Modern.az

SOCAR Gorus-Qafan yolunda yanacaqdoldurma məntəqəsi TİKDİ - VİDEO

SOCAR Gorus-Qafan yolunda yanacaqdoldurma məntəqəsi TİKDİ - VİDEO

Qərbi Azərbaycan

26 Noyabr 2021, 15:23

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan tərəfi Gorus-Qafan yolunun öz ərazisinə düşən 21 kilometrlik hissəsinə nəzarəti bərpa edib.



Bu ilin sentyabr ayında isə Azərbaycanın müvafiq dövlət qurumları sözügedən yolda gömrük postu qurub və İran nömrəli yük avtomobillərindən gömrük rüsumu tələb etməyə başlayıb.

Modern.az saytı xəbər verir ki, bu gün sosial şəbəkələrdə yayılan bir videoda Gorus-Qafan yolunda SOCAR yanacaqdoldurma məntəqəsinin tikildiyi əks olunub.

 

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-ın sorğusuna cavab olaraq, faktı təsdiqləyib və bildirib ki, böyük zəfərin ardından işğaldan azad edilmiş Qarabağ bölgəsində fasiləsiz quruculuq işləri həyata keçirilir: 

 

“Bu quruculuq işləri dövründə nəqliyyat vasitələrinin fasiləsiz yanacaqla təmin edilməsi məqsədilə “SOCAR PETROLEUM” QSC Qubadlı rayonunda, Gorus-Qafan yolunun üzərində, “SOCAR” brendli yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verib. Beləliklə “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 41-ə çatdırılıb. Qarabağ bölgəsində isə “SOCAR” yanacaqdoldurma məntəqələrinin sayı üçə çatıb”.

 

SOCAR rəsmisinin sözlərinə görə, YDM özünəxidmət üsulu ilə fəaliyyət göstərəcək: 

 

“Belə ki, müştərilə YDM-də quraşdırılmış xüsusi ödəniş terminalı vasitəsilə ödəməni həyata keçirdikdən sonra özləri yanacaqpaylayıcı kalonkadan yanacaq təminatlarını ödəyə biləcəklər. Yeni istifadəyə verilmiş YDM-də üç yanacaqpaylayıcı kalonka quraşdırılıb. Beləliklə bu yanacaqdoldurma məntəqəsində “A-95- PREMİUM, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Bununla da 4 kiçik və bir iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün şərait yaradılıb”.

 

Qeyd edək ki, “SOCAR PETROLEUM” QSC 41 yanacaqdoldurma məntəqəsi və 11 neft terminalından ibarət neft məhsullarının topdan satışı şəbəkəsinə sahibdir. Sıxılmış təbii qazın (CNG) mühərrik yanacağı kimi tətbiq olunmasında lider olan “SOCAR PETROLEUM” QSC-nin bu tip yanacağın istehsalı və satışı üçün terminalı fəaliyyət göstərir. “SOCAR PETROLEUM” QSC-nin fəaliyyətinin prioritet istiqamətləri təhlükəsizlik, yanacaq satışının dəqiqliyi və xidmət rahatlığına xüsusi diqqət yetirərək müştərilərin ehtiyaclarını təmin etməkdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir