Modern.az

DİM-dən narazı abituriyentlərə CAVAB

DİM-dən narazı abituriyentlərə CAVAB

Təhsil

29 Noyabr 2021, 15:30

Prezidentin müvafiq fərmanına əsasən, respublikanın iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edilib. Bölgüyə əsasən, Azərbaycanda 14 iqtisadi rayon yaradılıb. Yeni iqtisadi rayonlar mövzusu coğrafiya fənni üzrə ali təhsil müəssisələrinə qəbul proqramına daxil edilib.

 

Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərdə hələlik öz əksini tapmayıb.

 

Ümumiyyətlə, Dövlət İmtahan Mərkəzinin (DİM) hər il qəbul proqramlarında dəyişiklik etməsi abituriyent və valideynlərin narazılığına səbəb olur.

 

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə məsələ ilə bağlı Modern.az-a açıqlama verib.

 

X. Xanlarzadə bildirib ki, qəbul imtahanlarına kifayət qədər vaxt var və abituriyentlər hazırlaşmaq imkanına malikdirlər:

 

 

“Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2021-ci il tarixli Fərmanına əsasən, respublikanın iqtisadi rayonlarının yeni bölgüsü yaradılıb. Həmin vaxt qəbul imtahanlarına çox az müddət qalmışdı və Dövlət İmtahan Mərkəzi tərəfindən coğrafiya fənni üzrə həmin mövzular 2021-ci ildə keçirilən qəbul imtahanı proqramından çıxarıldı və imtahanlarda onlara aid tapşırıq istifadə olunmadı.

 

Bilirsiniz ki, DİM qəbul proqramlarını hazırlayarkən, orta məktəblərdə istifadəsi qüvvədə olan dərsliklərə istinad edir. Dərsliklərin yenilənməsi isə obyektiv səbəblərdən bir neçə ildən bir həyata keçirilir.

 

İqtisadi rayonların yeni bölgüsü isə Zəfər tariximizin ən əlamətdar hadisələrindən biridir. 30 ildən sonra torpaqlarımız işğaldan azad edildi və Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Biz hər birimiz bu hadisələrin canlı şahidləriyik.

 

Bunlar nəzərə alınaraq, yeni iqtisadi rayonlar mövzusu coğrafiya fənni üzrə ali təhsil müəssisələrinə qəbul proqramına daxil edilib. Həmin proqram “Abituriyent” jurnalının birinci sayında dərc olunacaq. İqtisadi rayonların yeni bölgüsünün əks olunduğu materiallar artıq ictimaiyyətə təqdim olunub və Dövlət İmtahan Mərkəzinin saytında dərc olunub. Materiallar yaxın vaxtlarda “Abituriyent” jurnalının 2-ci sayında da dərc olunacaq.

 

DİM rəsmisi xatırladıb ki, analoji hal bu il də olmuşdu və Vətən müharibəsi ilə bağlı materiallar əlavə olaraq abituriyentlərə təqdim olunmuşdu:

 

“İmtahanların nəticələri də göstərir ki, bununla bağlı onların hər hansı çətinliyi olmayıb. 2022-ci ilin qəbul imtahanlarına da kifayət qədər vaxt var və abituriyentlər hazırlaşmaq imkanlarına malikdirlər”.

 

Təhsil eksperti Kamran Əsədov Modern.az-a deyib ki, DİM hər il qəbul imtahanlarında dəyişiklik edir:

 

 

“İlk növbədə qeyd edim ki, Dövlət İmtahan Mərkəzi hər il qəbul proqramında müəyyən dəyişikliklər edir. Bunun əsas səbəbi elmdə, texnologiyada baş verən yeniliklər, dünyada sosial, ictimai, mədəni hadisələrdəki dəyişikliklərdir ki, bu da mütləq şəkildə qəbul proqramının son bölümünə daxil edilir. Biz bunu 2020-ci ildə Zəfərlə başa çatan Vətən müharibəsində də gördük. DİM müharibə ilə bağlı tarixi faktları qəbul imtahanına salmışdı.

 

Düzdü, bəzən mübahisələr yaranır ki, dərsliklərdə və şagirdlər üçün əlçatan olmayan informasiya niyə qəbul imtahanlarına salınmalıdır. Təbii ki, qəbul imtahanlarına salınan mövzular orta ümumtəhsil məktəblərin dərsliklərində olmalıdır”.

 

Təhsil ekspertinin sözlərinə görə, iqtisadi zonalarda edilən dəyişiklik qəbul imtahanında abituriyentlərə ciddi problem yaratmayacaq:

 

“Amma prezident İlham Əliyevin sərəncamı ilə iqtisadi zonalara edilən dəyişiklik informasiya vasitələri ilə bütün ölkəyə çatdırılıb. Eyni zamanda, abituriyent jurnalının xüsusi buraxılışında bununla bağlı məqalə dərc olunacaq. Həmçinin orta məktəb müəllimləri də bu dəyişikliyi mütləq şəkildə şagirdlərə çatdırmalıdır. Bu dəyişiklik qəbul imtahanlarında istifadə edilə biləcək yenilikdir.

 

Əvvəlki illərin məzunları bu barədə irad bildirsələr, haqlıdılar. Çünki onlar orta məktəbi bitiriblər. Amma bütün hallarda ali məktəbə qəbul olmaq istəyən gələcəyin mütəxəssisi müasir dövrün yeniliklərini bilməli və məlumatlı olmalıdır”.

 

K.Əsədovun fikrincə, qəbul imtahanında edilən dəyişikliklə bağlı problemlə üzləşənlər əvvəlki ilin məzunları olacaq:

 

“DİM-in bu dəyişikliyi mübahisəli olsa belə doğrudur. Çünki biz buna indidən başlamalıyıq ki, növbəti illərdəki imtahan verənlər prosesləri daha yaxından izləyə bilsinlər. Böyük və geniş mövzu deyil. Sərəncamı diqqət yetirsək, görərik ki, bir neçə iqtisadi rayonda dəyişiklik var. Ona görə də bunun ciddi bir problem olacağını düşünmürəm. Sadəcə problemə səbəb olacaq şəxslər əvvəlki illərin məzunlarıdır. Onlar bu informasiyadan müəyyən qədər məhrum ola bilərlər. Amma mən bunun böyük sayda abituriyentə problem yaradacağını hesab etmirəm”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir