. Nə təsir göstərə bilər? Əvvəla biz bu videoların son ədalətli həllini prokurorluğun apardığı istintaqdan sonra məhkəmələrdə görəcəyik. Onda məlum olacaq, kimin günahı varsa da  təbii ki, cəzasını alacaq. Buna heç kimin şübhəsi olmasın.

- Partiyanızın icra katibi barədə Gülər Əhmədovanın dediklərini necə qiymətləndirdiniz?

- O məsələyə ən doğru və düzgün cavabı Əli müəllim özü verdi. Dedi ki, “mən bu xəbəri oğlumdan eşitdim, bir az güldük, qurtardı getdi”. Bu, cavab hər iki tərəfin mədəniyyət səviyyəsini göstərən bir güzgü idi.

- Yəni hesab edirsiniz bu kimi məsələlər YAP-da fikir ayrılığı yarada bilməz?

- Nə fikir ayrılığı ola bilər. Heç bir fikir ayrılığı ola bilməz. YAP-ın 600 minə yaxın üzvü var, onlardan biri də Gülər Əhmədovadır. Bu 600 min üzvün hər hansı biri bir qələt eləyəndə partiyada fikir ayrılığı yaranmaz axı.

- Partiyanızın prezident seçkiləri ilə bağlı namizəd məsələsi hələ ki, rəsmi açıqlanmayıb. Sizin şəxsi mövqeyiniz necədir?

- YAP-ın öz namizədini rəsmi şəkildə açıqlamasına hələ vaxt var. Bir də nəyisə açıqlamağa da bir gərək yoxdur. YAP Seçki Məcəlləsinə uyğun işini görür. Amma partiyamızın namizədi aydındır. Partiyamızın rəhbərliyində çalışan millət vəkilləri, deputat olmayan şəxslər öz qərarlarını, fikirlərini söyləyiblər. YAP-ın yeganə namizədi, xalqın yeganə namizədi cənab İlham Əliyevdir. Sadəcə olaraq bunun prosedur vaxtına hələ var. Partiya yəqin öz qurultayını keçirəcək və orada qərarını elan edəcək.

- Seçkilərdə Rəsul Quliyev faktorunu necə qiymətləndirirsiniz? Hətta hakim komandada onu müdafiə edənlərin olduğu deyilir.

- Belə bir faktor yoxdur. Rəsul Quliyev öz yolunu YAP-dan ayırandan sonra bitirib. 2005-ci ildə isə öz tərəfdarlarının gözündə siyasətçi olaraq bitdi. Siyasətçi olmaq üçün bir çox cəhdlər lazımdır. Onlarında ən birincisi cəsarətli olmaqdır. Siyasi liderlik xüsusiyyətinin ən birinci addımı və birinci şərti onun cəsarətli olmasıdır. Əgər bu insanda cəsarət yoxdursa, insan həbsdən, təcriddən, məhrumiyyətdən, ölümdən qorxursa, onun siyasətdə işi yoxdu. Rəsul Quliyevin mühacirət həyatı onu göstərir ki, siyasətdə taleyi bitib.

- Yəni seçkilərdə onun heç bir rolu olmayacaq?

- Heç bir rolu olmayacaq.

- Rusiyada milyarder azərbaycanlılar bir qurum yaratdılar və cəmiyyətdə də bu, müxtəlif cür dəyərləndirildi. Siz onların qurumunu necə qiymətləndirirsiniz?

- Bilirsiniz, o qurumu yaradanlar birinci öz məramlarını açıq elan etmədilər. Onların nizamnaməsi nədir və s. kimi məsələlərə mən rast gəlmədim. Belə görünür ki, onlar Rusiyada yaşayan azərbaycanlıların təşkilatlanması, onların təmsilçilik hüquqlarını əldə eləməsi və onların həyatının yaxşılaşması üçün çalışırlar. Belə bir qurum yaranıbsa, onun Azərbaycanın daxilində, cəmiyyətində, siyasətində nə rolu ola bilər.

- Amma Diasporla İş üzrə Dövlət Komitəsi onların fəaliyyətini pisləyən bəyanat verdi.

- Bəli, o Diaspora Komitəsinin xəttinə zidd bir addımdır. Çünki dövlət səviyyəsində Azərbaycandan kənarda yaşayan vətəndaşlarımızın, soydaşlarımızın fəaliyyətini istiqamətləndiririksə, deməli bu, bir mərkəzdən idarə olunmalıdır. İkinci bir mərkəzin yaranması təbii ki, fəaliyyəti zəiflədə bilər. Yəqin ki, Diasporla İş üzrə Dövlət Komitəsinin də narazılığı bundan ibarət olub. Amma onların Rusiyanın müvafiq orqanlarına bağlılığı var, bunu mən deyə bilmərəm. Bunu zaman göstərəcək. Amma bu təşkilatın yaranmasını da təsadüfi hesab etmirəm. Ola bilsin ki, yaranmasında marağı olan qüvvələr var. Bunların vasitəsilə də yenə Azərbaycana təsir etmək, əlavə pay qopartmaq - istər siyasi, istərsə də digər sahələrdə - təzyiq etmək maraqları ola bilər. Amma hər kəs anlamalıdır ki, Azərbaycan 15-20 il bundan əvvəlki Azərbaycan deyil. Azərbaycan kifayət qədər güclü bir dövlətdir, özünün müstəqil siyasəti var və bu gün də özünün balanslaşdılmış siyasətini həyata keçirir. Belə vasitələrlə Azərbaycana təsir etməyin vaxtı keçib.

- Ancaq belə fikirlər də söylənilir ki, Rusiya Cənubi Qafqazda yeni siyasət həyata keçirir, Gürcüstanın yeni baş naziri İvanişvili də buna misal göstərilir.

- Axı mən onların içərisində İvanişvilini görmürəm. Onların içində siyasi çəkisi, iddiası olan və gəlib Azərbaycanda müəyyən bir dəstək əldə edərək hər hansı ciddi bir siyasi fəaliyyətlə məşğul olan insan yoxdur. Onlar bizneslə məşğul olan insanlardırlar. Onlar Azərbaycanca düşünən, Azərbaycana bağlı və Azərbaycanda müəyyən sosial ictimai dayaqları olan insanlar deyillər. Mən onların siyasi xarakterli bir iş görə biləcəklərinə inanmıram. Amma Rusiyanın belə bir istəyinin olmasını da göz ardına vermək lazım deyil. Rus siyasəti 1-ci Pyotrun dövründən bəri dəyişmədən davam edir.

- TANAP layihəsi Rusiyanın belə addım atmasına rəvac vermir ki?

- Belə təzyiqlərin artırılmasında Rusiya, başqa dövlətlər istənilən vasitədən istifadə edə bilərlər. Ola bilər müəyyən təhlükələr olsun. Bu, çox güclü bir müqavilədir. Azərbaycanın yenidən Avropaya, Qərbə daha güclü inteqrasiyasını gücləndirən bir layihədir. Amma məncə 2013-cü il seçkiləri müəyyən söz-söhbətlərə baxmayaraq, çox rahat keçiriləcək. Proqnozlaşdırılan gərginliklərin çoxu görüntüdür. Müəyyən vədlər almaq xatirinədir. Azərbaycanı Gürcüstanla, yaxud da Ermənistanla müqayisə etmək doğru deyil. Gürcüstanın, Ermənistanın əhali, hərbi,  iqtisadi potensialı və həm də regional potensialı Azərbaycanla eyni səviyyədə deyil. Azərbaycan hələ TANAP-dan qabaq “Əsrin kontraktı” layihəsində kifayət qədər güclü ölkə olduğunu və regionda lider olduğunu sübut etmişdi. Düşünürəm ki, Azərbaycana olan təzyiqlərin, təsirlərin böyük əksəriyyəti müəyyən pay alamaq məqsədi güdür.

- Qarabağla bağlı məsələlərin gedişini necə qiymətləndirirsiniz?

- Çox təssüflər olsun ki, bu sahədə konkret irəliləyiş olmadı və bunu hamı bilir ki. Ermənistanın destruktiv mövqeyi belə bir vəziyyət yaradıb. Bilirsiniz, Qarabağ məsələsi Azərbaycanın və Ermənistanın ikisinin həll edəcəyi mərhələdən keçib. Hələ 1990-cı illərin əvvəllərində bu iki dövlət məsələni danışıqlar vasitəsilə həll edə bilərdisə, artıq o mərhələ keçib. İndi Qarabağ bir neçə gücün marağı çərçivəsinə keçmiş bir məsələdir. Bunu ilk dəfə sizə söyləyirəm, 2006-cı ildə İrəvana gedəndə erməni deputatlarından biri - o bir müddət spiker oldu - dedi ki, biz bu gün Qarabağı boşaltsaq, desək ki, gəlin, alın torpaqlarınızı, siz onu edə bilməyəcəksiniz. Əgər siz desəniz ki, Qarabağ bizə lazım deyil, qoy müstəqilliyi elan olunsun, biz onu müstəqilliyini elan edə bilməyəcəyik. Çünki Qarabağ məsələsində elə güclərin marağı var ki, onları zərərsizləşdirmək bu gün Azərbaycan və Ermənistanın imkanı xaricindədir. Hesab edirəm ki, bu fikirlərdə müəyyən qədər həqiqət var. Ermənistanda da müəyyən qədər normal, rassional düşünən insanlar var. 1990-cı illərdə iki dəfə Heydər Əliyevin çox böyük cəhdi oldu Qarabağin azad edilməsi üçün. Bunun biri Ter-Petrosyanla danışıqların aparılması idi. İkinci dəfə isə başqa bir danışıqlar olmuşdu. Mən deyərdim ki, məqamı gözləmək lazımdır. Beynəlxalq siyasətdə elə bir situasiya yarana bilər ki, bir güllə atmadan belə, Qarabağı və digər torpaqlarımızı geri ala bilərik. Bunun üçün Azərbaycanın davamlı siyasi-ictimai sabitliyi olmalı, hərbi gücü artlmalı və beynəlxalq nüfüzü daha da güclənməlidir. Bunu Azərbaycan xalqı dərk edir. Bu, bizim inkşafımızın elementar qaydasıdır. Əgər bu gün Qarabağı müharibə yolu ilə, zor gücü ilə almağa getsək, əlbətdə müharibə də edə bilərik və torpağımızı ala da bilərik. Amma aldın, burada marağı təmin olunmayan qüvvələr hər şeyi yerlə-yeksan etəməzlərmi? Bütün bunları ölçüb-biçəndə görürsən ki, situasiyanı gözləmək lazımdır. Vaxtı yetişməmiş addımlar atmaqla yaratdığımız bu boyda potensialı bir anın içində yox edə bilərik. Kimsə bu qarışıqlıqdan istifadə edib, öz atom bombasını yoxlamaq istəyər. Bəlkə Ermənistandakı Metsamor AES-i partladıb bütün Qafqazı məhv edərlər. Hesab edirəm ki, siyasi bir razılıq olmadan hər hansı hərbi addımların atılması çətin olacaq.

- O zaman Qarabağın taleyini necə görürsünüz?

- Qarabağın taleyi Azərbaycanın taleyi ilə bağlıdır. Azərbaycanın taleyi necə olacaqsa, Qarabağın da taleyi elə olacaq. Qarabağın taleyi Azərbaycanın taleyinə çox oxaşrdır. Mən Azərbaycanın gələcəyini çox işıqlı görürürəm.

Mail AĞAXANOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir