Modern.az

Bakı Dövlət Universiteti “Hürriyyət”i məhkəməyə verib

Bakı Dövlət Universiteti “Hürriyyət”i məhkəməyə verib

1 Dekabr 2012, 14:12

Bakı Dövlət Universitetinin müəllim kollektivi “Hüriyyət” qəzetini məhkəməyə verib. Universitetin müəllimləri bununla bağlı bəyanatda veriblər. BDU-dan Modern.az-a daxil olan bəyanatda bildirilib:

"Bildiririk ki, Həsənli Anar Mirzalı oğlu Bakı Dövlət Universitetinin müəllimləri olaraq bizim şərəf və ləyaqətimizi ləkələyən, nüfuzdan salan və nalayiq formada qəsdən alçaltmağa yönələn təhqiredici məlumatları “Hürriyyət” qəzetində yaymaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət hərəkəti edib”.

Bu səbəbdən də BDU-nun müəllim kollektivi  Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edərək, A.Həsənlinin müvafiq maddələrlə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edərək cəzalandırılmasını, “Hürriyyət” qəzetinin növbəti sayında həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını və xüsusi itthamçılardan üzr istənilməsi barədə qərar qəbul edilməsini istəyiblər.

Müəllimlər deyirlər ki, məhkəmənin hazırlıq iclasında Anar Həsənli qəzetdə Rəşad adı ilə çıxış edən şəxslə bağlı bütün məsuliyyəti öz üzərinə götürmüş və qəzetin xüsusi ittiham qaydasında cinayət işi qaldırılmasına səbəb olan məqalələrin həqiqətə olmayan mənbələrə istinad edilməklə yaydığını etiraf edib. Həmçinin o, xüsusi ittihamçılardan yanlış məlumatlara görə üzr istəyib və işin barışıq sazişi ilə başa çatması istiqamətində bütün zəruri hərəkətlərin edilməsinə, qəzetin növbəti sayında xüsusi ittihamçıların hazırladığı mətnin məzmununda təkzib verəcəyinə hazır olduğunu elan edib.

Həmçinin məhkəmədə məlum olub ki, A.Həsənli Azərbaycan Respublikasının vətəndaşı deyil, Gürcüstan Respublikasının vətəndaşıdır. Hansı ki, “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən, qəzetin baş redaktoru Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
“Buna baxmayaraq, Anar Həsənli qeyri-qanuni əsaslarla “Hürriyyət” qəzetindən istifadə etməklə, dövlətçilik ənənələrini sarsıdan təxribat xarakterli məqalələrlə mütəmadi çıxış edib, xidmət etdiyi düşmən qüvvələrin xeyrinə xalqımızı və onun dövlətçilik ənənələrini gözdən salmağa çalışmaqla, onun elm və təhsil müəssisələrinə və onların nüfuzlu şəxslərinə də ləkə yaxmağa səy göstərib. Onun qeyri-qanuni fəaliyyətinin barədə də Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə də tərəfimizdən müraciət edilib.
A.Həsənli üzr istəməsinə və təkzib verməyə hazır olduğunu elan etməsinə baxmayaraq, qəzetdən özünün şəxsi maraqları üçün istifadə etməklə, ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə “Hürriyyət” qəzetinin 29-30 noyabr tarixli sayında bəyanatlar vermiş, məhkəmə çəkişməsini BDU-nun rektoru, akademik Abel Məhərrəmovla əlaqələndirməklə, bu bəyanatı bizə - xüsusi ittihamçılara təzyiq vasitəsi kimi seçib. Halbuki, BDU rektoru Abel Məhərrəmovun bu işlərlə heç bir əlaqəsi olmayıb.
Bundan başqa, Anar Həsənli,  bir qrup beynəlxalq təşkilatlara da müraciət etməyi məhkəməyə təzyiq vasitəsi seçib, bununla da cinayət əməllərinə siyasi don geyindirmək niyyətini büruzə verib. Hesab edirik  ki, onun bu əməlləri yolverilməzdir və məhkəmənin ədalətli qərar çıxarmasına qarşı yönələn təzyiq vasitəsidir”.

 Nihadə Eyyubova  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu