Modern.az

Oğlunun ölümünə dözməyən sənətkar - Unudulmayan SƏS

Oğlunun ölümünə dözməyən sənətkar - Unudulmayan SƏS

7 Noyabr 2021, 11:43

“Sən - ey uşaqlıq”, “Yadındamı, ötən günlər?”, “Qaytar mənim eşqimi”, “Kimsən sən?” kimi dillər əzbəri olan mahnıların əvəzsiz ifaçısı Oqtay Ağayev...
O, heç kimə bənzəmirdi... Həzin, şirin səslə oxuduğu mahnılar hələ də qulaqlarda səslənir.

Bu gün Oqtay Ağayevin doğum tarixidir.

Modern.az-ın məlumatına görə, Oqtay Cəfər oğlu Ağayev 7 noyabr 1934-cü ildə Bakıda dünyaya gəlib. O zaman babası Bəhram Ağayev Ədalət Partiyasının sədri olub. 1937-ci ildə partiyanın digər üzvləri kimi, onu da “xalq düşməni” adıyla sürgün ediblər. Digər "xalq düşmənləri" kimi onun da ailəsinin başına müsibətlər gəlib. Bütün var-dövlətləri, evləri əllərindən çıxandan sonra Bəhram Ağayevin ailəsi babalarının İçərişəhərdəki evində qalmalı olub.

O.Ağayevin uşaqlıq illəri müharibə dövrünə təsadüf etdiyi üçün çox çətin keçib. Anası Həlimə xanım əslən Lənkərandan, atası Cəfər kişi isə Cənubi Azərbaycandan idi. Valideynləri Bakıda - orta məktəbdə oxuyarkən tanış olmuşdular. Oqtay ailənin böyük uşağı idi. Bu ailədə Oqtaydan savayı onun iki bacısı – Tamilla və Ofeliya, bir qardaşı - Etibar da böyüyürdü. 

Sənətkar musiqini uşaqlıqdan sevib. 1953-cü ildə Asəf Zeynallı adına Musiqi texnikumuna daxil olub. Müəllimi Sofya İvanovna Xalfen olub. Sofya xanım Oqtaya vokalın sirlərini öyrədib, onun vokalist kimi inkişafında böyük zəhmət çəkib.

Əsgərlikdən qayıdandan sonra O. Ağayev Firudin Mehdiyevin sinfində təhsilini davam etdirib. Firudin Mehdiyev konservatoriyada ölməz Bülbülün sinfini bitirmişdi və texnikumda dərs deməyə başlamışdı. O. Ağayev Azərbaycanda olan iki böyük estrada orkestrinin hər ikisində solist kimi fəaliyyət göstərib. 1970-ci ilə qədər Rauf Hacıyevin, 1984-cü ilədək isə Tofiq Əhmədovun rəhbərliyilə Radio və Televiziya Estrada Orkestrinin solisti olub.

1960-lardan 1990-laradək Azərbaycan Radio və Televiziya Estrada Orkestrinin konsertini Oqtay Ağayevsiz təsəvvür etmək mümkün deyildi.

O.Ağayev dünyanın bir sıra xarici ölkələrində (Əlcəzair, Mərakeş, Polşa, Çexoslovakiya, Bolqarıstan, Rumıniya və s.), keçmiş SSRİ-nin bütün respublikalarında qastrol səfərlərində olub, Kreml Sarayında 11 konsert verib.

1968-ci il Moskva səfərində “Camayka” mahnısını ifa etdikdən sonra dinləyicilər onu səhnədən buraxmırlar. Bu ifaya görə “Şərəf” nişanı ilə də təltif olunur. Rusiyanın mədəniyyət naziri Furtsova Ağayevlə görüşü zamanı ona Moskvada qalmağı və yaradıcılığını burada davam etdirməyi təklif edir. Lakin o, Bakıdan və ailəsindən ayrı qala bilməyəcəyini deyib ölkəsinə qayıdır.

Yeri gəlmişkən, məhz həmin hadisə zamanı - “Camayka” mahnısının ifasına görə vaxtilə yaxın dostlar olmuş Oqtay Ağayevlə Rəşid Behbudov arasında münasibətlər pozulub.

1968-ci ildə Moskvaya gedən azərbaycanlı sənətkarlardan ibarət nümayəndə heyətinə Rəşid Behbudov edirdi.

Deyilənə görə, Rəşid Behbudov konsertdən əvvəl Oqtay Ağayevə deyir ki, məşhur italyan mahnısı "Camayka"nı oxumasın. Deyilənə görə, Robertino Lorettinin ifasında sevilən bu mahnının keçmiş SSRİ-də ən yaxşı ifa edən məhz Oqtay Ağayev imiş. Oqtay Ağayev Rəşid Behbudovun fikri ilə razılaşır və başqa mahnı oxuyur. Amma mahnı bitən kimi zaldakılar "Camayka!", "Camayka!" qışqırırlar və Maestro Niyazi gənc Oqtay Ağayevdən həmin mahnının oxumasını istəyir. Oqtay Ağayev isə Niyaziyə bildirir ki, Rəşid Behbudov onun bu mahnının oxumasını istəmir. Uzun müzakirə və mübahisədən sonra Oqtay Ağayev "Camayka"nı oxuyur və zal aşıb-daşır, sənətkar alqışlanır.
Məhz bu hadisədən sonra Rəşid Behbudovla Oqtay Ağayevin münasibətləri pozulur.

Digər bir məlumata görə, 1972-ci ildə Rəşid Behbudov Oqtay Ağayevi öz teatrına dəvət edir. Söhbət əsnasında Behbudov Ağayevdən estrada orkestrinin solisti kimi nə qədər məvacib aldığını soruşur. Ağayev bildirir ki, 200 rubl alır. R.Behbudov ona daha çox əməkhaqqı vəd etsə də, Oqtay təklifi qəbul etmir. Bundan sonra isə sənətkarların münasibəti bir qədər də gərginləşir.

O.Ağayev kino sənətində də fəaliyyət göstərib. Vaqif Mustafayevin ""Yapon" və yaponiyalı" filmində milis rəisi rolunda çəkilib. "O qızı tapın", "Dağlarda döyüş" və başqa filmlərdə mahnılar ifa edib. Oxuduğu mahnıların 200-dən çoxu lentə yazılıb.

1990-cı illərdə Azərbaycanda vəziyyət gərginləşir və bu durum sənətkarların da yaşayışına pis təsir edir. Amma nə qədər çətin olsa da, dolanmaq, ailəni saxlamaq lazım idi. 1991-ci ildə Oqtay Ağayev bir vaxtlar solisti olduğu Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında qarovulçu işləməyə məcbur olur.

Oqtay Ağayev fəxri adı çox gec alıb - 2000-ci ilin yanvarında. Bu zaman isə artıq sənətkarın 66 yaşı vardı və səhnə fəaliyyətindən demək olar ki, uzaq düşmüşdü.

O, birbaşa “Xalq artisti” adını alan üç nəfərdən biri kimi musiqi tariximizə düşüb.

Oqtay Ağayev əslən Leninqrad şəhərindən olan Nadejda Konstantinovna ilə ailə qurub. Nadejda onun pərəstişkarı olub, onlar Tacikistanda tanış olublar.
Düşənbədəki qastrol zamanı baş verən tanışlıqdan sonra Oqtay Ağayev Nadejda Konstantinovnanı qatarla qaçırıb Bakıya gətirir və burada ailə qururlar.
Cütlüyün bu nikahdan bir oğlu olur və adını Rəşid qoyurlar.

Oqtay Ağayevin oğlu Rəşid atasından bir il əvvəl dünyasını dəyişir. Böyrəyi və ağ ciyəri xəstə olan Rəşid rəhmətə gedəndə 44 yaşı var idi.

Oğlunun ölümü sənətkara çox pis təsir edir. O hadisədən sonra müğənninin əziyyət çəkdiyi ürək-damar xəstəliyi bir qədər də şiddətlənir:

Ürək-damar xəstəliyindən əziyyət çəkən xalq artisti Oqtay Ağayev 2006-cı il, noyabrın 14-də vəfat edib. Onu Fəxri Xiyabanda deyil, Yasamal qəbirstanlığında  - anasının yanında torpağa tapşırıblar.

Sənətkarın ölümündən bir neçə il sonra həyat yoldaşı Nadejda xanım da rəhmətə getdi. Amma Nadejda xanım Oqtay Ağayevin yanında deyil, Qurd Qapısı yaxınlığındakı qəbristanlıqda dəfn olundu.

Oqtay Ağayevin ailəsindən bircə nəvəsi qalıb – mərhum oğlu Rəşidin qızı... 

Oqtay Ağayevin mahnıları bu gün də sevə-sevə dinlənilir...  Onun Azərbaycan kinofilmlərində ifa etdiyi mahnılar tamaşaçıya sanki canlı obraz təsiri bağışlayır. Onun ifalarını diblədikcə. Səsinin səhrinə düşürsən...

“Qaytar mənim eşqimi”, “İçərişəhər”, “Ötən günlər”, “Səni məndən soruşdu”, “Sənin bircə təbəssümün”, “Eşqimin bəxti”, “Bir səhər”, “Sevgilim”, “Mənim gənclik məhəbbətim”, “Ağ paltardasan”, “Məhəbbət qocalmaz”, “Sən danışanda”, “Körpə nəfəsi”, “Azərbaycan gözəlləri”, “Həyat eşqi”, “Şəhər qatarı”, “Çiçəklər sevinsin”, “Ana gözləri”, “Sən ki mənim özümdəsən”, “Qarabağın gözəlləri”... və daha neçə-neçə ifalar...


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir