Modern.az

“Yaşlı yazıçılar abır-həya gözləməlidi, gənc yazarlar da öz yerini bilməlidir” - MÜSAHİBƏ

“Yaşlı yazıçılar abır-həya gözləməlidi, gənc yazarlar da öz yerini bilməlidir” - MÜSAHİBƏ

26 Noyabr 2012, 15:29

Modern ədəbiyyat keçmişin xəzinəsini gələcəyə ötürən estafet olduğundan ədəbi proseslər hamımızı maraqlandırmalıdır. “Ədəbiyyatımızda bu gün nələr baş verir, o inkişaf edir, yoxsa əksinə, ümumiyyətlə bu gün bizdə ədəbiyyat varmı” sualına ustad yazarların, şairlərin , mədəniyyət və incəsənət adamalarının dili ilə cavab tapmağa çalışacağıq. Tək ədəbiyyata deyil, eləcə də elm, incəsənət, rəssamlıq və bəstəkarlıq sahəsində də gənclərin fəaliyyətinə ustadların gözü ilə baxmağı nəzərdə tuturuq.
“Ustadın gözü ilə” rubrikası üçün Modern.az-ın müsahibi şeirlərinə mahnılar yazılmış, sovet dövründə yüksək vəzifələrdə çalışmış, tanınmış ziyalı, nəğməkar şair Vahid Əzizdir. Onunla bir az bu günün reallıqlarından və bütün bunların yeni yaranan ədəbiyyata təsindən danışdıq.

“Mən də o rejimdən gəlmişəm”

- Vahid müəllim, bəzi gənc yazarlar yaşlı yazıçılarla konflikt yaşayırlar. Buna münasibətiniz necədir?

- Bir gün polemikaların birinə məni də dəvət etmişdilər. Orada iki gənc yazar var idi. Onlar məni görən kimi bildirdilər ki, “bunu niyə çağırmısız? Bizim Vahid müəllimlə heç bir problemimiz yoxdur. Bizim işimiz Yazıçılar Birliyinin rəhbərliyilədir”. Məsələ ondadır ki, biz bu gün 70 il hökm ilə oturub-durduğumuz sovet rejimini lənətləyirik. Mən də o rejimdən gəlmişəm. Mərkəzi Komitənin mətbuat bölməsinin rəhbəri olmuşam. Sözüm söz olub. Amma istər o dövrdə, istərsə də bu dövrdə olanların heç birinin mənimlə problemi yoxdu. Əslində problem mənimlə olmalı idi.

- Sizin yaşıdlarınızdan bəziləri ilə gənclər arasında uzun sürən konfliktlərdə siz kimə haqq qazandırırsız?

- Burada iki məsələ var. Günahı tək cavanın boynuna yıxıb onu tərbiyəsiz kimi qələmə vermək düzgün olmazdı. Eyni zamanda bu cavanın hücum etdiyi yaşlını da araşdırmaq lazımdı. Niyə cavan bununla dilləşir.? Narkoman, dəli durduğun yerdə gəlib sənə şapalaq vura bilər. Normal adam bunu eləməz axı! Görünür cavanların hücuma keçdiyi yaşlıların özündə onları qıcıqlandıracaq nəsə var. Yaşlı da abrın gözləməlidi. Gənc çox şeyi bizdən iti görür. Çünki onun gözü bizdən yaxşıdı. Artıq 67 yaşlı Vahid Əzizin gözü o qədər də yaxşı görmür. Amma öz prizmasından baxan gənc hər şeyi çox yaxşı görür. Elə tarixdə də öz dövrlərindən çox əvvəli görən insanlar yaşayır. Gənclər daşıyıcıdı və onların qəbul etdiyi adamlar da tarixdə qalacaqlar. Mərcanları ancaq indiki gənclər yaddaşlarda saxlayacaqlar. Odur ki, bu məsələdə həm gənc öz yerini bilməli, həm də yaşlı nəsil öznü elə aparmalıdır ki, qarşı tərəf onun üzünə qayıtmasın.

- Ümumən cəmiyətdəki mənəvi ab-hava, etik əxlaq kodeksləri və insanların düşüncə tərzi sizi qane edirmi?

- Bəlamız bilirsən nədir? Dünyada tanınan və çəkdiyi film kosmonavtlar tərəfindən kosmosa aparılan Rüstəm İbrahimbəyov meydana çıxır və həqiqətləri danışır. Əslində onun məqsədi dövlətçiliyi qorumaqdır. Çünki dövlətin içində baş verən əyintilərə toxunmasan və bunu dövlət başçısına bildirməsən, yuxarı vəzifəli adamlar bunu etməyəcəklər. Mən özüm yüksək vəzifələrdə işləmişəm. Bilirəm ki, dövlət başçısına həmin adamlar məlumatı özlərinə sərf edən şəkildə çatdırırlar. Amma Rüstəm İbrəahimbəyov özündə cəsarət tapdı. “Hollivud”un, dünyanın tandığı, çəkdiyi film “Oskar”a layiq görülən adam həqiqətləri söyləyir, Biləcəridən  və Yevlaxdan o yana çıxmayan adamlar deyirlər ki, “sən yalan danışırsan”. Cəmiyyətimiz bax, bu gün belədi! Buna yol vermək olmaz!

- Bəs bu, ədəbi prosesə necə təsir edir?

- Ədəbi proses də məhz buna görə inkişaf edir. İndi nə inkişaf etmir ki?! Bütün dünya inkişaf edir. Amma məddahlıq,  yaltaqlıq, yerlibazlıq, qohumbazlıq buna mane olur. Məhz, ədəbiyyat da bundan qaynaqlanır. Bu gün Rüstəm İbrahimbəyovu Azərbaycandan qaçaq sala bilərik. Onu intihara məcbur edə bilərik. Əvəzində mətbuatdan düşməyən bəzi şəxsləri qəhrəman edə bilərəik.

- Deməli, bugünki cəmiyyət və ədəbiyyatımızın inkişaf tempini nə isə ləngidir?

- Adam lazım olanda evdə arvada yaltaqlanır ki, işi yaxşı keçsin. Bu əslində cəmiyyətə ziyan eləmir. Amma onun ziyanına olan məddahlığın hesabı sabah çəkiləcək. Buna görə də biz ziyalılarımızı qiymətləndirməliyik. Şəxsi mənafeyə görə Rüstəm İbarimbəyov kimi şəxsiyyətləri satmaq torpağı satmaq kimi bir şeydi.

“Çəkməçi yamadığı çəkmədən pul aldığı kimi, yazıçı da yazdığı əsərdən pul qazanmalıdır”

- Çağdaş ədəbi prosesdə sizi qane etməyən cəhətlər hansılardı?

- Öz dövrümüzlə müqayisə edirəm. Bizim dövrümüz hara, indi hara. Çəkməçi yamadığı çəkmədən pul qazandığı kimi, yazıçı da yazdığı əsərdən pul qazanmalıdı. Sovetin vaxtında nəşriyyat , “qlavlit”, senzura, həmçinin dövlət planlaşdırması var idi ki, əsəri layiq olduğu halda çap edib haqqın da verirdilər. Bu gün isə o prinsip yoxdu. Nəşriyyatlar guya var, ancaq onlar da qonarar vermir. Bu gün gənc yazıçının ümidi nəyədir? Yalnız “Ulduz” və “Azərbaycan” jurnalları qonarar verir.

- Çıxış yollarını nədə görürsüz?

- Bu gün Azərbaycanda gənclik tipində bir nəşriyyat olmalıdı. Gənc yazıçıların həyat tərzlərinin yaxşılaşdırılmasını, onları dilənçilikdən xilas olmasını istəyiriksə, onlar üçün xüsusi bir dövlət nəşriyyatı ayrılmalıdır. Həmçinin orda da ciddi adamlar oturmalıdır. Gənclərin əsərləri də həmin adamaların rəyini aldıqdan sonra çapa verilmədlidir. Bu minvalla heç olmasa hər 5 ildən bir yazıçının əsərini çap edib misrasina 1 və ya 2 manat qonarar verməklə onu yaşatmaq lazımdı. Bu cavanlar niyə səslərin çıxarırlar? Niyə söyürlər? Adam ağrıyanda danışar da... Axı sən də bir maraqlan gör bu niyə ağlayır? Nədir bunu ağrıdan? Nə vaxt bunu dedin və o sənə sağol demədi?

- Problemlərdən xeyli danışdıq. Çağdaş ədəbi prosesdə sizi qane edəcək nəsə varmı?

- Bugünkü ədəbiyyatda xof yoxdur, sərbəstlik azadlıq var. Lakin bu kifayət deyil. Bu gün azad yazan adamların haqqı ödənməlidir ki, onlar öz işlərini görə bilsinlər. Əgər mənə azadlıq verib ac saxlayacaqsansa, elə azadlıq nəyimə gərək? Ondansa zindana apar gündə çörəyimi ver. İndikilər cəsarətlə yazırlar. Sözlərini deyirlər. Mən gəncləri oxuyuram.

- Kimləri oxuyursuz?

- Lap gənc yazarları mətbuatdan və internet saytlarından oxuyuram. Aralarında Sevinc Çılğın, Qismət, Habil Yaşar, Qılman İmanlı kimi imzalar yadımda qalıb.

- Onlara hər hansı iradınız varmı?

- Onlar bu gün yazıçıdan çox oxucu olmalıdır. 60-cı illrədəki nəsli daha dərindən oxusunlar. Bəzən özlərindən müştəbehlikləri də olur. Amma bu xalqın Nizamisi, Füzulisi, Səməd Vurğunu  var. Bu xalqın ədəbiyyatı güclü olub və həmişə də güclü olacaq! Amma buna qayğı da lazımdı.

- Onlara sonuncu ustad məsləhəti verərdiz. Yazı necə yazılmalıdı?

- Ancaq ilham pərisinin gəldiyi an yazı yazsınlar. Mən əks halda heç adi informasiya da yaza bilmərəm!

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir