Modern.az

İƏT ölkələri ilə sıx əlaqələrimiz var

İƏT ölkələri ilə sıx əlaqələrimiz var

30 Noyabr 2021, 10:37

İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan dövlətlər Azərbaycanla yaxın qonşuluq, dost və qardaşlıq münasibətlərində olan, ortaq mədəni və mənəvi dəyərlərə, geosiyasi prioritetlərə malik olan ölkələrdir və bu da öz növbəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş perspektivlər açır.

 

Bu sözləri Modern.az saytına açıqlamasında depuat, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Deputat qeyd edib ki, Azərbaycanın İƏT üzvü olan ölkələrlə sıx iqtisadi-siyasi əlaqələri var: “Önəmli məqamlardan biri Türk Dövlətləri Təşkilatını təşkil edən bütün ölkələrin – Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın İƏT-də təmsil olunmalarıdır. Bu amil hər iki platformada əməkdaşlığın genişlənməsinə böyük imkanlar yaradır və daha geniş ərazidə iqtisadi fəallığın yüksəlməsi, əməkdaşlığın genişlənməsi üçün perspektivlər açır. Ayrı-ayrılıqda isə Azərbaycanın İƏT üzvü olan Pakistanla qardaşlıq münasibətləri var və hər iki ölkənin xalqları bir-birinə tarixi mədəni, mənəvi bağlarla bağlıdırıar. Bunla yanaşı, bizimlə ortaq tarixi, mədəni əlaqələrə malik olan, yaxın qonşumuz İranın da bu təşkilata üzv olması əməkdaşlıq üçün geniş imkanlar yaradır ki, bunun da nümunəsini Azərbaycan, Türkmənistan və İran arasında təbii qazın ixracı ilə bağlı müqavilənin imzalanmasında gördük. Əfqanıstan bizim üçün önəmli bir ölkədir. Xalqlarımız arasında dərin dostluq münasibətləri var. Doğrudur, yaranmış siyasi böhran əlaqələrin inkişafı üçün maneələr yaradır. Amma bununla yanaşı, Əfqanıstanda sabit bir hökumətin formalaşmasından sonra qarşılıqlı əlaqələrin inkişafı geniş imlanlar yaranacağını düşünürəm. İƏT üzvü olan ölkələr gələcəkdə Əfqanıstanın iqtisadiyyatının dirçəldilməsi prosesində fəal iştirak edə və qarşılıqlı əməkdaşlıqlarını məhz bu platforma üzərindən də genişləndirə bilərlər”.

 

Azər Kərimli İƏT üzvü ölkələrin ərazisindən bir neçə beynəlxalq nəqliyyat dəhlizinin keçdiyinə də diqqət çəkib: “Şübhəsiz ki, Azərbaycan bu sırada ilk yerlərdən birini tutur. Azərbaycanın nəqliyyat dəhlizi kimi funksionallığını və əhəmiyyətini artıran həm də odur ki, ölkəmiz yalnız Şərqlə Qərb arasında qapı rolunda çıxış etmir, eyni zamanda, Şimal və Cənubu da birləşdirən mühüm dəhlizdir. Azərbaycan bu dəhlizin - nəqliyyat infrastrukturunun formalaşması üçün ciddi siyasi iradə nümayiş etdirib və investisiya yatırımları edib.

 

Nəticədə, istər daxili, istərsə də xarici nəqliyyat infrastrukturu çoxşaxəli haba çevrə bilib. Azərbaycan həm daxili, həm də xarici dəmir yolu nəqliyyat infastrukturunu şaxələndirir. “Zəngəzur dəhlizi”nin gerçəkləşməsi isə, öz növbəsində ölkəmizin bu istiqamətdəki imkanlarını daha da genişləndirəcək. Təsadüfi deyil ki, Davos Forumunun hesabatına əsasən, dəmir yollarının səmərəliliyinə görə, ölkəmiz 11-ci yerdədir.

 

Azərbaycan həm Şərq və Qərb, həm də Şimal və Cənub arasında dəmiryol nəqliyyatını formalaşdırıb. Bu gün Çin-Qazaxıstan-Xəzər-Gürcüstan-Türkiyə dəhlizi ilə yanaşı, ölkəmiz Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa dəmir yolu xətlərinin də mühüm həlqəsi kimi çıxış edir. Hazırda Rusiyadan Türkiyəyə daşınan yüklərin əsas tranzit ölkəsi də Azərbaycandır. Gözlənilir ki, gələcəkdə İrandan Avropaya daşınmalarda da  ölkəmiz əsas ötürücü kimi çıxış edəcək. Artıq Özbəkistan və Tacikistan da Azərbaycanın nəqliyyat infrastrukturundan istifadəyə maraq göstərir və bu istiqamətdə real fəaliyyətin təzahürləri nəzərə çarpmaqdadır. Məhz bu müstəvidən, İƏT üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Aşqabadda keçirilən Zirvə Görüşünün yekun bəyannaməsində “Zəngəzur dəhlizi” layihəsinin həyata keçirilməsinə verilən dəstək, həmçinin işğaldan azad edilmiş ərazilərimizə investisiya qoyuluşuna çağırış, bütövlükdə Azərbaycanın həyata keçirdiyi layihələrin, o cümlədən Qarabağda görülən işlərin perspektivinə olan inamdan və təbii ki, Prezident İlham Əliyevin liderlik məharətinə,strateji planlama bacarığına olan yüksək etimaddan doğan amil kimi dəyərləndirilməlidir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?