Modern.az

Demokratiyanın «astar üzü», yaxud Qərb demokratiyası

Demokratiyanın «astar üzü», yaxud Qərb demokratiyası

Aktual

5 Dekabr 2012, 18:32

Avropanın müəyyən dairələri "demokratiya çətiri" altında öz geosiyasi maraqlarını gizlətməyə çalışırlar. Ən müxtəlif ictimai-iqtisadi formasiyalarda insanların sivil, ədalətli, azad və firavan dövlətdə yaşamaq, hakimiyyət üzərində ictimai nəzarəti təmin etmək arzusu ibtidai demokratik təsəvvürlərin formalaşmasına təkan vermiş, lakin minilliklər boyu bu ümumbəşəri ideala qovuşmaq heç də bütün xalqlara nəsib olmamışdır. Demokratik idarəetmə bəşəriyyətin hazırkı inkişaf mərhələsində də azad təşəbbüskarlığa, siyasi polemikalar yolu ilə obyektiv həqiqətin aşkarlanmasına, çoxluğun rəyini ifadə edən ədalətli qərarların qəbuluna əsaslanan institusional mexanizm kimi obyektiv üstünlüyə malikdir.

Demokratiya cəmiyyəti təşkil edən subyektlərin hüquq və vəzifələrinin harmoniyası, qarşılıqlı təminatı, siyasi fikir plüralizmi, insanların qarşılıqlı maraqlarının, cəmiyyətin ayrı-ayrı qrupları arasındakı fərqli dəyərlərin ortaq təminatıdır. Təsadüfi deyil ki, hələ qədim Yunanıstanda demokratiyanı güclünün mənafeyinə uyğun olan, gücsüzün hüquqlarını pozmayan fəaliyyət növü kimi səciyyələndirirdilər. Afina demokratiyasının fəlsəfəsində hələ antik dövrlərdə insanların başlanğıc - anadangəlmə hüquq və azadlıqlarının qorunması, onlar üçün bərabər yaşayış imkanlarının yaradılması kimi mütərəqqi ideyalar dayanırdı.

İnsan cəmiyyətinin tarixi təkamül prosesində bu ideyalar daha da təkmilləşərək günümüzdə dünya dövlətlərinin inkişaf strategiyasının əsas vektoruna çevrilmişdir. Lakin təcrübə onu da sübut etmişdir ki, demokratik dəyərlərə qovuşmaq, onları gerçək həyatda tam mahiyyəti ilə gerçəkləşdirmək üçün yalnız dövlətin və hakimiyyətin, xarici demokratiya institutlarının, təşkilatların səyləri kifayət deyildir. Cəmiyyətin bu prosesə təbii və şüurlu şəkildə qoşulması üçün müəyyən vaxt - təkamül prosesi tələb olunur. Demokratiya inkişaf limiti tükənməyən proses kimi səciyyələndiyindən, iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq, bu gün də hansısa dövlətdə ən yüksək demokratik idarəetmə sisteminin mövcudluğundan danışmaq müəyyən qədər nisbi xarakter daşıyır.

Unutmaq olmaz ki, demokratik dəyər və normaların hər hansı cəmiyyətdə möhkəmlənməsi, özünə möhkəm dayaqlar tapması üçün, ilk növbədə, insanların maddi rifah halı, yaşayış və düşüncə tərzi mütərəqqi dəyişikliklərə məruz qalmalıdır. Məhz bu səbəbdən də Azərbaycanın inkişafının Prezident İlham Əliyev tərəfindən elan edilmiş vacib istiqaməti, ilk növbədə, əhalinin maddi rifahının yüksəldilməsi, yeni iş yerlərinin açılması, orta təbəqənin mövqelərinin möhkəmləndirilməsidir. Dövlət başçısı praqmatik siyasətçi olaraq bu fikirdədir ki, dövlət idarəçiliyinin, birgəyaşayışın, vətəndaş-dövlət münasibətlərinin bugünkü reallıqda ən yaxşı, ahəngdar forması olan demokratiya yalnız iqtisadi cəhətdən sürətli inkişaf yolunda olan, xüsusi mülkiyyətçilik münasibətləri inkişaf edən dövlətlərdə bərqərar ola bilər. Demokratik dövlətin bir təsisat kimi başlıca vəzifəsi isə bütövlükdə cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunması, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanların yaradılmasıdır.

Demokratik quruculuq yolu ilə gedən respublikamız həssas bir bölgədə yerləşsə də, onun həm iqtisadi, həm siyasi, həm də digər sahələrdə milli inkişaf modeli formalaşmışdır. Bir sıra postsovet dövlətlərində demokratik inkişaf "məxməri inqilab" ssenarilərinə əsaslandığı halda, Azərbaycanda demokratik inkişaf suverenlik və özünütəminetmə prinsiplərinə söykənir. Başqa sözlə, demokratiya heç də özbaşınalıq və hərc-mərclik deyil, qanunların aliliyinə söykənən idarəetmə forması və siyasi mədəniyyətdir: onun müəyyən qanunauyğunluqlarından kənara çıxdıqda demokratiya insanların, dövlətin inkişafına deyil, demokratik idealların, prinsiplərin buxovlanmasına, məhvinə gətirib çıxarır.

Bununla belə, müasir dövrdə "demokratiya çətiri" altında hələ də özünün imperialist siyasətini yürüdən, geosiyasi və iqtisadi maraqları ətrafında reveranslar edən bəzi aparıcı dövlətlərin, eləcə də müəyyən təşkilatların "ikili standartları" nəinki demokratik ideallara kölgə salır, hətta beynəlxalq hüququ iflic duruma gətirir. Müstəqil Azərbaycan da 20 ildən artıq bir müddətdə bu təsirləri öz üzərində hiss edərək onları uğurla neytrallaşdırmış, demokratik inkişafın yalnız hüquqi, siyasi və iqtisadi islahatların paralelliyi şəraitində mümkünlüyünü öz təcrübəsində sübuta yetirmişdir.

Bununla belə, aşkar görünür ki, regionda müstəqil siyasət yürüdən, geosiyasi təzyiqləri inamla dəf edən respublikamıza təzyiq "rıçaqlarını" itirmələri ilə qətiyyən barışa bilməyən müəyyən əcnəbi qurum və təşkilatlar "demokratiya bayrağı" altında ənənəvi spekulyasiyalarından əl çəkmək istəmirlər. "Amnesty İnternational", "Fredoom House", "Article-19", "Human Rights Watch", "Norveç İnsan Haqları Evi" kimi təşkilatların hesabatlarında Azərbaycanla bağlı ifrat qərəzin yer alması, kiçik nöqsanların həddən artıq şişirdilməsi ölkə ictimaiyyəti üçün müəyyən mənada adiləşmişdir. Lakin bəzən bu çirkin kampaniyaya Avropa və dünya miqyasında müəyyən nüfuza malik təşkilatların da qoşulması, sadəcə,  təəssüf hissi doğurur.

Avropa Parlamentinin bu il mayın 24-də Azərbaycanla bağlı qəbul etdiyi "İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair" qətnamə, bu mənada, ölkə ictimaiyyətinin haqlı narazılığı ilə qarşılanmışdır. Sənəddə Azərbaycanda guya "söz və mətbuat, sərbəst toplaşmaq azadlıqlarının həyata keçirilməsi ilə bağlı problemlərin mövcudluğu" vurğulanmışdır. Məsələnin absurd tərəfi həm də ondan ibarətdir ki, Avropa Parlamentinin 5 fraksiyasının üzvlərinin iştirakı ilə keçirilən toplantıda qurumun 754 deputatından cəmi 56-sı iştirak etmiş, onların isə 49 nəfəri sənədin lehinə səs vermişdir. Avropa Parlamentinin təxirəsalınmaz prosedurları çərçivəsində, təxminən 30 dəqiqə davam edən dinləmələr nəticəsində tələm-tələsik qəbul edilmiş qətnamədə çoxsaylı yanlışlıqların, yoxlanılmamış müddəaların əksini tapması da onun qərəzliliyinə şübhə yeri qoymur.

Hər bir kollegial orqanda olduğu kimi, Avropa Parlamentində də müzakirə olunan məsələlər üzrə qərar qəbul edilərkən səsvermədə iştirak etmək hər bir deputatın hüququ deyil, vəzifəsidir. Vəzifənin icra edilməməsi isə demokratik hal kimi dəyərləndirilə bilməz. Avropa Parlamentində kvorum (yetərsay) qaydasının olmamasına istinad edərək kvorum qaydasında guya "iştirak məcburiyyəti"nin olmasını qeyri-demokratik hal kimi qələmə vermək istəyənlər anlamalıdırlar ki, kvorum qaydasının olmaması parlament üzvlərinin cüzi bir hissəsinin toplaşaraq Avropa Parlamenti kimi mötəbər bir qurumun adından qərəzli qərarlar qəbul etməsinə şərait yaradır. Parlamentin işində "iştirak məcburiyyəti" ilə "iştirak azadlığı"nı üz-üzə qoyub ikincini demokratik hal hesab etmək absurddur. Bütöv bir ölkənin, habelə bu ölkənin milyonlarla vətəndaşının mənafeyinə toxunan qərəzli qərarlar qəbul edilməsinə imkan verən hal demokratik hesab edilə bilməz. Belə qərarların qəbul edilməsi ən azından ədalətsizlikdir. Ədalətsizliklə demokratiya yol yoldaşı ola bilməzlər. Görünür, Avropada spesifik bir "Qərb demokratiyası" və yaxud Qərbin mənafelərinə xidmət edən  "ünvanlı demokratiya" mövcuddur. Demokratiya siyasiləşəndə konkret "ünvanlar"a xidmət etməklə eybəcər görkəm alır ki, bu da əsl demokratiya hesab edilə bilməz. 

Şübhəsiz, qətnamədə Azərbaycanın Şri-Lanka və Belarus ilə eyni sıraya qoyulması tamamilə absurddur. Çünki demokratiya və insan hüquqlarının müdafiəsi baxımından Azərbaycandakı vəziyyət bu ölkələrlə qətiyyən müqayisəyə gəlmir. Avropa Parlamentinin prezidenti Buzek Bakıya səfəri zamanı jurnalistlərin bu məsələ ilə bağlı ona ünvanladıqları suala da bu cür cavab vermişdi. Cənab Buzek demişdi ki, Azərbaycanı nəinki bu ölkələrlə eyni sıraya qoymaq, heç onları müqayisə belə etmək mümkün deyil. Avropa Parlamenti ən azından Buzekin Bakıya səfərini gözləyə və onu narahat edən məsələləri Azərbaycan hakimiyyətinin diqqətinə çatdıra bilərdi. Ancaq bu, belə olmadı və tələm-tələsik formada qərəzli bir qətnamə qəbul edildi.

Azərbaycanla bağlı qərəzli qətnamənin "təxirəsalınmaz məsələ" kimi gündəmə gətirilməsi də heç bir normal məntiqə sığmır. Görəsən, ölkədə təxirəsalınmaz, haqqında təcili tədbir görülməsi vacib olan nə baş verib? Bir sıra Avropa ölkələrindən fərqli olaraq, ölkəmizdə ictimai-siyasi və iqtisadi sabitlik hökm sürür, korrupsiyaya və digər neqativ hallara qarşı kəskin mübarizə aparılır, vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur. Hamı bilir ki, Avropanın bir sıra  ölkələrində ictimai-siyasi vəziyyət heç də yaxşı deyil. Məsələn, bu gün Yunanıstan, İspaniya, İtaliya, Almaniya və digər ölkələrdə də sanksiyalaşdırılmamış aksiyalara icazə verilmir və onların qarşısı ən sərt formada, amansızlıqla alınır.

Bu qətnamə Avropa Parlamentinin fəaliyyətinin obyektivliyini şübhə altına alır. Çünki Avropa Parlamenti 20 ildən artıq müddətdə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasına biganə mövqe nümayiş etdirdiyi halda, ciddi araşdırma aparmadan əsassız qətnamə qəbul etməsinin başqa izahı ola bilməz. Bu mənada, Avropa Parlamentinin qəbul etdiyi bu qərəzli qətnamə Azərbaycanda demokratik dəyərlərin inkişafına qısqanc münasibətin ifadəsi kimi dəyərləndirilməlidir. Bu gün Avropa ölkələrinin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının təminatı ilə bağlı ciddi problemlər yaşayır. Korrupsiya bəzi ölkələrin rəhbər şəxsləri səviyyəsində dəstəklənir. Fransanın keçmiş prezidentləri Jak Şirak, Nikola Sarkozi, İtaliyanın sabiq baş naziri S.Berluskoni korrupsiyada ittiham olunurlar. Siyasi, milli-etnik və dini dözümsüzlüyün özünü qabarıq göstərməsi bu ölkələrdə mənəviyyat problemlərini də kəskinləşdirmişdir. Əksər Avropa dövlətlərində müsəlmanlar açıq-aşkar təqib olunur, dini inanclarına görə təhqir edilir, sıxışdırılırlar. Bir sıra terror aktlarının məhz müsəlmanlara qarşı həyata keçirilməsi bu geosiyasi arealda ekstremist millətçilik əhval-ruhiyyəsinin gücləndiyini təsdiqləyir.

Avropa dövlətlərinin əksəriyyətində iqtisadi böhranla əlaqədar insanların sosial və mülki hüquqlarının təminatına qarşı yönələn tədbirlər həyata keçirilir. İnsanlar iş yerlərini itirir, dövlət qulluqçularının maaşları azaldılır, pensiya yaşı yüksəldilir, inflyasiya artır. Bütün bunların fonunda Azərbaycanın demokratik yolla inkişafı, analoqu olmayan dinamik iqtisadi inkişaf yolu keçməsi, inkişaf etmiş ölkələr sırasına daxil olmağın strateji hədəf kimi qarşıya qoyulması, görünür, Avropada müəyyən dövlətləri əməlli-başlı qayğılandırır. "Demokratiya bayrağı"nı Azərbaycana qarşı təzyiq, habelə öz enerji və iqtisadi maraqlarını təmin etmək üçün təsir vasitəsi kimi istifadə etmək heç bir nəticə verməyəcək.

Avropada müəyyən dövlətlərin və təşkilatların Azərbaycana qarşı qərəzli mövqeyinin səbəbləri kifayət qədər üzdədir: son illərdə respublikamız iqtisadi və siyasi baxımdan kifayət qədər güclənərək regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə dövlətə çevrilmişdir. Qarşıya qoyduğu bütün hədəflərə uğurla yetişən Azərbaycan özünəməxsus milli inkişaf modeli ilə müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilmək əzmi nümayiş etdirir. Prezident İlham Əliyev praqmatik və rasional düşüncəli lider kimi davamlı siyasi sabitliyə, təhlükəsizliyə, vətəndaş sülhünə, habelə güvənli xarici siyasətə nail olmaq üçün, ilk növbədə, iqtisadiyyatın sürətli inkişafını təmin etmişdir. İqtisadi sahədə əldə olunan uğurlar ölkədə vətəndaşlarla iqtidarın mənəvi birliyini gücləndirməklə yanaşı, həm də ölkənin xarici siyasət sahəsində inamlı, qətiyyətli mövqeyini təmin edir.

Uzun illər regionda "siyasi orbitr" rolunda çıxış etməyə iddialı bəzi dövlətlərin hazırda respublikamıza bərabərhüquqlu tərəfdaş kimi yanaşmaq məcburiyyətində qalması, rəsmi Bakı ilə təzyiq dilində danışmağın mənasızlığını dərk etməsi də Azərbaycan diplomatiyasının mühüm uğurlarından biridir. Respublikamız milli maraqları ilə bağlı məsələlərdə heç bir dövlətə, hətta ən yaxın müttəfiqlərinə də güzəştə getmək niyyətində olmadığını dəfələrlə sübuta yetirmişdir. Bu prinsipial və qətiyyətli yanaşma ölkənin daxili işlərinə kobud şəkildə müdaxilə etməyə, bu yolla iqtisadi-siyasi maraqlarını gerçəkləşdirməyə çalışan bəzi dövlətlərə, beynəlxalq qurumlara, transmilli korporasiyalara münasibətdə özünü daha kəskin şəkildə göstərmişdir. Ölkə rəhbərliyi bu gün də iqtisadi və siyasi islahatları hansısa dövlətin və ya beynəlxalq qurumun diktəsi altında deyil, elmi prinsiplərlə reallaşdırdığı mükəmməl strategiya əsasında aparır.

Təəssüf doğuran haldır ki, bu gün hansısa təəssübkeşliklə Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğalçılıq siyasəti yürütməsini etiraf etmək istəməyən Qərbin "demokratiya carçıları" Azərbaycandakı xırda çatışmazlıqları süni şəkildə şişirdir, təcavüzkar dövlətin daxilində cərəyan edən antidemokratik proseslərə, antihumanist, zorakı addımlara isə göz yumurlar. Hamıya məlum bir faktı - Ermənistanda son prezident seçkilərini xatırlayaq: İrəvanda hakimiyyətdə olan rejim son prezident seçkilərində total saxtakarlığa yol verdi, bu prosesə qarşı çıxan müxalifətçilərə amansızcasına divan tutdu. Hökumət qüvvələri odlu silahdan açılan atəşlə onlarla nümayişçini qətlə yetirdi, yüzlərlə müxalifətçi həbs edildi. Yerevanda fövqəladə vəziyyət elan olundu, prezidentliyə ən real namizəd ev dustağına çevrildi. Nəinki mətbuat, hətta internet üzərində də senzura tətbiq edildi. Qərbin demokratiya "təəssübkeşləri" baş verənləri tez zamanda unutmağa və unutdurmağa çalışdılar. Azərbaycan torpaqlarının 20 faizindən çoxunun Ermənistan tərəfindən işğalını rəsmən etiraf edən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi isə Avropada nədənsə "yada düşmür". 

Azərbaycanın bölgənin faktiki güc mərkəzinə çevrilməsi ilə heç cür barışa bilməyən bədnam qüvvələr narahatlıqlarını müxtəlif formada izhar etdirir, ölkəmizə qarşı "təzyiq rıçaqları" tapmağa çalışırlar. "İkili standartlar"ın əsirinə çevrilən bəzi dövlətlər və beynəlxalq təşkilatlar ölkədə demokratik proseslərin dərinləşməsini, vətəndaşların maddi rifah halının yaxşılaşmasını qətiyyən arzulamırlar və hələ də sadəlövhcəsinə ümid edirlər ki, hansısa süni problemlər uydurmaqla ölkə rəhbərliyinə "təsir imkanı" qazana bilərlər. Belə uğursuz cəhdlərin Azərbaycanda keçirilən mötəbər musiqi festivalı - "Eurovision-2012" yarışması ərəfəsində təkrarlanması da təsadüfi deyildi. Dünya əhalisinin üçdəbirinin izlədiyi möhtəşəm musiqi yarışmasının Azərbaycanda keçirilməsini heç cür həzm edə bilməyən bəzi Avropa ölkələri bu mədəniyyət tədbirini süni şəkildə siyasiləşdirmək üçün "dəridən-qabıqdan çıxır", onun "boykot olunmasına" çalışırdılar. Lakin ölkə rəhbərliyinin diqqət və qayğısı, "Eurovision-2012" üzrə Təşkilat Komitəsinin yüksək təşkilatçılığı sayəsində müsabiqənin yüksək səviyyədə baş tutmasına lazımi şərait yaradılmışdı. Bunu müsabiqənin yarımfinal mərhələsində Azərbaycana gəlmiş əcnəbi qonaqlar və jurnalistlər də təsdiqləyir, təşkilatçılığın yüksək səviyyədə olduğunu etiraf edirdilər. Müsabiqənin finalına cəmi 2 gün qalmış Avropa Parlamentinin belə bir qərəzli qətnamə ilə çıxış etməsi, şübhəsiz, ölkəmizin uğurlarına qısqanclıqla yanaşan müəyyən dövlətlərin qərəzli mövqeyini əks etdirirdi.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirib: "İnkişafımızı qəbul etməyən qüvvələr, insanlar, siyasətçilər var və biz onları tanıyırıq. Bunlara qoşulmuş yerli, antimilli qüvvələr, özünü müxalifət adlandıran, əslində, uzun illər antiazərbaycan mövqeyində dayanan və Azərbaycana qarşı kampaniya aparan qüvvələr vardır. Mən onlara qüvvə demərəm, elementlər, ünsürlər desəm, daha dəqiq olar, - bax, bunların simbiozu birləşərək Azərbaycana qarşı çox çirkin, yalan və böhtan üzərində kampaniya aparmağa başlamışlar. Həm xarici, həm daxili mətbuatda qəsdən müəyyən təxribatların baş verməsini onlar təşkil etmişlər. Onlar üçün, yəni xüsusilə daxildəki bu elementlər üçün siyasi həyatda bir prinsip var ki, Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır".

Avropa Parlamentinin "İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair" qətnaməsi, ilk növbədə, təşkilatın uzun illər ərzində Azərbaycanla qurduğu qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin mahiyyətinə ziddir. Ən azı bu baxımdan ki, Azərbaycan hələ 90-cı illərin ortalarında Avropa Şurası ilə yanaşı, Avropa İttifaqı ilə də sıx əlaqələr quraraq avrostrukturlara səmimi inteqrasiya niyyətində olduğunu təsdiqləmişdir. 1996-cı ildə imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi respublikamızın bu nüfuzlu qurumla münasibətlərinin hüquqi əsasını təşkil edir. 2004-cü ildə Azərbaycan "Avropa qonşuluq siyasəti"nə daxil edildikdən sonra qarşılıqlı iqtisadi inteqrasiya və siyasi əməkdaşlıq daha da dinamik xarakter almışdır. 2009-cu ilin may ayından isə Azərbaycan təşkilatla həm də "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq etməyə başlamışdır.

Respublikamız son illərdə Avropanın enerji təhlükəsizliyinin təmini üçün səylərini artıraraq bu məqsədlə mövcud layihələrdə fəal iştirak etmişdir. 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında "Energetika sahəsində strateji tərəfdaşlıq haqqında" Anlaşma Memorandumunun imzalanması da Azərbaycanın bu geosiyasi məkan üçün nə dərəcədə mühüm dövlət olduğunu göstərir. Əməkdaşlığın parlamentlər müstəvisində genişləndirilməsinə də xüsusi əhəmiyyət verilir - Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsi çərçivəsində uğurlu iş birliyi qurulmuşdur. Azərbaycan Respublikası həm də Avronest Parlament Assambleyasının təsisçilərindən biridir. "Şərq tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin parlament məclisinin fəaliyyətə başlaması da respublikamızın Avropa İttifaqı və Avropa Parlamenti ilə əməkdaşlığında yeni mərhələ açmışdır.

Bütün bunların fonunda Avropa İttifaqı da Azərbaycanda cərəyan edən proseslər haqqında kifayət qədər geniş və obyektiv məlumat almaq imkanlarına malikdir. Əslində, respublikada həyata keçirilən iqtisadi, siyasi və hüquqi islahatlar barədə təşkilatda kifayət qədər dolğun informasiya da vardır. Avropa ölkələrinin böyük əksəriyyəti etiraf edir ki, Azərbaycanda son illərdə iqtisadiyyatın inkişafı, əhalinin sosial rifah halının yaxşılaşdırılması, hüquqi dövlət quruculuğu, ictimai-siyasi proseslərin demokratikləşdirilməsi sahəsində ciddi nailiyyətlər əldə olunmuşdur. Qərəzli qətnamənin qəbulundan təxminən bir ay əvvəl Bakıda keçirilən Avronest Parlament Assambleyasının iclasında isə ölkədə insan haqları, söz azadlığı ilə bağlı məsələlər geniş müzakirə olunmuş və Azərbaycanda insan hüquqlarının vəziyyəti qənaətbəxş qiymətləndirilmişdi. Bütün bunlardan sonra Avropa Parlamenti kimi mötəbər bir qurumun "Amnesty İnternational", "Human Rights Watch" kimi ifrat qərəzli və nihilist qurumların yalan dolu məlumatlarına istinadla, müvafiq araşdırma aparılmadan qəbul etdiyi qətnamənin müəyyən geosiyasi maraqlardan irəli gəldiyi aşkar görünür. Həm də ona görə ki, təşkilat  qətnamənin qəbulu ərəfəsində öz nümayəndələrini Azərbaycana göndərməmiş, real vəziyyəti araşdırmamışdır. 754 deputatdan cəmi 49-nun səsi ilə qəbul edilən qətnamənin müzakirəsinə Azərbaycan tərəfinin dəvət olunmaması da təşkilatdakı müəyyən dairələrin qərəzini aydın göstərir.

İstənilən demokratik qərarın qəbulu səs çoxluğu prinsipinə əsaslanmalıdır. Çoxluğun iradəsini əks etdirməyən bir absurd qətnamənin Avropa Parlamenti kimi  demokratik ruhlu qurumun adından yayılması da heç bir məntiqə sığmır. Avropa parlamentində iclasların keçirilməsi üçün kvorumun olmaması bu cür absurd qərarların qəbul edilməsinə imkan verir. Üstəlik, Avropa parlamentində ən çox deputatın Almaniya və Fransadan olması məsələni daha da qəlizləşdirir. Məsələ bundadır ki, "Eurovision-2012"-nin "boykot edilməsi" təşəbbüslərini irəli sürən və bunun üçün xüsusi canfəşanlıq göstərənlər də məhz həmin dövlətlərin təmsilçiləri idilər.

Əlbəttə, Azərbaycan müstəqilliyini yeni bərpa etmiş dövlət kimi insan hüquq və azadlıqlarının təmini sahəsində ən yüksək nailiyyətlərə imza atdığını iddia etmir. Ölkə rəhbərliyi onun da fərqindədir ki, demokratiya təkcə institusional kateqoriya olmayıb, ilk növbədə, həyat və düşüncə tərzidir. Avropa da müxtəlif problemləri dəf edə-edə bu səviyyəyə gəlib çıxmışdır. Bu mənada, son illərdə Azərbaycanda iqtisadi, siyasi və hüquqi sahələrdə əldə olunan nailiyyətlərlə yanaşı, həyata keçirilməsi zəruri olan işlər də yetərincədir. Lakin bəzi xırda faktların ictimai kontekstdən çıxarılaraq ümumiləşdirilməsi, qanunauyğunluq, sistematik baş verən hadisələr, ümumi inkişaf meyili kimi təqdim edilməsinə cəhd göstərilməsi, şübhəsiz, Azərbaycandakı demokratik prosesləri gözdən salmağa yönəlmişdir. Regionda, eləcə də başqa yerlərdə insan hüquqlarının Avropa Parlamentinin qətnaməsində təqdim edildiyindən də kobud şəkildə pozulduğu, insan ləyaqətinə etinasızlığın baş alıb getdiyi dövlətlər vardır. Ermənistan bu məsələdə öndə dayanır. Lakin məhz Azərbaycanın həmin dövlətlər sırasına çıxarılıb xüsusi diqqət mərkəzinə çəkilməsi xeyirxah münasibətdən irəli gəlmir və qərəzli xarakter daşıyır. Söhbət əgər qeyri-qanuni kütləvi aksiyaların qarşısının alınmasından gedirsə, bu gün həm ABŞ-da, həm də Avropada bunun üçün kifayət qədər sərt üsullardan istifadə olunur. Məsələn, NATO-nun son Çikaqo sammitində antiqlobalistlərin toplantıları güc tətbiq edilməklə dağıdılmış, mitinq iştirakçılarına çoxsaylı xəsarətlər yetirilmiş, 60 nəfər saxlanılmışdı.

Son bir həftədə Avropa İttifaqının 23 ölkəsində geniş vüsət alan tətillərdə hökumət qüvvələrinin aksiya iştirakçılarına qarşı ən amansız metodlardan istifadə etməsi "demokratiya ixracatçısı" olan bu ölkələrdə insan hüquqlarının kobud şəkildə pozulduğuna daha bir nümunədir. İtaliya, İspaniya, Portuqaliya və Yunanıstanda keçirilən irimiqyaslı aksiyalarda insanların dəyənəklərlə vəhşicəsinə döyülməsi, gözyaşardıcı qaz və s. vasitələrdən istifadə edilməsi, xüsusi təlim keçmiş itlərlə qovulması, atların ayaqları altına salınması dünyanın gözü qarşısında baş verir. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr olunmuş tədbirdə bu məsələlərə də toxunmuşdur:  "Biz görürük ki, inkişaf etmiş ölkələrin bəziləri hansı ağır vəziyyətdədir. O ölkələrdə gedən prosesləri, kütləvi iğtişaşları gündə televiziya vasitəsilə izləyirik. On minlərlə nümayişçi küçələrə axışır. On minlərlə insan öz etirazını bildirir.

Düzdür, onlar çox böyük kobudluq və qəddarlıqla döyülür və əzilir. Bunu da biz televiziya kanalları ilə görürük. Əlbəttə ki, buna dözmək olmaz. Biz inkişaf etmiş ölkələri çağırırıq ki, onlar bu məsələdə daha da təmkinli olsunlar. İnsanlara bu qədər əzab, işgəncə vermək olmaz. İnsanlar küçələrə öz etirazlarını bildirmək üçün çıxırlar. Ancaq bunun qarşısında onları dəyənəklə vurmaq, qazla zəhərləmək, necə deyərlər, əzmək yolverilməzdir. Bu, demokratik normalara zidd olan hərəkətlərdir. Özünü demokratik və demokratiyanın beşiyi adlandıran ölkələri belə görəndə, doğrudan da, biz təəccüb edirik. Azərbaycan bu baxımdan nümunə ola bilər. Hər bir başqa sahədə olduğu kimi, bu sahədə də nümunə ola bilər. Azərbaycanda bütün bu məsələlər sivil, mədəni qaydalarla həllini tapır". 

Azərbaycan hazırda elə yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur ki, bu gün iqtidar-müxalifət münasibətləri, hakimiyyət uğrunda mübarizə yalnız sivil, demokratik forma və metodlarla aparıla bilər. Bu isə dialoq, real şüarların və daha cəlbedici sosial-iqtisadi proqramların irəli sürülməsi yoludur. Dövlətin uzunmüddətli inkişaf məqsədlərinə etinasızlıq göstərən məsuliyyətsiz, ifrat radikalizm və "inqilabi" ritorika yeniləşən ictimai prioritetlərə yad olmaqla onlarla uyuşmur. Fəqət, radikal müxalifət bu gerçəkliyi dərk etmək istəmir, xalq və xüsusən yüksək təhsilli indiki nəsil küçə siyasətini, mitinq hay-küyünü, köhnəlmiş şüarları qəbul etmir. Belə qanunsuz aksiyaların məhz "Eurovision-2012" ərəfəsində keçirilməsində də məhz ölkənin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədi güdülürdü.

Azərbaycan Avropa üçün alternativ enerji mənbəyi olmaqla yanaşı, onun iqtisadi müstəqilliyinin və enerji təhlükəsizliyinin mühüm komponentlərindən biri kimi çıxış edir. Eyni zamanda, Azərbaycan Avropaya inteqrasiya yolunu tutmuş və hər zaman öz öhdəliklərinə sadiq qalan bir ölkədir. Belə bir ölkəyə dar siyasi maraqlardan çıxış edərək qərəzli münasibətin göstərilməsi ən azı təəssüf hissi doğurur.

Baş verənlər göstərir ki, Qərbdə demokratiya deyil, demokratiyanın milli, irqi, dini mənafelərə uyğun təhrif edilmiş forması, yəni demokratiyanın "astar üzü" mövcuddur. Demokratiya "ixracat"çısı rolunda çıxış edən ABŞ-ın Quantanama həbsxanasında "terror"çu damğası ilə insanlara qarşı həyata keçirilən rəzilliklər dünyanın gözü qarşısında baş verir. Adıçəkilən həbsxanada istintaq hərəkətləri aparılmadan, məhkəmə keçirilmədən insanların kameralarda saxlanılması və hər cür təhqirlərə məruz qalmaları görəsən hansı demokratiyadan xəbər verir? Bütün bunlar Azərbaycanı demokratiya və hüququn aliliyi prinsiplərinin pozulmasında ittiham edən Avropanın da gözü qarşısında baş verir.

Uzağa getməyək, bu ilin əvvəlində "Erməni soyqırımı"nı inkar edənlərin bir il müddətinə azadlıqdan məhrum edilməsini və ya 45 min avro məbləğində cərimələnməsini nəzərdə tutan qanun layihəsinin Fransa Parlamentinin yuxarı palatası olan Senatda qəbulu bunun əyani göstəricisi idi. Yəni, Avropanın müəyyən dövlətləri demokratiyanı əldə bayraq edərək öz geosiyasi və iqtisadi maraqlarını təmin etməyə çalışırlar. Əksər hallarda "demokratiya", "insan hüquqları" kimi sivil dəyərlərə istinad edən dövlətlər, əslində, bununla daha çox özlərinin geosiyasi maraqlarını gerçəkləşdirmək istəyirlər. Avropa Parlamentinin məlum qətnaməsi də məhz Azərbaycana təsir və təzyiq göstərmək istiqamətində uğursuz cəhdlərdən biri kimi qiymətləndirilməlidir.

Əgər sabah hansısa "beynəlxalq təşkilat" "Azərbaycanda yad planetlilərin hüquqlarının pozulduğunu", "atmosfer havasının israf edildiyini", yaxud da "Azərbaycanın sürətli inkişafının digər ölkələrdə məyusluq hissi doğurduğunu" ciddi problem kimi qabardaraq absurd qətnamələr qəbul etsə, görünür, bunlara təəccüblənmək lazım gəlməyəcək. Çünki ölkəmizin əldə etdiyi davamlı uğurları həzm edə bilməyən bədnam qüvvələrin hədəfi dəyişməz olaraq qalır: nəyin bahasına olursa-olsun, Azərbaycanda həyata keçirilən iqtisadi, siyasi və hüquqi islahatların, demokratik inkişaf proseslərinin üzərinə kölgə salmaq, ölkənin beynəlxalq imicinə zərbə vurmaq!

Həmin qüvvələr başa düşməlidirlər ki, Azərbaycan demokratik inkişaf yolunu Avropanın və Qərbin xoşuna gəlmək üçün seçməmişdir. Bu yol xalqımızın demokratiyanı bərqərar etmək, hüquqi dövlətin yüksək standartlarına nail olmaq əzmi ilə bağlıdır. Qərəzli iddialara, qərarlara baxmayaraq, respublikamız demokratiyanın şəksiz üstünlüklərini bundan sonra da gerçəkləşdirərək insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yolundan heç vaxt çəkilməyəcəkdir.

 

Rafael CƏBRAYILOV,

Milli Məclisin deputatı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi