Modern.az

“ABŞ regiondakı maraqlarını hansısa senatorun təklifinə qurban verməz” - Hərbi ekspert

“ABŞ regiondakı maraqlarını hansısa senatorun təklifinə qurban verməz” - Hərbi ekspert

6 Dekabr 2012, 10:02

“Hansısa amerikalı senatorun ölkəmizə bu və ya digər sahədə, o cümlədən hərbi yardımların dayandırılması ilə bağlı çıxışı və təklifi bizim üçün yeni hadisə deyil”. Bunu Modern.az-a açıqlamasında hərbi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov bildirib. Məlum açıqlamanın erməni lobbisinin təhriki olduğunu iddia edən ekspertin fikrincə, bu addımın atılacağı təqdirdə Azərbaycan üçün elə bir problem yaranmayacaq.

“Dəfələrlə bu səpkili çıxışlara rast gəlmişik. Bunun erməni lobbisinin təhriki ilə olmasına heç bir şübhə yeri qalmır. Bədnam 907-ci düzəliş də belə avantüraların nəticəsində ötən əsrin sonlarında dövriyyəyə atılmış bir addım idi. Doğrudur, bu qadağa tam aradan qaldırılmasa da, müəyyən problemlər yaradır. Bütün bunlara baxmayaraq, ABŞ hər zaman Cənubi Qafqaz ölkələrinə yardımlar edib və bu proses indi də davam edir. Qeyd edim ki, o yardımların sayəsində son illər Xəzər hövzəsində qaçaqmalçılığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə az rast gəlinir. Ona görə də fikirləşirəm ki, ABŞ regiondakı maraqlarını hansısa senatorun əsaslandırılmamış təklifinə qurban verməz”.

Bununla yanaşı, Azərbaycanın bir çox ölkələrlə hərbi əməkdaşlığını qeyd edən Ü. Cəfərov bu sahədə irəliləyişin olduğunu da istisna etmir. “Azərbaycan hərbi sahədə əməkdaşlığı Təkcə ABŞ-la məhdudlaşmır. Ölkəmiz ilbəil irili-xırdalı ölkələrlə ikitərəfli və çoxşaxəli əməkdaşlıqlar həyata keçirir. Buna görə də deyə bilərəm ki, senatorun təkilifinin reallaşacağı təqdirdə Azərbaycan heç bir şey itirməyəcək”.

Xatırladaq ki, amerikalı konqresmen Adam Şmitt ölkəmizə hərbi yardımın dayandırılmasını tələb edən təkliflə çıxış edib.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır