Modern.az

Mir Cəfər Bağırovun alqışladığı muğam PEYĞƏMBƏRİ

Mir Cəfər Bağırovun alqışladığı muğam PEYĞƏMBƏRİ

Mədəni̇yyət

23 Noyabr 2021, 11:42

Xan Şuşinskinin Cabbar Qaryağdı haqqında XATİRƏLƏRİ

Onu məşhur vokal ifaçısı Fyodor Şalyapin dinləyib, səs imkanlarını yüksək qiymətləndirmiş, rus poyeziyasının incilərindən olan Sergey Yesenin isə Bakıda olarkən ifasına qulaq asdıqdan  sonra çox təsirlənərək, öz heyrətini belə ifadə etmişdi: O (C.Qaryağdı) şərq musiqisinin peyğəmbəridir.


2021-ci il ölməz sənətkar, Azərbaycan muğam ifaçılığının ən parlaq nümayəndələrindən olan muğamatımızın mahir bilicisi, ifaçısı və xalq mahnısı adı ilə məşhur olan yüzlərlə mahnı və təsnifin müəllifi Cabbar Məşədi İsmayıl oğlu Qaryağdının anadan olmasının 160 illiyinə təsadüf edir. Cabbar Qaryağdının həyat və yaradıcılığı barədə arxivlərdə saxlanılan sənədli materiallar  və müxtəlif insanların xatirələri əsasında ətraflı araşdırma aparmış mərhum muğam tədqiqatçısı Firudin Şuşinskidən, habelə digər araşdırmaçılardan günümüzə gəlib çatmış kifayət qədər məlumatlar mövcuddur.  Lakin mən istərdim ömrünün sonunadək Cabbar Qaryağdını özünə ustad hesab edən, daim onun barəsində böyük hörmət və ehtiramla danışan atam –Xan Şuşinskidən eşitdiklərim və geniş oxucu auditoriyasına  məlum olmayan bəzi məqamları diqqətinizə təqdim edim. Atam ona doğma insan kimi “Cabbar əmi” deyərək müraciət edərdi.


19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində muğam sənətində artıq öz sözünü demiş xanəndə olan Cabbar Qaryağdı 1906-cı ildə bir-neçə muğam və mahnıları Avropada qrommofon valına yazdırmışdı ki, bu da ustad sənətkarın Rusiya İmperiyasının cənub bölgələri ilə yanaşı Türkiyədə, İranda, eləcə də yaxın Avropa ölkələrində tanınmasına səbəb olmuşdu. Cabbar əminin təşrif buyurduğu ziyafətlərdə sifariş olunmasına baxmayaraq, hətta ən məşhur xanəndələr belə onun  repertuarından nə isə ifa etməyə cürət etməzdilər. Dövrünün məşhur xanəndələri arasında böyük nüfuz sahibi olmasına baxmayaraq, Cabbar əmi çox sadə və təvazökar şəxsiyyət olduğundan bütün xanəndələrə çox mehriban münasibət bəsləyər, ifası ürəyinə yatan gənc müğənnilərə dəyərli məsləhətlər verər, pis vərdişlərdən çəkindirərdi.

 

 

Atam danışırdı ki, Cabbar əmi ona bir-neçə dəfə qulaq asdıqdan sonra demişdi:

“Bu səs 200 – 300 ildə bir dəfə yaranan səsdir. Arxayın olun, çox xanəndələr olacaq, çox oxuyanlar gəlib-gedəcək, amma Xanın səsindən olmayacaq”.

Cabbar əmi “İrəvanda xal qalmadı” mahnısının müəllifi və ilk ifaçısı olsa da, o bu mahnıya Xanın ifasında qulaq asmaqdan zövq alar, birgə olduqları məclislərdə Xana bu mahnını ifa etməsini sifariş edərdi. Cabbar əmi çox səxavətli, ürəyiaçıq və həlim insan olsa da sənətlə, yaradıcılıqla  bağlı məsələlərdə çox tələbkar və qətiyyətli idi. İfaçılıq sənətini seçmək istəyənləri yoxlamaq üçün tarzəndən tarı alıb, barmağını tarın şah pərdəsinin üzərində tutub deyərdi, a bala, bura bir səs çıxart. Sonra da əlavə edərdi: “Ritmin yoxdur, öyrədərik. Savadın yoxdur – yazıb, oxumaq, qəzəl əzbərləmək bilmirsən, öyrədərik. Amma səsin yoxdursa, get bəribaşdan özünə başqa peşə tap”.

Atamın qarşısında gənc yaşlarından yaradıcılığı ilə yanaşı həyat tərzində də ərk edərək, müəyyən məhdudiyyətlər qoymuşdu.

Atam belə xatırlayırdı:

- Cabbar əmi deyərdi özünü bir qədər pis hiss edirsənsə, oxuma. Gecədən xeyli keçmiş və səhər tezdən məcbur etsələr də oxuma. Oxuyacağın gün az ye. Özünü yağlı, duzlu xörəklərdən uzaq tut. Oxuyarkən uzun – uzadı zəngulələrlə dinləyicini yorma. Tamaşaçı qarşısında şax qamətli, cəngavər kimi otur, heç vaxt qaval arxasında gizlənmə. Əyin – başının səliqəsinə diqqət yetir.  İmkanlı zadəgan cavanlar -  sərinləşdirici içkilər içib, dondurma yeyirsə və səni də dəvət edirlərsə, boğazında gəzdirdiyin səsinin - xalqın əmanətinin xatirinə susuzluğunu yatırtmaq üçün onlardan uzaqlaşıb, bir çayxanada hamballarla da olsa oturub  bir stəkan çay içmək səninçün daha xeyirli olar.

Atam, gənclik illərində papiros çəkməyi vərdiş eləsə də Cabbar əminin – papirosun təngənəfəsliyə, yorğunluğa səbəb olduğu və səs tellərinə mənfi təsir göstərdiyi  barədə xəbərdarlığına və ondansa qəlyan çəkməyi üstün tutması barədə verdiyi məsləhətə əməl edərək, papiros çəkməyi tərgitmişdi. 

Cabbar Qaryağdı böyük sənətkar olmaqla yanaşı, mütərəqqi baxışlı vətənpərvər və mənsub olduğu xalqın dilinə, mədəniyyətinə, qədim ənənələrinə hörmət bəsləyən və daim inkişafı üçün çalışan nadir Azərbaycan ziyalılarından idi. Təsadüfi deyil ki, məhz bu keyfiyyətlərinə görədir ki, o dövrlərdə bütün muğamlarda bir qayda olaraq qəzəllər yalnız fars dilində oxunduğu halda, Cabbar Qaryağdı ifalarının sadə xalqa daha anlamlı olması və dilimizin ərəb-fars sözlərindən asılılığının aradan qaldırılması üçün  cəsarətli addım ataraq, muğam ifaçılığında Füzulinin, Xətainin,Vaqifin, Natəvanın və s. Azərbaycan şairlərinin Azərbaycan dilində yazdıqları qəzəllərə müraciət etmiş  ilk  xanəndə  olmuşdur.


20-ci əsrin əvvəllərindən Rusiya İmperiyasının paytaxtı ilə yanaşı digər böyük  şəhərlərində olduğu kimi,  neft sənayesi şəhəri olan Bakıda da çar üsul-idarəsinə qarşı gizli fəaliyyət göstərən, azadlıq və demokratiya tələb edən müxtəlif xalqlara mənsub açıq fikirli ziyalılar dəstəsi cəmləşərək, demokratik islahatlar tələbi ilə kütlələri itaətsizliyə sövq etməyə başlamışdılar. İnqilabi əhval-ruhiyyəli bu insanların arasında Azərbaycanın azadlığı üçün çalışan, xarici ölkələrdə mükəmməl təhsil almış istedadlı, vətənpərvər gənclər də az deyildi. Mütərəqqi fikirli sənətkar olan Cabbar Qaryağdı həmin gənclərlə sıx əməkdaşlıq edir, konsertlərdən əldə etdiyi vəsaitdən mütəmadi olaraq  qabaqcıl milli ideyaların həyata keçirilməsi tədbirlərinə maliyyə yardımı göstərirdi. Cabbar Qaryağdı parlaq gələcək vəd edən bir-neçə azərbaycanlının, o cümlədən Üzeyir bəy Hacıbəylinın, təhsil haqqının ödənilməməsi səbəbindən ali təhsillərinin yarımçıq qalmasına yol verməmək üçün konsert və toy şənliklərindən əldə etdiyi qazancından dəfələrlə həmin gənclərə təmənnasız maliyyə dəstəyi göstərmiş, Şamaxı zəlzələsi zamanı evləri dağılmış ailələrə yardım kampaniyasında yaxından iştirak etmişdi.  


Atam danışardı ki, Cabbar əminin Nəriman Nərimanovla, hətta o vaxtlar “Koba” ləğəbi ilə tanınan İosif Cuqaşvili (Stalin) ilə yaxın tanışlığı olmuş, onlara inqilabi fəaliyyətlərində müəyyən köməkliklər göstərmişdi. Deyilənə görə, 1906-cı ildə sürgün edilməzdən əvvəl bir müddət Bakıdakı Bayıl türməsində saxlanılan inqlabçılara türmədən kənarda, şəhərdə, eləcə də ölkədə baş verən xüsusi əhəmiyyətli xəbərlərin çatdırılmasında Cabbar əminin də əvəzsiz rolu olmuşdu.


Belə ki, ustad sənətkar günün müəyyən saatlarında Bayıl türməsinin qarşısında yerləşən çayxanada musiqiçi dəstəsi ilə oxuyub-çalar və əvvəlcədən ona ötürülmüş müəyyən məlumatları muğam üstündə, qəzəlarası səsinin imkanları hesabına ucadan ifa edərək, həbsdə olanlara çatdırarmış. İnformasiyanın ötürülməsi üçün məqam yetişəndə isə dustaqların diqqət kəsilməsinə işarə kimi “Ay bəri bax” mahnısını oxuyarmış. Bir müddət bu rus jandarmlarının diqqətini cəlb etməsə də, sonradan mütəmadi xarakter alan bu cür ifaların sayı artdığından və türmənin daxilinə məxfi məlumatların necə sızması ətrafında şübhələrin çoxalması ilə əlaqədar musiqiçilərin təhlükəsizliyi məqsədilə “Ay bəri bax” əməliyyatına son verilmişdi. İllər keçdikdən sonra bir vaxtlar imperiyanın inqlab beşiyi olan Bakıda mütləq hakimiyyətə qarşı birgə mübarizə aparmış şəxslər arasında fərqli baxışlar yaranaraq, biri bolşevik, biri menşevik, biri müsavat, biri sosial-demokrat və s. mübarizə yolunu seçsə də, onların hamısı, o çılğın gənclik illərində Cabbar Qaryağdının ifa etdiyi “Pəncərədən daş gəlir, ay bəri bax, bəri bax, xumar gözdən yaş gəlir ay bəri bax, bəri bax” mahnısını məmnuniyyətlə xatırlayırdılar. İosif Stalin isə hər dəfə  Azərbaycan rəhbərliyindən Cabbar əmini xüsusi nəvazişlə soruşaraq, - “kak tam starik naş, bereqite eqo” – deyib, ondan muğayat olmağı tapşırardı.


Cabbar Qaryağdının bəstələri içərisində xüsusi yeri olan “İrəvanda xal qalmadı” mahnısının yaranması ilə əlaqədar müxtəlif rəvayətlər mövcud olsa da, 20-ci əsrin əvvəllərində İrəvanda yaşamış ağsaqqalların söylədikləri xatirələr əsasında yaranmış bir versiya milli mentalitet, adət-ənənə və s. reallıqlar nəzərə alınmaqla həqiqətə daha uyğun hesab edilir. Belə ki, Cabbar Qaryağdı ilk dəfə İrəvan şəhərinə, bir mötəbər ziyafətə dəvət alır və İrəvana gəlib çatır, bir qədər şəhərin gəzməli, görməli yerlərini dolaşır. Şəhərdə başı bağlı, üzü açıq, yaşmaqsız gəzən qadınların gözəlliyinə valeh olur. Xüsusilə də o dövrdə İrəvanda dəb olduğundan bütün qız - gəlinlərin  yanaqlarında zövqlə işlənmiş qoşa döymə (tatu) xallar, məşhur xanəndəni cuşa gətirərək, bədahətən çox sevilən həmin nəğmənin yaranmasına səbəb olur. Cabbar Qaryağdının axşamkı ziyafətdə ifasından sonra isə “İrəvanda xal qalmadı” mahnısı ertəsi gün İrəvanda, sonradan isə bütün Azərbaycanda dillər əzbərinə çevrilir. 

 


Atam danışardı ki, 1942-ci il, müharibənin ağır dövrü idi, cəbhədə qızğın döyüşlər gedirdi. İnsanların xüsusi icazə olmadan yaşayış yerini tərk etməsi qadağan edilmişdi. Günlərin bir günü Cabbar əmi xəbər göndərdi ki, Xan, filan tarixdə qardaşın Allahyarı (tarzən Allahyar Cavanşirov uzun illər Xan Şuşinskini müşayiət etmiş, Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur) da götür bir bizə gəl. Deyilən tarixdə qavalımızı, tarımızı götürüb, Allahyarla birlikdə Cabbar Qaryağdının evinə getdik. Cabbar əmi artıq ömrünün ixtiyar çağlarını yaşayırdı. Ev sahibindən başqa məşhur muğam ustadı Seyid Şuşinski və İslam Abdullayev (Segah İslam) də burada idi. Bir qədər hal - əhval, söhbətdən sonra Cabbar əmi mənə bir segah oxumağı sifariş verdi. Sonra bir “Şuşanın dağları” mahnısı, axırda da bir “Qarabağ şikəstəsi” oxutdurdular. Diqqətlə qulaq asdıqdan sonra Cabbar əmi dedi:

- ay Xan biz bir-neçə ildir ki, Qarabağa, Şuşaya gedə bilmirik. Həm icazə vermirlər, həm də yaşımız o yaş deyil artıq. Səni çağırdım ki, bir səni görək, dinləyək. Bu gün sənin səsinlə, oxumağınla biz üçümüz də xəyalən gedib Qarabağı, Şuşanı, Kəlbəcəri, o bulaqları, qarlı dağları, o çəmənləri gəzib, dolanıb, gəldik. Çox sağ ol ki, bizim ruhumuzu bir-neçə dəqiqəlik də olsa Qarabağda dolandırdın.


1934-cü ildə Bakıda mühüm dövlət tədbiri keçirilirdi. Tədbirin bədii hissəsində qocaman xanəndə Cabbar Qaryağdı ilə yanaşı, bir neçə ifaçı və o dövr üçün gənc xanəndə olan Xan Şuşinski də çıxış edirdi. Həmin dövrdə Azərbaycan Respublikasına rəhbərlik edən Mir Cəfər Bağırovun tamaşaçılar arasında, xüsusi ayrılmış yerdə əyələşib, konserti izləməsi tədbirin məsuliyyətini bir qədər də artırırdı. Atam söyləyirdi ki, başda Cabbar əmi olmaqla biz ifaçılar növbə ilə çıxış etdikdən sonra “Heyratı” ritmik muğamı səsləndi, Cabbar əmi səhnəyə çıxarkən üzünü xanəndələrə tutaraq dedi: - Kim hünərlidir gəlsin mənimlə oxusun. Hərə bir yana çəkilsə də, mən tərəddüd etmədən Cabbar əmi ilə birgə səhnəyə çıxdım. “Heyratı”nın şöbələrini növbə ilə oxumağa başladıq. Muğamın ən zil yerində Cabbar əmi qəfildən üçüncü oktavada “Şikəsteyi Fars” şöbəsinə keçid etdi və zil pərdələrdə estafeti mənə ötürdü. Mən o dövrdə artıq muğamlara mükəmməl bələd olsam da,  “Heyratı” muğamının bu cür oxunuşunu ilk dəfə eşidirdim. Mənim ifanı həmin nöqtədən davam etdirməyim tələb olunurdu. Səsimin imkanı çatmasa ya həmin tonallıqdan xaric səs çıxarmalı, ya da bir oktava aşağıdan oxuyub,  bir xanəndə kimi özümü rüsvay etmiş olmalıydım. Tarzən Qurban Primov pərt olmuşdu, əsəbi halda mizrabı tara vururdu. Cabbar əminin dayandığı notdan “Şikəsteyi Fars” şöbəsini təkrarlayıb, bir qədər də zilə qalxaraq, gur səslə “Qazağı” şöbəsində gəzişmələr etdikdən sonra muğama başlanğıc notda ayaq verdim. Zalı alqış səsləri bürümüşdü. Qurban Primov Cabbar əmiyə qınaq dolu nəzərlə baxıb, elə bil baxışları ilə gənc xanəndəni niyə belə qəfil çətinliyə saldığını soruşurdu. Cabbar əmi günah işlətmiş adam kimi üzünü Qurban Primova tutub dedi: - Dədəmin göru haqqı Qurban, Xana qıymazdım, dedim, görüm nə qayıracaq. Alqışlar isə davam edirdi.

İfa deyəsən Ölkə başçısının da xoşuna gəlmişdi. Cabbar əmi əlini kürəyimə vurub, ucadan dedi:
- Əhsən sənə, gələcəyin xanəndəsi sənsən. Mən isə həmin axşam çox vüqarlı idim. Cabbar əminin bu vaxtsız imtahanına görə heç inciməmişdim də. Əksinə, ustadımın ümidlərini doğrultmağım mənə daha da güc vermişdi.


Həmin konsertlə 73 yaşlı Cabbar Qaryağdı sevimli xalqı qarşısında bəlkə də sənət hesabatı verməklə yanaşı, estafeti etibarlı əllərə ötürdüyünü nümayiş etdirirdi.


Uzun illər keçəcək Cabbar Qaryağdıdan mükəmməl dərs almış Seyid Şuşinski və Xan Şuşinskinin yetirmələri olan Arif Babayev,  Əlibaba Məmmədov, Əbülfət Əliyev, Ağaxan Abdullayev, Canəli Əkbərov, Sara Qədimova, Tükəzban İsmayılova, Şövkət Ələkbərova, Yaqub Məmmədov  və bir çox digər korifey sənətkarlar böyük məktəb yaradaraq, Azərbaycan muğamlarının səsini və avazını bütün dünyaya çatdıracaqlar.


Bu gün möhkəm özüllər üzərində təşəkkül tapmış Azərbaycan muğamları ustad  sənətkarların vəsiyyətinə və muğamatımızın Böyük hamisi Mehriban xanım Əliyevanın dəstəyi sayəsində yaşayır, inkişaf edir və dinləyicilərini  riqqətə gətirir.   

       

Cavanşirov – Şuşinski  Aslan
22.11.2021.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi