Modern.az

Azərbaycan duzu Gürcüstanda erməni duzunu bazardan çıxarıb – Duz Zavodundan FOTOLAR

Azərbaycan duzu Gürcüstanda erməni duzunu bazardan çıxarıb – Duz Zavodundan FOTOLAR

5 Dekabr 2012, 18:04

Bu gün bir qrup KİV nümayəndəsi “Bizim duz” və "Azərduz" markalı duzların istehsal olunduğu Masazır Duz Zavodunda oldular. Modern.az saytı xəbər verir ki, jurnalistlər zavodun fəaliyyəti, iş rejimi, istehsal sahələri və yodlaşdırılmış duzun ərsəyə gələnə qədər keçdiyi prosedurlarla yaxından tanış oldular.
“Azərsun Holdinq”in İctimaiyyətlə əlaqələr və sosial xidmətlər departamentinin rəhbəri Afiq Səfərov jurnalistlərə bildirdi ki, 2005-ci ildə UNİCEF-in hesablamalarına görə, Azərbaycan əhalisinin 75%-i yod çatışmazlığı xəstəliyindən əziyyət çəkir.

“Bir neçə il bundan əvvəl duzlarda yodun olmaması bu vəziyyəti daha da gərginləşdirirdi. Azərbaycanda da yüksək faizli yod çatışmazlığı xəstəliyinin olması çox ciddi bir problem idi. Nazirlər Kabinetində keçirilən toplantılardan birində çıxış yolunun duz zavodunun qurulmasında olduğunu bildirdilər.
2006-ci ildə “Azərsun Holdinq” tərəfindən konfrans keçirildi və işçi qrup yaradıldı. Bu işçi qrupuna Azərbaycandan endokrinoloqlar, aparıcı qida mütəxəssisləri və səhiyyə işçiləri cəlb olundu. Azərbaycanın hansı ərazisində duz mənbələri var, həmin ərazilərdən duz nümunələri götürülərək müxtəlif laboratoriyalarda analiz edildi. Duz davamlı, zavodun potensialını qarşılamalı və tranzitə yaxın olmalı idi. Sırf bu sadalananlara uyğun olaraq Masazır gölü zavod üçün yararlı oldu. Bu gün Masazır Duz Zavodu vasitəsilə Azərbaycanın duza olan tələbatı 100 % ödənilir. Bizim hədəfimiz tək Azərbaycan bazarı deyil, həm də qonşu dövlətlər və Avropa ölkələridir. Artıq Azərbaycan xarici ölkələrə duz istehsal edən bir ölkədir. Rusiya, Ukrayna, Gürcüstan və bir sıra Orta Asiya ölkələrinə duz idxal olunmaqdadır. Bundan başqa, Gürcüstan bazarında olan erməni duzunu sıxışdırıb sıradan çıxarmışıq. Gürcüstanlılar Azərbaycanın əla növ duzuna daha çox üstünlük verirlər”.

Masazır Duz Zavodunun istehsalat müdiri Ceyhun Salmanov bildirdi ki, müəssisə 2010-ci ildən fəaliyyətə başlayıb. İstehsalat müdirinin sözlərinə görə, zavod fəaliyyətə başladığı dövrdə sadəcə süfrə duzları istehsal edirdi, amma indi bu çeşidlərin sayı xeyli artıb.

“Azərbaycan bazarının ehtiyacı olduğu digər duzları da istehsal etməyi qarşımıza məqsəd qoyduq. Qərara alındı ki, Azərbaycanda sənaye və qeyri-sənaye sektorunda istifadə olunan duzlar xaricdən gətirilməsin və Azərbaycanın öz ehtiyatları çərçivəsində bu qarşılansın. Biz bunun üçün süfrə duzundan başlayaraq,  duzlarımızın çeşidini artırdıq. Bu baxımdan bu gün xeyli çeşid istehsal olunur.  Hazırda bütün Azərbaycanda duza olan ehtiyacı tam olaraq qarşılamaq üzrəyik. Araşdırmalarımız gedir ki, insanların hansı duzlara ehtiyacı varsa, biz onu istehsal etməyə çalışırıq. Bunu istehsal etmək üçün bizim tam gücümüz var. Burada müasir bir zavod qurmuşuq. Biz bunları istehsal etməyi çox rahatlıqla həyata keçiririk. Zavodumuzda istifadə olunan aparatlar çox xüsusidir. Bunlar hamısı duza dözümlüdür. Duz metalı tez sıradan çıxarır. Zavodumuzda olan aparatlar xüsusi olaraq titanium  aparatlarıdır ki, bunlar duza dözümlüdür. Bu aparatlar uzun illər duzla çalışa bilir. Bu aparatlar digərlərindən bahadır. Baha olduğu üçün hamı bu sahəyə sərmaye yatırmırdı və digər yolverilməz üsullarla duzu istehsal edirdilər. Bizim zavodumuzda isə tam avtomatik şəkildə duz istehsal olunur. Sadəcə aparatlara kənardan nəzarət olunur ki, hər hansı bir nasazlıq olduqda, dərhal müdaxilə edilsin. İnsan əli dəymədən tam olaraq duz hazırlanır”.

Daha sonra jurnalistlər istehsalat sahəsi ilə tanış oldular. İlk olaraq xammal sahəsi və duzun işlənmə prosesinə baxış keçirildi. Jurnalistlər duzun istehsalı prosesini mərhələ-mərhələ əyani şəkildə müşahidə etdilər. Burada da zavodun istehsalat müdiri media nümayəndələrini ətraflı şəkildə məlumatlandırdı. Jurnalistlər zavodun avtomatlaşdırılmış idarəetmə otağındakı kompüterlər vasitəsilə prosesləri birbaşa izlədilər. Müasir texnologiyaların tətbiq edildiyi labaratoriyada ilə tanışlıq zamanı duzun keyfiyyəti barədə məlumat verildi. Müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyada çalışan mütəxəssis jurnalistlərə duzun yodlaşdırılması və orada baş verən proseslərlə bağlı məlumat çatdırdı. Ümumilikdə media mənsubları tam olaraq zavodun iş prosesi haqqında məlumatlandırıldı. 

 

 

 

 

 

 

 

Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür