Modern.az

Azərbaycanın bankir qadını: “Kişi olsaydım, daha qabağa gedərdim…” - MÜSAHİBƏ

Azərbaycanın bankir qadını: “Kişi olsaydım, daha qabağa gedərdim…” - MÜSAHİBƏ

29 Noyabr 2012, 11:07

“Qadınlarımızda çox pis dəyişikliklər gedir...”


“Kənardan baxanlar mənə bəxtəvər deyir...”

O çox maraqlı qadındır. Yumşaqlıq və zəhm, səmimilik və rəsmiyyət, emosiya və təmkin bu qadında çox gözəl  sintez olunaraq mükəmməl xarakter yaradıb. Ən əsası isə məni 25 ildir rəhbər vəzifələrdə işləyən bu qadının kəndli sadəliyini tamamilə qoruyub saxlaması təəcübləndirir. Modern.az saytının “Sahibkar qadınlar“ adlı rubrikasında müsahibimiz Nikoil bankın 5 saylı filialının direktoru Mahirə Qurbanovadır.

- Bank sistemində neçə ildir çalışırsınız?

- Bank sistemində çalışmağım 25 ildir. Amma bu kollektivlə 3 ildir calışıram.

- Bu peşəni seçməyiniz nə ilə bağlı olub?

- Uzaq dağ rayonunda - Göycə mahalının Ardanış kəndində doğulub böyümüşəm. Görürdüm ki, kəndin ən hörmətli adamı hesabdardır. Mən də ona baxıb həvəsləndim. O vaxt bu peşəni oğlanlar seçərdilər. Mən də oğlan təbiətli olduğuma görə bu peşəni seçdim. Kənddə ziyalı bir ailənin qızıydım. Atam müəllim idi, anam kolxozda işləyirdi, yeddi bacı-qardaş idik. Hamımız institut bitirmişik. Evin kiçiyi olmuşam. 8-ci sinifdə oxuyanda anamı itirdim. O vaxta qədər dünyanın ancaq qırmızı rəngdə görürdüm, sən demə həyatda başqa rənglər də varmış, o cümlədən qara.
Hamı deyirdi ki, sən daha texnikuma get. İnstituta getsən, sənin ücün çətin olacaq. Mən isə məktəbi bitirən kimi o vaxtın ən nüfuzlu ali məktəblərindən biri olan Xalq Təsərrüfatı İnstitutuna daxil oldum. Düzdür əziyyətli oldu. Axsam oxudum, gündüzlər işlədim. Amma hər şeyin başında əziyyət durur...
Biz saf bulaq suyu, dağ suyu içmişik. Saf şirin suda qızıl balıq yetişir. Uca daglar qoynunda böyümüşük. Ona görə bir az çılğınlığım da, küsəyənliyim də var. Dikliyim, əyilməməzliyim də var. Bəlkə də xasiyyətimdə o şeylər olmasaydı, daha qabağa gedərdim. İndi isə hələki bu səviyyədə dayanmışam... Mən institutu bitirənə kimi kəndimiz dağıldı, kəndə qayıda bilmədim. O vaxt Dövlət Sığorta İdarəsində iqtisadçı kimi əmək fəaliyyətinə başladım. Sonra baş mühasib, sonra direktor müavini. Amma bank sektorunda çalışmağa çox böyük istəyim var idi. İnstitutu bitirən zaman da bank sistemi genişlənməyə başladı. Mən o vaxt Aqrar Sənaye Bankına işə düzəldim. Ondan sonra Turan Banka getdim. 16 il orda çalışdım. Axırda Nikoil bankın bu filialına gəldim.

- Qərbi Azərbaycandan olmağınız karyera qazanmağınızda rol oynayıbmı?

- Hec bir rol oynamayıb. İlk iş yerimdə tamam yad bir adamın yanında çalışmışam. Əvvəl işlədiyim Aqrar Sənaye və Turan Bankın rəhbərləri  də Qərbi Azərbaycandan deyildilər. Bu bankın rəhbəri isə rusdur. Mənim Qərbi azərbaycanlı olmağım, düzdür, fəxrimdir, amma karyera qazanmağımda heç bir rol  oynamayıb. Əksinə, bəzən Qərbi azərbaycanlı oldugum üçün işə götürməyiblər, səviyyəsiz insanlarla dalaşmalı olmuşam. Eyni zamanda Qərbi azərbaycanlıdır deyə, kimlərisə seçim, ayrı seçkilik edim- belə şey yoxdur məndə. İnsanı doguldugu yerə görə yox, aglına, qabiliyyətinə görə seçərlər. Məni tanıyanlar bilir ki, hamıya qarşı mərhəmətliyəm.  Həyatda məni rahatlayan bir şey kiməsə kömək eləməkdir. Əgər o ona layiqdirsə, fərqi yoxdur, Qərbi azərbaycandan olsun, ya başqa zonadan.


- Həyat yoldaşınız yazıçı İsmayıl Qarayevin oğlu tanınmış naşir Qoşqar Qarayev olub. Onunla necə olub ailə qurmağınız?  

- Bu tanışlıq bankda olub. Turan Bankda işləyən zaman o da artıq mətbəə sahibi idi. Azərbaycanda ilk özəl nəşriyyatlardan biri olan QAAP POLİQRAF QTSC bizim bankda hesab açmışdı və biz də məətbəə işlərini ona sifariş edirdik . İşlə bağlı münasibət qurmuşuq. Get-gedə dost olmuşuq. Dostluğumuz sevgiyə çevrilib, ailə qurmuşuq. 3 övladımız var.

- İndi tək çətin olar sizinçün...

- Çox çətindir. Amma mən həyatda çox çətinlik görmüşəm deyə, heç nədən qorxmuram. Sadəçə olaraq onun yoxluğunu qəbul edə bilmirəm. Bəlkə də kənardan baxanlar bəxtəvər, xoşbəxt deyir mənə. Mən ürəyimi heç kimə açan deyiləm... (Susur. Söhbətin istiqamətini dəyişirəm).

- Azərbaycanda iş qadını üçün şərait necədir?

- Məncə normaldır şərait. Çünki əgər bir uzaq dağ kəndindən gəlmiş qız bu gün burda işləyə bilirsə, deməli, daha çox insanın özündən asılıdır. Yəni iş qurmaq, işləmək doxsan faiz insanın özündən asılıdır. Yalnız yerdə qalan on faizi ətrafdan asılıdır. Məncə Azərbaycanda iş qurmaq qadın üçün elə də problem deyil. Mən bir qadın kimi elə bir problem görməmişəm.

- Sizin iş qurmağınızda, karyera qazanmağınızda həyat yoldaşınızın rolu olub?

- Əlbəttə, o olmasa mən bu gün burda olmazdım. Bütün bu şəraiti, bu işi o qurub. Özbaşına bu işi qura bilməzdim. Düzdür, hərdən mənə deyirlər kişi xarakterlisən, beləsən, eləsən... Ancaq qadın yanında yaxşı yoldaş, yaxşı kişi olanda kişi olur. Elə şeylər var ki, qadın nə qədər kişi xarakterli olsa da, o həddi keşə bilmir. O həddi gözləməli olur həmişə. Mən də elə bir insanam ki, hər zaman hərəkətlərimə diqqət edirəm. Gənc yaşlarımda hərəkətlərimi ölçərdim ki, deyərlər anası yoxdur. İndi də hər zaman Qoşqarın gözüylə baxıram özümə ki, mən belə eləsəm, o narazı olardımı, razı olardımı? Ona görə qadının həmişə hardasa bir baryer var qarşısında, bir hədd var. O həddi keçə bilmir. İşgüzar qadın olsun, ev qadını olsun. Mən daha çox iş adamı olsam da, evimə getdimmi, ev qadınıyam. Mənim uşaqlarım başqa adam bişirdiyi yeməyi yemir. Ancaq gərək özüm hazırlayam. Mən də bu gün uşaqlarımçün yaşayıram.

- Azərbaycan mentaliteti necə, iş quran qadına mane olurmu?

- Bayaq dediyim kimi bir çərçivə var, o çərçivəni qorumalı olursan. Daha qabağa gedə bilərsən, amma o çərçivəni qoruduğuna görə indiki statusunla razılaşmalı olursan. Bəlkə də kişi olsaydım, daha irəli gedərdim.

- Son vaxtlar bax bu mentalitet məsələsiylə bağlı müzakirələr, mübahisələr aparılır. Kimsə hesab edir ki, mentalitet lazımsız bir şeydir və ya orada xüsusilə də qadının azadlığını boğan, onun inkişafına mane olan çox şeylər var...

- Mən bu fikirlə razı deyiləm. Qadının qadın çərçivəsi var, kişinin kişi. Onda qurban olduğum yaradanda elə ikisini də ya qadın yaradardı, ya da kişi.  Hər halda Quranda da qadının öz cavabdehliyi, kişinin öz cavabdehliyi var. Mən mentaliteti hər zaman qorumağın tərəfdarıyam.


- Yəni hətta işinizə mane olsa belə...

- Bəli, hətta işimə irəli getməyimə mane olsa belə, mən onu qorumağın tərəfdarıyam.

- Amma razılaşın ki, mentalitetimizdə doğrudan lazımsız şeylər çoxalıb. Məsələn, kürəkənə maşın, qızıl əşyaları bağışlamaq kimi...

- O mentalitet deyil ki, onlar insanların özlərinin uydurduğu şeylərdir. Vallah, mən nə cehiz aparmışam, nə qızıl almışıq. Bir yerdə birləşib hər şeyi qurmuşuq.

- Əmək fəaliyyətinə başladığınız ilk illəri necə xatırlayırsınız?

- Əmək fəaliyyətinə başlayanda kənddən gəlmiş çox utancaq, çox qəribə qız idim. Təsəvvür edin ki, üç ay idi işləyirdim, hələ müdirimin adını bilmirdim. Baş idarədən zəng vurublar ki, filankəs müəllim ordadır ? Qızlardan soruşdum ki, filankəs müəllim kimdir, telefondakı hirsləndi ki, necə yəni sən müdirini tanımırsan? Ya da ki, iş yoldaşlarım maaş alanda oğlanların yanında sevincək deyirdilər ki, pulumuzu aldıq. Qəribə gəlirdi mənə. Deyirdim, utanmırlar ey, oğlanların yanında deyirlər ki, pul aldıq. Sonradan hər şey adiləşdi.  Bəzi xasiyyətlərim hələ də qalıb.                                                 
Hələ də sevdiyim, hörmət elədiyim insanlara ürək sözlərimi deyə bilmirəm. Bu yaşa gəlmişəm, amma o xasiyyətim uşaqlıqdan başımda qalıb. İstəmədiyim adamla dalaşa bilərəm, amma tutaq ki, hörmət elədiyim bir adama rəhbərlikdədir deyə, ürək sözümü söyləyə, minnətdarlığımı bildirə bilmirəm. Birisi bunu saymamazlıq sayır, birisi yekəxanalıq. Amma yaxından tanıyanda başa düşürlər ki, bu sadəçə utancaqlıqdır. Bununla belə bu xasiyyətim mənə problem yaradır.  

- Siz həm də xarici görünüşünüzdə kənd sadəliyini saxlamısınız. Bu mühafizəkarlıqdır, yoxsa imic?

- Bunu yoldaşım istəyib, mən də saxlamışam. Bundan sonra da əgər yoldaşım yoxdursa, mən bu görkəmimi dəyişə bilmərəm. O məni necə görmək istəyib, ölənə kimi də elə olacam. Hər bir hərəkət edəndə istəmirəm ki, onun ruhu incisin. Yəni yenidən dəyişə bilmərəm.

- Azərbaycanda bankçılıqla bağlı nə deyə bilərsiniz?

- Azərbaycanda bankçılıq da başqa sahələr kimi inkişaf edir. Son vaxtlar bankların nizamnaməsini bir qədər sərtləşdiriblər. İndi yəqin ki, banklar da bir az silkələnəcək, təmizlənəcək, ən yaxşıları qalacaq.

- Sizin bank da yaxşı cıxacaqmı bu sınaqdan?

- Bəli. Bizim bank da prosesdən yaxı çıxa biləcək.

- Azərbaycanda kredit faizlərinin yuxarı olmasının səbəbi nədir?

- Banklarda kredit faizləri fərqlidir. Hər bank müxtəlif mənbələrdən pul cəlb edir. Kim ucuz cəlb edirsə, kredit faizi aşagı olur, yuxarı cəlb edirsə, əlbəttə, bir qədər yüksək olur. Dediyim kimi nizamnamə fondu artdıqca,  kredit faizləri aşagı düşəcək

- Mətbəəniz də var. Eşitdiyimə görə, bir müddət öncə satmaq istəmisiniz o mətbəəni. Necə oldu aqibəti?

- Bəli. Mətbəəmiz də var. Onu da yoldaşım min bir zəhmətlə qurub yaratdı. Hər şey hazır olanda rəhmətə getdi. Həmin mətbəəni az qala su qiymətinə satmaq istədim, sata bilmədim. Yəqin Allah-təala icazə vermədi. Bir az kredit götürmüşdük, istəyirdim mətbəəni satam, krediti bağlayam. Lakin dediyim kimi, mətbəə satılmadı. Evimiz plana düşdü, hökumət o evin pulunu ödədi və mən krediti ödədim. Yəqin Allah belə məsləhət görübmüş. Şükür, indi mətbəə də işləyir. Yoldaşım o vaxt “Molla Nəsrəddinin” köhnə cildini götürdü və restavrasiya elədi. 7 cild nəzərdə tutulmuşdu. Amma elə oldu ki, 8 cild əmələ gəldi. Yoldaşımdan sonra mən o cildi hazırlatmışam. Vermişik Elmlər Akademiyasına. Yəni ki, hamını yanında alnımız açıq, üzümüz ağdır. Heç kimə də borcumuz yoxdur. Düzdür, çox şeylər danışdılar, çox şeylər uydurdular. Guya bizim böyük miqdarda borcumuz var. Amma şükür Allaha ki, belə deyil. Xeyli çap olunmuş kitablarımız var, gələn il o kitabları da pulsuz olaraq kitabxanaya hədiyyə edəcəyəm.


- Şansa inanırsınız?

- İnanmağına inanıram. Amma deyim ki, tək şansla irəli getmişəm, yox. O şansın yanında mənim öz zəhmətim olub. Mən qarşımdakını mənə ana, bacı dedizdirməyi bacaran bir insanam. Çox kişik yaşlarımdan hadisələri analiz edib nəticə çıxarmağı və buna uyğun addım atmağı bacarmışam. Ona görə də deyim ki, yalnız şansla irəli getmişəm, bu düz olmaz. Bəlkə də xoşbəxtlikdən, ya sizin dediyiniz kimi şansdandır, Aqrar Sənaye Bankında,  sonra Turan Bankda Məmməd Musayevlə işləmişəm. Mən o insandan atalıq qayğısı görmüşəm. Mənim ən böyük şansım da bu olub ki, yaxşı insanlara rast gəlmişəm. Bir tərəfdən isə ağıllı qərarım da onunla bağlı olub ki, harda ki görmüşəm  pul hörməti, ləyaqəti üstələyir, hətta milyon qazancım da ola bilərdisə, qalmamışam, uzaqlaşmışam ordan.

- Vəzifədə qalmağın xüsusilə də qadın üçün müasir meyarları var deyirlər...

- ...bax, onları eləmədiyim üçün bu gün aşağı yerdə otururam. Yəni mən öz potensialıma və qarşıma çıxan şanslara görə deyirəm bunu. Onları eləsəydim, bir az da yüksəkdə otura bilərdim. Yox, onlar mənlik deyil. Amma var elə şeylər.  Elə şey olub ki, görmüşəm intriqa var, böyük yerimi qoyub, gəlib bu balaca yerdə oturmuşam. Elə şeydən qaçıram. Görürəm hansısa bir ocaqda – yəni iş yeri də bir ocaqdır- haramçılıq var, ordan uzaqlaşıram. Yaltaqlanmaq, xəbər aparıb-gətirmək, kiməsə duzaq qurmaq, elə şeylər mənlik deyil.

- Mətbuatı izləyirsiniz?

- Bəli, mütləq. Modern az, Qafqazinfo sevdiyim saytlardır. Amma saytlar da son vaxtlar sanki bir-birinin təkrarıdır. Yeni bir şey yaratmaq lazımdır.

- Aha? (Gülürük)

- Hə, elə bir fikrim var. Bir qadın jurnalı və bir də sayt yaratmaq istəyirəm. İnşallah martdan sonra reallaşdırmağa çalışacam bu istəyimi. Fanatı oldugum işimi də sərbəst, bank olmayan kredit təşkilatı yaratmaqla davam etdirmək istəyirəm gələcəkdə.

- Yoldaşınız yazıçı İsmayıl Qarayevin oğlu olub. Tanınmış naşir olub. Və sözsüz ki, mətbuatda, eyni zamanda tanınmış insanlar içərisində dostları çox olub. O dostlar maraqlanırmı heç onun ailəsi ilə?

- Yox, heç kim maraqlanmır. Hətta əvvəllər bizim mətbəəyə sifariş edənlər də başqa yerlərə üz tutdular onun ölümündən sonra. Dekabrın 5-də İsmayıl Qarayevin 85 illiyidir. Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Görək yadlarına düşəcək?  Hər halda köhnə yazıçılar hamısı onu tanıyır.  Fikirləşirəm ki, əgər Qoşqar sag olsa idi, tamam başqa cür, bəlkə də dövlət səviyyəsində keçirilərdi İsmayıl Qarayevin yubileyi.

- İndi mətbəəni kim işlədir?

- Bacım oğlu. Bir azdan da inşallah oğlum Güvənc böyüyəcək. Yəqin ki, atasının işini davam etdirəcək. Amma mən... gedə bilmirəm o mətbəəyə. Ayağımı belə qoya bilmirəm...

- Son vaxtlar qadınlarımızın inkişafı hansı istiqamətdə gedir? Müsbət, ya mənfi?

- Məncə mənfi. Elə şeylər görürəm ki... Yox, yalandan deyə bilməyəcəm ki, qadınlarımız yaxşı istiqamətdə dəyişiblər. Çox pis dəyişiklik gedir və bu məni də bir azərbaycanlı kimi, xüsusilə də iş adamı olan bir qadın kimi narahat edir. Əlbəttə bunu bütün xanımlara şamil etmək olmaz. Çox qeyrətli, hünərli, agıllı xanımlarımız var.

- Bildiyimə görə siyasi fəallığınız da olub...

- Bəli, çoxları ulu öndərimizin adını çəkə bilmədiyi dövrdə mən yaş həddinin götürülməsi ilə baglı mitinqlərdə iştirak etmişəm. Qanlı 20 yanvar hadısələrının canlı şahidiyəm. Millətim üçün xalqım üçün canımı verərəm. Xalqımı çox sevirəm.


Qızılgül Abdinova    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi