Modern.az

Eldar Həsənov tələbələrə “Üzeyir Hacıbəyli təqaüdü” verib - FOTO

Eldar Həsənov tələbələrə “Üzeyir Hacıbəyli təqaüdü” verib - FOTO

1 Dekabr 2012, 17:34


Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü, Serbiya hökumətinin siyasi razılığı ilə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsi Serbiyanın Novi Sad şəhərində əbədiləşdirilib. Bu məqsədlə Novi Sad şəhərində Dunay çayı üzərindəki sahil parkında “Üzeyir Hacıbəyli Memorialı” yaradılıb və burada görkəmli bəstəkarın büstü qoyulub.  Memorialın rəsmi açılışı  hələ Prezident İlham Əliyevin 8-9 iyun 2011-ci il tarixlərində Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində həyata keçirilib.

Üzeyir Hacıbəylinin xatirəsinin Novi Sad şəhərində əbədiləşdirildiyi, həmçinin Belqrad şəhərində  fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycanın Serbiyadakı Səfirliyinin birgə müraciəti nəzərə alınaraq, 25 oktyabr 2012-ci il tarixində  “Üzeyir Hacıbəyli təqaüdü”nün təsis edilməsi barədə qərar qəbul edilib.

Modern.az xəbər verir ki, qərarı Novi Sad şəhərinin İncəsənət Akademiyasının Elmi Şurası qəbul edib. Bu qərara əsasən, “Üzeyir Hacıbəyli təqaüdü” hər tədris ilində bu ali təhsil ocağının Elmi Şurasının qərarı ilə Akademiyanın “Musiqi incəsənəti” fakültəsinin ən yüksək təhsil səviyyəsi, dünyagörüşü, davamiyyəti və davranışı ilə fərqlənən üç tələbəsinə veriləcək.

Novi Sad İncəsənət Akademiyası 1974-cü ildə yaradılıb və burada “Dram sənəti”, “Təsviri sənət” və “Musiqi incəsənəti” fakültələri fəaliyyət göstərir.

28 noyabr 2012-ci il tarixində ilk “Üzeyir Hacıbəyli təqaüdü”nün təntənəli təqdimolunma mərasimi keçirilib.

Mərasimdə Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov və səfirliyin əməkdaşları, Novi Sad şəhəri meriyasının nümayəndələri, Voyevodina muxtar diyarının hökumət və dövlət rəsmiləri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının rəhbərliyi və üzvləri, millət vəkilləri, Serbiya ictimaiyyətinin nümayəndələri, tanınmış musiqiçilər, mədəniyyət xadimləri və bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Tədbirdə çıxış edən səfir E.Həsənov Azərbaycan-Serbiya ikitərəfli münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edərək, ölkələr arasında əlaqələrin dərinləşdirilməsində mədəniyyətin müstəsna rolunu vurğulayıb, Novi Sad İncəsənət Akademiyasında “Üzeyir Hacıbəyli təqaüdü”nün təsis edilməsinin iki ölkə arasında mədəni əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcəyini bildirib. O, Azərbaycan dövlətinin milli himninin müəllifi olan Üzeyir Hacıbəylinin öz yaradıcılığı və geniş fəaliyyəti ilə Şərq və Qərb musiqi mədəniyyətlərinin yaxınlaşması və qarşılıqlı faydalanması yolunda ən böyük və ən cəsarətli addımlar atmış ilk sənətkar-musiqiçilərdən olduğunu, milli bəstəkarlıq məktəbinin özülünü qoyduğunu, Azərbaycan musiqisi tarixində və eyni zamanda müsəlman Şərqində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi tanındığını, eyni zamanda dünya mədəniyyət tarixinə Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı kimi daxil olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Səfir “Üzeyir Hacıbəyli təqaüdü”nün təsis edilməsi təşəbbüsünün məhz Prezident İlham Əliyevə məxsus olduğunu xüsusi vurğulayıb. E.Həsənov “Üzeyir Hacıbəyli təqaüdü”nü Akademiyanın tələbələrinə təqdim edərək, onlara təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Novi Sad İncəsənət Akademiyasının prorektoru Pavle Sekeruş çıxış edərək, Azərbaycan dövləti və Heydər Əliyev Fondunun Serbiyada həyata keçirdiyi humanitar layihələrdən bəhs edib. Deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son illərdə Serbiyada, o cümlədən bütövlükdə Balkan regionu ölkələrində bir sıra mühüm humanitar layihələrin həyata keçirilməsinə göstərdiyi birbaşa dəstək, qayğı, diqqət və xüsusi xidmətlərinə görə 2011-ci ilin “Balkanların ləyaqətli dostu” mükafatı ilə təltif edilməsi təsadüfi deyil.  Pavle Sekeruş bu təqaüdün serbiyalı tələbələrə təqdim edilməsinə görə Azərbaycan dövlətinə, hökumətinə, səfirliyin kollektivinə və xüsusilə də Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib, təqaüdün Akademiya tələbələrinin gələcək yaradıcılıqlarında ciddi bir stimul olacağını söyləyib.

Sonra “Üzeyir Hacıbəyli təqaüdü” təqdim olunmuş tələbələr təntənəli mərasimdə Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Novi Sad İncəsənət Akademiyasının professoru Zərifə Əlizadənin iştirakı ilə Üzeyir Hacıbəylinin əsərlərindən parçalar ifa edib, tədbir iştirakçıları onların ifasını böyük maraq və alqışlarla qarşılayıblar. 

Tədbir iştirakçıları sonra Novi Sad şəhərində Dunay çayı üzərindəki Sahilyanı parkda yaradılmış “Üzeyir Hacıbəyli Memorialı”nı ziyarət edərək, dahi bəstəkarın  büstü qarşısına əklil və gül-çiçək dəstələri qoyublar.

Novi Sad İncəsənət Akademiyasında “Üzeyir Hacıbəyli təqaüdü”nün təsis edilməsi Serbiya ictimaiyyəti və Qərbi Balkanlarda yaşayan soydaşlarımız tərəfindən xüsusi sevinc və rəğbətlə qarşılanıb, onlar bu tarixi təşəbbüsə və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir