Modern.az

Gənclər təşkilatları Qarabağ probleminin çözümünü nədə görür - yumruq kimi birləşməkdə, yoxsa...? - SORĞU

Gənclər təşkilatları Qarabağ probleminin çözümünü nədə görür - yumruq kimi birləşməkdə, yoxsa...? - SORĞU

Qarabağ

4 Dekabr 2012, 14:31

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların gənclər təşkilatlarının ölkənin başlıca probleminə – Qarabağ münaqişəsinə münasibəti necədir? Modern.az bu qurumlardan suala cavab istəyib.

YAP Gənclər Birliyinin sədri Seymur Orucovun fikrincə, məsələ sülh, beynəlxalq prinsip normaları ilə həll olunmalıdır. Bu problemin həllində ciddi əngəllərdən biri kimi Ermənistanı ittiham edən sədr bildirdi ki, vassallıq bu dövlətin artıq peşəsinə çevrilib.
“Ermənistan nə cəmiyyət, nə dövlət, nə də millət kimi öz funksiyalarını yerinə yetirə bilir. Ömür boyu vassal olan bu dövlətlə hansısa danışıqlar aparmaq da problemlər yaradır. Yekun nəticəyə gəlməkdə qərarlı deyillər. Düşünürəm ki, Azərbaycan dövləti sülh tərəfdarı olsa da digər variantlarla işğalda olan torpaqlarımızın azad olunması istisna edilmir”.

Müsavat Gənclər təşkilatının rəhbəri Tural Abbaslı hesab edir ki, Qarabağda muxtar vilayət statusunun bərpası ölkəmizin ərazi bütövlüyünə təhdiddir. “Burda heç bir halda nə muxtar vilayətdən, nə də Azərbaycan torpaqlarından qoparılma ehtimalı olan digər konsepsiyalardan danışmaq olar. Qarabağ həmişə Azərbaycanın tərkibində olub və bundan sonra da belə olacağına ümid edirəm. Əgər bu gün hansısa qurumlar, hökumət, partiyalar Qarabağla bağlı müxtəlif mövqe sərgiləsə, bu yanlış addım olar. Eyni zamanda bu cəmiyyət tərəfindən də dəstəklənməz. Qarabağ probleminin həllinə gəlincə, bu gün hakimiyyətin bu istiqamətdə atdığı addımlar reallıqdan uzaqdır. Azərbaycanın dövlət büdcəsi ildən-ilə artır, müdafiə sənayesinə yatırılan pulların miqdarı çoxalır. Mövcud hakimiyyət bu imkanlardan istifadə edib torpaqlarımızı hərb yoluyla geri qaytarmasa, çox ciddi problemlərlə üzləşəcəyik”.

AXCP gənclər təşkilatın sədri Əbülfəz Qurbanlı bildirdi ki, Azərbaycan hakimiyyəti danışıqlarla bağlı cəmiyyətin fikirlərini öyrənmir. “Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlarda ictimai fikir öyrənilmir və çox vaxt keçirilən görüşlərin detalları topluma açıqlanmır. Bundan əlavə, Azərbaycan ordusunda xoşagəlməz hallar mövcuddur. Bu da müəyyən çətinliklər yaradan faktorlardır. Qarabağ problemi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Ümumiyyətlə bu məsələdə xalq ilə hakimiyyət arasında bir həmrəylik olmalıdır. Qarabağ Azadlıq Təşkilatı kimi qurumlara isə ehtiyac ümumən yoxdur. Çünki bu təşkilat sadəcə mübarizəni imitasiya edir”.

VHP gənclər təşkilatının sədri Punhan İmamlı Azərbaycan hakimiyyətini Ermənistanla danışıqlarda uğursuzluqda suçlamaqla yanaşı, ATƏT-in Minsk Qrupunu da ittiham etdi. “ATƏT-in Minsk Qrupu artıq turist fəaliyyətindən əl çəkməlidir. Məsələnin həll olunması üçün daha ciddi işlər görülməlidir”.

 

 

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!