Modern.az

Umud Rəhimoğlunun təşkilatı 20 yaşını qeyd etdi – FOTOLAR

Umud Rəhimoğlunun təşkilatı 20 yaşını qeyd etdi – FOTOLAR

4 Dekabr 2012, 15:59

Bu gün “Park İnn” hotelində Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) yaranmasının 20 illiyi ilə bağlı yubiley tədbiri keçirilib. Modern.az   xəbər verir ki,  tədbirdə  dövlət rəsmiləri, millət vəkilləri, bir çox  xarici ölkədən gələn qonaqlarla  yanaşı, beynəlxalq təşkilatların, BMT-nin, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri, media nümayəndələri iştrak ediblər.

Əvvəlcə  BAMF-nun 20 illik fəaliyətinə həsr olunan “Bəşəriyyət üçün xidmətlərə görə təsvir və səs vasitəsilə hekayə” filmi nümaiş olunub.

Daha sonra tədbiri giriş sözü ilə açan BAMF-nun sədri Umud Rəhimoğlu bildirib  ki, fəaliyyət göstərdiyi 20 il ərzində Azərbaycan həqiqətlərinin mötəbər tribunalardan dünya ictimaiyyətinə çatdırılması fondun əsas məqsədlərindən biri olub. Media və vətəndaş cəmiyyətinin inkişafı, böhran hallarının idarə olunması, məcburi köçkünlərin problemləri, sülhməramlı aksiyalar, konfliktologiya istiqamətlərində fəaliyyət göstərən BAMF 2007-ci ildən Azərbaycanda fəaliyyətləri Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilən təşkilatların siyahısına daxil edilib.
BAMF 1992-ci ildə bir qrup jurnalist tərəfindən yaradılıb. BAMF BMT-nin qurumları, ABŞ Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, nazirliklər, agentliklər, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) QHT bölməsinin xüsusi məşvərətçi statuslu üzvü olan BAMF Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının, ABŞ Dövlət Departamentinin İctimai-Özəl Tərəfdaşlıq Proqramının, Beynəlxalq Sülh Bürosunun, Beynəlxalq Mətbuat İnstitutunun üzvüdür.

Tədbirdə çıxış edən Milli Məclisin sədrinin birinci  müavini Bahar Muradova Azərbaycanın tanınmış qeyri- hökumət təşkilatlarından olan BAMF-nin işini yüksək dəyərləndirib. O qeyd edib  ki, Azərbaycanla bərabər, bu təşkilatın addım-adım inkişafının şahidi oluruq: "Bu gün Azərbaycan inkişaf səviyyəsinə görə, regional deyil, dünya miqyasına çıxan ölkə olduğu üçün ölkədə fəaliyyət göstərən QHT-lərin ictimai arenaya çıxmaq imkanları var. Bu gün ölkədə fəaliyyət göstərən ictimai təşkilatlar beynəlxalq arenalara çıxmaları üçün həm dövlətin, həm də öz imkanlarından istifadə edə bilirlər. Bu təşkilatın beynəlxalq təşkilat statusu almaq vaxtı yetişib. Biz bütün səylərimizi ona yönəltməliyik ki, bizdə olan mövcud təşkilatlar artıq regional deyil, dünyamiqyaslı layihələrdə nəyinki iştirak, həmçinin özləri onun təşkilatçısına çevrilsinlər".

Tədbirdə Prezident Administirasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdrinin müavini Ərəstun Mehdiyevin, deputatların, yerli və xarici QHT-lərin nümayəndələrin BAMF haqqında fikir və rəyləri dinlənilib.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev isə BAMF-ı ölkə üçün QHT örnəyi kimi təqdir edib. Azay Quliyev təşkilatın rəhbəri Umud Rəhimoğluna təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Beynəlxalq Avrasiya Mətbuat Fondunun media və sosial yönümlü, eləcə də ölkədə demokratik proseslərin daha da dərinləşdirilməsi, gənclər siyasətinin reallaşdırılması istiqamətində həyata keçirdiyi layihələrdə yüzlərlə Azərbaycan vətəndaşı çalışır, region gəncləri öz arzu və istəklərinə uyğun peşə seçimi edə bilirlər. Təşkilatın cəbhə bölgələrinə yaxın Tərtərdə, Füzulidə və başqa rayonlarda yaratdığı resurs mərkəzlərində yerli əhalinin, xüsusən gənclərin məşğulluğunun artırılması üçün mühüm işlər görülür.”   

   

 

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir