Modern.az

Xarici vətəndaşla ailə quran azərbaycanlı jurnalist: “Yoldaşımın humanistliyindən istifadə edirəm” - MÜSAHİBƏ

Xarici vətəndaşla ailə quran azərbaycanlı jurnalist: “Yoldaşımın humanistliyindən istifadə edirəm” - MÜSAHİBƏ

Media

4 Dekabr 2012, 14:37

Məhsəti Şərif: “Ailə qurarkən “El-oba nə deyər” prinsipinə tam əməl etdim”


Modern.az
 xarici vətəndaşlarla ailə quran azərbaycanlı jurnalistlərin ailə hekayətini davam etdirir. Bugünkü müsahibimiz Türkiyə vətəndaşı ilə ailə qurub, hazırda İstanbulda yaşayan xanım jurnalist Məhsəti Şərifdir. ANS-in keçmiş aparıcısı, “Səs” internet televiziyasının “Xəbərlər” bölümünün sabiq baş redaktorunun adı və soyadı indi tam olaraq belədir - Məhsəti Şərif Özyürəkdir.

– Bu gün əcnəbi, xüsusilə Türkiyə vətəndaşı ilə ailə quran jurnalistlərin, xüsusilə xanım jurnalistlərin sayı artır. Belə xanımlardan biri də siz oldunuz, buna necə qərar verdiniz? Sizcə bu meylin səbəbi nədir?

– Düzdür, son illər Türkiyə vətəndaşları ilə evliliklərin sayı artır. Amma mənim xarici vətəndaşla evlənmək planım olmayıb. Sadəcə son illər Türkiyə ilə Azərbaycan əlaqələri bütün mənalarda inkişaf edib. İndi iki ölkənin insanları qaynayıb-qarışıb. Kökümüz eynidir – türkdür. Məsələn, bir ingilis, rus və ya başqa bir millətdən olan oğlanla ailə qurmazdım. Necə qərar verməyimə gəlincə isə Türkiyəyə gedərkən orada iş ortamında tanış olduq. Zaman keçdi və dostluğumuz başqa münasibətə keçdi, sonra mənə evlənmək təklif etdi.
Türkiyə vətəndaşı ilə ailə quranların içərisində niyə məhz qadınların sayının artmasına gəlincə, 17 ildir mətbuatdayam, uzun illər müxtəlif televiziyalarda reportyorluq, aparıcılıq etmişəm. Sonda baş redaktor olmuşam. Bizdə iş qadınları ilə evlənməyə qorxurlar. Belə təsəvvür yaranır ki, onlar ipə-sapa yatmaz, dikbaş olar. Amma məncə belə deyil.

– Evlənmək çətin, həm də məsuliyyətli işdir. Gərək qarşı tərəfi yaxşı tanıyasan. Güclü və zəif yönlərinə bələd olasan. Xarici vətəndaşla evlənmək qərarı verəndə bunları nəzərə aldınızmı?

– Təbii ki, nəzərə aldım. Bu qərarı 3 günə verməmişəm. Nəzərə alsaq ki, 17 yaşım yoxdur, artıq dünyagörüşüm və ağlım qərar verməyə yetərlidir. Onu tanıdım, ailə qurmazdan öncə hərtərəfli danışdıq, ailəmlə məsləhətləşdik. Onun dünyagörüşü, Azərbaycanla bağlı düşüncələri mənim üçün önəmli idi. Özüm Azərbaycanın işğal olunmuş rayonunda doğulub böyümüşəm. Qarabağım acısını yaşayıram. Ailə qurduğum insanın ən azından bu acını anlaması lazım idi. Jurnalist olduğum üçün bəlkə də bu məsələlərə önəm verirəm. Bir sözlə yüz ölçüb bir biçmişəm.

– Bəs elçilik necə oldu, adət-ənənələrimizə uyğun?

– Hər şey öz qaydasında oldu, əsl Azərbaycan adətlərinə uyğun elçilik, nişan, toy. Toyumda həmkarlarım da iştirak etmişdi. Əslində adətlərimiz o qədər də fərqli deyil. Şəxsən mən bu cür təmtəraq istəmirdim. “El-oba nə deyər” prinsipinə tam əməl etdim. Anamın, qardaşımın xeyir-duası ilə evdən çıxdım.

- Bəs onun ailəsi tərəfindən siz necə qarşılandınız?

– Onun ailəsi məni çox xoş qarşıladı, evlərinin qızlarıyam. Artıq dörd aydır ailəliyəm və həyat yoldaşımın qohumlarının Azərbaycanla bağlı maraqlandığı suallara məmnuniyyətlə cavab verirəm. Onlar da Bakını çox sevmişdilər.

-–Vətəndən xarici ölkəyə köçmək, xaricdə yaşamaq sizin üçün çətin olmadı ki?

– Təbii ki, çətindir. Öncə deyim ki, prosedurlar çox çətindir. Adi bir xanım evindən çıxıb başqa evə gəlin köçəndə ata yurdu üçün darıxır. Uzaq ölkədə doğmalarından uzaq, dostlarını görmədən yaşamaq çətindir. Vətən üçün darıxıram. 4 ayda bəlkə 4 min dəfə “Qurban olum sənə, Azərbaycan!” demişəm. Amma insan anlayışlı olduqdan sonra hər şey öz yoluna düşür.

– Azərbaycanda fəal jurnalistlərdən olmusunuz, ailə həyatı qurandan sonra isə ölkəni tərk etdiniz, indi nə işlə məşğulsunuz, həmin günləriniz üçün heç darıxırsınızmı? Ümumiyyətlə,  düşünmüsünüz ki, orada da jurnalist fəaliyyətinizi davam etdirəsiniz?

– Jurnalist hər yerdə jurnalistdir. Dərzinin iynəsi, jurnalistin qələmi. Hazırda Türkiyədə rəsmi sənəd işlərini həll etməliyəm. Yeni ildən isə işə başlayacağam. Hazırda 3 yerdən iş təklifi almışam. Azərbaycanın məşhur saytlarından birində köşə yazarlığı, Türkiyədə Azərbaycanla bağlı rəsmi dövlət orqanında mətbuat katibliyi və yenə də Türkiyə mətbuatında bir iş. Hələlik hansını seçəcəyimi bilmədiyimdən adlarını demirəm. Yeni ildən işə başlayacağam və onda yəqin ki, həmkarlarım biləcək. Amma Türkiyədə işləyəcəyəm. Azərbaycanda isə mütləq ya televiziyalardan, ya da agentliklərdən biri ilə əməkdaşlıq edəcəyəm. Həmkarlarım razılaşar ki, işimiz xərçəng xəstəliyi kimidir, müalicəsi yoxdur. Mən artıq 17 ildir bu xəstəliyin daşıyıcısıyam.

– Azərbaycanla əlaqələriniz necədir? Yəni hansı müddətdə gəlib gedirsiniz?

– Əlaqələrim çox əladır. 4 ayda 2 dəfə gəlmişəm. Həyat yoldaşım da çox anlayışlıdır. Mən də deyəsən onun humanistliyindən istifadə edirəm. Harda oluramsa-olum, Azərbaycan vətəndaşıyam, öz vətənimdən ayrı düşmərəm.

– Çox zaman əcnəbilərlə ailə həyatı qurub Azərbaycanı tərk edənlər sonradan doğulduğu ölkəyə gələndə buradakı mühitə uyğunlaşa bilmirlər. Bəs sizdə bu vəziyyət necədir?

– Nə yatmışdım ki, nə yuxu görüm. Hələ 4 aydır ordayam, bilmirəm sonra necə olacaq. Hər şeyi zaman göstərəcək. Ölkəmizin insanlarının da bir vaxtlar bəzi komplekslərdən çıxacağına inanıram. Azərbaycanın gəncləri artıq irəliyə doğru gedir.

– Türkiyədən Azərbaycan və Azərbaycan mediası necə görünür?

– Hər gün öz mətbuatımızı izləyirəm. Nə baş verdiyini bilmək istəyirəm. Biz xəbərçilikdə bir az arxada qalırıq. Operativ xəbəri yalnız qışqıra-qışqıra oxumaqla, ya da bəsit cümlələri oxumaqla çatdırırıq. Jurnalistlərimiz elə bil təqaüdçüdürlər. Oturaq jurnalistikaya üstünlük verirlər, xəbəri almaq üçün telefona sarılırlar. Amma qaçmaq, axtarmaq, yerində araşdırmaq lazımdır. Türkiyə mətbuatındakı xəbərlərdə reportyorun zəhmətini açıq görürsən. Azad sözün boğulması elə hər ölkədə var. Türkiyədə müxtəlif qruplara işləyən qəzet, televiziyalar var ki, patronlarının istəklərinə uyğun xəbər yayımlayır.

– Bir sıra sahələrdə olduğu kimi, mətbəxlərimizdə də fərqlənirik, evdə hansı yeməklər daha çox bişir? Azərbaycan, yoxsa Türkiyə?

– Hə, bu çox önəmli sualdır (gülür). Ailəmizin müzakirə mövzusu. Evdə Azərbaycan xörəkləri bişir. Çünki Türkiyə mətbəxini bilmirəm. Yəqin ki Türkiyə mətbəxini öyrənənə qədər yoldaşım özü Azərbaycan yeməklərinə öyrəşəcək. Amma çalışacağam ki, öyrənim, ən azında yeni qohumlarım gələndə görsünlər ki, necə bacarıqlıyam.

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar