Modern.az

İdarə olunan kütlə, “zəhər”lənən insanlar - Sosial şəbəkələr bağlanmalıdır!

İdarə olunan kütlə, “zəhər”lənən insanlar - Sosial şəbəkələr bağlanmalıdır!

22 Noyabr 2021, 10:37

Bu gün söz sahibi media deyil, artıq sosial şəbəkələr və buradakı kütlədir. Kütlə kimi istəyir işdən xaric edir, kimi istəyir linç edir, kimi istəyir...

 

Hətta bununla yetinmirlər. Çox vaxt rəsmi qurumların iş prosesinə də mane olurlar. Sosial şəbəkədə aktiv olan müəyyən bir qrup tərəfindən kimlərəsə öz diktəsini yeritmək və idarə etmək niyə bu qədər asandı?

 

Azərbaycanda sosial şəbəkələrdən düzgün istifadə edilir?

 

 

Milli Məclisin deputatı Fazil Mustafa Modern.az-a açıqlamasında məsələyə geniş şərh verib:

 

 

 

Sosial şəbəkələr cəmiyyətin “ayna”sıdır

 

“Birinci o suala cavab vermək lazımdır ki, hansı insan yönləndirilməyə uyğun gəlir? Öz dünyagörüşü, düşüncəsi olmayan, düşünmək istəməyən, başqası tərəfindən idarə olunmağa hazır olan insan hər zaman idarə olunur. İnsan öz biliyinə, düşüncəsinə güvənməyəndə belə olur. Əslində totalitar düşüncə harada yaranır? İnsan özü düşünmək istəməyəndə, əvəzinə başqasının düşünüb, əmr verməsini, onu yönləndirməsini istəyəndə. Bəlkə də, sosial şəbəkə Azərbaycan cəmiyyətində savadsızlığın, təhsilsizliyin, ümümi dünyagörüşün aşağı olmasının bir barometridir. Burada müəyyən mənada fikri, düşüncəsi olan insanların yerləşməsi daha fərqli bir seqmentdən istifadəni zəruri edərdi. Amma indi o yoxdur. Sosial şəbəkəyə daxil olan insanlar cəmiyyətimizin bir əksidir.

 

 

 

Orada neçə nəfər elmi status paylaşır, hansısa bir düşüncə yazısı, cəmiyyətin vacib problemi ilə bağlı müzakirə, dialoq açır? Böyük əksəriyyət şəkil, özünün hansısa bir mizahını, həyat tərzindən hansısa bir element paylaşır. Kimsə “Rəhmət olsun”, “Təbrik olsun”, deyə yazmaqdan başqa hansı işi görür? Bunun hamısı onu göstərir ki, sosial şəbəkə kimi nemətdən ağıllı istifadə edə bilmirik. Bizim kimi cəmiyyətlər istifadə edə də bilməz. Bunun nümunəsini dəfələrlə qeyd eləmişik. Fillandiyada “Facebook”un ortaya çıxması elmi biliklərin artmasına xidmət göstərdi. Amma Kolumbiyada narkomaniyaya xeyir elədi. Çünki hamı narkotik vasitələrin satışını bunun üzərindən gerçəkləşdirməyə başladı. Deməli, fərqli cəmiyyətlərin hazırlıq səviyyəsi, düşüncəsi, dünyagörüşü yaradılan yeni nemətlərə o cür adekvat reaksiya verir. Ona görə də bu kimi məsələlərdə xeyli fərqli düşüncə axtarmaq da doğru deyil”.

 

 

“Bu xəstə insanlarla ya hesablaşmalı, ya da fikrini bildirməməlisən”

 

Deputat qeyd edib ki, sosial şəbəkə Azərbaycan cəmiyyəti üçün qidalandırıcı vasitədən daha çox zəhərləndirici vasitəyə çevrilib:

 

 

“Biz də bunun qarşısını alan addımlar atmağa hələ ki çətinlik çəkirik. Burada çox yaxşı mənada dəyişiklik yaratmaq cəmiyyətin gerçək ziyalılarının üzərinə düşür. Onlar kütlənin yanlış yönləndirilməsinin qarşısını almaq üçün daha çox maarifçiliyin təbliğini gücləndirməlidilər. Beləliklə, insanlar yüngül, lağ-lağı həyat tərzindən düşündürücü bir həyata transfer ola bilsinlər. Çünki zəhərlənmə daha da genişlənir. Bu əslində insanların bir-birinə olan kin-küdurətini artırır, dialoqu zəiflədir, müəyyən məsələlərin müzakirəsinə imkan vermir. Sosial şəbəkələrdə müzakirə açmaq mümkün deyil. Çünki tanımadığın minlərlə adama sənin fikrin xoş gəlmir. Bu xəstə insanlarla ya hesablaşmalı, ya fikir bildirməməlisən. Halbuki, bu fikir cəmiyyətə lazımdır. Cəmiyyətin inkişafı üçün vacibdir. Bu inkişafı insanlar anlamırsa, sən onun anlamadığını nəzərə almalı və susmalısan. Ona görə də elm, düşüncə, fəlsəfə inkişaf eləməz, eləmir də. Məsələnin mahiyyəti budur. Ona görə də Azərbaycanda bu məsələlər ətrafında müzakirənin aparılması zəruridir”.

 

 Sosial şəbəkələr kütlə üçün çox təhlükəlidir

 

Psixoterapevt Elmir Əkbər düşünür ki, kütlənin sosial şəbəkədə məqsədyönlü yönləndirilməsi, manipulyasiya olunması bəzən zombiləşmə həddinə qədər çata bilir:

 

 

 

 

“Bu, günümüzdə Azərbaycan kütləsinin ən böyük problemlərindən biridir. Demokratiyanı sevən bir insan olsam da, mənə elə gəlir ki, Azərbaycanda sosial şəbəkələr bağlansa, cəmiyyətimiz üçün daha yaxşı olar. Sosial şəbəkələrdə çox bərbad bir durum yaradırlar. Mən buna tam əminliklə deyirəm. Çünki xarici ölkələrdə xüsusi psixologiya institutları kütləni necə istiqamətləndirmək, yönləndirmək və manipulyasiya etmək üçün çalışırlar. Bu gün təəssüflər olsun ki, ölkədə buna münbit şərait yaranıb. Orqanizim üçün açıq yaralar necə təhlükəlidirsə, eləcə də sosial şəbəkələr kütlə, cəmiyyət üçün çox təhlükəlidir. Oradan hansısa düşmən bir ölkənin xəfiyyəsi azərbyacanlı adı altında məlumat yaya və ya baş vermiş hansısa hadisəni özlərinə sərf edən tərzdə təbliğ edə bilərlər. Biz 44 günlük müharibədə bunun şahidi olmuşduq”.

 

 

“Sosial şəbəkələr düşmənin əlində psixoloji silaha çevrilib”

 

E.Əkbər kütləyə çevrilmiş insanın artıq fərdi insan kimi düşünə bilmədiyini qeyd edib:

 

“Nəticə etibarı ilə ağıldan, məntiqdən uzaq davranışlar edirlər. Sonradan məsələ aydınlaşanda bir çoxları aldandıqları üçün təəssüflənir. Üstəlik, burada bizə qarşı xüsusi psixotrom silahlardan istifadə olunur. Bu, dünya praktikasında daim olan məsələdir. Qulaqla eşidilə bilməyən 17 hersdən az və yaxud 27 min hersdən yuxarı infraultrasəslər qatılmış hansısa materiallar yayımlanır. Bu Ermənistan xəfiyyəsi tərəfindən olur. Buna baxanda insan özündən asılı olmayaraq, şüuraltı təsirə məruz qalır, özünü qeyri-adekvat aparır. Bu gün sosial şəbəkələr düşmənin əlində psixoloji silaha çevrilib. Ona görə istəyərdim ki, vətəndaşlarımız ayıq-sayıq olsunlar. Düşünürəm ki, bu gün sosial şəbəkələrin bağlanması xalqımız üçün faydalı olar”.

 

 

“Çox vaxt kütlənin həssas olduğu məqamlar diqqətlə izlənilir”

 

Sosial media mütəxəssisi Ceyhun Əzimov bildirib ki, hər sosial şəbəkənin özünə uyğun hədəf kütləsi var:

 

 

 

“Hədəf kütləni cəlb etmək üçün ilkolaraq kütləyə uyğun mövzu seçilir. Burada həmin kütlə üçün olan paylaşıma yazılan şərhlərin də önəmi var. Yazılan və ya yazdırılan şərhlər digər insanları cəlb etməyə xidmət edir. Bu da bəziləri tərəfindən ciddiyə alınır.

Çox vaxt kütlənin həssas olduğu məqamlar diqqətlə izlənilir. Hansısa qrupa təzyiq və ya fəaliyyətinə maneçilik yaratmaq istədikdə bu səpkidə paylaşımlar xüsusi yaradılan qrup və səhifələrdə ardıcıl yayımlanır”.

 

C.Əzimov qeyd edib ki, çoxları artıq rəsmi qurumlara sözünü və tənqidi fikirlərini sosial media vasitəsilə çatdırır:

 

“Amma necə? Əsasən dövlət əleyhinə olan şərhlər şəxsi adla deyil, saxta hesab vasitəsilə yazılır. Lakin, bu gizlilikdən qaçmaq mümkün deyil. Çünki müəyyən “İP” adresləri var ki, onların vasitəsilə bir şəxsin neçə hesab açdığı, hətta yaşadığı ünvana kimi bunu müəyyən etmək mümkündür”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...