Dəyərli oxucuların diqqətinə təqdim olunan zəfər şeirləri istedadlı şair Ramiz Kərəmə məxsusdur. Əslində, ədəbiyyatımızda əsl poetik nümunələr yaratmış Ramiz Kərəmi oxuculara xüsusi təqdim olunmalı deyil. Çünki o,1980-ci ildən bəri Azərbaycan poeziyasına öz töhfələrini verib.
R.Kərəm 1980-ci illər ədəbi nəslinin ən istedadlı nümayəndələrindəndir. Onun şeirləri müntəzəm olaraq “Azərbaycan” və “Ulduz” jurnallarında çap olunub. O, ədəbiyyatımızda özünəməxsus dəst-xəttə, fərdi üsluba malikdir. Öz müşahidəsi, duyğu-düşüncəsi ilə fərqlənən, dünyanın məğzinə, insanın mahiyyətinə varan bir şairdir. Poeziyası öz səmimiyyəti, xalq ruhunun intonasiyası ilə seçilməklə yanaşı, məzmun və mündəricəsində bəşəri duyğuları təcəssüm etdirir. Yaradıcılığında müasir Azərbaycan ədəbi dilinin yeni ifadə çalarları və poetik dilin zənginliyinin şahidi oluruq. “Bütün sevdiklərim, unutduqlarım”, (“Avropa” nəşriyyatı, Bakı, 2007), “Mən sözdən asıldım”, (“Vətənoğlu” nəşriyyatı, Bakı, 2015), “Sərçə qanadında qurğuşun yükü”, (“Zərdabi”nəşriyyatı, Bakı, 2020) şeir kitablarının müəllifidir. Ancaq etiraf edək ki, onun özünün son dərəcə təvazökarlığından bu gün geniş ictimaiyyət onu kifayət qədər tanımır. Bu səbəbdən oxuculara onun haqqında qısa ensiklopedik məlumat verməyi vacib bildik.
Ramiz Kərəm oğlu Ələkbərov 1961-ci ilin mayın 22-də Gədəbəy rayonunun Ataxal kəndində anadan olub. 1977-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olub, 1981-ci ildə oranı bitirib. 1981- 1985- ci illərdə Saatlı, 1985-2006-cı illərdə Gədəbəy rayonunda dil-ədəbiyyat müəllimi işləyib. 2010-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb, 2015-ci ildən institutun Şəki bölməsinin rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
Onu da xüsusi olaraq qeyd edək edək ki, Vətən torpaqlarının erməni işğalından azad olunmasının ildönümünü görmək istedadlı şairimizə nəsib olmadı. Belə ki, amansız ölüm onu 15 dekabr 2020-ci ildə əbədiyyətə qovuşdurub.
Xeybər Göyyallı
ZƏFƏR ŞEİRİ
Qalx ayağa, qoca tarix,
qalx ayağa, qarı düşmən,
Min illərin o başından
bu dünyanın Türkü gəlir.
Əllərində qılınc-qalxan,
dodağında türkü gəlir.
Ayağında dəmir çarıq,
çiynində boz kürkü gəlir.
Qalx ayağa, haqsız dünya,
gözün haqqı görsün bir də.
Bu zəfərin izi vardı
Sən gördüyün min illərdə
Günbatandan gündoğana,
tappır-tappır gedən atlar,
gumbur-gumbur gərənaylar,
yadındamı, qoca tarix?!
Tanıdınmı, qoca tarix,
sənin hər səhifənə
qırmızı hərflərlə
müjdələr yazan Türkü?!
Bayrağının eşqinə
yağıya qan udduran,
səfləri pozan Türkü.
Qovğalarda sədlər yaran,
dinclikdə ozan türkü.
İndi də çox gözəldi,
“dam-daram-dam” ritminin
möhtəşəm sədaları.
Kəlbəcər də, Laçın da,
Ağdərə də, Şuşa da-
bizimdir nidaları.
Şəhidlər də, zəfər də,
bu sevinc də, kədər də-
bizimkidir, ana yurd.
Biz kədərlə sevinci
həmişə qoşa gördük.
Əziz günümüzdə də
Verib baş-başa, gördük.
Sınmadıq, əyilmədik,
Çox şükür bu günü də
Gördük, ey Vətən, yaşa!
12.11.2020.
Qeyd:”Zəfər şeiri” 2020-ci ildə Türkiyə Cümhuriyyətində dərc olunan “Hece taşları” aylıq şeir dərgisinin Azərbaycanın Qarabağdakı qələbəsinə həsr olunmuş xüsusi buraxılışında dərc olunub.
8 NOYABR
8-i Noyabr Şuşa günüdü
təqvimdə düzəliş.
dualarda yenilik günü.
Biz bu duaları üzü göylərə
hər gün pıçıldadıq,
Vətən və Azadıq eşqinə.
8-i Noyabr
duaların qəbul olunduğu,
Tanrı lütfünün yerə endiyi gün,
Şəhid ruhlarının
bayraqlıq parçadan
bayram paltarı geyindiyi gün.
8-i Noyabr
Heyrətim, inamım, qürurum,
bir az da heyranlığım.
Biz Şuşaya qayıtdıq, Şuşa bizə qayıtdı.
Sənə şükür olsun,ya inandığım!
08.11.2020. .