Modern.az

Yusif Bağırzadədən müxalifətə birləşmə təklifi

Yusif Bağırzadədən müxalifətə birləşmə təklifi

Aktual

6 Dekabr 2012, 09:50

 “Azərbaycanda müxalifətin vahid ünvanı olmalıdır” 

Müxalifət partiyalarının təmsil olunduğu İctimai Palata və Demokratik Qüvvələrin Məşvərət Məclisinin birləşməsi yenidən gündəmə gəlib. Təklif Məşvərət Məclisi tərəfindən irəli sürülsə də, İctimai Palatada bu birmənalı qarşılanmadı. Əks cinahda müxalifətin birləşməsinə qarşı çıxanlar olsa da, Məşvərət Məclisinə qoşulan partiya rəhbərləri hesab edirlər ki, seçki öncəsi real nəticə əldə etmək üçün yeganə variant birləşmək və vahid platformadır.

Demokratik Qüvvələrin Məşvərət Məclisində (DVMM) təmsil olunan AMİP sədri Yusif Bağırzadə Modern.az-a açıqlamasında müxalifətin vahid platformada birləşməsinin əhəmiyyətindən söz açıb. Ziyalılar Forumunu da birləşməyə çağıran Y.Bağırzadə bəzi siyasi partiyalara iradlarını bildirib.

“İctimai Palatanın Məşvərət Məclisi ilə birləşmə təklifini dəstəkləyirik. Biz bildirmişik ki, İctimai Palata, Məşvərət Məclisi və Ziyalılar Forumu bir-birlərinə yaxınlaşmalıdır. Biz hələ ki, bir sənəd ətrafında birləşə bilərik. İctimai Palata da, Məşvərət Məclisi də bir-birinə inteqrasiya etməlidir. Əgər biz Azərbaycanda seçkilərin demokratik keçirilməsini istəyiriksə, bu qurumlar birləşməlidir. Azərbaycanda müxalifətin daha geniş koalissiyasına nail olmaq lazımdır. Bu baxımdan da İctimai Palata ilə Məşvərət Məclisinin yaxınlaşması mühüm əhəmiyyət kəsb edir. Bunu istəməyən partiya sədri və yaxud siyasətçi Azərbaycanda seçki mühitinin demokratikləşməsinə qarşı çıxır. Hesab edirəm ki, Azərbaycanda müxalifətin vahid ünvanı olmalıdır. Siyasi partiyalar biraraya gələrək vahid platforma təşkil etməli və seçkilərə vahid namizədlə qatılmalıdırlar. Müxalifət birləşərsə, uğura nail olmaq mümkündür. Belədə Azərbaycan müxalifəti minimum siyasi, hüquqi islahatlara nail ola bilər”, - deyə partiya sədri vurğulayıb.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı