Modern.az

“Bəzi QHT-lər etiraz bildirə bilər, amma niyə biz bunu etməyək?” - QHT Şurasının sədri

“Bəzi QHT-lər etiraz bildirə bilər, amma niyə biz bunu etməyək?” - QHT Şurasının sədri

Qarabağ

29 Noyabr 2012, 13:09

“Prezident İlham Əliyev bu ilin may ayında Şuranın əsasnaməsinə müvafiq dəyişikliklər etdi və həmin dəyişikliyə əsasən, Şura xaricdə fəaliyyət göstərən QHT-lərin bu və ya digər layihələrinə maliyyə ayırmaq səlahiyyəti qazandı”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, bununla bağlı müəyyən təkliflər var, çünki buna müəyyən mənada ehtiyac var.
“Bu gün Azərbaycanın milli maraqlarını təkcə ölkənin daxilində deyil, həm də xaricində qorumaq lazımdır. Bununla bağlı mövcud bir təcrübə var. Deyək ki, ABŞ-ın, Almaniyanın, Norveçin, Fransanın, İsveçin, Yaponiyanın bununla bağlı təcrübəsi var. Onların Beynəlxalq İnkişaf Agentlikləri var və bu agentlik vasitəsilə ölkələrdən kənarda olan layihələrə dəstək verirlər. Həmin dəstək vasitəsilə öz milli maraqlarını təmin edirlər. Düşünürəm ki, bu gün Azərbaycanın iqtisadi, təşkilati, QHT-lərin bilik və bacarıqlarının artırılması baxımından kifayət qədər imkanı var. Dövlət Dəstəyi Şurası tam hazırdır ki, bu cür layihələri dəstəkləsin, maliyyələşdirsin və onun effektivliyini təmin etsin. Təsadüfi deyil ki, keçən il bizim şura Avropa Birliyinin maliyyə və təşkilati dəstəyi ilə keçirilən tədbirdə Avropanın ən qabaqcıl təcrübə modeli kimi qəbul olundu.  Bu bizə əlavə bir üstünlük verir ki, həm öz təcrübəmizi yayaq, həm də Azərbaycanın milli maraqlarına uyğun layihələrə dəstək verək”.

Şura sədrinin sözlərinə görə, bəzi QHT-lər buna etiraz edə bilər: “Deyə bilərlər ki, bəs daxildə bu qədər ehtiyacımız ola-ola niyə vəsaiti xaricə aparırsız?”.
Şura sədri bunun çox sadə bir cavabının olduğunu deyib: “Təəssüflər olsun ki, bir çox ölkələrin ictimaiyyətində Azərbaycanla bağlı doğru-dürüst məlumat yoxdur. Bu məlumatı bizim səfirlik və yaxud da orada fəaliyyət göstərən diaspora verəndə bunun o qədər də effekti olmur. Məhz həmin ölkənin vətəndaşlarından ibarət QHT-lər bu reallığı, gerçəkliyi, Azərbaycanla bağlı həqiqəti yerli ictimaiyyətə çatdıranda, onun daha böyük təsiri olur. Azərbaycan regionun əsas, aparıcı dövlətidir. Azərbaycanın kifayət qədər üstünlüyü olduğu halda, bir o qədər də problemləri var. Deyək ki, ərazi bütövlüyü məsələsi, qaçqınların problemlərinin həlli... Bunun istər-istəməz beynəlxalq güclərin iştirakı, xarici ölkələrin hər hansı bir formada töhfəsi olmadan həlli kifayət qədər mürəkkəb görünür. Bu baxımdan hesab edirəm ki, kifayət qədər imkanlarımız var ki, məhz Azərbaycana uyğun olan və ölkəmizin milli maraqlarına xidmət edən layihələrə dəstək verək. Bu baş tutsa, bizim bununla bağlı vəsaitimiz kifayət qədər olsa, niyə də biz Qara dəniz İqtisadi Əməkdaşlıq təşkilatına daxil olan ölkələrin QHT-lərinə bu dəstəyi verməyək. Bu çox realdır və faktiki olaraq Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələri Qeyri-Hökumət Təşkilatlarının I Forumunda bunun əsasını qoyduq. Məhz bu forumu Azərbaycanda təsis etmək, bir daha onu göstərdi ki, biz bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməyə, beynəlxalq layihələri həyata keçirməyə hazırıq və eyni zamanda üzv ölkələrin qeyri-hökumət təşkilatlarına da dəstək verməyə hazırıq”.

Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür