Modern.az

Gürcüstanın parlament üzvləri Bakıdakı Alyansda görüş keçiriblər

Gürcüstanın parlament üzvləri Bakıdakı Alyansda görüş keçiriblər

6 Dekabr 2012, 16:55

Bu gün QHT Əməkdaşlıq Alyansında Gürcüstanda yaşayan soydaşlarımızın təmsil olunduğu QHT rəhbərləri və Gürcüstan parlamentinin üzvləri  ilə görüş keçirilib. Görüşdə “ Gürcüstan Azərbaycanlıları Milli Konqresi”nin sədri Əli Babayev, Gürcüstan Parlamentinin üzvü Mahir Dərziyev, “Qeyrət” Milli Hərəkatının lideri Əlibala Əsgərov, “Milli Azlıqların Müdafiəsi Monitorinq Qrupu” nun rəhbəri Elbrus Məmmədov iştirak ediblər. Qonaqları Alyansın həmsədrləri Rufiz Qonaqov və Rəfail Becanov,  İdarə Heyətinin üzvü Razi Nurullayev, katibləri Nailə İsmayılova, Mahirə Əmirhüseynova, Mütəllim Rəhimli, Qurbanəli Ömər, Əşrəf Əhmədov qəbul ediblər. İştirakçıları salamlayan Rufiz Qonaqov ilkin olaraq qonaqlara Alyans haqqında geniş məlumat verib, QHT Əməkdaşlıq Alyansının Gürcüstanda fəaliyyət göstrən, xüsusən də soydaşlarımızın təmsil olunduğu  QHT- lərlə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Daha sonra vətəndaş cəmiyyəti olaraq Gürcüstanda gedən prosesləri izlədiklərini, oradakı həmyerlilərimizin sosial həyatından və problemlərindən narahatlıqlarını ifadə edib.

Çıxış edən Alyansın  həmsədri Rəfail Becanov Gürcüstanda soydaşlarımızın problemlərindən məlumatlı olduqlarını, xüsusən torpaq və digər sosial çətinliklərinin həllində vətəndaş cəmiyyətinin oynaya biləcəyi rolundan danışıb. Son vaxtlar artan kriminal hadisələrin də bizi narahat etdiyini bildirib.

Daha sonra Alyansın İdarə Heyətinin üzvü, “Region Beynəlxalq Analitik Mərəzi”nin sədri Razi Nurullayev çıxış edib.  “Azərbaycanda fəalliyyət göstərən vətəndaş cəmiyyəti Gürcüstanın dövlət siyasətinə təsir etmək üçün hansı addımlar ata bilər?”- deyə qarşı tərəfə sual ünvanlayıb. Daha sonra isə təklif edib ki, Azərbaycan və Gürcüstan QHT- lərinin birgə iştirakı ilə soydaşlarımızın problemləri ilə bağlı görüşlər və ictiami müzakirələr təşkil edilməlidir.

“ Gürcüstan Mənim Vətənimdir” təşkilatının və “ Gürcüstan Azərbaycanlıları Milli Konqresi”nin sədri Əli Babayev çıxışında Gürcüstan azərbaycanlılarının problemlərinə toxunub, yeni hakimiyyətin azərbaycanlıların problemlərinə yaxından bələd olduğunu və müsbət dəyişikliklərin gözləndiyinə ümid etdiklərini vurğulayıb. Daha sonra bildirib ki, Gürcüstana səfər edən dövlət və hökümət nümayəndələrini, QHT rəhbərlərini, jurnalistləri xalqla görüşməyə problemlərlə birbaşa tanış olmağa dəvət edirik.

“Biz azərbaycanlıların illərdir davam edən problemləri hələ də qalır. Ümid edirik ki, indiki hakimiyyət bu problemlərin həllində  bizə dəstək olacaq. Biz öz tarixi vətənimizdən heç yerə gedəsi deyilik. Sadəcə problemlərimizin həll olunmasını, sosial vəziyyətimizin yaxşılaşmasını istəyirik... İndiki hakimiyyətin bizə olan münasibəti necədir? Mən hələlik buna heç bir münasibət bildirməmişəm. Amma onu deyə bilərəm ki, bu hakimiyyətin bizə münasibəti nə olacaqsa, biz də ona qarşılıq verəcəyik”- deyə “Qeyrət” Milli Hərəkatının sədri Əlibala Əsgərov bildirib.

“Gürcü Arzusu” blokundan  deputat seçilən Mahir Dərziyev isə vətəndaş cəmiyyətinin gücünə böyük ümidləri olduğunu söyləyib. O, Gürcüstanda yaşayan soydaşlarımız arasında kadr hazırlığına, maarifçilik işinə ehtiyyac olduğunu, təhsilli və intelektual gənclərin vətəndaş cəmiyyətində təmsilçiliyinin artırılmasının vacibliyini vurğulayıb.

Görüşdə hər iki tərəf qarşılıqlı razılaşmaya gəliblər ki, QHT Əməkdaşlıq Alyansının Gürcüstana səfəri təşkil olunsun və səfər çərçivəsində orada fəaliyyət göstərən vətəndaş cəmiyyəti insititutları ilə bu məsələlər ətrafında bir fikir mübadiləsi aparılsın. Öyrənilən problemlərlə  bağlı Azərbaycan və Gürcüstan hökümətlərinə müvafiq təkliflər verilsin.

 

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı