Modern.az

Bakıda Turan Yazqanın xatirəsi anıldı

Bakıda Turan Yazqanın xatirəsi anıldı

30 Noyabr 2012, 14:54

Xəbər verildiyi kimi, noyabrın 22-də Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı, prof.doktor Turan Yazqan vəfat edib. Ömrünü Türk dünyası üçün fəda etmiş, gerçək bir Türk millətçisi, gerçək bir Türk böyüyü olan Turan Yazqanın vəfatı bütün Türk dünyasında ağır hüzüntü ilə qarşılanıb.

Noyabrın 30-da Türk Dünyası Bakı Atatürk Liseyində Turan Yazqanın xatirəsinə həsr olunmuş mərasim keçirilib. Mərhumun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra çıxış edən Liseyin direktoru Şinasi Güner deyib ki, Turan Yazqan bir Turan sevdalısı idi. Onun sözlərinə görə, Turan hocanın Türk dünyası üçün göstərdiyi ən böyük xidmətlərdən biri keçmiş SSRİ süquta uğrayandan sonra postsovet məkanındakı Türk cümhuriyyətlərində, eləcə də Azərbaycanda məktəblər açması olub.
“Bu, sovet əsarəti illərində milli kimliyi unutdurulan Türk xalqları üçün son dərəcə önəmli idi. Türk Dünyası Bakı Atatürk Liseyi və Azərbaycan İqtisad Universiteti nəzdində fəaliyyət göstərən Türk Dünyası Bakı İşlətmə fakültəsi də Vəqfin bu məqsədlərinə xidmət üçün yaradılıb”.

Çıxışının sonunda Liseyin şagirdlərinə müraciət edən Şinasi Günər «sizlər və bizlər Turan hocanın əməllərini yaşatmaq, Türk dünyasının birləşməsi və daha güclü olmasına dair arzularını gerçəkləşdirmək üçün bundan sonra daha əzmlə çalışmalıyıq» deyib.

Mərasimdə çıxış edən Türk Dünyası Bakı İşlətmə fakültəsinin dekanı Eyyub Aktəpə Turan Yazqanla hələ gənclik illərindən tanış olduğunu deyib. Türk dünyasının bu fədakar oğlu haqqında xatirələrini danışan natiq əlavə edib ki, Turan Yazqan bütün ömrünü Türk dünyasının birliyinə nail olmağa həsr etmşdi: « Elə Türk Dünyası Araşdırmaları Vəqfinin qurulması da Turan Yazqanın Türk dünyasına xidmət istəyinin nəticəsi idi. Bundan başqa Türk Dünyası Araşdırmaları Vəqfinin hər il İstanbulda düzənlədiyi Türk Dünyası Cocuk Şölənində Altaylardan Orta Asiyaya, Qafqazdan Balkanlara qədər bütün türk coğrafiyasındakı dövlətlər təmsil olunurdu. Mən əminəm ki, sizlər onun idellarını yaşadacaq, qazandığınız uğurlarla Türk dünyasının daha da inkişaf etməsinə yardım göstərəcəksiniz».

Türk Dünyası Bakı Atatürk Liseyinin müəllimi Zəliha Abdulla isə çıxışını Turan Yazqanın həyat və fəaliyyəti, həmçinin, Türk Dünyası Araşdırmalar Vəqfinin fəaliyyəti üzərində qurub. Qeyd olunub ki, Turan Yazqan 1938-ci ildə İspartanın Eğirdir mahalında 1938-ci ildə anadan olub. İlk və orta təhsilinin ardından 1959-cu ildə İstanbul Universiteti İqtisad Fakültəsini bitirib. 1979-cu ildə iqtisad elmləri üzrə professor adını qazanıb. 2000-ci ildə istefa verərək universitetdən təqaüdə çıxan Turan Yazqan 1980-ci ildə qurduğu Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı idi: «Bu Vəqfin qurduğu məktəblər heç zaman şəxsi mənfəət, ucuz şan-şöhrət dalınca qaçmadı. Çünki Turan hocanın bir məqsədi vardı Türk dünyasına xidmət etmək, Türk dünyası üçün yararlı, gerçək türk ruhuna sahib insanlar yetişdirmək».

Mərasim Turan Yazqan haqqında slaydın nümayişindən sonra sona çatıb. 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir