Modern.az

Üçtərəfli bəyanatın bu üç bəndi ilə bağlı irəliləyiş yoxdur

Üçtərəfli bəyanatın bu üç bəndi ilə bağlı irəliləyiş yoxdur

Analitika

10 Noyabr 2021, 16:11

10 noyabr üçtərəfli bəyanatın imzalanmasından bir il ötür: bu, XXI əsrin ilk kapitulyasiya aktıdır və Ermənistan yeni əsrə ilk təslimçi sülhə imza atan ölkə kimi düşdü.


27 sentyabrdan – müharibənin başlanmasından Şuşanın azad edilməsinə qədər Ermənistanın hərbi-siyasi rəhbərliyi cəbhədəki məğlubiyyəti boynuna almır, “taktiki geri çəkilmə” təbliğatını aparırdı. Tarixi Şuşa əməliyyatından sonra təslim olmağa məcbur oldu.


Videokonfrans formatında keçirilən imza mərasimində qalib Əliyevlə vasitəçi Putin iştirak edirdi. Noyabrın təxminən 4-dən “yoxa çıxan” Paşinyan mərasimdə də iştirak etmədi.


Və beləliklə, XXI əsrin hərbi-siyasi tarixində ilk baş verdi: Ermənistan liderinin iştirakı olmadan kapitulyasiyaya məcbur edildi.


9 bənddən ibarət olan 10 noyabr üçtərəfli bəyanatının əhəmiyyəti:


Birincisi, Azərbaycan bir güllə atmadan, şəhid vermədən üç böyük rayonu – Ağdamı, Laçını və Kəlbəcəri azad etdi: Ermənistan təslim olmasaydı Bakı bu ərazilərin azad edilməsi planını işə salacaqdı, lakin itkilərin daha çox olacağı da reallıq idi; Kəlbəcər və Laçının dağlıq relyefi, Ağdamın “mina şəhərinə” çevrilməsi böyük çətinlik vəd edirdi;


İkincisi, Rusiya ilə yanaşı, Türkiyə də bölgəyə gətirildi: Moskvanın gəlişi qaçılmaz idi, əks təqdirdə, müharibə və münaqişə bitməyəcəkdi; Bakı Rusiya qarşısında balans və alternativ yaratmaq üçün Birgə Monitorinq Mərkəzinin yaradılmasını reallaşdırdı; Mərkəzin fəaliyyəti bu gün hiss olunmasa belə, türk hərbçilərin bölgədə olması Azərbaycanın əlini gücləndirən mühüm amildir; bölgədə Türkiyə-Rusiya tandeminin formalaşması həm də Qərbin Emənistanın xeyrinə müdaxiləsinin qarşısını alır;


Üçüncüsü, Rusiya sülhməramlılarının çıxma müddətinin qeyd olunmasıdır: bəyanatda qeyd olunur ki, “Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”;
bu o deməkdir ki, Azərbaycan zamanı çatanda xitam verilməklə bağlı çıxış edə və sülhməramlıların çıxmasını tələb edə bilər; imzalanmış sənədlə yanaşı, Türkiyənin bölgədə olması Bakının belə tələb irəli sürə bilməsinin siyasi qarantıdır;


Dördüncüsü, azərbaycanlıların Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə qayıtmasıdır: bəyanatın 7-ci maddəsində qeyd olunur ki, “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır”; Bu, azərbaycanlıların Xankəndiyə də, Xocalıya da, Xocavəndə də qayıtmasının sənəddə təsbit edilməsidir.


Beşincisi, Zəngəzur dəhlizinin açılmasıdır: bu dəhliz Azərbaycanın Naxçıvana quru əlaqəsi əldə etməsi, o cümlədən, Türkiyədən Mərkəzi Asiyaya qədər uzanan türk dünyasının coğrafi parçalanmasının aradan qaldırılması baxımından əhəmiyyətlidir.


Müharibədən ötən bir il ərzində üçtərəfli bəyanatın üç bəndi – 4-cü, 7-ci və 9-cu bəndi ilə bağlı hələ ki irəliləyiş yoxdur.


- 9-cu bənd – iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi üzərində aktiv iş aparılır və proseslər yaxın müddətdə bununla bağlı irəliləyişin ola biləcəyi gözləntisini artırır;


- 7-ci bənd – qaçqınların qayıdışı sonrakı dövrdə həyata keçirilə bilər: hələ ki azad olunmuş digər ərazilərin bərpası və qayıdış prosesi üzərində iş gedir: Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə qayıdış üçün birgəyaşayış təmin edilməlidir;


- 4-cü bənd – erməni qoşunların Qarabağdan çıxarılması hazırda ən aktual məsələdir: Bakının masadakı tələblərindən biri də budur və bu baş vermədiyi müddətdə sərhədin müəyyən edilməsi, o cümlədən, region ölkələrinin də marağında olan kommunikasiyanın açılması çətinləşir.


Qarabağda bağlı hələ də problemlər qalır, lakin burada əsas amil rəsmi Bakının sərgilədiyi mövqedir: bu ərazilərə heç bir “status” verilməyəcək, oradakı ermənilər yalnız Azərbaycan vətəndaşı olaraq yaşaya bilərlər.



Asif Nərimanlı

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür