Modern.az

Xocalıda bütün ailəsini itirmiş gənc polisi işdən çıxarıblar

Xocalıda bütün ailəsini itirmiş gənc polisi işdən çıxarıblar

6 Dekabr 2012, 10:22

Daxili İşlər Nazirliyi hadisənin səbəblərini açıqlayıb

Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş və bu yaxınlaradək daxili işlər orqanlarında çalışan Mehdi Əliyev işdən çıxarılıb.

Modern.az saytı uşaq ikən bütün yaxınlarını Xocalı soyqırımında itirmiş, təkbaşına çətinliklə böyümüş gəncə qarşı belə bir addımın atılmasının səbəblərini araşdırmağa çalışıb. Eləcə də məsələ ilə bağlı millət vəkillərinini də münasibətini öyrənib. 

Məsələdən xəbərdar olan Xocalıdan olan millət vəkili Elman Məmmədov saytımıza deyib ki, bir insan kimi Mehdi Əliyevin işdən azad olunmasının əleyhinədir. Deputatın sözlərinə görə, Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş 25 nəfər uşaq var ki, onlardan biri də Mehdi Əliyevdir.

“Amma indi onlar uşaq deyillər. Onlar tam hüquqlu vətandaşdırlar. Mehdi Əliyev hərbi xidməti başa vurduqdan sonra dövlətin qayğısı sayəsində Xocalı rayon Polis Şöbəsində polis nəfəri vəzifəsinə işə düzəldi. Xocalı sakinləri üçün Goranboy rayonunun aşağı Ağcəkənd qəsəbəsində tikilən şəhərçikdən ona ikiotaqlı, 10 sot həyətyanı sahəsi olan bir ev də verildi ki, orada yaşasın. Xocalı polisi cəbhə bölgəsində fəaliyyət göstərdiyi üçün digər rayonların polis əməkdaşları ilə müqayisədə yüksək əməkhaqqı - təqribən 700 manatdan yuxarı alır.
Mehdi Əliyev hər iki valideyninin şəhid olması ilə də bağlı prezidentin təyin etdiyi təqaüd alırdı. Onu bu yaxın vaxtlarda, 10 gün öncə işdən azad ediblər”.

Millət vəkili Ağcakəndə gedərək məsələ ilə maraqlandığını və M.Əliyevin işə qaytarılması üçün xahiş etdiyini də bildirib. Onun sözlərinə görə, Mehdi Əliyev işində yol verdiyi çoxsaylı nöqsanlara görə, haqqında dəfələrlə Daxili İşlər Nazirliyinə məlumat verilib. Nəhayət işdə yol verdiyi çoxsaylı nöqsanlar bağışlanmayıb və daxili işlər orqanlarından xaric edilib:

“Ağcakənddə olan vaxt mən icra başçısı ilə də söhbət etdim. Onlar bildirdilər ki,  Mehdi Əliyev xidmətdə polisə yaraşmayan hərəkətlər edib. Xahiş etdim ki, mümkünsə, Mehdi Əliyevi işdə saxlasınlar, nöqsanlarına görə isə tənbeh etsinlər, töhmət versinlər, amma işdən çıxarmasınlar. Ancaq bildirdilər ki, o, bütün bu mərhələlərin hamısını keçib. Haqqında da dəfələrlə Daxili İşlər Nazirliyinə məlumat verilib. “Odur ki, onun işə qaytarılması bizim səlahiyyətimiz xaricindədir”-deyə mənə bildirdilər. Yetim də olsa belə, o, polis əməkdaşıdır, qayda-qanunu qoruyur, polisə aid vəzifələri yerinə yetirməlidir. Xocalı faciəsi zamanı, hər iki valideynini itirmiş, valideynsiz böyümüş bir insan kimi onun işdən azad olunmasının əleyhinəyəm və mən istəməzdim ki, o, belə bir vəziyyətə düşsün. Çünki hələ evlənməyib, valideynləri yoxdur. Amma artıq o uşaq deyil. Həm də polisin işinə mənim bir deputat kimi qarışmağa ixtiyarım da yoxdur. Mən öz növbəmdə məsələ ilə maraqlandım, xahişimi etdim ki, mümkünsə o, öz işinə qaytarılsın. Artıq bu polisin daxili işidir. Təəssüf edirm ki o bu yaşında işini itirdi”. 

Millət vəkili Aqil Abbas isə belə hesab edir ki, heç bir əsas olmadan heç kim işdən çıxarıla bilməz:

“Nazir həmişə qaçqın, şəhid ailələrinə xüsusi diqqət yetirir. Amma Xocalıdan olan həmin polisin nə səbəbə işdən çıxarıldığını bilmirəm. Onu deyə bilərəm ki, əgər onun böyük bir nöqsanı olsaydı belə, nazir onu işdən azad etməzdi. Deməli o çox ciddi səhv buraxıb, ya da nə isə polisə yaraşmayan bir hərəkət edib ki, onu işdən xaric ediblər. Mən inanmıram ki, daxili işlər naziri günahsız polis işçisini hüquq-mühafizə orqanlarından xaric etsin. Çünki nazirin 69 ən yaxın qohumu Xocalı faciəsində şəhid olub. Təbii ki, o, belə şeylərə görə güzəşt edə bilir. Ən azından həmin insan valideynlərini itirmiş və Xocalıdandırsa, onun səbəbsiz yerə işdən azad edilməsi mümkünsüzdür”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə  rəisi Orxan Mansurzadə isə deyib ki, Mehdi Əliyev 2009-cu ilin axırlarında Xocalı  rayon  polis  şöbəsində xidmətə qəbul olunub və bu ilin payızında   daxili işlər orqanlarından xaric olunub. DİN rəsmisinin dediyinə görə, Mehdi Əliyev işində yol verdiyi intizamsızlığa, məsuliyyətsizliyə görə, işdən azad olunub:

“İşdə yol verdiyi nöqsanlara, intizam qaydalarını pozduğuna görə, dəfələrlə xəbərdarlıq edilsə, töhmət verilsə də, bundan nəticə çıxarmayıb. Son nəticədə isə o, xidmətdən  xaric  olunub”.

Gültəkin Ələsgər    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir