Modern.az

Qlobal səylər səfərbər edilir

Qlobal səylər səfərbər edilir

Aktual

29 Noyabr 2021, 22:46

Azərbaycan xarici siyasətində üzv olduğu beynəlxalq təşkilatlarla, həm də iqtisadi münasibətləri davamlı olaraq inkişaf etdirməyə, bu müstəvidə ictimai həyatın bütün sahələrinə inteqrasiya olunmağa hər zaman xüsusi diqqət yetirir. Respublikamızın əlaqələrin getdikcə genişləndirilməsinə prioritet istiqamət kimi yanaşdığı beynəlxalq iqtisadi qurumlar sırasında 1992-ci ildə fəal əməkdaşlıq etdiyi İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) xüsusi yer tutur.

 

Yeri gəlmişkən, Azərbaycan İƏT-in qarşıya qoyduğu əsas məqsədlərin-davamlı iqtisadi artıma nail olunması, üzv dövlətlərin iqtisadi inkişafının təmin edilməsi, ticarətin liberallaşdırılması, region daxili ticarətin təşviqi, üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına tədricən inteqrasiyası kimi məsələlərin reallaşdırılmasına önəmli töhfə vermək üçün indiyədək bir sıra sazişlər imzalayıb. Azərbaycan qurumun ayrı-ayrı vaxtlarda keçirilən iclaslarında fəallıq göstərib, eyni zamanda, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığının möhkəmləndirilməsi məqsədilə böyük əhəmiyyət daşıyan sənədlərin qəbul edilməsi təşəbbüskarı kimi çıxış edib.

 

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, tanınmış həkim Rəşad Mahmudov söyləyib.

 

Rəşad Mahmudov deyib: “Azərbaycan İƏT ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə hər zaman xüsusi önəm verib. Bu beynəlxalq qurum çərçivəsində islahatların uğurla gerçəkləşdirilməsinə prioritet istiqamət kimi yanaşıb. İƏT-in xüsusi diqqətdə saxladığı ticarət, nəqliyyat, enerji sahələrində əməkdaşlığa davamlı olaraq üstünlük verilib. Təsadüfi deyil ki, Azərbaycan nəqliyyat infrastrukturunun şaxələndirilməsinə və modernləşdirilməsinə böyük həcmdə investisiya yatırıb və Avropa ilə Asiya arasında ticarət və logistikanı gücləndirmək üçün bir sıra nəqliyyat infrastrukturu layihələrini təşviqini gerçəkləşdirib.

 

Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İƏT-in XV Zirvə Toplantısında çıxış edən dövlətimizin başçısı İlham Əliyev çıxışında bütün bu məsələr ətrafında ətraflı danışıb. Beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində ölkəmizin İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq etdiyini vurğulayan möhtərəm Prezidentimiz, həmçinin bu qurumun mart ayında keçirilən XIV Zirvə Toplantısında İƏT-in Tədqiqat Mərkəzinin Nizamnaməsinin imzalanmasını, ulu öndərimiz Heydər Əliyevin təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəklənməsini yüksək dəyərləndirib. Dövlətimizin başçısı çıxışında respublikamızda fəaliyyət göstərəcək bu mərkəzin səmərəli fəaliyyətinin təmin edilməsi üçün hər cür səy göstəriləcəyini də bildirib”.

 

Deputat söhbətində Azərbaycan Prezidentinin çıxışında ötən il ərazilərimizin Ermənistan tərəfindən 30 ilə yaxın çəkən işğalına son qoyulmasını, 44 günlük Vətən müharibəsinin Ermənistanın məğlubiyyəti və bu ölkənin 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələndiyini toplantı iştirakçılarının diqqətinə çatdıraraq, bununla Azərbaycanın özünün öz ərazi bütövlüyünü bərpa etdiyini, hazırda işğal dövründə qəsbkarın xarabalığıa çevirdiyi Qarabağda geniş həcmdə bərpa-quruculuq layihələrinin reallaşdırıldığın, həmçinin son 18 il ərzində respublika iqisadiyyətında əldə olunan mühüm uğurlara da toxunub.

 

Rəşad Mahmudov söhbətində Prezident İlham Əliyevin nitqində vurğulanan bir məsələyə də münasibət bildirib: “Dünyanın COVID-19-la üz-üzə qaldığı ilk vaxtlardan etibarən dövlətimizin başçısı pandemiyaya, peyvənd millətçiliyinə qarşı qlobal səviyyədə mübarizə aparıb və müəyyən təşəbbüslərlə çıxış edib. Fikrimin təsdiqi üçün bir neçə faktı xatırladım. Belə ki, cari il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində dövlətimizin başçısı video müraciət vasitəsilə bir daha dünyada mövcud olan peyvənd millətçiliyini qınayaraq, Azərbaycan tərəfindən, eləcə də Qoşulmama Hərəkatı adından peyvəndlərə universal çıxışın gerçəkləşməsi ilə bağlı BMT Baş Assambleyasında da qətnamənin irəli sürüləcəyini elan edib.

 

Noyabrın 18-də isə BMT Baş Assambleyanın 3-cü komitəsində (insan hüquqları və humanitar) sözügedən qətnamə layihəsi müzakirədən sonra səsvermə ilə qəbul olunub.

 

Qətnaməyə münasibətdə bitərəf qalan 7 ölkədən birinin regionda ən az peyvəndləmə səviyyəsinə malik Ermənistan olduğu bilinib. Eyni zamanda, bununla Ermənistanın digər sahələrdə olduğu kimi, humanitar məsələlərdə də respublikamızın nailiyyətlərini qısqanclıqla qarşıladığı bir daha özünü büruzə verib.

 

Yeri gəlmişkən, qətnamənin dekabr ayında bu dəfə artıq BMT Baş Assambleyasının plenar sessiyasında qəbul olunacağı gözlənilir. Bu isə Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin birləşdirilməsi sahəsində qlobal liderliyini uğurla davam etdirməsinin, dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə respublikamızın pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyin və əməkdaşlığın təbliğini reallaşdıran ilk ölkələrdən biri olmasının təsdiqidir”.

 

Deputat fikirlətinin sonunda Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına sədrliyi dövründə bir sıra qlobal təşəbbüslərin müəllifi kimi diqqət çəkdiyini də xatırladıb. Qeyd edib ki, dövlətimizin başçısının təşəbbüsü ilə reallaşan Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında Zirvə toplantısı, dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə gerçəkləşən BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası, Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü “Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi” adlı qətnamənin 2021-ci ilin mart ayında yekdilliklə qəbul olunması bunun bariz ifadəsidir.

 

Dövlətimizin başçısı İƏT-in XV Zirvə Toplantısındakı çıxışında bildirib ki, Azərbaycan bu gün də pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün mühüm addımlar atır. Azərbaycan “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə olduğunu daim vurğulayır və dünyanın bu bəladan qalib çıxması üçün səylərini əsirgəmir. Ölkəmizin koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardımı etməsi də bunun parlaq nümunəsidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...